Elşən Əzim gənc rejissoru plagiatlıqda suçlayır – Qalmaqal

Elşən Əzim gənc rejissoru plagiatlıqda suçlayır – Qalmaqal
4 sentyabr 2019
# 18:01

Şair Elşən Əzim Mədəniyyət Nazirliyi kinematoqrafiya şöbəsinin əməkdaşı, ssenarist, rejissor Elşad Ərşadoğlunu plagiatlıqda suçlayıb.

Şairin Kulis.aza bildirdiyinə görə, çəkilişləri yenicə başa çatan “Açar” filminin motivləri vaxtı ilə yazdığı “Qıfıl” şeirindən götürülüb.

Müəllifin bildirdiyinə görə, “Qıfıl” 2004-cü ildə yazılıb və populyarlaşıb.

Xatırladaq ki, şeirdə də, filmdə də söhbət işğal olunan kənddəki evinin açarlarını saxlayan qəhrəmandan gedir.

Ssenarist-rejissor Elşad Ərşadoğlu isə səslənən ittihamla bağlı bunları deyib:

“Elşən Əzimin şeirini bir neçə il qabaq oxumuşam, hətta bir neçə dəfə, hər rastıma çıxanda oxumuşam. Filmə gəldikdə, bu mövzuda uydurma yoxdur. Filmdə hadisə eynilə öz ailəmizdə baş verib. Aktyor Qurban İsmayılovun oynadığım obrazın prototipi mənim öz babamdır. Biz Füzulidən qaçqın gələndə mən 6 yaşında uşaq idim. Bizim evimizin o topa açarı yadımdadır. Hətta yadımda idi hansı açar hansı otağındır açarıdır. 90-ların əvvəlində açar itdi. Və bu xüsusən babam üçün böyük dərd oldu. Bu tamamilə mənim xatirəmə əsaslanıb. Mənim təxəyyülüm isə ondan ibarətdir ki, biz İsmayıllıda yaşamışıq, amma mənim filmimdə hadisələr Bakıda yataqxanada baş verib. Ən maraqlısı odur ki, biz məkan axtaranda, ordakı sakinlərə süjeti deyəndə məlum oldu ki, hamı evinin açarını saxlayır. Bu, bir milyon insanın dərdidir. Mən Elşən Əzimi oxuyanda təsəlli tapırdım ki, bu, tək bizim dərdimiz deyil, başqaları da bunu yaşayıb. Mənim məqsədim bu dərdi kino dili ilə dünyaya çatdırmaqdır. Qısası, Elşən Əzimlə mən Allahın müəllifi olduğu və bizə "bəxş etdiyi" bu mövzuya fərqli sahələrdə, başqa-başqa prizmalardan yanaşmışıq.”

“Qıfıl” şeirini diqqətinizə çatdırırıq.

Bizimlə bir dəstə açar gəlibdi,
Məhlənin açarı, evin açarı.
Kefim qıfıllanıb üzümə mənim,
Qalıb evimizdə kefin açarı.

İnadım əyilib, vüqarım sınıb,
O da qalaq-qalaq il altındadı.
Bilirəm, qapımız o vaxtdan yanıb,
Qıfıl bir kalafa kül altındadı.

O qıfıl gül açar günün birində,
Sükutun içində çürüyür, itir.
Onun torpaq dolmuş açar yerində,
Hər bahar bir həsrət çiçəyi bitir.

Qapılar görmüşəm, o vaxtan bəri
Bu dərdin işığı içəri düşmür.
İndi mən neyləyim ayrı qapıya
Bizim qapımızın açarı düşmür.

Hayana üz tutdum qıfıl göyərdi,
Ümid qıfıllıdır, arzu qıfıllı.
Bərəkət qıfıllı, ruzi qıfıllı,
Bu tale, bu qismət, yazı qıfıllı.

Tətiyi qıfıllı silahımızın,
Tətiyi çəkəsi əlim qıfıllı.
“Susuram, başımı saxlamaq üçün”,
Ağzım qıfıllıdır, dilim qıfıllı.

Çaşdımı, tərk etdi oba yurdunu,
Dərdi köç üstünə aşırıb gəldik.
Bizdə ürəyə bax, baba yurdunu
Bir paslı qıfıla tapşırıb gəldik.

Çaylar qayalardan asılı qaldı,
Bulaqlar ağladı, kiridi orda.
Bu boyda həsrətin, bu boyda dərdin
Açarı burdadı, kilidi orda.

# 3842 dəfə oxunub

Oxşar xəbərlər

Dünyanın ən məşhur 10 arxeoloji abidəsi

Dünyanın ən məşhur 10 arxeoloji abidəsi

15:00 6 iyul 2025
Uilyam Folkner:  “Amerikada yazıçı it kimidi”

Uilyam Folkner: “Amerikada yazıçı it kimidi”

12:00 6 iyul 2025
Ruslan Əhmədoğlu vəfat etdi

Ruslan Əhmədoğlu vəfat etdi

11:37 6 iyul 2025
Hamı evlən dedi, o isə illərdir gözləyirdi – Şəhid Mehmanın nişanlısı ilə müsahibə

Hamı evlən dedi, o isə illərdir gözləyirdi – Şəhid Mehmanın nişanlısı ilə müsahibə

22:30 5 iyul 2025
Orxan Məmmədovun fərdi yaradıcılıq sərgisinin açılışı oldu

Orxan Məmmədovun fərdi yaradıcılıq sərgisinin açılışı oldu

14:17 5 iyul 2025
Rahid Uluselin yeni kitabı çap olundu

Rahid Uluselin yeni kitabı çap olundu

13:11 5 iyul 2025
#
#
# # #