Kulis.az sevgililərin ayrılacağını əvvəlcədən bəlli edən 12 amili diqqətinizə çatdırır.
1. Ünsiyyətin azalması – Elə gün olmazdı telefonla söhbətləşməyəsiniz. Ancaq indi birdən-birə nə oldu? Axşam dostları ilə görüşdüyünü, təzə köynək aldığını niyə hamıdan gec öyrənirsən? Aranıza girən bu soyuq küləklər hardan əsir?
2. Müraciət formasının dəyişməsi – “Canım”, “aşkım”, “ürəyim” kimi isti sözlər az qala rəsmi müraciətə çevrilib. Bəzən sevdiyiniz adamın sizə iş yoldaşı kimi müraciətindən qıcıq olacaqsan. O adam sizin yalnızca adınızı çəkəcək, artıq o adın qarşısında “canım”ı görməyəcəksiniz.
3. Qısqanclığın sona çatması – Kim layk elədi səni? O qız kimdi? O oğlan niyə baxdı sənə? Artıq bu sualları sizə aid olmayan yerlərdə görə bilərsiniz, onun ağzından çıxmayacaq.
4. Laqeydlik – Zəng edirsən, götürmür. Növbəti dəfə eyni şey təkrarlanır. Sonra zəngini görmədiyini deyir. Axşam da yorğun olub yatıbmış. Telefonda da soyuq danışır. Yeni imicindən xəbərsizdir.
5. Dava yaratmaq – Sevgidən yaranmır bu davalar. Qısqanclıqdan da. Səbəbsiz olur çox vaxt. Heç bir elmi mərkəz bu davaların əsl səbəbini tapıb ortaya çıxara bilməz. Tez-tez olacaq bu davalar. Ayrılmağa gedən yol burdan keçir...
6. Küskün davranışlar – Danışırsınız onunla, bircə kəlmə deyir: “Aha...” Nəsə yolunda olmadığını soruşursunuz, cavab: “Yox”. Qısa cavablar ip kimi uzanıb gedir.
7. Evdə problem var – Bu cümlə ayrılığın havasını əsdirir. Danışmaq, nəyisə onunla paylaşmaq istəyirsən, qarşında divar kimi bu cümlə durur. Sevgi rejimsizdir axı, birdən gecənin bir vaxtı səsini eşitmək istəyirsiniz. Telefonu götürmür, ardınca bir mesaj gəlir: “Evdə problem var, sonra danışarıq”.
8. Görüşlərdən imtina – Tez-tez görüşürdünüz, hər şey qaydasındaydı. Bu bəhanə ilanı hardan gəlib dürtüldü aranıza? “İşim var”, “Rayona gedirik”, “Atam əsəbidir”, “Dərslərim çoxdur”, “Qohumlar bizdədir”.
9. Kədərli əhvalatlar danışmaq – Söhbətin ən şirin yerində keçmişi qurdalamağa başlayır, bir kədərli əhvalat tapıb danışır. Bəzən bu kədərli əhvalat köhnə sevgilisi ilə bağlı da olur. Ağlamsınır, həyatının mənasız, boz olduğunu deyir. Sizinlə bərabər ola-ola bunu deyir. Artıq mesaj alınıb.
10. Başqaları ilə xoşbəxt görünmək – Sizinlə olanda küskün-küskün oturur, qan qaraldır, səbəbsiz mübahisələrə yol açır. Onu başqa şəkillərdə deyib-gülən, şən görürsünüz. Hamı ilə zarafat edir, əylənir, sizə gələndə kədər işarəsi üzündən düşmür.
11. Qucağın soyuqluğu – O qollar əvvəlki kimi qucaqlamır. O əllərdəki istlik, o hənir yoxdur daha. Buza sarılmış kimi hiss edirsiniz özünüzü...
12. Münasibət haqqında düşünmək – Cümlələr də soyuqdur. Nə desən xeyri yoxdur. Artıq beyninə yerləşdirib. Münasibət haqqında düşünmək istədiyini deyəcək. Bu sizin son görüşünüzdür əslində. Ayrılığın ilk mərhələsinə xoş gəldiniz.