Xalq artistinin 110 illiyi qeyd olundu

Xalq artistinin 110 illiyi qeyd olundu
26 dekabr 2017
# 09:50

Dekabrın 25-də Azərbaycan Teatr Xadimləri İttifaqında görkəmli teatr və kino aktrisası, Xalq Artisti Sona Hacıyevanın 110 illiyinə həsr olunmuş xatirə tədbiri keçirilib.

Mədəniyyət və Turizm Nazirliyi, Teatr Xadimləri İttifaqı və Akademik Dövlət Milli Dram Teatrının təşkilatçılığı ilə reallaşan tədbirdə görkəmli sənətkarın səhnə və kino fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.

Tədbirdə Xalq artistləri Hacı İsmayılov, Ağakişi Kazımov və başqaları çıxış edərək Azərbaycanın ilk peşəkar qadın aktrisalarından olan Sona Hacıyevanın sənət yolundan danışıblar. Bildiriblər ki, uzun illər teatr səhnəsində yaddaqalan obrazlar yaradan Sona Hacıyeva 1907-ci il iyunun 25-də Şəkidə anadan olub. Onun anası Əzizə Məmmədova da o dövrün görkəmli aktrisalarından idi. İlk dəfə 13 yaşında Sultan Məcid Qənizadənin “Axşam səbri xeyir olar” tamaşasındakı Çimnaz obrazı ilə səhnəyə çıxan Sona xanımın qabiliyyəti, istedadı o dövrün görkəmli aktyorlarından olan Mirzəağa Əliyev və Hacıağa Abbasovun diqqətini cəlb edir.

Qeyd edilib ki, Sona Hacıyevanın Azərbaycan Dövlət Dram Teatrının səhnəsində ilk rolu 1923-cü ildə oynadığı Əbdürrəhim bəy Haqverdiyevin “Pəri-Cadu” əsərindəki Səlimə rolu olub. Sonralar aktrisa uzun illər bu teatrda çalışaraq müasir və klassik dramaturqların əsərlərinin tamaşalarında müxtəlif obrazlar yaradıb. Sona xanım Opera və Balet Teatrında da çıxış edərkən yaratdığı Leyli, Əsli, Asya, Şahsənəm obrazları maraqla qarşılanır, Azərbaycan qadının ağır taleyini, üzləşdiyi çətinlikləri güclü və emosional şəkildə tamaşaçılara çatdırırdı.

Görkəmli sənətkar 1920-ci ildən ömrünün sonunadək Dövlət Dram Teatrının səhnəsində dünya və Azərbaycan dramaturqlarının əsərlərində müxtəlif obrazlar yaradıb. Mirzə Fətəli Axundzadə, Əbdürrəhim bəy Haqverdiyev, Cəlil Məmmədquluzadə, Hüseyn Cavid, Süleyman Sani Axundov, Cəfər Cabbarlı, Səməd Vurğun, Mirzə İbrahimov, Mehdi Hüseyn, Zeynal Xəlil, Sabit Rəhman, İslam Səfərli kimi dramaturqların əsərlərində müxtəlif obrazlara səhnə həyatı vermiş Sona Hacıyeva dövrünün görkəmli teatr xadimləri ilə tərəf-müqabil olub. Kazım Ziya, Rza Əfqanlı, Ülvi Rəcəb, Mərziyyə Davudova, İsmayıl Osmanlı, Möhsün Sənani, Mustafa Mərdanov, Ağasadıq Gəraybəyli kimi korifeyləri ilə eyni səhnəni bölüşərək unudulmaz obrazlar yaradıb.

Mürəkkəb bir zamanda səhnəyə gələn, 200-dən artıq müxtəlif rollar yaradan, həm lirik, həm də komik obrazların mahir ifaçısı Sona Hacıyeva Azərbaycan kino sənətinin inkişafına da öz töhfəsini verib. “Bəxtiyar”, “Qızmar günəş altında”, “O olmasın, bu olsun”, “Səhər” filmlərində rol alan Sona Hacıyevanın milli kino tarixindəki xidmətləri qeyd olunub.

Tədbirdə Xalq Artisti, “Şərəf nişanı” ordenli Sona Hacıyevanın yaradıcılığı ən müxtəlif istiqamətlərdən xatırlanıb.

# 1177 dəfə oxunub

Oxşar xəbərlər

Azərbaycanın Xalq artisti vəfat etdi

Azərbaycanın Xalq artisti vəfat etdi

00:10 26 noyabr 2024
“Casus uşaqlar”ın aktyoru zorakılıqda ittiham olunur

“Casus uşaqlar”ın aktyoru zorakılıqda ittiham olunur

18:49 25 noyabr 2024
Şaxtalı Sibirə əbədi istilik gətirən azərbaycanlı - Surqutdan REPORTAJ

Şaxtalı Sibirə əbədi istilik gətirən azərbaycanlı - Surqutdan REPORTAJ

17:35 25 noyabr 2024
Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı İordaniyada nəşr olundu

Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı İordaniyada nəşr olundu

16:13 25 noyabr 2024
Bəstəkar və xalq mahnılarının yeni caz üslubunda təqdimatı olub

Bəstəkar və xalq mahnılarının yeni caz üslubunda təqdimatı olub

15:55 25 noyabr 2024
İndi yaxşı adam olmaq axmaqlıqdır... - Samir Mirzə

İndi yaxşı adam olmaq axmaqlıqdır... - Samir Mirzə

15:22 25 noyabr 2024
# # #