İlham Tumas: Murovda qurddan - quşdan nə olubsa yemişəm

İlham Tumas: Murovda qurddan - quşdan nə olubsa yemişəm
26 iyun 2015
# 12:41

26 iyun Azərbaycanda Silahlı Qüvvələr Günü kimi qeyd olunur. Kulisin “Yeməli söhbət” layihəsinin budəfəki qonağı jurnalist İlham Tumas da 90-cı illərin əvvəllərində Azərbaycan Silahlı Qüvvələrinin tərkibində erməni separatçılara qarşı müharibədə iştirak edib. İlham Tumasla “Elmlər Akademiyası” metro stansiyasının çıxışı ilə üzbəüz olan “Künefe evi”ndə görüşdük.

- İlham bəy, ilk olaraq keçmiş döyüşçü kimi sizi Silahlı Qüvvələr günü münasibəti ilə təbrik edirəm. Sizin yeməyə münasibətiniz necədir?

- Təbrikə görə minnətdaram. Hesab edirəm ki, 26 iyun hamımızın bayramıdır. O ki, qaldı yemək məsələsinə, yeməyə kimin münasibəti pis ola bilərki?! Sadəcə olaraq mən yeməyi acından ölməmək, həm də məclisdə ünsiyyətə, söhbətə, deyib-gülməyə, yaxud kədərlənməyə aid olan ayin kimi baxıram.

- Siz Sumqayıtda dünyaya gəlibsiniz, amma əslən Cəbrayıldansınız. Cəbrayılda axırıncı dəfə yediyiniz yeməyi xatirinizdədir?

- Rəhmətliyin nəvəsi, mənim bu gün yediyim yadımdan çıxır, o ki, qaldı Cəbrayılda illər əvvəl yediyim yemək... Ümumiyyətlə, yaddaşımı nəyə görə yeməklə bağlı xatirələrlə doldurmalıyam?!

- Bəs Cəbrayılın spesifik yeməyi hansıdır?

- Uşaqlıqdan yadımdadır, biz tərəfdə yaxşı xəşil bişirirdilər. Bir də təbii ki, Cəbrayılın dadlı heyvanları olur. Ona görə də, yaxşı kababımız olardı.

- Cəbrayıl mətbəxinin yeməklərini Bakıda yeyəndə hansı hissləri keçirirsiniz?

- Mən biləni, xüsusi Cəbrayıl mətbəxi deyilən mətbəx yoxdur. Məsələn, bayaq unutdum, biz tərəflərdə çox dadlı plov hazırlayırlar: döşəmə aşı. Yaxud bizim tərəfin qara umacının, əriştəsinin dadı heç harada yoxdur. Ona görə, Bakıda bax, bu dediyim yeməkləri yeyəndə kəndin ab-havasına düşürəm.

- Müharibə vaxtı yemək məsələlərini necə həll edirdiniz?

- Yemək məsələləri ilə mən məşğul olmurdum ki, həll edim. Belə götürəndə döyüşlər vaxtı nə yediyim heç yadımda da deyil. Yeməkdi, geyimdi, bunlar müharibə vaxtı heç yada düşmür.

- Müharibə şəraitində hansı qeyri-adi yeməyi yemisiniz?

- Döyüşlər vaxtı dediyim kimi nə yeyib – içdiyimin fərqində deyildim, heç yadıma da düşmür. Ancaq Murovda zabit kimi xidmət etdiyim vaxtlarda dəniz səviyyəsindən 3-4 km yüksəkliklərdə uzun müddət qalmaq adama hər şey yeməyi öyrədir. Hə, bax burada əlimə düşən qurddan - quşdan nə olubsa yemişəm (Gülür). Ciddi deyirəm, Murovda turacdan, kəklikdən tutmuş, marala qədər hər şey yemişəm. Təbii ki, bunların sırasında sərçəsi, adını belə düz-əməlli bilmədiyim müxtəlif uçanlar və qaçanlar da var... (Gülür). Yaxud 2 gündən qalmış “perlova”lı qazana qarı doldurub, xeyli qaynadandan sonra alınan yala oxşar məhlulun içinə 2-3 dənə qalina-blanka atanda dadlı bir şey alınır. Ciddi deyirəm, adamın soyuqdəyməsi canından çıxır.

- Kimin bişirdiyi yemək üçün darıxırsınız?

- Heç kimin. Ancaq Azərbaycanın bəzi restoranları, kafeləri var ki, həmin yerlərin yeməyinin dadı damağımdan getmir.

- Sizə nəyi və yaxud kimisə xatırladacaq yemək var?

- Elə bir xüsusi hissiyyatım yoxdur. Yemək yeməkdir, adam da adam. Yeməklə kimisə, kiminləsə isə yeməyi xatırlamaq romantikası mənlik deyil.

- Tələbəlik illərində yemək məsələlərini necə həll etmisiz?

- İndi necə həll edirəm, tələbəlikdə də o cür. Ürəyim istədiyi yerdə, əlimə nə düşdü yemək vərdişim var. Təbii ki, hansısa dost məclisi məni gözləməsə.

- Spirtli içki ilə aranız necədir?

- Yeyib-içən adam kimi. Xüsusi bir bağlılığım, yaxud uzaqlığım yoxdur. Məclis varsa, hesab edirəm içki olsa, daha yaxşı olar (Gülür).

- Sizi adətən Vərəm Dispanserinin yanında olan kafedə yeyib-içən görürəm. Sizi o kafeyə bağlayan nədir?

- O kafe dostumuzundur. 20 yanvar şəhidi rəhmətlik İlham Allahverdiyevin qardaşı Elxanındır. Elxan hamımızın böyük qardaşıdır, onu çox istəyirik. Qoy lap reklam olsun, deyəcəm, əla kababları olur. Bir də, ora gedəndə cibimizdə nə qədər pul olduğunu hesablamırıq. Necə deyərlər, “yazdırmaq” olur (Gülür).

- Hesabı ödəmək məsələsini necə həll edirsiniz?

- Ya mən dəvət edirəm, ya da hansısa dostum, yaxud ən yaxşı variant olan “nemes hesabı”yla ötüşürük.

- Fast-foodla aranız necədir?

- Nifrət edirəm. Və yeyənlərə də məsləhət görmürəm. Fast-food mənim yaşımda olanlar üçün deyil. Hesab edirəm fast-food cavanların yeməyidir, ancaq xeyli zərərlidir. Ondansa 2 şiş basdırma yesələr faydası daha çox olar.

# 1642 dəfə oxunub

Oxşar xəbərlər

Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

17:00 23 noyabr 2024
Bütün qazancını buna xərcləyir

Bütün qazancını buna xərcləyir

14:39 23 noyabr 2024
Mehriban Xanlarova:  "Yerə yıxılanda doğrudan yıxılıram, şillə vurulanda doğrudan o mənə dəyir"

Mehriban Xanlarova: "Yerə yıxılanda doğrudan yıxılıram, şillə vurulanda doğrudan o mənə dəyir"

13:00 23 noyabr 2024
Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub

Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub

12:23 23 noyabr 2024
Bizim insanların mənəviyyatını korlayan budur! - Aqşin Yenisey

Bizim insanların mənəviyyatını korlayan budur! - Aqşin Yenisey

11:31 23 noyabr 2024
Daş kitabələr, Coşın qalası, petroqliflər... - Səttarxanın doğulduğu şəhərdə nələr var?

Daş kitabələr, Coşın qalası, petroqliflər... - Səttarxanın doğulduğu şəhərdə nələr var?

11:12 23 noyabr 2024
# # #