Ölümünə saatlar qalan gəncin hekayəti

Ölümünə saatlar qalan gəncin hekayəti
15 aprel 2019
# 17:01

Kulis.az Rəvan Cavidin "Su sərgisi"ndə olanlar yazısını təqdim edir.

Sərdar Aminin "Su sərgisi" romanı haqqında

Ölümü tərəddüdlü keçirmək, ölümdən sonra təbiətə yenidən qovuşmaq (əslində, yenidən ölmək), insanın içindəki tədirginliklər və insanın mənəvi cavabdehliyi haqqında roman oxuyarkən mövcud olduğumuz kainatla, mövcudluğumuzla ruhumuzun arasındakı yolu tez-tələsik olsa da, keçib getməliyik. Niyə? Sonu heç olmasa uzaqdan görmək üçün. Ruhumuzun nə qədər azad olacağını bilmək, həm də onun nələrə qadir olduğunu izləmək üçün. Özümüzü bu dərin və tünd harmoniyada axtarmaq üçün. Saatın əqrəblərindən tək əllə sallaşıb o biri ilə cibimizdəki ən sonuncu keçmişi eşələmək üçün. Ölüm yaşamaq haqqında düşünülmüş ən gözəl hədədir.

"Su sərgisi" insanın bu dünyadakı vəzifəsini və yaşamaqla ölmək arasında keçirdiyi ruhi zamanı danışan romandır. Sürreal başlanğıc və pritçavari sonluq oxucunu yormamaq üçün yaxşı düşünülmüş variant olsa da, bəzi nüanslar romanın gedişatında itir, bədii həllini tapmır. Bunlar haqqında bir neçə abzas sonra.

Roman oxucunu ilk səhifələrdən sürreal bir şəhərə salır. Xəzərin adı qeyd edilməsə, əsərin sonuna qədər hadisələrin Bakıdan başladığını bilməyəcəkdik. Yazıçı Bakının min illik sirli, magik mühitinə ötəri nəzər salıb, romanın sirli qatına qələmucu işarə etsə də, bu tələsik cəhdi uğurlu olub. Tez-tez keçmişi (bəlkə də gələcəyi) gözlərinin önünə gətirən və həmin andaca özünü o keçmişdə (gələcəkdə) tapan gənc bizi mistik atmosferə salır.

Düşüncələrimizin əsiri olduğumuzu dayanmadan bizə xatırladan təhkiyəçi romanın sonunda buddist bir qoca ilə ölümlə üz-üzə qalmış gəncin dialoqlarında daha fəlsəfi bir dünyagörüşünü qarşımıza sərir. İnsan beyninin içində mövcuddur və bu mövcudluq onu kainatın bir parçası edir. Təkcə yaşadıqlarımızla deyil, düşünüb xəyal etdiklərimizlə də həyatın mərkəzində biz olmayan nöqtələrinin də bir parçası oluruq. Kainat adlı tabloya öz rəngimizi qatmaq azadlığını bizə təbiət verib və romanın baş qəhrəmanı bunu həyatının son bir neçə günündə öyrənir.

İlk sərgi Xəzərdən başlayır. Ölümünə saatlar qalmış oğlanın sevgilisi (ya da sevgilisi olacaq) Sona ilə Xəzərə baxıb öz hekayələrini yarı səmimi, yarı uydurma danışmaları artıq əsərin əsas məzmununu aydınladır. Natamamlıq kompleksinin içindəki gənclər özlərini ölümə hazır edirlər və bunun üçün ən yaxşı yolu seçiblər. Müəllif cəmiyyətdəki insanların nihilist mövqeyini, fərdi problemlərini və artıq heç bir təhlükənin onları həyəcanlandırmadığını çatdırır. Romandakı bütün obrazlar kədər hissinə doyub və ümid etmək üçün gecdir.

Magik bir aləmin içindən real bir müharibəyə düşürük. Suriya, baş verən müharibələr, qaçqınlar... Əslində, təkcə qəhrəmanımızın deyil, həm də insanlığın yaralanması Suriya səhnələrində var. Qaçqınların danışdığı həyat hekayələri kifayət qədər realdır və bizim də inandığımız hadisələr romana real üzlük çəkir. Yazıçının həyat və təxəyyül arasındakı əlaqəsi müəyyən qədər hekayənin bir neçə hissəsində dodağı çapıq suriyalı uşağın xatırlanması ilə özünü göstərir. Amma yenə də ümid var. Keçmişdəki hadisələr gələcəkdə təkrarlanır, amma hər dəfə başqa nəticələrlə tanış oluruq. Əsərin sonunda artıq dünyaya gəlmiş uşaq "həyat davam edir" mesajını verir.

Romanı təkcə insanın özünü düşüncələrində axtarması ilə magik realist nümunə hesab etmək olmaz. Yazıçı heykələ çevrilən qəhrəmanını eşşək vasitəsi ilə həyata qaytarır. Eşşəklə dialoq isə obrazın keçmişi xatırladıqları kimidir. Dialoqun sonunda qarşı tərəfin eşşək yox, maral olması bizi düşündürür. Müəllif xilas edənin yalnız ali varlıq olduğunu xatırladır. Romanda eşşək və maral ictimai qatda ibtidai və ali mövhumları təmsil edir.

Image result for su sərgisi

Yazının başlanğıcında yarımçıq qoyduğumuz cümləyə gələk. Roman öz kulminasiya nöqtəsinə, həm də əsas ideyasına, məğzinə dağda buddist bir qocanın söhbətlərində çatır. Yeddi çay keçərək qocaya yetişən qəhrəmanımız həyatın təbii halını burada tapır. Çayların sayı da səmaviliyə, müqəddəsliyə, əbədiliyə işarədir. Burada ölümlə həyatın fərqi yoxdur. Burada insan əbədi bir ruhun təmsilçisidir və onun bir hissəsidir. Yaşamaq insanı maddiliyə sürükləməməli, onun mənəvi ehtiyaclarını unutdurmamalıdır. Fikirlər bizə kainatdan gəlir və biz onları maddi bir vasitəyə, əşyaya - kağız parçalarındakı, kompüterlərdəki mətnlərə çevirəndə o, öz sehrini itirir. Və ya bizim gücümüz o fikri mətnə çevirməyə çatmır. Daxilimizdəki narahatlıqdan arınmaq, özümüzü tamamilə gəldiyimiz yerə təslim etmək yaşamağın birinci qanunudur.

Müasir dünyanın bəlasına çevrilən bir xəstəliklə mübarizəni buraxıb hər şeyi qəbul edən anda qarşısına çıxan ümid qəhrəmanı yaşamaq barədə düşünməyə məcbur edir. O, indi ölümlə yaşamaq arasındakı körpüdədir. Milyon il yaşı olan sual indi də onun qarşısında dayanıb. Dünyada nəyə görə var olduğumuz, bundan sonra nə yaşayacağımız, nəyə çevriləcəyimiz artıq onu da düşündürür. Həm də övladına çatmaq, onu görmək arzusu da qaranlıqdan sonrakı mütləq sabaha inandırır bizi. Nə qədər pessimist notlarla başlasa da, sona doğru bir işıq yandırır hekayə.

İnsanın maddi ehtiyaclarına vurğunluğunu, həm də ondan qurtulmaq istəyini yazıçı bir neçə dəfə Tolstoyun "Sergi ata" hekayəsini xatırlamaqla yadımıza salır. Məşhur ədibin məlum hekayəsində də mövzu insanın daxili dünyası ilə onun mövcud olduğu mühit arasındakı müharibədən danışılır.

Çaydan sonra növbəti sərgini şəlalənin yanında açır müəllif. Burada qəhrəmanımız üçün qoca artıq maraqlı və həyəcanlı deyil. Çünki o özü kainatın ruhuna qarışa - özünü təmizləyə bilib. Sonluğun çayda üzən səməni və məktubla bitməsi oxucunun finalı özünün düşünməsinə yardım edir.

Romanın dili bəzi hissələrdə kifayət qədər bədii olsa da, bəzi yerlərdə yazıçının tələsdiyini hiss edirik. Fikirlərin üzərindən tez keçən müəllifə əsərin sonluğu maraqlıdır. Bəzi nüanslarda kifayət qədər təfərrüatların verilməsi hekayənin sehrini pozur. Magik realist atmosfer real hadisələrin xatırlanması ilə pozulur. Müəllifin keçidləri bir qədər zəif alınır, oxucu əlaqəni özü müəyyən etməli olur. Romanın əvvəlində ortaya atılan pərdəarxası erməni obrazı da, suriyalılar da, orada baş verən hadisələr də havadan asılı qalıb. Romanın sonluğu alınıb. Ancaq təhkiyəçinin əsərin əvvəlində qeyd etdiyi hadisələrin çoxu finalla bağlanmır. Bu keçidlərdəki tələskənliyin bədəlidir, bəlkə.

Sərdar Aminin "Su sərgisi" romanını müasir nəsrin uğurlu nümunəsi hesab etmək olar. Ən əsası ona görə ki, şablonlardan qaçan yazıçı yeni, az işlənmiş mövzu ilə də oxucunun diqqətini çəkə bilib.

Ölüm və həyat arasında qalan obrazların taleyi həmişə oxucunu həyəcanlandırıb. Yazıçı bu yolu öncədən görməyə cəhd edir və onu yazır. Bu cür romanlar ədəbiyyat tarixi üçün həm də intertekstual mətn kimi maraqlıdır. Mifologiya elementlərini yenidən simvollaşdıraraq gələcəyə ötürmək bədii mətn üçün çağdaş dövrün əsas ideyasıdır. Sərdar Amin uzaq şərq ornamentlərini, fəlsəfəsini bədii elementlərlə dekonstruksiya edib o mətnləri bizlər üçün əlçatan edib.

# 2369 dəfə oxunub

Oxşar xəbərlər

Şaxtalı Sibirə əbədi istilik gətirən azərbaycanlı - Surqutdan REPORTAJ

Şaxtalı Sibirə əbədi istilik gətirən azərbaycanlı - Surqutdan REPORTAJ

17:05 25 noyabr 2024
Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı İordaniyada nəşr olundu

Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı İordaniyada nəşr olundu

16:13 25 noyabr 2024
Bəstəkar və xalq mahnılarının yeni caz üslubunda təqdimatı olub

Bəstəkar və xalq mahnılarının yeni caz üslubunda təqdimatı olub

15:55 25 noyabr 2024
İndi yaxşı adam olmaq axmaqlıqdır... - Samir Mirzə

İndi yaxşı adam olmaq axmaqlıqdır... - Samir Mirzə

15:22 25 noyabr 2024
Boşanmaların səbəbi evlilikdir! - Övladlarını bədbəxt edən valideynlər

Boşanmaların səbəbi evlilikdir! - Övladlarını bədbəxt edən valideynlər

15:00 25 noyabr 2024
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

14:38 25 noyabr 2024
# # #