Şəhid olan sinif yoldaşım

Şəhid olan sinif yoldaşım
8 aprel 2016
# 15:16

Lamiyə Yunus

- Ay Nurlan, yenə nə yığmısan camaatı başına? Bu nə oyundu? Nə gücünü nümayiş etdirirsən? - deyə zarafatla soruşdum. Sinif nümayəndəsi olmağıma baxmayaraq sinifdə iki-üç uşağa söz deməyə çəkinərdim, onlardan biri də Nurlan idi. Müəllimə şikayət edərdim ki, mən daha sinif nümayəndəsi olmaq istəmirəm, elə o uşaqlardan biri sinif nümayəndəsi olsun. Müəllim hər dəfə dinləyər və sanki heç bir sözümü eşitmirmiş kimi davranardı. Biz sinif uşaqları əvvəldən Nurlana lağ edirdik, ''hərf tanımır, oxuya bilmir’’ deyə öz aramızda deyib gülürdik. Nurlan böyüdükcə hamıdan hündür, hamıdan güclü, hamıdan qüvvətli oğlan olurdu. Onun yumruğuna kimsə tab gətirə bilməzdi. Uşaqlar onun gücünü yoxlamaq üçün əllərinin üstünə çırtma vurmasını istəyərdilər. Dəfələrlə bu hadisələrlə rastlaşardım, amma heç vaxt ona nəsə deyə bilməzdim. Nə desəm, dinlərdi, hörmət edərdi, həmişə də əməl etməyə çalışardı. Lakin mən yenə də utanardım, nəsə deməyə dilim də gəlməzdi. Bir dəfə yenə çırtma oyununu görəndə əsəbiləşdim, bir az müşahidə edəndən sonra isə məni gülmək tutdu:

- Ay Nurlan, yenə neynirsən? Uşaqlar deyir əlimizin üstünə çırtma vur, bekar qalıblar. Onlar deyir, bəs sənə nə olub? Yəni belə güclüsən? Onda mənim də əlimin üstünə çırtma vur, baxım görüm gücün nə qədərdir.

- Yox, əşşi, incidər, bacı, bunlara fikir vermə sən.

Mən inadkarlıq edib sözümdən dönmədim. O, əlimin üstünə bir çırtma vurdu, çox incitsə də, cıqqırımı belə çıxarmadım.

- Elə bu? Gücün bu imiş? Siz işinizlə məşğul olun. Nurlan, bu uşaqlıqların bitmədi də.

Nurlan çox vaxt arxa partalarda sakit, səssiz əyləşər, səsi də çıxmazdı. Uşaqların adlarını davamiyyət dəftərinə yazarkən hərdənbir ona zarafatla deyərdim:

- Nurlan Əsgərov, indi səni əsgərlikdə komandir əsgər Əsgərov deyə çağıracaq?

- Yox, istəyirəm Əsgərli olam - deyə zarafatla cavab verərdi. Hətta cavab verərkən belə qırıq-qırıq danışar, səsini yüksəltməz, güclə eşidiləcək tonda danışardı. Sinfimizdə ona ən pis oxuyan da yox, hərf tanımayan uşaq kimi baxırdılar.

Müəllim:

- Qardaşın, bacın məktəbdə əlaçıdı, sənsə avaraçılıq edirsən, dərs oxumursan.

Bu sözləri hər gün də olmasa, hər həftə eşidirdik. Qardaşı, bacısı nümunə göstərilən Nurlanı nə bilərdik ki, bir gün bütün xalqa nümunə göstərəcəklər.

Bu səhər oyananda bəd xəbəri eşidəcəyim ağlıma da gəlməzdi. Sinif yoldaşlarım telefonda danışarkən qəhərdən boğulurdular. Bəziləri danışa bilmirdi, ancaq ağlayırdı.

- Yadında, Nurlana filan zarafatı edərdik?

- Yadında onu bir dəfə sinifdən çıxarmışdıq, indi olsa, kaş ki, sinifdə qalardı, qoymazdıq getsin, eləmi?

Hamı bir-birinə Nurlanın xatirələrini danışırdı. Mən o gücə, o qüvvəyə, boya-buxuna malik oğlanın yoxluğunu dərk edə bilmirdim. Məktəbdə varlığı ilə yoxluğu bilinməzdi, bəzən qızları da bezdirərdi. Adam nə qədər tankdan, silahdan danışardı? Dostuyla dərsdən qaçanda deyərdim:

- Hər dəfə müəllim sizə görə bütün uşaqları danlayır, yenə də gedirsiniz.

Cavab verərdilər:

- Biz oxuduq qurtardıq, yarısını da sizə saxladıq, siz də oxuyun da, bir şey öyrənin siz də.

Mülki Müdafiə dərsindən başqa heç bir dərsə marağı olmadı. Nurlanı bircə dəfə lövhədə görməmişdik biz. Arıq da olsa, elə uzun idi ki, zarafatla deyərdim, əllərin dizinə çatır artıq, yekəpər mağara adamısan, 6-cı sinif tarix kitabında şəkli olan adamlara oxşayırsan. Onunla dalaşmağa inanmıram ki, kimsə ürək edəydi. Elə bir yumruğu kimisə yıxmağa bəs edərdi.

Nurlan əsgər getdi, sağ-salamat qayıtdı da. Lakin ürəyindəki Vətən eşqi onu dinc qoymurdu. Evdə otura bilməzdi, bir də kənddə eşitdik ki, o, yenidən hərbi hissəyə yollanıb. Bu dəfə əsgər Əsgərov deyil, gizir Əsgərov oldu. Hamı kənd içində danışırdı ki, o uşaq yaman hörmət qazanıb komandirlərinin, yoldaşlarının yanında, yaman mərd uşaqdı.

Bir neçə ay əvvəl uşaqlar deyirdi ki, Nurlanı televizorda göstərirlər. İnanmırdıq, adətən qırıq-qırıq danışan Nurlan düşmənə meydan oxurmuşcasına sözləri elə ard-arda, aydın, səlis, məharətlə tələffüz edirdi ki, adam məəttəl qalırdı. 11 illik məktəb həyatımızda o kimsəyə bir pislik etmədi. Daim sakit, səssiz gəzərdi. Danışanda ya tankdan, ya maşından, ya da silahdan danışardı. Hardasa bir-iki dəfə silahdan istifadə etmiş, atəş açmağı öyrənmişdi deyə məharətini hamıya nəql edərdi. Evə gedəndə qızların çantalarını, ya da əllərindəki kitablarını aparırdı əlində. Bu onun üçün quş tükü kimi yüngül idi.

“Sinifdə birlik yoxdu” kimi fikirlərlə tez-tez deyinirdik. İndi anlayıram ki, biz necə birlik yaratmışıq. Hamı qüssədən, kədərdən nə etdiyini bilmirdi, lakin hamı bir-birinə dəstək olur, təsəlli verirdi. Nurlan ürəyimizi dağa döndərmişdi, ölümüylə bütün kənd camaatının gözünə yaş gətirmişdi. Bir gün mənimlə eyni partada əyləşən, zarafatla “əlləri dizinə çatır” dediyim bu oğlanın torpağın ağuşuna atılacağını heç vaxt təsəvvür edə bilməzdim. Bizim hamımızın - bütün sinif uşaqlarının yadında Əsgərov Nurlan kimi qalan Nurlan artıq Şəhid Əsgərov Nurlan idi. Biz sinif yoldaşımızı itirdik. O, Murovdağda gedən döyüşlərdə qəhrəmancasına həlak oldu. Gözlərim yaşdan görmür, ürəyim çırpınırdı. Ola bilməzdi, həqiqətən mümkün deyildi. O cür enlikürək, ucaboy, cüssəli oğlan, bizim hamımızın qardaşı Nurlan balaca bir mərminin ucbatından həyata gözlərini yummuşdu. Bu mümkün deyildi, onun qolunu heç kim yıxa bilməzdi, o qol güləşində indiyə kimi bircə dəfə də uduzmamışdı, kiməsə döyülməmişdi, kimisə döyməyə də ürək eləməzdi. Çırtma vurduğu uşaqlara bərk vurmurdu, hər vuranda ürəyi ağrıyardı, ancaq yenə də sözlərini yerə salmırdı.

Mən hələ də inana bilmirdim; Əsgərov Nurlan bir mərmiyə təslim olmuşdu. İnsanın həyatında heç nə təsadüfi olmur. İndi də xatırlayanda elə bil bütün olanlar onu bu taleyə gətirib çıxarırdı. O, gizir olmasaydı belə, cəbhədəki vəziyyət zamanı inanmıram evdə dinc oturaydı. Əsgərov soyadını daşıması da təsadüfi deyildi.

Məktəbimizin girəcəyində 6 şəhidimizin şəklinin yanında bir şəkil də ucalacaqdı. Məktəbdə daxil olanda 7 şəhidimizin şəkli gözümüzün önündə olacaq, baxıb qürur duyacaqdıq. Biz - Nurlanla salamlaşan, parta arxasında əyləşən şagirdlər isə həmişə o şəklə baxanda göz yaşlarımıza hakim ola bilməyəcəyik. Artıq əvvəlki tək şəhidlərin önündən sakit keçə bilməyəcəyik. 21 yaşlı Nurlan ölümüylə gözümüzdə ölümsüzləşdi. Anasının, atasının, bacılarının, hərbi hissədə olan gizir qardaşının gözündə yaş, ürəklərində nisgil qoyub getdi Nurlan, elə hamımızın. Sinfimizin ən sakit uşağı döyüşdə səsiylə düşmənin ürəyinə qorxu saldı, düşmənə meydan oxudu, bütün xalqın qəhrəmanı oldu. O, qəhrəmanlığı ilə hamımıza cəsarətini, gücünü, qüvvəsini sübut etdi. Ancaq yenə də göz yaşımı saxlaya bilmirəm, çünki mənim sinif yoldaşım Əsgərov Nurlan idi, Şəhid Əsgərov Nurlan yox. Onun adı da jurnalda belə idi. Lakin artıq hər kəs onu Şəhid Əsgərov Nurlan deyə xatırlayacaqdı, sinif yoldaşlarımızın onunla bağlı bütün xatirələrinə qəm, qüssə, kədər qatan, bizi hüznə qərq edən, göz yaşlarımızda boğan Şəhid Əsgərov Nurlan. Dilimiz gəlməsə də, bu dəfə biz qırıq-qırıq danışsaq da, bundan sonra səninlə salamlaşmaq əvəzinə, hər şəklini gördükdə bu sözü deməyə məcbur olacağıq.

Allah sənə rəhmət etsin, Şəhid Əsgərov Nurlan.

# 1213 dəfə oxunub

Oxşar xəbərlər

Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

17:00 23 noyabr 2024
Bütün qazancını buna xərcləyir

Bütün qazancını buna xərcləyir

14:39 23 noyabr 2024
Mehriban Xanlarova:  "Yerə yıxılanda doğrudan yıxılıram, şillə vurulanda doğrudan o mənə dəyir"

Mehriban Xanlarova: "Yerə yıxılanda doğrudan yıxılıram, şillə vurulanda doğrudan o mənə dəyir"

13:00 23 noyabr 2024
Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub

Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub

12:23 23 noyabr 2024
Bizim insanların mənəviyyatını korlayan budur! - Aqşin Yenisey

Bizim insanların mənəviyyatını korlayan budur! - Aqşin Yenisey

11:31 23 noyabr 2024
Daş kitabələr, Coşın qalası, petroqliflər... - Səttarxanın doğulduğu şəhərdə nələr var?

Daş kitabələr, Coşın qalası, petroqliflər... - Səttarxanın doğulduğu şəhərdə nələr var?

11:12 23 noyabr 2024
#
#
# # #