Kulis.az tanınmış yazarlarımızın sevdiyi, təsirləndiyi, semiotik və mistik mahiyyətinə vardığı rəqəmləri təqdim edir.
Məmməd İsmayıl
- Mən sevdiyim rəqəm deməzdim, düşərli-düşərsiz dəyərdim. Əslində, göylərin altında, zaman içi yolçuluqda təkrarı olmayan hər anın Tanrı qatında dəyəri eynidir. Sadəcə biz, acılı-şirinli ömür keçidlərində yaşadığımız olaylara dəng gələn rəqəmlərə o olaylar doğrultusunda dəyər verməyə çalışırıq. Örnəyin, xristianlar üçün 13 rəqəmi uğursuz sayılır, amma İslam dünyasının belə bir dərdi yoxdur. Və mən Allaha inandığımdan onun günləri, rəqəmləri arasında fərq axtarmadım. Amma suala gələsi olsaq, bələ görünür ki, 9 rəqəminin mənim həyatımda xüsusi yeri var. 1939 doğdum - iki 9 bir arada! -, 1959-da ali məktəbə daxil oldum, 19 yaşımda dəlicəsinə sevdim 1969 - televiziya tarixində ilk dəfə “Qızıl qələm” mükafatına layiq görüldüm, yenə 1969-cu ildə dünyanın ən mbarək qadınlarından biri olan anam Gülzarı itirdim, 1989-da mənə yeni mənzil verildi, 1999-da 60 yaş yubileyimi xəstəxana divarları arasında qarşıladım. 2009-da bütün əngəllərə rəğmən Bakıda 70 illiyim yüksək səviyyədə keçdi…
Səfər Alışarlı
- Məndə rəqəmlərə qarşı heç bir emosiya yoxdur. Çünki rənglərdən fərqli olaraq onlarda nəyisə oxuyub anlaya bilmirəm.
Ramiz Qusarçaylı
- 13. Səkkizinci sinfi bitirib iyulun və avqustun 13-ü fizika-riyaziyyat təmayüllü məktəbə imtahan verib hər ikisindən “Əla” almışam. İlk şerim ayın 13-ü, ilk kitabım ayın 13-ü, ilk TV-də şeir oxumağım ayın 13-ü, əsgərlikdən gəlməyim 13-ü, işə girməyim ayın 13-ü, ilk dəfə Türkiyəyə getməyim ayın 13-ü... Deyəsən, bu dünyadan da 13-ü gedəcəm...
Murad Köhnəqala
- Bilmirəm nədənsə düşünürəm ki, 19 rəqəmi mənə uğur gətirir.
Mübariz Cəfərli
- 7. Səbəbi yalnız mənə aid olmadığından açıqlamaq istəmirəm.
Mübariz Örən
- 13. Səbəbi sadədir, iyulun 13-ü dünyaya gəlmişəm.
Sevinc Elsevər
- 5. Məktəb illərində beş rəqəmini sevirdim. Beş uşaqların arzusu idi. Uşaq olanda darıxanda barmaqlarımı sayardım. Məni tez yatağa göndərdiklərində də. Sayardım ki, yuxum gəlsin. Beş rəqəmi dilimin əzbəri idi. Qırmızı, iri "beşlər"i alardım, evə qaçardım ki, nənəmə göstərim.
Aqşin Yenisey
- Dərdindən dəli-divanə olduğum rəqəmlər yoxdur, amma xüsusi günlərdə pulların üstündə yazılan rəqəmlərlə əyləmək, gün keçirmək keçir könlümdən, xüsusilə 100-lə. Onunla birlikdə olduqda özümü nağıllarda padşahın qızı ilə evlənmiş keçəl kimi hiss edirəm.
Şəhriyar del Gerani
- 2. Harmoniya 2-dən başlayır. İddiasız rəqəmdir.
Rəbiqə Nazimqızı
- Tək rəqəmləri sevirəm - 1, 7, 9. Cütlərdən yalnız 8. Və bu rəqəmlərdən ibarət kombinasiyaları da sevirəm.
Pərviz Cəbrayıl
- Hansısa rəqəmə xüsusi sevgim yoxdur. Amma məni həyatım boyu izləyən 1 rəqəmidir. 1971-ci ilin birinci ayı, həftənin birinci günü, evin birinci uşağı kimi doğulmuşam. Pifaqorun sirli tale cədvəlinə əsasən də rəqəmim 1-dir. Həyatım 1-lə doludur. Sadalasam, azı bir kitab olar
Aysel Əlizadə
- 3. Start rəqəmidir. Həyat üçdən başlayır. Həm də yanvarın 3-ü doğum günümdür. Mənə uğur gətirən rəqəmdir
Fərid Hüseyn
- 1. Başlanğıc olduğu üçün.
Könül Arif
- 17. Hara gedirəmsə rastıma çıxır bu rəqəm. Üstəlik, tək rəqəmdir, tək rəqəmləri xoşlayıram. Yaşımın da həmişə tək olan ilini deyirəm, yəni tamam olan yaş təkdirsə tamamı və ya həmin il tamamlanacaq yaş təkdirsə, tamamlanacaq yaşımı.
Kənan Hacı
- 1. Rəqəmlər 1-dən başlayır. Tanrı da birdir. Özüm də evin 1 uşağı olmuşam. Mənim taleyimdə 1-lər çoxdur...