Şəxsiyyət vəsiqəsi - SEYMUR BAYCAN

Şəxsiyyət vəsiqəsi - <span style="color:red;">SEYMUR BAYCAN
17 noyabr 2015
# 09:00

İki gün idi evdən bayıra çıxmırdım. İşlə məşğul idim. Özümü məcbur edib işimi bitirdim. Dedim çıxım bir az gəzim. Bir az hava, bir az da mer-meyvə alım. Beynimdə dağı arana, aranı dağa köçürə-köçürə küçəylə gedirdim. Gördüm iki qız vitrinin qarşısında dayanıb özlərini unutmuş bir vəziyyətdə heyranlıqla vitrinə baxırlar.

İlin-günün bu vaxtında iki insanın yanaşı dayanıb bir istiqamətə heyranlıqla baxması etiraf edək ki, adi hal deyil. Bəs bu iki qız hara, nəyə belə heyranlıqla baxırdılar? Sizi intizarda saxlamaq istəmirəm. Yazıda, ədəbiyyatda intizardan zəhləm gedir. Açığı intizarlıq bir şey də yoxdu. Bu iki qız heyranlıqla gəlin paltarlarına baxırdılar. Dayandım yanlarında. Onların ruh halını hiss etmək istəyirdim. Bilmək istəyirdim bu gəlin paltarları iki qızı necə, hansı qüvvəylə, hansi guclə sehrləyərək, ovsunlayaraq yerlərində dondurub. Sanki manikenlərin əyinlərinə geyindirilmiş gəlin paltarları ay işığı idi, qızları buraxmırdı, sehrləyib, ovsunlayıb saxlamışdı, getməyə, yollarına davam etməyə imkan vermirdi.

Həyat elə gətirib ki, insanların nəyəsə baxmasını çox müşahidə etmişəm. Nəyəsə baxan adama baxmaq mənim üçün həmişə maraqlıdır. Xeyli tamaşaların, filmlərin premyerasında olmuşam. Xeyli sərgilərdə iştirak etmişəm, amma kiminsə hansısa rəsm əsərinə, tamaşaya, filmə belə heyranlıqla baxdığını görməmişəm. Bu iki qız manikenlərin əyninə geyindirilmiş gəlin paltarına elə heyranlıqla baxırdılar ki, bir qram, bir qram da yox, bircə milliqram müşahidə qabiliyyəti, mərhəməti, hissiyyatı olan adam onların gözlərindən bu sözləri asanlıqla oxuya bilərdi: Biz o paltarı geyinmək istəyirik.

İndi yazacam, bəzi adamlar inanmayacaqlar. Həmin anda yadıma ölməz Viktor Hüqonun ölməz “Səfillər” əsərindən Kozettanın oyuncağa heyranlıqla, həsədlə baxması səhnəsi düşdü. Əgər məndə bir qram qeyrət, bir qram cəsarət olsaydı, əlimə bir daş götürüb mağazanın şüşəsini sındırar, gəlin paltarından ikisini götürüb qızlara hədiyyə edərdim. Edə bilmədim. Öz acizliyini, gücsüzlüyünü hiss etmək insan üçün necə ağır imiş.

Dayana bilmədim daha orda. Aralandım. Küçəyə çıxmağıma peşman olmuşdum. Gəzə-gəzə öz-özümə düşünürdum: əgər bir mağazanın şüşəsini sındırıb iki qıza gəlin paltarı hədiyyə vermək gücündə deyilsənsə müxtəlif mövzularda yazılar yazmağın, boşboğazlıq etməyin mənası nədir? İnsanın yazdıqları ilə həyatı, düşüncələri arasında bu qədər zidiyyətin olmasi saxtakarlq deyilmi?

Bu cür fikirlərlə gəzmək çox çətin idi. Qarşıma çıxan kafelərdən birinə girdim. Çay və tort sifariş verdim. Yavaş-yavaş həyəcanım çəkildi, soyudum və ayıq başla bir suala cavab axtarmağa başladım.

Görəsən bu gəlin paltarında hansı cazibə, hansı sehr var ki, bu paltar zəif cins adlandırdığımız cinsin nümayəndələrini bu qədər yalan danışmağa, cilddən-cildə girməyə, bu qədər artistlik etməyə, hoqqalar çıxartmağa, falçılara getməyə, məcbur edir.

Görəsən bu paltarı başqa paltarlar kimi adi qaydada alıb, məsələn, heç olmasa evdə əyinə geyinmək, gözün qurdunu öldürmək olmazmı?

Görəsən bu paltarda hansı sehr, hansı qüvvə var ki, onu bir rəfiqə geyinəndə o biri rəfiqənin həyatı zəhərə dönür. Yox, zəhərə dönmür, həyatı sönür. Təşvişə düşür, həyəcanlanır. Hələ sən ürəyindən qara qanlar axa-axa gülümsəməlisən, təbrik etməlisən, sevinməlisən, ürəyindən qara qanlar axa-axa artıq gəlin paltarı geyinmiş rəfiqənin yanında, başının üstündə dayanıb şəkillər çəkdirməlisən. Bu şəkilləri sosial şəbəkədə yaymalısan. “Ah canım, bu gün çox gözəlsən”, “Xoşbəxt ol” zad yazmalısan, özünü elə göstərməlisən, guya həqiqətən rəfiqənin xoşbəxtliyinə sevinirsən.

Guya o dərəcədə ki, guya sənin öz toyundu. Bu rolu oynamaq üçün insan nə qədər güclü olmalıdı! Əgər bu güc təbiətin gücü deyilsə, onlarla bir yerdə doğulmursa bəs nəyin gücüdü? Bu gücün hardansa əxz olunmasına qətiyyətlə inanmıram. Gəlin paltarının elə bir sehri, elə bir cazibəsi var ki, bu sehr, bu cazibə zəif cinsin nümayəndəsini hər cür əməllərə əl atmağa vadar edir. Bütün münasibətlər bu paltarı geyinməyə hesablanıb.

İnanmırsınızsa siz münasibətdə olduğunuz qıza elə-belə ekspriment üçün yüngülvarı bir formada onunla evlənə bilməyəcəyinizə işarə vurun. Hə, ola bilsin sən əsas qurban deyilsən. Ehtiyat qurbanlar skamyasında əyləşmisən. Ola bilsin ehtiyat qurbanlar skamyasinda əyləşdiyinə görə “Səninlə evlənməyəcəm” işarəsindən sonra sənə qarşı çox da münasibət dəyişməsin. Dediyin söz soyuqqanlıqla qarşılansın. Deməli, ortada daha vacib hədəf, daha vacib qurban var. Sən isə sadəcə alternativsən. Bundan sadəcə sənin xəbərin yoxdu. Zamanı gələndə, bir qurban kimi sənə ehtiyac yaransa sənin özünü vacib bir persona kimi hiss etməyini, guya əlləşib-vuruşub qələbə qazandığını, ürək fəth etdiyini şərtləndirmək onların əlində su içmək kimi asandır.

Bu o zaman baş verəcək ki, gəlin paltarı geyinmək istəyənin əsas qurbandan əli üzüləcək, sən əsas qurbana çevriləcəksən. Gəlin paltarı geyinməyə onlar oz aralarında qapazlamaq deyirlər. Yəni biri ərə gedəndə onlar öz aralarında deyirlər: ifritə yaman qapazladı. Bu onların prosesə qoyduqları səmimi addır. Bir tanışımız evlənmişdi. Gəlin paltarı geyinən də, onun qurbanı da tanış idi. Toydan çıxdıq. Evə dağılışmadıq. Getdik pivə içməyə. İçə-içə toydan danışırdıq. Birdən qızın rəfiqəsi qayıdıb dedi: “İfritə yaman qapazladı.”

Bu qədər sadə. Ailə qurdu, uşaq istəyir, bunlar hamısı axmaq söhbətlərdi. Əsas qayə gəlin paltarı geyinməkdi. Bir daha sual edək, bəyəm bu gəlin paltarını elə-belə, adi paltar kimi alıb geyinmək olmazmı? Xeyr, olmaz. Ortada mütləq qurban olmalıdır. Qurbansız bu paltarın sehri, cazibəsi olmur. Qaval daşının sirri də bundadır. Mütləq hansısa bir bədbəxt əyninə kostyum geyinib boynuna qalstuk bağlayıb öz faciəsinə könüllü şəkildə qol çəkməlidi. Üstəlik iş elə qurulmalıdı ki, bu qurban qurban olduğunu hiss etməməlidir. Əksinə o özünü xoşbəxt hiss etməlidir.

Bütün bunlardan belə bir nəticə çıxarmaq olar ki, gəlin paltarı sadəcə gəlin paltarı deyil, o, şəxsiyyət vəsiqəsidir. Gəlin paltarı zəif cinsin nümayəndələrinin şəxsiyyətini təsdiq edən sənəddir. Bu sənədi əldə etməsən vətəndaş, insan sayılmırsan. Əlbəttə yaxşı ölkənin şəxsiyyət vəsiqəsini əldə etsən daha yaxşı olar. Məsələn, şəxsiyyət vəsiqəsinin evi, maşını, yaxşı işi olsa bu o deməkdir ki, sən öz şəxsiyyətini daha güclü təsdiq etmisən. Yaxşı şəxsiyyət vəsiqəsi əldə edə bilməyəndə məcbur qalıb daha zəif şəxsiyyət vəsiqəsi əldə edirsən.

Qismət belə imiş. Bu məğlubiyyəti özünün məğlubiyyətin kimi yox, taleyin yazısı kimi qəbul edirsən və daha yaxşı şəxsiyyət vəsiqəsi əldə etmişlər haqqında deyirsən: “Qurban olum ALLAHA, elə elələrinin bəxti gətirir”.

Ən dəhşətlisi ümumiyyətlə şəxsiyyət vəsiqəsini əldə edə bilməməkdi. Bu o deməkdir ki, sən bir vətəndaş kimi yoxsan. Bilet ala bilməzsən, kredit götürə bilməzsən, instituta sənəd verə bilməzsən, ən əsası səs verə bilməzsən.

Əlbəttə, bu söhbətlərdə bir hikmət vardır, anlayanlar bilər və gözünün ucuyla görənlər ibrət dərsi götürər.

# 1520 dəfə oxunub

Oxşar xəbərlər

"Bəx­tim on­da gə­ti­rib ki..." - Rasim Ocaqov niyə eyni aktyorlarla işləyirdi?

"Bəx­tim on­da gə­ti­rib ki..." - Rasim Ocaqov niyə eyni aktyorlarla işləyirdi?

18:40 22 noyabr 2024
Orxan Həsəninin yeni romanı çap olundu

Orxan Həsəninin yeni romanı çap olundu

17:25 22 noyabr 2024
Xalq yazıçısı Anar Prezidentə açıq məktub ünvanladı

Xalq yazıçısı Anar Prezidentə açıq məktub ünvanladı

16:40 22 noyabr 2024
Rasim Balayev:  "Kabinetdə oturanda belə yırtıq yaranır”

Rasim Balayev: "Kabinetdə oturanda belə yırtıq yaranır”

16:30 22 noyabr 2024
"Dünyadan gör necə insanlar gedib..." - Qələbədən arzulara doğru

"Dünyadan gör necə insanlar gedib..." - Qələbədən arzulara doğru

16:00 22 noyabr 2024
Azərbaycanlı şair fəxri titula layiq görülüb

Azərbaycanlı şair fəxri titula layiq görülüb

15:25 22 noyabr 2024
# # #