Beynəlxalq Türk Akademiyası (TWESCO) Astanada görkəmli türkoloq alim, qədim və müasir Türk dilləri üzrə mütəxəssis Əmir Nacibin "XIV əsr Türk dillərinin tarixi-müqayisəli lüğəti. Qütbun “Xosrov və Şirin” əsəri əsasında" adlı 4 cildlik kitabının təqdimatını keçirib.
Kulis.azın verdiyi xəbərə görə, “Eurasian Book Fair - 2017" beynəlxalq kitab sərgisi çərçivəsində keçirilən mərasimdə aparıcı dövlət xadimləri və fikir öndərləri, diplomatlar, görkəmli türkoloq və ədəbiyyatçılar iştirak edib.
Dünya türkologiya elmi üçün böyük dəyəri olan bu lüğət ilk dəfə olaraq tam yayımlanır. Çoxcildliyi tədbir iştirakçılarına Akademiya prezidenti Darxan Kıdırali təqdim edib. O bildirib ki, Əmir Nacib Qızıl Orda dövründə yaşamış Qütb adlı müəllifin "Xosrov və Şirin" adlı ədəbi əsərindəki 2500 sözü əhatə edən "XIV əsr Türk dillərinin tarixi-müqayisəli lüğəti" adlı 4 cildlik əsəri tamamlayaraq, hələ sağ ikən nəşr olunmaq üçün vermişdi. Təəssüf ki, bu əsərin ancaq birinci cildi 1979-cu ildə Moskvada nəşr olunub. Qalan cildləri isə yazıçı həyatda ikən çap edilməyib. Ə.Nəcib ömrünün son illərində yaxın dostu, professor Abduali Kaydar ilə görüşərək əlyazmalarını ona əmanət etmişdir. O, A.Kaydar ilə söhbətində "Mən bütün fikir və ideyalarımı türkologiyanın inkişafı üçün xərclədim. Bədənim Moskvada, ruhum qazaxlarla, ürəyim isə sizlərlə birlikdə olacaq. Оrta əsrlər dövrünə aid yazılı əsərlərin çoxu indiki qazax torpaqlarında yazıldı. Ona görə də onların varisləri də sizlərsiniz. Mən onların bir qismini dərc etdirdim. Ancaq yayımlanmayanı da var. İki-üç cildlik əlyazmamı hazırladım. Sizlərə onları nəşr etdirməyiniz üçün əmanət kimi qoyuram" - deyə bildirib.
Beynəlxalq Türk Akademiyası türkoloqların əlyazma irsi və şəxsi arxivlərinə sahib çıxmaq, dəyərli kitablarını toplayaraq, mühafizə etmək, əsərlərini yayınlamaq istiqamətində fəaliyyətini sistemli şəkildə davam etdirir. Qazaxıstanın Milli Elmlər Akademiyasının üzvü, filologiya elmləri doktoru, professor A.Kaydarın da şəxsi kitabxanası və əlyazmaları da Akademiyaya təqdim edilmişdi. Həmin kitablar içində Ə.Nacibin çox qiymətli əlyazmaları da olmuşdu.
Ə.Nacibin əsərindəki 2500 söz Türk dillərinin tarixi lüğətləri, XI-XV əsrlərdə yazılan 20-dən çox qədim ədəbi əsərlərlə yanaşı, 20-dən çox müasir Türk dilinin zəngin qaynaqları ilə müqayisəli şəkildə araşdırılıb. Əsərdə ərəb, fars, monqol, buryat, kalmık dilləri ilə də zəruri müqayisələr aparılıb.
Qeyd edək ki, böyük türkoloq Əmir Nacib 1899-cu ildə Qazaxıstanın keçmiş Semey vilayətinin Baktı kəndində dünyaya göz açıb. Öncə kənd axundundan, sonra isə Çinin Şaueşek qəsəbəsində Rusiya konsulluğunun nəzdindəki məktəbdə ilk təhsilini alıb. Gənc Nacib Semeydəki Müəllimlər məktəbində təhsilini davam etdirib. O, dünya dillərinin sirlərinə yiyələnərək rus, ərəb və fars dillərini öyrənib. 20-dən çox türk dil və ləhcəsində sərbəst danışıb yazan Ə.Nacib filologiya elmləri doktoru, professor, Sovet Türkoloqlar Komitəsinin və Türk Dil Qurumunun üzvü olub.