Muğanna yaradıcılığına bir baxış

Muğanna yaradıcılığına bir baxış
11 iyun 2018
# 17:06

Kulis.az Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin doktorantı Ülvi Aydının “İsa Hüseynovun ömür yoluna kiçik səyahət” yazısını təqdim edir.

İnsan dünyaya gələrkən onun alın yazısı da özü ilə gəlir. Bir ömür boyu üzərinə düşəcək missiya da sanki elə o alın yazısında əks olunur. İnsanların xarakteri, danışığı, davranışı, dünyagörüşü müxtəlif olduğu kimi, seçdikləri peşə və tutduğu mövqe də müxtəlifdir. Fikrimcə o kəslər xoşbəxtdir ki, möhkəm iradəsi, əqidəsi, cəmiyyətdə yeri və öz mövqeyi vardır. Bu xoşbəxtliyi daha da artıran səbəblərdən biridə insanın sağlığında çəkdiyi əziyyət və yaxşı əməlləri onu dünyasınə dəyişəndən sonra da yaşatması, insanların və tarixin yaddaşında saxlamasıdır.

Belə unudulmaz insanlardan biri də 12 iyun 1928-ci ildə Ağstafa rayonunun Muğanlı kəndində Mustafa müəllimin və Xədicə xanımın ailəsində doğulan Hüseyinov İsa Mustafa oğludur. (İsa Muğanna) XX əsrin 20, 30, 40-cı illərində bir kəndin, bir rayonun tanıdığı İsa Hüseyinovu daha sonra bütün Azərbaycan, hətta ölkə sərhədlərindən kənarda da tanıdılır.

İsa Muğannanın ədəbiyyata gəlişinin də təsadüfü olmadığını deyərdim. Sanki ədibimizin alın yazısında ədəbiyyatımızın böyük nümayəndəsi olacağı əvvəlcədən yazılmışdır. İsa Muğanna 1945-ci ildə Tibb İnstitutuna daxil olsa da öz istəyi ilə institutda təhsilini yarımçıq dayandırmış, 1946-cı ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) filologiya fakültəsinə daxil olub 1950-ci ilə qədər təhsil almış, daha sonra təhsilini Moskvada Maksim Qorki adına ədəbiyyat institutunda davam etdirmiş, ədəbiyyat üzrə ixtisasa yiyələnmişdir.

İsa Muğannanın çoxşaxəli və sanballı yaradıcılığı deməyə əsas verir ki, ədibimiz ixtisasca ədəbiyyatçı olsa da o, tarixi, fəlsəfəni, sosiologiyanı da dərindən bilmişdir. Muğanna həyatda müxtəlif missiyaların aparıcı qüvvəsi olmuşdur. Övlad, qardaş, həyat yoldaşı, ata, baba, yazıçı, müəllim. Bütün bunların fövqündə yaxşı insan.

Düzdür, mənim böyük yazıçımız İsa Muğanna ilə şəxsən əyani görüşüm təəssüf ki, olmayıb, amma müəllimlərimdən, yazıçımızı tanıyan insanlardan eşitdiklərim və ədibimizin yazdığı əsərlər İsa Muğannanı mənə tanıtdırdı, özümə inamlı şəkildə yaxşı insan ifadəsini işlətməyə tam imkan verdi. Muğannanın üzərinə düşən missiyaları sayarkən müəllim ifadəsini əbəs yerə işlətmədim. Ədibimiz pedaqoji fəaliyyətlə məşğul olmasa da, ancaq onun yazdığı əsərlər oxucunu heyrətləndirmək, düşündürmək və ümüdləndirməklə bərabər həm də yol göstərir, öyrədir, elə bu öyrətməklədə bir müəllimlik missiyasını yerinə yetirir.

Muğanna yaradıcılığa kiçik hekayə ilə başlasa da daha sonra “Tütək səsi”, “Quru budaq”, “Saz”, “Qırx kisə qızıl” povestləri “İdeal”, “Məhşər”, “Qəbiristan”, “Türfə” kimi romanları bundan başqa “Gur Ün”, “İlan dərəsi”, “Kollukoxa”, “İsahaq-Musahaq” kimi əsərləri onu Azərbaycan ədəbiyyatının böyük nümayəndəsinə çevirdi. Tam inamla və birmənalı şəkildə deyə bilərik ki, İsa Muğanna XX əsr Azərbaycan fəlsəfi ədəbi nəsrinin sütunu və böyük nümayəndəsidir. Müəllif “İdeal” romanını 1985-ci ildə qələmə almağa başlayıbsa da, əsər XX əsrin 40-50-ci illərindən bəzən də bir az əvvəllərdən bəhs edir. Keçən əsrdə yazılan bu əsər XXI əsrin ilk rübündə də öz aktuallığını və əhəmiyyətliliyini qoruyub saxlamışdır.

Şairin və ya yazıçının məharəti ondadır ki, həyatda baş verən hadisələri bədii ədəbiyyata gətirib obrazların dili ilə oxucuya təqdim edə bilsin. İsa Muğannanın özünə məxsusluğu elə bundadır ki, ədibimizin yaradıcılığında avtobioqrafik obrazlar daha çox yer alır, digər xüsusi diqqət çəkən məqam isə yazıçı tarixi şəxsiyyətlərin avtobioqrafik obrazlarını böyük ustalıqla yaratmaqla bərabər, eyni zamanda özünün tanıyıb bildiyi, haqqında eşitdiyi insanların avtobioqrafik obrazlarını da bədii ədəbiyyatda böyük məharətlə nümayiş etdirmişdir. Dövrün tələblərinə uyğun İsa Muğannanın qələmi müəyyən məqamlarda sıxılsa da, lakin yazıçı qələminin mürəkkəbi bir anda olsun qurumayaraq, cəsarət, qətiyyət və iradəni nümayiş etdirməyi bacarıb. Bu baxımdan da ədibin çoxşaxəli yaradıcılığı elmi tədqiqat obyekti olaraq son dərəcə əhəmiyyətlidir. İsa Muğannanın yaradıcılığı 60-70, 80-ci illərdə oxunaqlı olmağı ilə bahəm ədəbi tənqid baxımından da diqqət mərkəzində olmuşdur. Ədibin yaradıcılığı ilə bağlı son dövrlər elə bu günün özündə də elmi məqalələr, dissertasiya işləri və monoqrafiyalar yazılır və yazılmaqdadır.

Ədibin yaradıcılığı ilə bağlı əməkdar elm xadimi, böyük ziyalı, akademik Nizami Cəfərov, professorlar Cəlal Abdullayev, Akif Hüseynov, ədəbiyyatşünas alimlər Sevinc Muğanna və Şəmil Sadiq sanballı, elmi baza rolunu oynayan elmi əsərlər yazmışdırlar. Muğanna yaradıcılığı yalnız ədəbi əsərlərlə məhdudlaşmır, eyni zamanda xalq yazıçısı neçə-neçə filmin ssenari müəllifi olmuşdur. Buna misal olaraq “Tütək səsi”, “Nəsimi” və sairə filmləri göstərə bilərik.

İsa Muğannanın yaradıcılığına və şəxsiyyətinə dövlətimiz də daima önəm vermişdir. Ədibin Əməkdar incəsənət xadimi, Xalq yazıçısı fəxri adları ilə yanaşı “İstiqlal” ordeninə layiq görülməsi və 31 may 2018-ci il prezident cənab İlham Əliyevin İsa Muğannanın 90 illik yubleyinin Dövlət səviyyəsində keçirilməsi haqqında imzaladığı sərəncam İsa Muğannaya və onun yaradıcılığına, ümumən ədəbiyyatımıza verilən dəyərdir.

Bəzən dünyasını dəyişmiş insanlar haqqında işlədilən bir ifadə var, yaşasaydı 90-95 və ya 100 yaşı olacaqdı. Bu günlərdə Xalq yazıçısı İsa Muğannanın da 90 yaşını qeyd edirik, ancaq böyük yazıçımız üçün bu ifadəni işlətməyi məqsədə uyğun hesab etmirəm. Çünki İsa Muğanna yaşayıb, yaşayır və yaşayacaqdır.

# 1344 dəfə oxunub

Oxşar xəbərlər

“Həyatı sevirsənsə, vaxt itirmə” - Brüs Linin qeydləri

“Həyatı sevirsənsə, vaxt itirmə” - Brüs Linin qeydləri

10:30 27 noyabr 2024
Gələcəkdə dövlətin yerini çoxmillətli şirkətlər tutacaq - Aqşin Yenisey

Gələcəkdə dövlətin yerini çoxmillətli şirkətlər tutacaq - Aqşin Yenisey

10:15 27 noyabr 2024
Moskvada Beynəlxalq Ədəbiyyat Forumu

Moskvada Beynəlxalq Ədəbiyyat Forumu

09:38 27 noyabr 2024
Bəstəkarlar İttifaqının 90 illik yubileyi qeyd olunub

Bəstəkarlar İttifaqının 90 illik yubileyi qeyd olunub

09:35 27 noyabr 2024
“Sandıq”  Milli Geyimlər Studiyasının açılış mərasimi keçirildi

“Sandıq” Milli Geyimlər Studiyasının açılış mərasimi keçirildi

17:37 26 noyabr 2024
“YARAT” “Özüm ilə təklikdə”  plastik tamaşasını təqdim edir

“YARAT” “Özüm ilə təklikdə” plastik tamaşasını təqdim edir

16:48 26 noyabr 2024
# # #