Kulis.az Orxan İsmayılın qısa hekayələrini təqdim edir.
Sehrli nərdivanın aqibəti
Zabrata ilk dəfə köçəndə ev yiyəsi dəmir nərdivanını da mənə həvalə eləmişdi. Həvalə eləmişdi deyəndə ki, bir növ pay vermişdi, başqa cür desək, onu da saxlamağımı istəmişdi. İlk vaxtlar bu üç metrlik paslı dəmir avadanlıq maraqsız gəlirdi mənə. Hərdən ağlıma verirdim ki, dəmiralanlar gəlib çıxsa, satım. Sonra fikrimdən daşınırdım.
Bir gün həyəti ovuc içi boyda olan ikimərtəbəli daş evin divarına söykədim nərdivanı. Üstünə dırmaşıb yoxladım. Möhkəmiydi. Yuxarısından baxanda yaxınlıqdakı 5-6 həyəti görə bilirdim.
Sonralar vəziyyət dəyişdi. Nərdivana çıxıb ətrafı dinşəmək adətgərdəlik yaratdı məndə. Belə qənaətə gəldim ki, bir şeyi yaxşı tanımaq üçün ona bircə dəfə də olsa yuxarıdan baxmalısan.
Günortadan keçmişdi. Nərdivanın yuxarısında siqaret çəkirdim. Qarşıdakı nisbətən böyük həyətdə balaca oğlan uşağı ora-bura qaçırdı. Sonra başladı ağacın ən alçaq budağına dırmaşıb oradan yerə tullanmağa. Bu əyləncəni bir neçə dəfə təkrar elədi. Mən də həvəslə ona baxırdım. Axırıncı dəfə yerə pis düşdü. Əvvəlcə qıvrıldı, ah çəkdi. Sonra tərpənməz kimi oldu. Tez aşağı düşüb evlərinə sarı getdim. Darvazanı açan olmadı. Hasardan tullandım içəri. Hay-küy saldım. Tökülüşdülər. Uşağın burnundan qan açılmışdı. Qaçırdılar xəstəxanaya. Bağırsağı dolaşıbmış. Üstünə tez düşməsəm, öləcəkmiş. Ara sakitləşdi.
Yenə vaxtımın müəyyən hissəsini paslı nərdivanımda siqaret çəkməklə keçirirdim. Sağ tərəfdəki həyətdə qışqırıq səsi gəldi. Bir müddət sakitlik çökdü ətrafa. Çox keçmədi, gördüm yaşlı kişi cavan arvadı o başa-bu başa qovur. Əlində də taxta parçasına oxşar nəsə vardı. Aşağı düşdüm. Hövlank çıxdım çölə. Yenə hasardan tullandım həyətə. Düz görmüşdüm. Kişi ucu iti taxtayla cavan arvadını döyürdü. Çatıb itələdim onu. Üstümə gələndə bu dəfə yıxdım yerə. Qadın qaçdı evə. Başqa qonşular da həyətə doluşdu. 5-6 gün sonra ev yiyəsi həmin dalaşqan ər-arvadı qovdu. Çıxanda da kişi tez-tez gənc arvadına qıcanırdı.
Nərdivanımı get-gedə daha çox sevirdim. Ən azı 2 dəhşətə səbəb olacaq hadisənin qarşısını onun sayəsində almışdım. Həm də bir neçə diametrdə hər şeyi görə bilirdim. Ən maraqlısı da bu idi.
Bir gün ev yiyəsi nərdivanı apardı. Dedi ki, tezliklə qaytaracam. Uzun müddət ondan xəbər çıxmadı. Kirayə haqqını verməyə gedəndə öyrəndim ki, nərdivandan yıxılıb ayağını sındırıb. Arvadı da nərdivanı satıb dəmiralanlara. Halım təlx oldu. Doluxsundum. Yalan-gerçək danışırdılar ki, kişi tez-tez nərdivana dırmaşıb qonşu həyətdə tək yaşayan dul qadına baxırmış. Hətta öz arvadı da bunu başa düşübmüş. Axırı da belə olub, ayağı 2 yerdən sınıb.
Mən bunun həqiqət olduğuna inandım. Nərdivan pis niyyətli kişini belə cəzalandırmışdı. Metallomda bəlkə də əridilmək bahasına olsa da.
Gəlincik
Yerdən üstü zərli bir qutu tapmışdım. Palçığa bulaşsa da, təzəydi. Evə aparıb qurutdum. Bərkimiş palçığı qaşıyıb tökdüm. Qutudan, ağ, uzun ayaqları olan, kürən saçlı, məxməri parçadan tikilmiş paltarı ona əlavə gözəllik verən gəlincik çıxdı. Əlimə alanda kürəyində düyməsinin olduğunu gördüm. Üstünə barmağımı toxunduranda başladı oxumağa. Oxuyarkən rəngini dəyişən gözləri böyüyürdü, dodaqları eyni qaydada ehmalca açılıb-yumulurdu.
Gəlinciklə dostlaşdıq. Evə gələn kimi divara söykəyib oxudurdum. Batereyalarını tez-tez dəyişirdim.
İlk dəfə onu çölə çıxarmışdım. Düyməsini basıb hərəkətsiz halda oxumağına, gözlərinin, dodaqlarının tərpənişinə tamaşa edirdim. Bu vaxt qonşuluqdakı kasıb ailənin azyaşlı qızı yaxınlaşdı bizə. Gəlinciyi əlinə almaq istədi. Götürən kimi qaçdı evlərinə. Arxasınca getməyə utandım.
Qızcığazı tez-tez həmin gəlinciklə görürdüm. Oxudub özü də ona qoşulurdu. Uzaqdan onlara baxıb qeyri-ixtiyari gülümsəyirdim.
Gözlənilməz hadisələr oldu. Gəlinciyimi aparan qızın ailəsi bir göz qırpımında varlandı. Ataya vəzifə verdilər. Daha köhnə məhəlləni bəyənmədilər. Köçəsi oldular. İşdən qayıdanda tərk edib getdikləri həyətin darvazasının özündə gəlinciyimi gördüm. Bir qolu qopmuşdu. Ha ora-bura boylandımsa da, tapa bilmədim. Baxdım ki, oxumur, batereyası ölüb. Apardım evə. Batereyalarını dəyişdim. Bir qolu qalan gəlinciyimə rəğbətim daha da artdı.
Tez-tez söhbətləşdiyim qonşum gəlinciyi əlimdə görəndə alıb diqqətlə baxdı. Sonra qayıtdı ki, ver bu təkqollu qızı, aparım evə. Nə vaxt uşağım olanda ilk oyuncağı bu olsun. Etiraz edə bilmədim. Qonşumun 12 ildir uşağı olmurdu.
Bir müddət keçdi. Növbəti möcüzə baş verdi. Qonşumun arvadı 12 ildən sonra hamilə qalmışdı. Yerə-göyə sığmırdı. Nə hikmət idisə, onlar da məhəlləmizdən köçdülər.
Bir gün zibil atmağa gedəndə zibil qutusunun kənarında kirdən qapqara qaralmış oyuncaq gördüm. Mənim gəlinciyim idi. Bir ayağını da qoparmışdılar. Yəqin xoş xəbərdən başını itirən qonşum atıbmış onu zibil qabına. Kövrəldim. Şikəst gəlinciyim biraz da qocalmışdı. Gözləri quyuya düşmüşdü.
Evə aparıb kirini təmizlədim. Düyməsini basanda boğuq səslə biraz oxudu, sonra səsi kəsildi. Batereyasını neçə dəfə dəyişsəm də, oxumadı. İnsanlara uğur gətirən bu zavallı gəlincik elə həmin insanlar tərəfindən şikəst və lal edilmişdi.