Mirzə Cəlilin qaranlıqda qalmış qəhrəmanları

Mirzə Cəlilin qaranlıqda qalmış qəhrəmanları
11 yanvar 2018
# 13:12

Təyyar Salamoğlu

“Gözümü açanda dünyanı qaranlıq görmüşəm” deyən Mirzə Cəlilin yaşadığı dünya həqiqətənmi zülmətin bir parçası idi?

Maraqlıdır ki, sovet dövrü ədəbiyyatşünaslığının özündə də “Xatiratım”da qoyulan “qaranlıq dünya” problemində Mirzə Cəlilin mübaliğəyə yol verməsi etiraf olunmuşdur. Ə.Mirəhmədov yazırdı: “...Məmmədquluzadə bununla kifayətlənməyib, dövrünün mənzərəsini çəkərkən “qaranlıq dünya”dan əlavə “qaranlıq əsr”, “qara günlər” kimi təşbihlər də işlədir.

Bəlkə, bu təşbihlər satirik mübaliğədən əmələ gəlmişdir? Bəli, qismən elədir” (Göstərilən əsəri. s.6). “Amma burada həqiqətin payı mübaliğənin payından çoxdur” qənaətinə gələn alim həqiqətin payını əsaslandıran bəzi tarixi faktları diqqətə çəkməklə bərabər, “mübaliğənin payı”nı göstərən əsaslı arqumentlərdən də yan keçə bilməmişdir. Məsələyə elmi obyektivliklə yanaşmağa çalışan görkəmli alim yazırdı: “Hərçənd Məmmədquluzadənin uşaqlıq və ilk gənclik çağlarında onun vətəninin ictimai, sosial, iqtisadi və mənəvi həyatında bir sıra yeniliklər, tərəqqi əlamətləri vardı, Azərbaycan ümumrusiya bazarına qoşulur və ictimai əmək bölgüsünə cəlb olunurdu; kənd təsərrüfatı məhsulları istehsalı, ləng də olsa, artırdı; carizmin müstəmləkə siyasətinə,yerli hakimlərin zülm və özbaşinalığına baxmayaraq,Azərbaycan xalqı öz qoynunda vətəni irəli aparmaq üşün çarpışan yeni fədakar oğullar yetirirdi; ədibin doğma yurdu Naxçıvanın özündə də yenilik və tərəqqi əlamətləri yox deyildi” ( Göstərilən əsəri. s. 36). XIXəsrin ikinci yarısının Azərbaycan tarixində özünə yer alan və milli varlığın müstəmləkəçi rejimə müqavimətindən güc alan sənayedə kapitalist münasibətlərinin təşəkkülü, Azərbaycan kəndində kəndlinin feodaldan asılılığının əsaslarını sarsıdan “Kənd cəmiyyətləri haqqında qanun”un (1865) verilməsi, sahibkar kəndliləri feodal asılılığından azad edən 1870-ci il 14 may “Əsasnamə”sinin qəbulu, müstəmləkəçi xarakterinə və yarımçıq təsir bağışlamasına rəğmən, verilən qanunların Azərbaycan kəndində kapitalist münasibətlərinin inkişafına təkan verməsi, buna uyğun olaraq kəndli təbəqələşməsi prosesinin sürətlənməsi, nəticədə, sosial təbəqələr arasında ziddiyyətlərin meydana çıxması, müstəmləkəçi rejimin bu proseslərə rəvac verməkdə maraqlılığı və s. kimi tarixi həqiqətlər XIX əsrin ikinci yarısında Azərbaycan kəndində durğunluq və ətalətin yox, zamanına görə tam mütərəqqi proseslərin baş verdiyini göstərirdi.

XIX əsrin son rübündə Bakıda, həmçinin Azərbaycanın əksər qəzalarında şəhər və kəndlərdə yeni tipli məktəblər açılır, yeni tipli məktəb hərəkatının öncülləri, Rusiyada və xarici ölkələrdə təhsil alıb qayıtmış, məktəb və maarif hərəkatının kütləviləşməsinə rəvac verən ziyalıların sayı durmadan artmaqda idi.

Bədii istedadının gücü və tipi Mirzə Cəlili həyata doğru çəkir, həyati müşahidələrini ümumiləşdirərək ədəbiyyata gətirməyə sövq edirdi. Bir yazıçı kimi onun özünəməxsusluğunu səciyyələndirərkən dövrünün tənqidi məhz bu cəhətləri xüsusi vurğulamışdı. F.Köçərli yazırdı: “Hər şeydən görünür ki, müəllif öz xalqının həyatını və dünyagörüşünü yaxşı bilir və incə müşahidə qabiliyyətinə malikdir” (s.5). F.Köçərlinin bu tipli sərrast müşahidələri sonrakı dövrün tənqid və ədəbiyyatşünaslığında da dönə-dönə təsdiq olunmuş və dərinləşdirilmişdi.

Böyük ədibin yaradıcılığında tarixən müşahidə edilən xüsusiyyətlər bu gün də onun əsərlərinin müasirliyini şərtləndirir, yaşarılığını təmin edir. Klassik irsə nihilist münasibəti özlərinin fəaliyyət prinsipinə və məqsədinə çevirənlərin bəzi əsassız mülahizələrini nəzərə almasaq, demək lazım gəlir ki, məsələnin bu tərəfi çağdaş milli ədəbiyyatşünaslıq və tənqiddə heç bir mübahisə doğurmur. Mübahisə doğuran məsələnin tamam başqa tərəfidir. Məlumdur ki, Cəlil Məmmədquluzadənin yaradıcılığının öyrənilməsi istiqamətində Azərbaycan sovet ədəbiyyatşünaslığı uzun bir yol keçmiş, ədəbiyyatşünaslığımızın Mirzə Cəlilşünaslıq qolu formalaşmışdır. Təbii ki, müstəqillik dövrünün ədəbiyyatşünaslığı sovet ədəbiyyatşünaslığının Mirzə Cəlil irsinin öyrənilməsi istiqamətində formalaşan ən yaxşı ənənələrini qoruyub saxlamaqla bərabər, onun zamanın tələblərinə və estetik həqiqətlərə uyğun gəlməyən qənaət və nəticələrinə də tənqidi yanaşmağa çalışır. Etiraf etmək lazımdır ki, böyük ədibin irsinə yanaşmada sovet ədəbiyyatşünaslıq konsepsiyasının bu günün tələblərinə cavab verməyən, hətta azərbaycançılıq ideologiyası nöqteyi-nəzərindən ziyanlı cəhətlərini tapıb üzə çıxarmağın və ümumiyyətlə, irsə münasibətdə sovet ədəbiyyatşünaslıq inersiyasından qopmağın kifayət qədər ciddi çətinlikləri var.

“Qaranlıq dünya” – “zülmət səltənəti” ideyasının fəlsəfi-ideoloji əsasları nədən ibarətdir?

Yuxarıda da qeyd etdiyimiz kimi, Mirzə Cəlilin yaradıcılığı realizmin yeni mərhələsinin, başqa sözlə, tənqidi realizmin nümunəsidir və bu realizm mərhələsi və tipi haqqında ədəbiyyatşünaslığımızda haqlı olaraq belə bir fikir formalaşmışdır ki, tənqidi realizmdə tendensiyalılıq (başqa sözlə, açıq tendensiyalılıq) yoxdur, bu realizmə xas olan gizli tendensiyalılıq hadisələrə birtərəfli, açıq münasibəti sərf-nəzər edir. Lakin diqqətimizi xüsusi şəkildə çəkir ki, gizli tendensiyalı, həmçinin, xarakterlərin öz həyati mürəkkəbliyində və ziddiyyətlərində ifadəsini tapdığı tənqidi realist mətnlərə tənqid və ədəbiyyatşünaslıq ideya-məzmunun və xarakterin birtərəfli, birmənalı və açıq ifadəsi kimi yanaşır. Tənqid və ədəbiyyatşünaslığın, əslində, tendensiyasız mətnlərə açıq tendensiyalı münasibəti elmi təhlilin əsas istiqamətinə çevrilir.

Tənqidi realistlərin təsvir predmetinə çevirdiyi dünya “qaranlıq dünya”, “zülmət səltənəti” elan olunur və eynən nağıllarda olduğu kimi, bu mətnlərin qəhrəmanları iki yerə ayrılır: xeyiri təmsil edənlər və şəri təmsil edənlər. Bütövlükdə tənqidi realistlərin, o cümlədən Mirzə Cəlilin yaradıcılığındakı yuxarı təbəqə nümayəndələri şərin, aşağı təbəqə nümayəndələri xeyirin təmsilçiləri elan olunur. Onların yaradıcılığı ən ümumi şəkildə belə bir ideya başlanğıcına müncər edilir ki, bu “qaranlıq dünya”nın – “zülmət səltənəti”nin “hakimi-mütləqlər”i şər qüvvələr - yuxarı təbəqə nümayəndələridir və onlar aşağı təbəqə nümayəndələrinin qaranlıqda qalmalarının səbəbkarı və yaxud bu qaranlıqdan işığa can atanlara hər cür, hər növ mane olanlardır.

Tənqidi realistlərin yaradıcılığında xarakterin yaradılmasında ümumiləşdirmə və fərdiləşdirmə tip yaratmanın elmi-nəzəri əsası kimi qəbuledilsə də, obrazın fərdi xarakterinə münasibət bədii mətnin diktələrindən kənarlaşdırılır və daha çox, onun mənsub olduğu təbəqəyə aid edilmiş ümumi nəzəri postulatlar əsasında dəyərləndirilir. Bədii mətnlərdə özünə yer alan bəy, xan, mülkədar, kəndxuda, tacir və digər yuxarı təbəqətəmsilçiləri olan obrazlar fərdi xarakter müstəvisində dəyərləndiriləndə belə, bu dəyərləndirmənin ümumi pafosunda “şərin təmsilçiliyi” dayanır və nəticə etibarilə onların ədəbiyyatşünaslıq təqdimində eyni tipli obrazlar silsiləsi meydana çıxır. Qaranlıqda qalıb işığa çıxmağa can atan və atmayan aşağı təbəqə nümayəndələrinə müsbət aura ilə yanaşmaq tendensiyası öndə olmasına baxmayaraq, onların hamısı avam, cahil, nadan, fanatik, başqa sözlə, hərəkətsiz, dünyanın gəlişini, gedişini başa düşməyən, ağasına qarşı çıxmadığı üçün passiv qəhrəman mövqeyindən dəyərləndirilir. Qəhrəmanın fərdi dünyasına və xarakterinə nüfuz tam arxa planda qaldığı üçün, yaxud fərdi dünyanın və xarakterin dəyərləndirilməsi “ictimailik”ə tabe tutulduğu üçün, təhlillər vulqar sosioloji, ən yaxşı halda isə, sosioloji mahiyyətdən qopa bilmir.

Əli Nazim yazırdı: “Bir tərəfdən, Məhəmmədhəsən əmilər, kəndlilər, Zeynəblər, Şərəflər, digər tərəfdən isə, Xudayar bəylər, qazılar, qlavalar, “nəçərniklər” kimi istismarçı sinif və qruplar təsvir olunur” (s.36). Mirzə Cəlil yaradıcılığına istinadla aparılmış bu obraz təsnifatının mahiyyətində sinfi fərqlər dayanır. Sovet ədəbiyyatşünaslığının ilk onilliklərində obrazı dəyərləndirmənin bu sosioloji konsepsiyası, tam gücü ilə olmasa da, bütün sovet dövrü ədəbiyyatşünaslığında əsas götürülür. H.Səmədzadə yazır: “Novruzəli, Usta Zeynal və başqaları eyni dərəcədə zavallı, miskin insandırlar. Bunların şüurları, mənəvi varlıqları illətə düşmüş, ciddi müalicəyə möhtac olan xəstələrdir”(s.104).

Eyni tendensiya hətta sovet ideologiyasının bu və ya digər dərəcədə zəiflədiyi, siyasi rejimin laxlamağa doğru getdiyi aşkar duyulan 80-ci illərin ədəbiyyatşünaslıq yazılarında da davam etdirilir: “Avam, mömin Məmmədhəsən əminin, Novruzəlinin fəhlə, sənətkar qardaşı da var: Usta Zeynal! (“Usta Zeynal” hekayəsi)” (Y.Qarayev.Realizm: sənət və həqiqət.Bakı. Elm.1980. s.183). Bir məsələ də kifayət qədər düşündürücüdür ki, tənqid və ədəbiyyatşünalıq eyni tipli elan etdiyi bu qəhrəmanlar arasında fərq qoymuşdurmu? Əlbəttə, söhbət düşüncə müstəvisində, dünyagörüşü səviyyəsində olan fərqdən gedir. Sözsüz. Mirzə Cəlil heç bir halda düşüncə və dünyagörüşü səviyyəsində bir-birini təkrar edən obrazlar yaratmamışdı və onların hər biri bədii nəsrimizə orijinal xarakterlərilə gəlmişdilər. Məsələnin bu tərəfi, şübhəsiz ki, elmi düşüncəyə təsirsiz qala bilməzdi. Bu istiqamətdə müəyyən müşahidələrin ədəbiyyatşünaslıqda yer almaması mümkünsüzdür. Lakin məsələ burasındadır ki, ədəbiyyatşünaslıq obrazlar arasındakı fərqləri dünyagörüşləri və düşüncələr, xarakterlər arasındakı fərqdə yox, mütiliyin və möminliyin dərəcə və təzahür formaları arasındakı fərqdə axtarır. Bu “fərqlər” isə, nəticə etibarilə onları eynitipli–eynidüşüncəli, dünyagörüşlü və xarakterli, avam və cahil insanlar kimi səciyyələndirməyə gətirib çıxarır. Onlar bütün hallarda cəmiyyətin şikəst etdiyi məzlum insanlar statusunda, “qaranlıq dünya”nın sakinləri kimi qalırlar. Bu “qaranlıq dünya”dan çıxmağın yolunu isə ədəbiyyatşünaslıq assosiativ düşüncənin ixtiyarına buraxır. Assosiativ düşüncədə isə “Simurq quşu” rolu sovet rejiminə verilir. Əgər oxucu Məhəmmədhəsən əmi, Novruzəli, Usta Zeynal kimi “qaranlıq dünya” sakinlərinin işıqlı dünyaya çıxışında “Simurq quşu”nun – sovet rejiminin rolunu dərk edə bilirsə, onda ədəbiyyatşünaslıq öz məramına yetmiş olur, məhz bu zaman tənqid və təhlillər ideoloji cəhətdən sağlam, məfkurəvi cəhətdən yüksək və deməli, elmi təhlil statusu qazanır. Ədəbiyyatşünaslığın aşağıdakı tip mülahizələri, dolayısilə sovet rejiminə “simurq quşu” statusu verməklə bağlı ədəbi dövriyyəyə buraxılır: “Lakin Usta Zeynal ilə Məhəmmədhəsən əmi arasında bir mühüm fərq vardır. O da budur ki, Usta Zeynal fəal mübəlliğdir, islam mövhumatının kar və kor mücahididir, Məhəmmədhəsən əmi isə passiv fanatikdir” (M. Məmmədov.Cəlil Məmmədquluzadənin bədii nəsri. Bakı. Azərb SSR EA nəşr.,1963. s.54). Aşağıdakı ədəbiyyatşünaslıq qənaəti də sovet rejiminə verilən “simurq quşu” statusundan güc alır: “Öz mütiliyində və möminliyində Usta Zeynal daha aktivdır. “Novruzəlilik” burada daha da qatılaşır, “oblomovçuluq” səviyyəsində bir xəstəliyi, şikəstliyi ifadə edən ictimai-əxlaqi anlayışa çevrilir” (Y.Qarayev. Realizm:sənət və həqiqət. s.184).

# 1063 dəfə oxunub

Oxşar xəbərlər

Yeni serial gəlir - Baş rolları kim oynayacaq?

Yeni serial gəlir - Baş rolları kim oynayacaq?

09:47 26 noyabr 2024
Elşənlə Ozanın serialı bu tarixdə yayımlanacaq

Elşənlə Ozanın serialı bu tarixdə yayımlanacaq

09:30 26 noyabr 2024
Azərbaycan mədəniyyəti və mətbəxi Fransadakı festivalda

Azərbaycan mədəniyyəti və mətbəxi Fransadakı festivalda

09:23 26 noyabr 2024
Adel karyerasına fasilə verir

Adel karyerasına fasilə verir

09:21 26 noyabr 2024
Demet Akalın:  "Bir də ayağa qalxa bilməyəcəyimi düşünürdüm"

Demet Akalın: "Bir də ayağa qalxa bilməyəcəyimi düşünürdüm"

09:15 26 noyabr 2024
Rasim Abdullayev vəfat etdi

Rasim Abdullayev vəfat etdi

09:12 26 noyabr 2024
# # #