Ömrü Allah yazır, ona heç kəsin müdaxilə etmək haqqı yox!

Ömrü Allah yazır, ona heç kəsin müdaxilə etmək haqqı yox!
5 yanvar 2018
# 11:16

Professor Əmrah Dadaşova açıq məktub

Hörmətli Əmrah müəllim! Sizin mərhum həyat yoldaşınız Suriyə xanıma həsr etdiyiniz “Son hədiyyəm...” adlı kitabınızı böyük sevgi və həyəcanla oxudum. Son illərdə bu qədər düşünməyə və kövrəlməyə vaxtım olmamışdı, yazıram, buna inanın. Çox səmimi və etiraflarla dolu bu kitab Sizin zəngin mənəviyyatınızın daha bir təsdiqidir.

Siz gözəl alimsiniz, böyük tədqiqatların və kitabların müəllifisiniz, bunu hamı bilir. Siz bir müəllim kimi, təhsil və tədris təşkilatçısı kimi 50 ildir ki, Universitetin böyük kollektivi tərəfindən sevilirsiniz, bunu da hamı bilir. Hələ gənclik illərindən ən çətin sahələrə, ən düzəlməz işlərə qatılaraq onu yoluna qoymağı bacarmısınız, özü də sülh yolu ilə, insanlıq sərhədlərini aşmadan, bu da danılmaz həqiqətdir.

Ancaq ailəyə qarşı, həyat yoldaşına qarşı bu qədər diqqətli və sayğılı olduğunuz çox adam bilmirdi, bu kitabda xeyli gizli mətləb agah oldu. Hamı düşünürdü ki, gecə-gündüz Tarix fakültəsində olan, universitet ilə nəfəs alan, ictimai işlərə cani-dildən belə bağlanan Əmrah müəllimin evdən, ailədən bir elə xəbəri də olmaz...

Açığı, çoxu elə düşünürdü ki, Əmrah müəllim subaydır, subaydır ki, Yeni il gecələrində, bayramların ən şirin günlərində universitetdə növbətçi lazım olanda Əmrah müəllim tərəddüdsüz-filansız gəlib qalır, səhər-səhər Balaxanıdan Yasamala hamıdan qabaq gəlir, axşam hamıdan sonra gedir və s. Demə heç də belə deyilmiş... Demə sevməyi bacaranlar elə işini də, peşəsini də, ailəsini də, Vətənini də böyük məhəbbətlə sevə bilər, özünü bütünlükdə ətrafındakılara həsr edə bilər, bacarmayanlar isə hamısından yarımçıq...

Demə universitetə sevgisi boyda, bəlkə ondan da çox Əmrah müəllimin müqəddəs bir məhəbbəti də var imiş... Bu-Suriyə xanıma olan platonik bir sevgi imiş!!! Platonik ona görə deyirəm ki, kitabı oxuyarkən bu məhəbbətin əlçatmaz, əvəzi güdülməyən, səssiz və gizli məhəbbətin parlaq nümunəsi olduğunu hiss etdim. Hiss etdim ki, insan Əmrah müəllim səviyyəsinə qalxmağı bacararsa, ailəsinə bu qədər bağlı olmağı da bacarar. Kitabı oxuyarkən bildim ki, 40 ilə yaxın ömrü olan bu müqəddəs ailənin çox çətin günləri, ehtiyacda keçən dövrləri, adi tələbatların ödənilmədiyi zamanları olub, Suriyə xanım heç bir tələb irəli sürməyib, ailənin mövcudluğunu, mənəvi dəyərləri maddi nemətlərdən yüksək tutub.

Ev-eşik müasir tələblərə uyğun olmayıb-qadın müdrikliyi ilə buna görə yoldaşına narahatlıq yaratmayıb. Ərinin maşını, bağı, dəm-dəstgahı olmayıb - kəndin yeganə professorunun arvadı buna görə darıxmayıb. Əmrah müəllimin adı-sanı, elmi, kitabları, hörməti, şöhrəti kifayət eləyib. Qane olmağı bacarıblar! Ən çətin məqamlarda da, ən kritik anlarda da bir yerdə olub, bir-birinə həyan olublar! Uca tanrının hökmlərinə, zalım fələyin oyunlarına, şeytanların, iblislərin hoqqalarına təmkinlə sinə gəriblər. Allah övlad qismət eləməyib, onu ikisi də normal qəbul edib! Qısası, əsas dəyərlərin xətrinə bütün epizodik hallar ötürülüb. Mən Əmrah müəllimə bunu ona görə açıq məktub şəklində yazıram ki, bu gün qurulan ailələr bilsin və nümunə götürsün. Bilsinlər ki, belə də yaşamaq olur, heç də hər şey sabun köpüyü kimi gözəl görünən, ancaq içi boş, mahiyyəti heç nəyə bərabər və böyük Füzuli demişkən ”Göstərən saatda dövrani-fələk bir inqilab, həm özü fani olar, həm ləşkəri, həm kişvəri...” fəlsəfəsi ilə baxsaq ömrü çox qısa olan maddi nemətlərdən asılı deyil! Əbədi dəyərlər var, bu dəyərlər nə qədər bəsit görünsə də, ancaq var və ana südü kimi, su kimi, min illərdir hər baharda açan çiçəklər kimi köhnəlmir, milyon-milyon əvəzləyiciləri çıxsa da, həmin kəşflər müxtəlif yollarla təbliğ edilsə də, allahın əli ilə yaranan müqəddəs nemətləri əvəz edə bilmir və heç vaxt da əvəz etməyəcək. Bu müqəddəs dəyərlərdən biri də məhəbbətdir, saf hisslərdir, təmiz duyğulardır!

Bu gün Əmrah müəllim öz həyatı ilə bir açıq dərs keçərək yeni nəsillərə master-klass göstərdi və sübut etdi ki, məhəbbət olan yerdə qalan hər şey ikinci, üçüncü və beşinci dərəcəlidir. 40 illik ailə həyatı ilə nümayiş etdirdi ki, İnsan necə yaşamalı, həyat yoldaşını necə sevməli, necə dəyərləndirməlidir.

Əmrah müəllim!

Bir halda ki, məktubu açıq yazdım və bəzi məsələləri işıqlandırdım, bir xahişimi də açıq çatdırmaq istəyirəm. Siz Suriyə xanımı 75 yaşı olanda itirdiniz. Ömrü allah yazır, ona heç kəsin müdaxilə etmək haqqı yox! Ancaq onun xatirəsinin ömrü Sizdən asılıdır. Siz onun 80 illik, 90 illik ad günlərinə qədər yaşamağa və onun xatirəsini yaşatmağa borclusunuz. Siz indiyə qədərki şərəfli, ləyaqətli ömrünüzdə çox çətinlikləri aşa bilmisiniz, necə deyərlər, “çox tozanaq atlıları öz təmkin atınızla keçmisiniz”, çox adamları təəccübləndirib böyük addımlar ata bilmisiniz! Kitabı oxuyandan sonra dəqiq anladım ki, bu çətinlikləri aşmaqda Sizə Suriyə xanım kimi mərd bir qadın yol yoldaşlığı edib, həyan durub, Sizə qüvvət və qüdrət verib! Bu dəfə də, Suriyə xanımın xətrinə allahdan qüdrət və qüvvət tapıb onu yaşatmaq xətrinə ruhdan düşməyin, həmişəki kimi nikbin, yorulmaz, şux və məğrur olun! Suriyə xanımın 90 illiyinə qədər onun əziz və şirin xatirəsini yaşatmaq lazımdır! Özünüzdən muğayat olun!

Böyük hörmətlə Fikrət Şiriyev

# 1090 dəfə oxunub

Oxşar xəbərlər

Demet Akalın:  "Bir də ayağa qalxa bilməyəcəyimi düşünürdüm"

Demet Akalın: "Bir də ayağa qalxa bilməyəcəyimi düşünürdüm"

10:21 26 noyabr 2024
Yeni serial gəlir - Baş rolları kim oynayacaq?

Yeni serial gəlir - Baş rolları kim oynayacaq?

09:47 26 noyabr 2024
Elşənlə Ozanın serialı bu tarixdə yayımlanacaq

Elşənlə Ozanın serialı bu tarixdə yayımlanacaq

09:30 26 noyabr 2024
Azərbaycan mədəniyyəti və mətbəxi Fransadakı festivalda

Azərbaycan mədəniyyəti və mətbəxi Fransadakı festivalda

09:23 26 noyabr 2024
Adel karyerasına fasilə verir

Adel karyerasına fasilə verir

09:21 26 noyabr 2024
Rasim Abdullayev vəfat etdi

Rasim Abdullayev vəfat etdi

09:12 26 noyabr 2024
# # #