Gənc şair Fərid Hüseyn Dünya Yazarlarının 54-cü Beynəlxalq Belqrad Görüşündə (19-23 sentyabr) iştirak edir. Kulis.azın məlumatına görə builki tədbir Şarl Bodlerin ölümünün 125, Vladislav Petroviçin ölümünün 100, Borislav Peçikin vəfatının 25 illiyinə, Nobel mükafatı laureatı İvo Andriçinin anadan olmasının 125, Filip Visinjiçin 250 illiyinə həsr edilib.
Amerika, Yunanıstan, Fransa, Almaniya, Rumıniya, İtaliya, Çexiya və başqa ölkələrin ən ünlü yazıçı və şairlərinin qatıldığı tədbirin gündəliyi olduqca zəngindir. Belə ki, dünyanın ədəbi gündəmində olan aparıcı məsələlər – nəşriyyat, poliqrafiya, poeziya, yayım hüquqları, tanıtım, ədəbi inteqrasiya, sürət əsrində bədii sözün imkanları və s mövzularda görüşlər, kitab təqdimatları, şeir gecələri keçirilir.
Tədbirlə bağlı çap olunan topluda F.Hüseynin bioqrafiyası və şeirləri işıq üzü görüb, eyni zamanda ötən ildən nəşri planlaşdırılan antologiyada da gənc şairin şeirləri yer alıb.
Olduqca zəngin gündəliyi olan ədəbi festivalda müxtəlif panellər üzrə görüşlər keçiriləcək və məruzələr dinləniləcək. Tədbirdən öncə iştirakçılara təklif olunan mövzular üzrə yazılacaq məruzə və esselər artıq tam halda yekunlaşıb. F.Hüseyn gənc şairlərə təklif olunan mövzuda, kiçik həcmidə – “Poeziya bizi necə dəyişir?” adlı məruzəsi dinləniləcək.
Tədbirin 3-cü günü şairlər qruplar şəklində bölünərək Serbiyanın 13 şəhərinə (2 günlük) göndəriləcəklər.
F.Hüseyn 18 sentyabr tarixində Serbiya Yazıçılar Assosiasiyasının sədri Radomir Andriçlə görüşüb. Gənc şair “Kaspi” qəzetinin Ədəbiyyat əlavəsində ötən il ərzində dərc olunan Serbiya ədəbiyyatı ilə bağlı nüsxələri Serbiya Yazıçılar Assosiasiyasının kitabxanasına bağışlayıb. Görüşdə görkəmli serb şairi R.Andriç deyib: “Serbiya ədəbiyyatı, xüsusən şeirinə verdiyiniz önəmə və “Kaspi” qəzetində nəşr edilən əsərlərə görə çalışdığınız mətbu orqana və sizə minnətdarlığımı bildirirəm. Biz bu qəzetləri əvəzsiz hədiyyələr kimi qəbul edirik. Diqqətimi cəlb etdi ki, bizim ədəbiyyatdan etdiyiniz nümunələrin seçimində olduqca diqqətlisiniz və Serbiya ədəbiyyatın dəyərli nümunələrini dilinizə çevirmisiniz. Yalnız bu cür seçimlə hər iki ölkənin ədəbiyyatı qazana bilər. Dəyərli və gərəkli şairlərimiz dünya dillərinə çevriləndə biz də sevinirik. Serbiya və Azərbaycanın siyasi əlaqələri kimi ədəbi əlaqələri də güclüdür”.
Həmin gün F.Hüseyn dünya şöhrətli yazıçı Milorad Paviçin həyat yoldaşı Yasmina Mixayloviç ilə də görüşüb. Görüşdə “Kaspi”, “Kacпий” qəzetlərində Yasmina xanımın nəşr olunan müsahibələrini və M.Paviçlə bağlı digər materialların nüsxələrini yazıçının arxivinə bağışlanıb. Yasmina xanım bildirib: “Kaspi” qəzetinin elektron variantından Paviçlə və mənimlə bağlı materiallar Paviçə aid sayta da yerləşdirilib. Bu sayt dünyadakı milyonlarla Paviçsevərin ortaq ünvanıdır. Sizin mənimlə apardığınız müsahibəni oxudum, olduqca razı qaldım. Həmin söhbətdə məni heç vaxt düşündürməmiş məsələlərdən danışmışam. Sizi düşündürücü suallarınıza verdiyim cavabları mən məhz müsahibə zamanı cavab verə-verə fikirləşirdim. Həyat belədir: Biz yalnız suallar qarşısında qalanda cavablar tapırıq. Bu bir tərəfdən arzuolunmazdır, digər tərəfdənsə yaxşıdır Müsahibənin və yazıların əvvəlcə Azərbaycan dilində yayımlanması, daha sonra rus dilində “Kacпий” qəzetində nəşri söhbətimizin daha çox oxucuya qovuşmasına səbəb oldu”.
Qeyd edək ki, F.Hüseyn bu mötəbər tədbirə Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin xətti və təqdimatıyla qatılıb.
Dünya Yazarlarının Belqrad Görüşü dünyanın nüfuzlu ədəbiyyat tədbiri sayılır, vaxtı ilə Nobel mükafatı laureatları İosif Brodski, İvo Andriç, Çeslav Miloş və s. kimi dünya şöhrətli qələm əhli bu mötəbər tədbirə qatılıb.