Kulis “Azərbaycan telekanallarına baxırsınızmı?” mövzusunda sorğu keçirib. Cavabları təqdim edirik.
Seyran Səxavət: “Azərbaycan televiziyasından Barselona, Real Madrid və Arsenalın futbol matçlarına baxıram. Bir də Mədəniyyət kanalında keçmiş sənətkarlar haqqında verilişə baxıram. O verilişlərə baxanda özümü cavan bir oğlan kimi görürəm.”
Aqil Abbas: “Mədəniyyət kanalına baxıram daha çox. ANS-də Ulviranın apardığı “Beşbarmaq” xoşuma gəlir. Futbola İdman Azərbaycan kanalında baxıram. Sonra İctimai TV-də “Vətən səsi”, Anarın apardığı verilişləri də izləyirəm. ANS-in xəbərlər proqramı xoşuma gəlir. Adətən səhər verilişlərinə baxa bilmirəm. Amma İctimai TV-də, AzTV-də xəbərlərə baxıram. Xəzər TV-də idman proqramları çox gözəldir. Fikir vermişəm, Xəzər sakit, ləyaqətli verilişlər verir. Bircə xəbərlər proqramı xoşuma gəlmir. Elə Space TV-də xəbərlərdə aparıcılar elə tez-tez danışır ki, elə bilirəm ingilis dilindədir, heç nə başa düşmürəm. Xəzərdə intonasiya fərqlidir, ancaq onlarda da aparıcılar tələsik danışır deyə anlamaq olmur. Baxmadığım verilişləri desəm, siyahı uzun olar. Ümumiyyətlə, o cür verilişlərin olmağındansa, olmamağı daha yaxşıdır.”
Azad Qaradərəli: “Mən hətta Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin radiosunda işlədiyim illərdə belə o televiziyaya baxmamışam və indi də baxmıram. Amma yalançılar sözü, dublyaj redaksiyasının hərdən dünya kinosunun şedevrlərini verməyi var. O filmlərə baxıram. Bir də futbola baxıram məcburən. Bu televiziyanı bizdən çoxdan alıblar. Uşaqlarımız Türkiyə kanallarına, özümüz də Rusiya televiziyalarına baxırıq.”
İlqar Əlfi: “Azərbaycan televiziyasına heç baxmıram.”
Şərif Ağayar: “İndi, belədi ki, baxan da, baxmayan da deyir, Azərbaycan efirinə baxmıram. Mənsə, ümumiyyətlə, televiziyaya az baxıram. Çox az. Daha çox internet vasitəsi ilə film və sənədli filmlərə baxıram. Lazım olan verilişləri də sonradan internetdən izləyirəm. Arada yorulanda, əylənmək istəyəndə seriallar da olur. Azərbaycan efirini isə hərdən vərəqləyirəm. Məsələn, son vaxtlar dostumuz İlhamiyyə Rzayevanın təqdimatında “Nəzər nöqtəsi”nə baxıram. Sizə deyim, maraqlı müzakirələr olur. Misal üçün, YUĞ Teatr binasının sökülməsi haqqında yaxşı veriliş hazırlamışdı. Arada Mədəniyyət kanalında pultu saxladığım olur. Maraqlı musiqilər və filmlər verirlər. Bir də hərdən ANS-in axşam 21:00 xəbərlərinə baxıram. Ümumi deyim ki, on il əvvələ müqayisədə Azərbaycan efiri çox geriləyib. Demək olar ki, boş qalıb. Şou proqramlardan ATV-dəki “10-lar”ın adını çəkə bilərəm. İnsaf naminə deyək ki, yaxşı hazırlayırlar. Bir də “Bacanaqlar” serialı yadımda qalıb. Məncə, “Bacanaqlar” bizim ən uğurlu komik serialımızdır. Yəni olanımız budur, özümüzü dartmaqla deyil. Hansı TV-də getməsindən və dublyajının səviyyəsindən asılı olmayaraq yaxşı film olanda izləməyə çalışıram. Yaxşı filmləri rəngindən tanıyıram. Davamlı izlədiyim, qaçırmadığım hər hansı bir audiovizual məhsul yoxdur.”
Kənan Hacı: “Mən televiziyaya çox nadir hallarda baxıram. Dostlarımızdan kimsə çıxış edəndə baxmalı oluram. Televiziyada diqqətimi çəkən hansısa veriliş yoxdur ki, xüsusi olaraq ona baxım. Televiziyalar ədəbiyyata yer ayırmır. Hansısa bir verilişə bir yazıçını çağırmaqla iş bitmir. Ədəbiyyat haqda ayrıca verilişlər ola bilər. Amma reytinqin peşində olan televiziya üçün ədəbiyyat maraqlı deyil.”
Rəbiqə Nazimqızı: “Ümumiyyərtlə, TV-ni az izləyirəm, vaxtım olmur. Xəbər proqramlarını izləyirəm daha çox - "ANS" və "ATV"də. Başqa proqramlara təsadüfən baxa bilirəm. Mədəniyyət kanalında, ya AzTV-də film, ya mədəniyyət verilişi izlədiyim olur. Hər bazar qızımla "Ağıl dəryası"na baxırıq. Bu, qaydadır. AZTV-yə ovqatım pis olanda baxıram - yadıma düşsə. Ümumiyyətlə, baxmadığım telekanallar da var, orada çalışan dostlar inciməsin, məsələn, "SPACE" və "Xəzər TV"ə baxmıram. "Lider"də əvvəllər maraqlı sənədli filmlər və verilişlər olurdu, indi bilmirəm, açığı, vaxt olmur.”
Səxavət Sahil: “Azərbaycan televiziyalarına az baxıram, baxanda da CBS Sport, İdman Azərbaycan və Mədəniyyət kanallarına baxıram. Futboldan başqa verilişlərə gəlincə, konkret ad çəkə bilməyəcəm, çünki rastıma yaxşısı çıxanda baxıram. Xarici kanallardan ən çox izlədiyim Euronews və Telesur kanallarıdır ki, onların da xəbər proqramları məni cəlb eləyir. Yerli televiziyalardan uzaq düşməyimin səbəbi proqramların məni qane etməməsidir. Düşük və bayağı verilişlər kimə lazımdırsa onlar da baxır. Məni maraqlandıran odur ki, bu qədər səviyyəsiz və mənasız verilişlər hansı rejissorun, redaktorun, müəllifin ağlına gəlir? İnsan nə qədər bayağı olmalıdır ki, belə səfeh iş ortaya çıxarsın.”