Bir topla başlayan qiyamət

Bir topla başlayan qiyamət
2 fevral 2016
# 13:05

Apokalipsis

Gül büllur güldanda pəncərə altına qoyulmuşdu. Döşəmədə isə pişik balası yumaqla oynayırdı. Qapı, pəncərə, masa, piano, pərdələr – hər şey öz yerində idi. Otaqda idilliya hökm sürürdü.

Bir uşaq otağa daxil olub əlindəki topu divara atıb-tutmağa başladı. Top təsadüfən divar saatına toxundu. Saat yerə düşüb çilik-çilik oldu. Vaxt dayandı. Otaqda nə vardısa, hər şey nəyə lazım olduğunu, işini-peşəsini unutdu. Həyatın mənasını məzədə gördülər, qafalar havalandı. Vaxtın vəfatından istifadə edib hamı kollapsa tuşlandı.

Vaxtın boşalmış vakansiyasına yiyələnmiş Boşluq, onun skamyasına çıxaraq şahlıq skipetrini ürəksiz sinəsinə sıxdı, özünü hakim qüvvə elan edib ətrafdakıları indeterminist münasibətlər vakuumu yaradılması xəbəri ilə muştuluqladı: “Məlumunuz olsun ki, nə Eon, nə Xronos doqmatikası işləyir artıq”-dedi. “Susdurulmuş və dondurulmuşlar”. Sonra skipetri irəli uzadıb əlavə etdi: “Haydı, azadsız.” Determinizmdən sürüşüb sərbəst uçuşun ləzzətini dadmaq şansında bulunanlar təklif olunan alternativ ssenarilərdən “Ortam xaos kimi” paradiqmasını seçdilər.

Nələr baş verdi?

Heç... adicə şeylər.. hərə öz stixiyasından qopmaq missiyasına qapıldı.

Pişik sıçrayıb güldana çıxdı, quyruğunu içəri sallayıb ətir saçdı ətrafa. Gül yerə enib, yumağı o tərəf-bu tərəfə qovmağa başladı.

Qapı, yerini gözcüyünə tapşırıb, bəndindən çıxdı, pillələri iki-bir, üç-bir atıla-atıla götürüldü.

Pəncərənin şüşələri buxarlanıb bir göz qırpımında yoxa çıxan kimi masa üzərindəki açıq kitab əl qatdı özünə, vərəqlərini cırıb verdi küləyə. Səhifələrdən hoppanmağa macal tapmış çevik hecalar yerdə en-tro-pi-ya kəlməsini quraşdırdı. Mizin üstündən yerə tökülmüş kibrit çöpləri bir-birinin ardınca düzülüb hipnoz olunmuştək bu maqik kəlməyə doğru addımladı. Məqsəd – şər niyyətdən qaralmış başlarını ona sürtüb alışmaq, ətrafı oda vermək idi.

Asılmaqdan bezikmiş pərdələr yumrulanıb-girdələnib otaq boyu diyirlənməyə başladılar.

İllərlə dolabda güvə basmış, əyin-baş görməyən pal-paltar “təmas-təmas” çığıraraq divarlara yapışdılar.

Xalçanın naxışları dikəlib ayaq altda qalmaqdan kirəcləşmiş üst-başlarını çırpdılar, civildəşə-civildəşə qaçdı-tutdu oynadılar.

Otağın baş tərəfinə qoyulmuş piano şahə qalxıb, üstündəki not dəftərlərini döşəmə boyu səpələdi.

Nar dənə-dənə havaya sovrulub, çilçırağı gülləboran etdi. Nar feyerverki qurtaran kimi qırmızılara boyanmış büllur çilçıraq ağır-ağır tavandan endi, impozant korpusunu yırğalaya-yırğalaya özünü eyvana çatdırıb, açıqlama vermədən atıldı aşağı.

Almanın içindəki qurdlar mitinqə çıxıb, alma yeməkdən təngə gəldiklərini bəyan etdilər: “Bundan sonra qızarmış ət və kənd çolpası yeyəcəyik”-dedilər.

Nənənin divardakı əksi cavanlaşıb çatan-çatana göz vurub diş ağartmağa başladı. Qarşı divardakı babanın əksi xəcalətindən daha da qocaldı, saqqalı bir az da ağardı, divardaca bir daha keçindi baba.

Külqabı içindəki külü başına səpələyib hönkürtü çaldı.

Şamdan üfürüb içindəki şamı söndürdü və qulağına nə pıçıldadısa, şam gildir-gildir əriyib özündən getdi.

Albomlar bir-birinə çırpılaraq açıldı, yerə tökülən şəkillər qol-boyun olub daha ayrılmayacaqlarına söz verdilər.

Dolabçanın açıq gözünə atılmış “Paradokslar” jurnalında Axilles axır ki, tısbağaya yetişib, ona eşq elan etdi.

Milçəköldürən özü milçəklərin ardınca düşüb havadaca şappıldatdı onları.

Fujerlər servantdan düşüb nazik uzun ayaqları üstdə kankan rəqsini ifa etdilər.

Mıxlarının hamısı sonuncuya qədər yerindən sıçrayıb tökülmüş iri, gövdəli servantın çökməməsinin yeganə səbəbi əzəmətli keçmişindən ta bu gününə bəsləyib saxladığı o tozlu-kifli nüfuzuna qısılıb durması oldu.

Güzgü indi gördüyünü deyil, keçmişləri göstərməyə başladı, sonra lap keçmişləri.... mağara dövrünə qədər olanları sərgilədi güzgü.

“Ortam mətn kimi” tezisini varlığının leytmotivinə çevirən qələm aranı xəlvət görüb başaşağı mürəkkəb qabına tullandı, bulaşmış başıyla bütün gördüklərini əlüstü divar kağızına həkk edib, ümumi kakafonik anturajda seçilərək vicdanını təmizə çıxartmağa tələsdi. Qara ilə ağlara yol açmaq, kirlə təmizlənmək istədi.

Balışlar başlarını tez çarpayının altına soxdular ki, sonra şahid qismində çağırılmasınlar.

Taxtabitilər fürsətdən istifadə edib, döşəyin canına daraşdılar, sağ yer qoymadılar onda.

Akvariumdakı balıqların qorxudan dili açıldı.

Asılqandakı qadın şərfi elə oradaca kişi paltosunun boynuna dolanıb, onu boğmağa başladı. İnsafən, paltonun cınqırı da çıxmadı, yerindəcə keçindi. Sahibinə sayğılar... Hadisəni təfsilatı ilə görən alt mərtəbədəki qonşu – aşağı rəfdəki kişi çəkmələri yalnız dərindən ah çəkməklə uzun illərin can sirdaşıyla vidalaşıb başsağlığı verməyi kifayət sandı. Üz cıran olmadı.

Qəfəsdəki iki tutuquşu növbə ilə bir-birinin lələklərini didməklə məşğul idi.

Otaqdakı köhnə kreslo dilə gəlib ağsaqqallıq etmək istəyirdi ki, sözünü kəsib, tək ayaq üstə küncə qoydular onu, qaldı kor-peşman, üzü divara.

Televizor görmədiyi şounu birər-birər izləyib master-klass aldı.

Plitənin gözündəki od dilimi elə diri-diri buz bağladı. Soyuducu çaşıb içindəkiləri yandırmağa başladı.

Su kranı da istədiyi kimi, dəlisovcasına davranırdı: bağlananda suyu aşır, açılanda kəsirdi.

Şirəçəkən sürətlə ev boyu o üz-bu üzə şütüyüb işsiz vaxtlarının əvəzini çıxaraq, əlinə keçəni qamarlayıb içəri ötürməkdə idi.

Çömçələr qazan qarışdırmaqdan vaz keçdi, dedilər “gördüyümüz elə bir tək qazan dibi oldu”.

Nimçə-nəlbəki “biz dəf-qavalıq” deyib, solo-konsert tədarükünə başladılar. Bunu görən çəngəl-bıçaq hamının gözü önündə nümayişkaranə surətdə özlərini çarmıxa çəkdi.

Çaydan buxarını udub şişmanlaşdı, sonra yumruğunu təpəsinə endirib, qarpız kimi ikiyə bölündü.

Fincanın qulpu vedrəyə, vedrənin qulpu suçiləyənə, onunsa lüləyi fincana pərçim olmuşdu. Beləcə bir-birinə aludə halda mutlu üçər təklik yaratmışdılar.

Xəlbir dayanmadan vanna otağına girib-çıxır, su gətirib başına kül ələyən külbacının, pardon, külqabının üstünə əndərirdi.

Bu çal-çağırda kəmali-istirahətlə, ərinmədən öz torunun ucundan yapışıb aşağı enən hörümçək cənabları yarı yolda dayanıb gözlərini bərəltdi, başını qaşıyıb olanlardan nə nəticə çıxartdısa hövllənib fikrini dəyişdi, revers edib burcuda-burcuda təzədən yuxarı dırmaşmağa başladı, əlüstü aşağıdakıların ünvanına bir daraq disfemizm boşaltmağı da unutmadı.

Hər şey möhtəşəm və sadə idi. Əşyalar, olaylar arasında hər cür əlaqə qırılmış, yerini duyğusal bir rabitəsizlik tutmuşdu. Səbəb-nəticə tandemi cırıq-cırıq olub fiaskoya uğramışdı. “Bunu edirəm ki, sonunda bunu alım” şüarı yox idi. Bu ana qədər öz Overton pəncərəsindən boylanmaqla kifayətlənənlər sərhədləri aşıb, günahlarını leqallaşdırmaq istəyini izhar edirdilər. Vaxtın istefası ilə epistemalar qırılmış, sözün çılpaq mənasında Azadlıq qınından sıyrılmışdı.

... gözəl kontinium.. tikansız, məftilsiz.. qadağalarsız, təlqinsiz... sonra.. sonra nə oldusa sahibi-məkan qolundakı boş saat yerinə nəzər fırladıb skipetrini düz ora mıxladı, ürəksiz sinəsində nəsə gizildədi o an. Final səhnəsini oynamaq amacı ilə mizin üstünə qalxıb boşalmış vakansiyaları tutmaq vərdişini tərk etməyən Boşluq özünü büllur çilçırağın tavanda yiyəsiz qalıb qurban gözləyən qızıl zəncirindən asdı. Ürəksiz sinəsinin giziltisi həmən buraxdı onu. Zəncir Boşluğun ağırlığına davam gətirməyib qırıldı, cəsəd tappıltı ilə yerə dəyib yüzlərlə, minlərlə hissələrə bölündü, civə qırıntıları təki ətrafa səpələndi. O bölünənlər də saysız kvarklara parçalanıb, hər yeri özüylə doldurdu, özünə qərq etdi... hər yeri, hər tərəfi....

Uşaq, topu əlində otağın ortasında quruyub qalmışdı, nə edəcəyini bilmirdi. Elə bu dəm kiminsə ağır addım səsləri eşidildi... Ata içəri daxil oldu.

Uşaq onu görüb arxaya çəkildi, onun ayaqları altında qalıb xırçıldayan Entropiya kəlməsinin səsinə Ata heç qırpınmadı da. Heç nə olmamış kimi irəli keçdi, saatı yerdən qaldırdı, mexanizminə əl gəzdirib düzəltdi, şüşəsini yapışdırıb yerindən asdı. Elə həmən dəqiqədən vaxt axmağa başladı, hər şey bərpa olundu. Dəlilik yığışdı, təlatüm bitdi, məcrasını aşmış qan damarlara qayıtdı. Ata heç nəyə əl vurmadı. Bir təkcə divara salnamə yazan qələmdən savayı. Onu ortadan sındırıb cibinə qoydu.

Hər şeyi bağışlayanlardan deyildi...

Şəhla Nihan

# 1038 dəfə oxunub

Oxşar xəbərlər

Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

17:00 23 noyabr 2024
Bütün qazancını buna xərcləyir

Bütün qazancını buna xərcləyir

14:39 23 noyabr 2024
Mehriban Xanlarova:  "Yerə yıxılanda doğrudan yıxılıram, şillə vurulanda doğrudan o mənə dəyir"

Mehriban Xanlarova: "Yerə yıxılanda doğrudan yıxılıram, şillə vurulanda doğrudan o mənə dəyir"

13:00 23 noyabr 2024
Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub

Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub

12:23 23 noyabr 2024
Bizim insanların mənəviyyatını korlayan budur! - Aqşin Yenisey

Bizim insanların mənəviyyatını korlayan budur! - Aqşin Yenisey

11:31 23 noyabr 2024
Daş kitabələr, Coşın qalası, petroqliflər... - Səttarxanın doğulduğu şəhərdə nələr var?

Daş kitabələr, Coşın qalası, petroqliflər... - Səttarxanın doğulduğu şəhərdə nələr var?

11:12 23 noyabr 2024
# # #