Kitab sərgisi

Günlərimin rəngləri qara rənglə dolubdu - ŞEİRLƏR

Günlərimin rəngləri qara rənglə dolubdu - ŞEİRLƏR
6 fevral 2018
# 15:42

Tural Cəfərli

Yalnızlıq imtahanı

Yalnızlığın imtahanı

Niyə çox çəkdi belə?

Gah yağışda, gah qardayam.

Yox olmadım, itmədim,

Varam hələ, burdayam...

Həyatımın ən xoş günü,

ən təsirli gecəsidi.

Gözlərindən asılıb,

Əllərindən tutmuşam,

İndi hara getsək inan,

Dünya bizlə gələsidi...

Ərköyün uşaq kimi,

Bir az dəcəl, bir az kövrək.

Əziz tutub xətrimi,

Bəslədin ipək kimi,

İndi çətin olubdu,

Bu dünyada sənsiz olmaq,

yaşamaq, barışmaq, unutmaq...

Pəncərə

Yalnızlığın şeirləri,

Necə baxır görəsən,

Həsrət pəncərəsindən

Bu şəhərə?..

Görən olurmu onu,

Duyan olurmu onu,

Bir yağışlı gecədə,

Bir qaranlıq küçədə?...

Tutan olurmu onun,

Soyuq əllərindən,

Qorxma, yaxşı olacaq,

Tapacaqdı səni atan,

Deyən olurmu bir insan,

Bir canlı?...

Ya da uşaq kimi sığal çəkib,

Bir xəyalın arxasınca,

Arzun nədir bu həyatda,

Soruşanı olurmu,

Bu fani kainatda?...

Təqvim

Sənsiz keçən günlərimi

Seçib kənara qoydum.

Təqvimə nəzər etdim,

Sən demə,

Günlərimin rəngləri

Qara rənglə dolubdu...

İndi baxıb görürəm,

Ömür yarı olubdu...

Sentyabr ayının şeiri

Bu şəhərin səhəri də,

Qadın kimidi...

Tez soyuyur diqqətsizlikdən...

Mənəvi böhran keçirir,

Dayanacaqlar, metro stansiyaları...

Adamların gözləri

Tikan bitirir baxışlarında...

Bu külək də əl eyləyir,

Şəhərin qərib sakinlərinə...

Adi bir sentyabr günüdü,

Məvacibə az qalıb.

Ümidlərin dikəlib,

Erkən açan güllər kimi...

Günəşin istisinə,

Nahaq yerə meyl salıb...

Unudulmuş söz

Dəqiq yadımda deyil,

Amma nəsə sözüm vardı sənə...

Geri dön idimi, yox onu deməzdim,

Qürurum yol verməzdi buna...

Sənsiz yaşamaq olmur demək istərdim,

Nəcə deyim, yalan olar yaşayıram axı...

Bəs nə idi demək istədiyim söz,

Bəlkə də sözüm də yoxdu daha,

Deməyə, təsəlli verirəm,

Özüm-özümə...

Sənə yazmadığım şeir

Sənə şeir yazmaq istədim,

Bir payız axşamında.

Xəzan düşdü yazılara,

Yağış yağdı bayırda...

Anladım ki, təbiətin,

Kövrəkliyi bir şeirdi.

Sevənlərin yalnızlığı,

Təkliyi bir şeirdi.

Səssiz keçən bir gecənin,

Ümid dolu səmasında.

Parlayan ulduzların

Rəqsi özü şeirdi.

Bilmişəm

Uzaqdasan, amma yox da deyilsən,

Hiss edirəm varlığını xəyalımda.

Gülürsən, təbəssümün göy üzündə

Rəqs edən buludlardı...

Bilirsən, sənin uzaqlığında,

Böyük həqiqət var ki, o da

Ayrılığın gücü haqqındadı.

Ayrılıq güc verir sevgiyə,

Zamanı şeytan kimi daşlayır,

Mən indi bilmişəm,

Bilmişəm ki,

Sevgi atılandan sonra başlayır.

Hardasan...

Hardasan,

Hansı bəxtəvərin yanındasan...

Necə keçir günün?

Kədərlisənmi, sevinclimi?

Hansı filmə baxırsan,

Nə düşünürsən gecələr aya baxıb?

Bir də məni görəsən,

Düşünüb, xatırlayıb,

Bu suallara verəsən...

Bilirsən deyəcək o qədər sözüm var sənə,

Bir roman kimi, bir film kimi...

# 2366 dəfə oxunub

Oxşar xəbərlər

"Bu həqiqəti sağlığında onun dilindən də eşitmişdim..." - Abbas Səhhətlə İsa İsmayılzadəni nə birləşdirir?

"Bu həqiqəti sağlığında onun dilindən də eşitmişdim..." - Abbas Səhhətlə İsa İsmayılzadəni nə birləşdirir?

15:00 4 oktyabr 2025
Cim Kerriyə "Cesar" mükafatı veriləcək

Cim Kerriyə "Cesar" mükafatı veriləcək

13:20 4 oktyabr 2025
Əlisəmid Kürün son vəziyyəti  - Həyat yoldaşından açıqlama

Əlisəmid Kürün son vəziyyəti - Həyat yoldaşından açıqlama

11:55 4 oktyabr 2025
Tanınmış türkiyəli aktyor vəfat etdi

Tanınmış türkiyəli aktyor vəfat etdi

11:43 4 oktyabr 2025
Alim Qasımov Torontoda konsert verdi

Alim Qasımov Torontoda konsert verdi

11:20 4 oktyabr 2025
Məşhur reperə 4 il həbs cəzası verildi

Məşhur reperə 4 il həbs cəzası verildi

11:00 4 oktyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər