Maarif Soltanın unuda bilmədiyi qadın – LAYİHƏ

Maarif Soltanın unuda bilmədiyi qadın –  LAYİHƏ
10 noyabr 2015
# 11:07

Kulis “Unuda bilmirəm” layihəsindən tanınmış şair Maarif Soltanın “Nostalji adam” yazısını təqdim edir.

Layihə üçün yazı təklifi alan kimi sanki bir anın içində bütün unuda bilmədiklərim hüceyrələrimdən, beynimdən, şüurumdan, yaddaşımdan, qəlbimin daima sızlayan, göynəyən yerindən dəli-dolu bir dağ çayı kimi sürətlə axıb keçməyə başladı...

Əslində, bu dağ çayı həmişə axmaqdadır... dayanmadan, yorulmadan, usanmadan...

Və indi selləmə axan bu dağ çayından hansısa xatirəni ayırıb çıxartmaq – o dağ çayından balıq tutmaq sevdasına bənzəyir.

Bir qədər pis səslənsə də, mən çox sədaqətli adamam - tək insanlara qarşı yox, onlarla bağlı hisslərimə, xatirələrimə, anlarıma, sevinclərimə, kədərlərimə... Uşaqlığıma... Gəncliyimə... Özümə...

Mən yaddaşsızlığımdan həmişə şikayətliyəm. Görünür, xatirələrim yaddaş saxlanclarımı doldurduğu üçün qalan şeylərə yer qalmayıb. Mənim kimilərinə, yəqin ki, nostalji insan deyilir.

Mənim xatirə sarıdan həmişə bəxtim gətirib, mən unuda bilmirəm...

...O, uzaq, çox uzaq ellərdən gəlmişdi, həm də çox gözəl idi, həm də həyat eşqiylə aşıb-daşırdı... Darıxdırıcı, yeknəsəq yaradıcılıq evinə özüylə təzə həyat gətirmişdi, canlanma yaratmışdı, maraqlı etmişdi dünyanı...

Millətin mənəm-mənəm deyə imkanlı, vəzifəli oğlanları işini-gücünü atıb onun başına dolanırdı, yola gətirməyə ilan dili çıxartmışdılar, əlinə toxunmağa girəvə gəzirdilər, qulluğunda durmağa məqam axtarırdılar...

O isə heç kimə əhəmiyyət vermirdi - incə bir zarafatla, ovsunlayıcı bir təbəssümlə, zərif bir baxışla sivişib vəziyyətdən çıxırdı... Ona yaxın düşmək olmurdu...

Mən bütün baş verənləri aralıdan müşahidə edirdim, bilirdim ki, mən girən kol deyil, imkanlarımın məhdudluğu məni ona yaxın getməyə qoymurdu, arada bir az sıxıntılı, bir az ironiyalı baxışlarımla süzürdüm, məqamı düşəndə incə yumorlu atmacalar atırdım... Bilirdim ki, qadın kölgə kimidir – onu izləyəndə qaçır, qabağıyla gedəndə arxanca düşür.

Bu 3-4 gün belə davam etdi.

Bir axşam yeməkdən sonra hamının baxşıları altında, hamıya nümayiş etdirirmiş kimi yaxınlaşıb qoluma girdi, “Bəlkə bir az gəzişək...” – dedi...

Mənim belə məqamlarda dilim tutulur, sözlər pərən-pərən düşür, nə deyəcəyimi, nə edəcəyimi bilmirəm, axmaq bir əsməcə tutur məni... Özümdən utanıram...

O ilahi gecədən bir o yadımdadır ki, “Səhər şəhərə gedək” - dedi və bu sözlərdən sonra mən onu tamam unudub səhərki səfərin planını qurmağa başladım: ən vacibi - haradan pul tapım?! –sualıydı. Ümumiyyətlə, bu sual bütün ömrüm boyu məni ən çox narahat edən sual olub, qalan məsələlər - nəynən gedək, hara gedək, nə edək, necə edək – bunlar hamısı asan idi. Alaqaranlıq xiyabanda gəzişərək, nələrdənsə danışırdıq, amma mən beynimdə bütün bunları götür-qoy edirdim və axşamdan xeyli keçmiş onu otağına ötürüb pörtmüş halda xidməti otağıma yollandım. Təbii ki, o gecə bütün ilan sancmışlar da yatdı, mən yata bilmədim...

Bizi şəhərə hamılıqla baxışlaryla ötürdülər. İçimdə qətiyyən qürur hissi yox idi, əksinə, sıxılırdım. Avtobus dayanacağına sarı getməyə başladım. “Yox, gəl taksiylə gedək”, - dedi. Qayğım bir az da artdı – cibimdəki təqribən elə o baş-bu baş taksiyə çatardı, qalan şeylərə pul qalmırdı.

İkimiz də arxa oturacaqda oturduq, mən narahat olsam da, özümü inamlı aparırdım - əlimi dizinin üstünə qoydum – daha çox sürücüyə göstərirdim özümü. Qəsəbədən bir az aralanmış çantasını açdı, içindən bir sıxma pul çıxarıb dizinin üstündəki ovcuma ötürdü. Mən özümün də güclə eşidə bildiyim bir səslə: “da tı cto, ne nado” deyib əlini yüngülcə itələdim, amma, deyəsən özü də hiss etdi ki, pulu qapdım.

Yoxun üzü qara olsun, vallah, bu mən deyildim.

Tez bir siqaret yandırıb arxayınlıqla dərindən ləzzətli bir qullab vurdum! Bu yəqin ki, həyatımda çəkdiyim ən ləzzətli siqaret idi.

Mən ömrümdə Bakını elə gözəl görməmişdim! Düzdü, mən onları görmürdüm, amma insanlar necə mehriban idi, necə qayğısız idi, necə məhəbbətlə baxırdılar bizə, İlahi!

Mən təbiətən ləng adamam – danışığım da, yerişim də ləngdir. Amma o yerişi mən hardan almışdım, o sözləri mən hardan tapıb deyirdim ona?! İnsanın əhvalı qısa bir zamanda necə dəyişərmiş, ay Allah! İnsanın, hətta özününkü olmayan cibindəki pul, insanı necə ruhlandırarmış!

Ona şəhərimizin ən görməli yerlərini göstərməliydim – göstərirdim, necə alicənab, qonaqpərvər, səxavətli olduğumuzu sübut etməliydim – sübut edirdim, onu varlığımızla heyran etməliydim və edirdim.

Nizami muzeyinə girdik. İkinci mərtəbədəki elə birinci salonda hiss etdim ki, bizə göz qoyurlar, izləyirlər. Çöndüm ki, muzeyin direktoru rəhmətlik Bəkir Nəbiyevdir, artıq xəbər veribmişlər, gülümsəyib: “Bildim ki, sən olarsan, halal olsun”. - dedi. “Bəkir müəllim, tərcüməçimdir”, - dedim, inandırmaq üçün hələ bir “vallah” sözü də işlətdim. “Bilirəm, bilirəm. İşində ol”, - dedi. Ondan çıxmayan iş, hələ bir soruşdu ki, pulun-zadın var? İnamla var dedim.

Artıq nahar vaxtından keçmişdi, ayaqlarım bizi yeməkxanaya tərəf çəkirdi “Növbahar restoranı yaxındaydı, həm də tanış yer idi. “Yox”, - dedi. – “Gəl bir milli yerə gedək, nəsə milli bir şeylər yeyək”. Karvansaraya girdik. Əvvəllər də bir dəfə qonaq etmişdilər orda, amma məni heç açmamışdı, bu dəfə xoşumuza gəldi.

Axşam yaradıcılıq evində məni az qala milli qəhrəman kimi qarşıladılar, özümü də elə o cür hiss edirdim.

O, 24 günlüyə gəlmişdi, vaxtı tamam olurdu, amma geri qayıtmaq istəmirdi, daha 12 gün vaxtını uzatdı... Abşeron havası düşmüşdü ona... Mən özüm də Abşeronun o cür səfalı olduğunu bilmirdim...

Vağzalda yola salanda elə bil donmuşdum, bir onu hiss edirdim ki, biz bir daha görüşməyəcəyik. Qatar tərpənəndə donum gözlərimdən açılmağa başladı ... Və bu şeirin ilk misraları yarandı...

Ayrıldıq,

Ayrılıq düşdü araya...

Ayrılıq məqamı soyuq bir öpüş...

Elə görüşmüşdük ayrılaq deyə -

Qəribə təsadüf, qəribə görüş...

Di gəl ki, bilmirəm, bilmirəm niyə

Mən səni hələ də xatırlayıram,

Mən səni hələ də unutmamışam...

Ünvan da almadıq bir-birimizdən –

Elə bil qəlbimiz, hissimiz daşdı.

Beləcə biganə, beləcə soyuq

Düşmən də düşməndən ayrılmamışdı.

Bu da bir taleymiş, bir bəxtmiş bu da...

Bəxt bir də üzümə gülərmi görən?

Ömrün sonunacan gözləsəm burda

O qatar fırlanıb gələrmi görən?

Demirəm, sinəmdə göynəyir yaram,

Demirəm, mən sənsiz qara bir daşam.

Sadəcə olaraq bilmirəm nədən

Mən səni hələ də xatırlayıram,

Mən səni hələ də unutmamışam...

Ömürdən o qədər adamlar keçir,

Görürsən, yaddaşda biri də qalmır.

Adam var, lap belə köynəkdən keçir,

Ayrılır, heç belə yeri də qalmır.

Elə görüşmüşdük ayrılaq deyə...

Di gəl ki, bilmirəm, bilmirəm niyə

Mən səni hələ də xatırlayıram,

Mən səni hələ də unutmamışam

# 1500 dəfə oxunub

Oxşar xəbərlər

Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

17:00 23 noyabr 2024
Bütün qazancını buna xərcləyir

Bütün qazancını buna xərcləyir

14:39 23 noyabr 2024
Mehriban Xanlarova:  "Yerə yıxılanda doğrudan yıxılıram, şillə vurulanda doğrudan o mənə dəyir"

Mehriban Xanlarova: "Yerə yıxılanda doğrudan yıxılıram, şillə vurulanda doğrudan o mənə dəyir"

13:00 23 noyabr 2024
Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub

Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub

12:23 23 noyabr 2024
Bizim insanların mənəviyyatını korlayan budur! - Aqşin Yenisey

Bizim insanların mənəviyyatını korlayan budur! - Aqşin Yenisey

11:31 23 noyabr 2024
Daş kitabələr, Coşın qalası, petroqliflər... - Səttarxanın doğulduğu şəhərdə nələr var?

Daş kitabələr, Coşın qalası, petroqliflər... - Səttarxanın doğulduğu şəhərdə nələr var?

11:12 23 noyabr 2024
# # #