Mütləq kimisə öldürməliyəm... – İntihar edən yazıçı

 Mütləq kimisə öldürməliyəm... – İntihar edən yazıçı
24 iyun 2019
# 13:04

Kulis.az Vüsal Bağırlının yapon yazıçı Yukio Mişima haqqında yazısını təqdim edir.

“Afanasiy Ivanoviç bilirsinizmi, yaponlarda belə bir ənənə var, incidilən insan incidənin yanına gedir və deyir: “Sən qəlbimi yaraladın, məni təhqir etdin, buna görə də, gözlərinin qarşısında öz qarnımı yırtacam”. Bu sözlərdən sonra, o, həqiqətən də qarnını doğrayır, özünə qəsd edir və artıq qisas aldığını zənn edərək, məmnun qalır. Dünyada qəribə xarakterlər var, helə deyilmi Afanasiy Ivanoviç?!”

F.M. Dostoyevskiy. “İdiot”

Yukio Mişimanın yaxınlarda oxuyub bitirdiyim “Qızıl Məbəd” əsəri, məni onun barəsində bəzi qeydlər aparmağa sövq etdi.

İntihar edən yazıçılar çox olub (Kavabata Yasunari, Ernst Heminquey, Akutaqava Rinöske, Cek London, Stefan Sveyq və sair), amma heç birisinin ölümü məşhur yapon yazıçısı Yukio Mişimanın ölümü qədər dramatik olmayıb.

Onun əsərləri soyuq, üzücü, iztirab dolu ola bilər. Orada zorakılıq, qan, xəstəlik, müharibə dəhşətləri bütün çılpaqlığı ilə təsvir edilə bilər. Fəqət bütün bunlar, Mişima yaradıcılığına, yazıçının həyat prinsiplərinə, iradəsinə və ölümünə olan heyranlığımızı əsla azaltmır.

Yukio Mişima intihar edəndə cəmisi 45 yaşı var idi.

Bu kiçik həyat möhləti ərzində o, qırx roman, hansı ki, 15-i ekranlaşdırılıb, 18 pyes, hansı ki, dünya teatrlarında uğurla səhnələşdirilib, cildlərlə hekayələr, esselər yazdı.

Onun həyata olan rəngarəng baxışı yalnız bununla bitmirdi. Bu istedadlı, qəribə insan bir yerdə dayanmırdı, dincəlmirdi. Yukio rejissorluq edirdi, aktyorluq, orkestr dirijorluğu ilə məşğul olurdu. Bundan başqa, ağır atletika, kendo, karate ustası idi, təyyarə sürürdü. O, 7 dəfə yer kürəsini dövr etmişdi. Üç dəfə ədəbiyyat üzrə Nobel mükafatına namizəd göstərilmişdi.

O, yazdığı hər yazıya görə, yaratdığı hər əsərə görə təsvir edilməsi mümkünsüz olan sevinc hissi keçirirdi.

O, yazırdı: “Yaradıcılıq işləri yaxşı gedir. Bunu necə ifadə etmək olar? Sanki, Yer kürəsini əhliləşdirib, ram etmişəm, onun belinə minmişəm. Onu ayaqlarım arasında möhkəm sıxaraq, irəliyə, uçuruma, qara dəliyə doğru dördnala çapıram. Yanımdan sürətlə ötən ulduzlar isə üzümü cızır, yanaqlarımı yaralayır...”

Onun ölümü çox dəhşətliydi. Amma Yukio bu aqibəti əvvəlcədən, bilərəkdən seçmişdi. O, özünü addım-addım, yavaş-yavaş bu ölümə, onun ağuşuna hazırlayırdı.

O, “Kiokonun evi” əsərində sanki özündən bəhs edir: “Biz onun haqqında yalnız bunu bilirik və nə vaxtsa çətin ki, daha çoxunu bilək – ölüm onun həmişə ən böyük arzusu olmuşdu. Ölüm onun qarşısında həmişə üzünə çoxlu maskalar taxmış birisi kimi dayanırdı. O, isə maskaları bir-birinin ardınca sıyırıb çıxarır, cəld öz üzünə taxırdı. Nəhayət o, sonuncu maskanı çıxaran zaman, ölüm əsl, gerçək üzü ilə onun qarşısında dayandı. Bu onu heç həyəcanlandırmadı da. Yadda saxlayın, gözəl görünmək istəyi, qadınlardan fərqli olaraq, kişilərdə bir qayda olaraq, ölüm arzusunda gizlənir.”

O, ölümdən yazmaqda davam edirdi: “Yenə də, qarşısıalınmaz, böyük bir qüvvə ilə mən öz ölüm arzularıma qapılıram. Mən ölümdə əsl həyat məqsədimi görürəm.”

Ölüm onu maqnit kimi cəzb edirdi, tilsimə salırdı, ovsunlayırdı. O, yuxarıda sadaladığım məşğuliyyətləri də, ölümdən qaçmaq üçün, azacıq da olsa uzaqlaşmaq üçün edirdi.

“Maskanın etirafları” romanının qəhrəmanı, ekssentrik Mişimanın öz arzularını dilə gətirirdi: “Mən, mütləq öldürməliyəm kimi dəli bir hissə qapılıram. Mən al qan şırnağı görmək arzusuyla alışıb yanıram. Bəziləri, qadınlar yanındakı uğursuzluğunu sevgi yazıları ilə ört-basdır etməyə çalışır, mən isə romanları ölümdən uzaqlaşmaq naminə, baş qatmaq naminə yazıram”

Yukio Mişimanın yaradıcılığı, həyatı ilə paralel, sanki, öz ölümünün estetik konsepsiyasıdır.

Sonda, Yukio Mişimanı oxumağa başlamaq istəyənlər üçün onun "Vətənpərvərlik" hekayəsini məsləhət görürəm.

# 2936 dəfə oxunub

Oxşar xəbərlər

ATV-nin keçmiş rəhbərinə 6 il həbs verildi

ATV-nin keçmiş rəhbərinə 6 il həbs verildi

16:37 19 noyabr 2025
Bakıda tanınmış özbək rəssamın sərgisi açıldı

Bakıda tanınmış özbək rəssamın sərgisi açıldı

15:46 19 noyabr 2025
Münhendə Azərbaycan musiqiçilərinin əsərləri təqdim olunub

Münhendə Azərbaycan musiqiçilərinin əsərləri təqdim olunub

15:03 19 noyabr 2025
Sevinc Həsənovanın “Unudulmayan izlər”  kitabı nəşr olunub

Sevinc Həsənovanın “Unudulmayan izlər” kitabı nəşr olunub

14:19 19 noyabr 2025
"Bu hücumlar İrandan idarə olunan qruplar vasitəsilə həyata keçirilir" - "Saxta tiraj" qalmaqalında kim haqlıdır?

"Bu hücumlar İrandan idarə olunan qruplar vasitəsilə həyata keçirilir" - "Saxta tiraj" qalmaqalında kim haqlıdır?

14:05 19 noyabr 2025
Xalq artisti Roza Cəlilovanın dəfn yeri dəyişdirilib

Xalq artisti Roza Cəlilovanın dəfn yeri dəyişdirilib

13:54 19 noyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər