Sizə kimdən deyim, kimdən söhbət açım, Qazaxın parklarının, çayxanalarının yar-yaraşığı Nazim Cəfərovdan. Hər dəfə onun haqqında danışanda anlaya bilmədiyim bir hiss söhbəti axıra qədər davam etdirməyimə imkan vermir. Bilmirəm, o hissin adını nə qoyum, nə səbəb gətirim? Bəlkə də səbəb elə Nazimi mənə tanıdan qazaxlı şair Səhlədar Hidayətoğlunun hər dəfə onu işarə edərək dönə-dönə təkrar elədiyi uyarmasıdır: “Bax, bu adamın gününə düşmək istəmirsənsə, nə badə evlənəsən. Özü də azərbaycanlı qadınla...”
Çox adam bəlkə onun varlığından belə xəbərsizdir. Yeri-yurdu bilinmir. Bilinmir, harda yatır, harda yeyir, harda oyanır. Amma hardasa, hansısa yataqxanada yatır. Özü də yaxın dostlarının dediyinə görə, evi ola-ola... Hər gün azı bir dəfə Qazaxın Mütəfəkkirlər parkına gəlir. Gəlir, parkda boy sırasıyla düzülmüş yazıçı və şairlərinin büstlərinin arasındakı skamyada oturub, siqaret çəkir, nəsə düşünür.
Ucaboy adamdır. Olur ki, skamyada oturanda sənə elə gəlir, büstlər ona yuxarıdan aşağı istehzayla baxır, yaradıcılığındakı uğursuzluqlarına gülürlər. Ayağa qalxanda isə o, hamısından hündür görünür, büstü qoyulmuş şair və yazıçıların səsi-səmiri kəsilir.
Qazaxda tanımayan yoxdur onu. Əslində, çox adam adını belə bilməsə də, hamının bildiyi bir həqiqət var ki, o, günün müxtəlif saatı gəlir, “Yaşıl çayxana” deyilən yerdə bir stəkan çay içir, siqaret çəkib adamların söhbətinə qulaq asır, çıxıb gedir.
Ağlı-huşu yerində olmasa belə kimsənin sözünə-söhbətinə müdaxilə eləmir. Cavan uşaqlar “dəli” deyib incitməyə, ələ salmağa çalışsalar da, onun kimsəylə işi yoxdur. Öz aləmində olur. Ağzında olan-qalan iki dişini qurdalaya-qurdalaya havaya baxıb, yayda günəşdən, qışda dümağ qardan zövq alır.
Çox adam şahid olub, qızmar yay aylarında bir də görürsən, bir nəfər ağacların kölgəsində yatıb qalıb. Yaxınlaşanda məlum olur ki, bizim Nazimdir – Nazim Cəfərov. Hə, indi yadıma düşür ki, hələ siz onu tanımırsınız. Axı, hələ söhbətə təzə-təzə başlayıram.
***
Nazim 1975-80-ci illərdə Xarici Dillər institutunda təhsil alıb. Yarım il əsgərlikdən leytenant rütbəsi ilə qayıdıb. 1984-cü ildə Elmlər Akademiyasının Fəlsəfə İnstitutunda işə düzəlib. Burada xeyli çalışıb. Daha sonra akademik Aslan Aslanovun əmri ilə işini tarix institutuna dəyişiblər.
Nazim Cəfərov elə-belə adam deyil. Quzey Azərbaycanda Məmməd Əmin Rəsulzadə haqda ilk kitabı məhz o yazıb. İndi bu kitabdan ortada bircə nümunə belə yoxdur. Onu yaxından tanıyan tək-tük adamlardan biri, şair Bəxtiyar Hidayət danışır: “Ala-yarımçıq xatırlayıram o kitabı, kimdənsə alıb, sadəcə vərəqləmişdim və inanın o vaxt elə bilmişdim ki, kitabı Nizami Cəfərov yazıb. Çünki kitabda şəkli yox idi Nazimin. Bu kitab Məhəmməd Əmin Rəsulzadənin 1914-1917-ci illərdəki fəaliyyətindən bəhs edirdi.”
Müəllifin dediyinə görə, o vaxt kitabından kommunistlərin Çar Rusiyası barədə fikirlərini çıxarıblar. Az qalıb, onu “panislamist” elan eləyirmişlər. O isə Əbülfəz Elçibəyin vaxtında “Qurtuluş” jurnalında redaktor işləsə də, özünü həmişə marksist sayıb. Ağlı üstündə olan vaxtı onu elmlə məşğul olmağa qoymayan Midhəd Ağamirov adlı bir professordan da yaman yanıqlı danışırmış. Deyirmiş, müdafiəsinə mane olub.
***
Vaxtilə dünya ədəbiyyatının tanınmış yazıçılarından Cerom Selincerin “Çovdarlıqda uçurumdan qoruyan”, Aqata Kristinin “Stayls malikanəsində qətl”, “7 saatın sirri”, Con Steynbekin və başqalarının əsərlərinin tərcüməsi ilə məşğul olub. Tərcümələrindən yalnız 1983-cü ildə “Yazıçı” nəşriyyatında “Misir sərdabəsinin sirrləri” adlı tərcümələr toplusu və Aqata Kristinin “Rocez Ekroidin qətli” əsəri nəşr edilib.
O biri tərcümələrinin taleyi qaranlıqdır. “Stayls malikanəsində qətl”, “7 saatın sirri” və müəllifini xatırlamadığı “İki Qremvil” əsərləri nəşriyyatlarda it-bata düşüb. “Çovdarlıqda uçurumdan qoruyan” isə özünün dediyinə görə, sonralar tənqidçi Aydın Məmmədov tərəfindən geri qaytarılıb. Çünki ona qədər eyni əsəri Tehran Vəliyev tərcümə edibmiş.
Azərbaycan Yazıçılar Birliyinin Qazax rayon filialında it-bata düşdüyü iddia olunan “Maye adam” adında bir fantastik roman yazmış bu adam, yuxarıda da dediyim kimi ağlını-huşunu itirib. Evsiz-eşiksiz, bir ayağı dəlixanada, bir ayağı çayxanada gözdən-könüldən uzaq bir həyat yaşayır.
Deyilənə görə, dəli olmağına səbəb ailədaxili problemlər olub. İndi ölkədən kənarda yaşayan dostu Hacı Hacıyev isə onun haqqında belə deyir: “Nazimlə tanışlığımız 80-ci illərin sonlarına düşür. O vaxt mən Azərbaycan Elmlər Akademiyasının Torpaqşünaslıq və Aqrokimya, o isə səhv etmirəmsə, Fəlsəfə İnstitutunda işləyirdi. O dövr üçün yaxşı sayılan bir ailənin qızı ilə evli idi. Dəqiq yadımdadır ki, akademiyanın yeməkxanasında milli ideya, dilimiz, Azərbaycanın fəlsəfə tarixinə dair çox maraqlı fikirləri var idi. Sonra xeyli müddət görüşə bilmədik.
1994-cü ildə Müsavat partiyasının qərargahında gördüm, dedi, "Yeni Müsavat" qəzetində korrektor işləyir, kimdənsə alacağı, kiməsə borcu var. Onda söhbət zamanı davranışında nə isə qəribəliklər hiss etdim. Sonuncu dəfə isə hardasa 2000, ya 2001-ci illərdə Qazaxın çayxanalarında gördüm, çox pis oldum. Uşaqlar dedi ki, artıq halı o hal deyil... Çox istedadlı idi, nəsə yazırdı, amma təəssüf ki, dəqiq deyə bilməyəcəm”.
Bir vaxt Azərbaycan dilinin davasının döyən Nazimin indi danışığı rabitəsizdir.
***
Şair Bəxtiyar Hidayət onun haqqında söhbət açanda bir məqamı da dönə-dönə vurğulayır ki, Nazim Cəfərov “arxivində” saz yox, Angelo Bladkoviça, Stivi Uander, Klif Riçard, “Led Zeppelin”, “Ansambl Rambow”, “Magnetik Bend”, “Stasanamina”, “Commeders”, “Deep Purple”, “Magnetic Bend”, “Karnaval” rok qrupu və müğənnilərinin yüzlərlə köhnə vallarını saxlayırdı. İndi o vallardan da əsər-əlamət yoxdur. Onlar da elə tərcümələrin, itkin düşən romanın taleyini yaşayıb.
Elə yazımız üçün Nazimin daimi bulunduğu çayxanada görüşüb, çay süfrəsi arxasında söhbət edəndə onun musiqi zövqünə özüm də şahid oldum. Əlimdəki telefonu görən kimi qayıtdı ki, qəşəng telefonun var, bəlkə bir mahnı deyim, oxudasan?! Mən razılıq verəndən sonra Brilyant Dadaşovanın cavan vaxtlarında oxuduğu “Bayatılar”ı istədi.
Musiqiyə qulaq asa-asa sorğu-suala tutdum:
- Nazim əmi, necəsən?
- Yaxşıyam, necə olacam?! Bircə siqaretim yoxdur e.
Çıxarıb bir siqaret verdim. Yandırıb tüstünü vəhşi bir ehtirasla ciyərlərinə çəkəndən sonra mən yenidən onu danışdırmağa çalışdım.
- Bəlkə bir şəkil çəkdirək?! Səni Azərbaycanla bir edəcəm.
- Mənim çeşməyim yoxdur axı?!
- Hələlik mən eynəyimi sənə verirəm.
Alıb eynəyimi taxandan sonra gözləri uşaq kimi gülürdü. Xeylidir, onu belə xoşbəxt görməmişdim. Bəlkə də heç belə xoşbəxt olmamışdı. Dostum Elmar Rza şəklimizi çəkəndən sonra... Nə danışdıq, nədən danışdıq... yuxarıda yazmışam. Qayıdıb bir də oxuyun.