Vanya dayının məsləhəti

Vanya dayının məsləhəti
23 noyabr 2015
# 16:05

Orta məktəbdə həm ən yaxşı oxuyan, həm də ən çox danlanan uşaqlardan idim. Evdəkilər də bu durumu başa düşə bilmirdi. Bir gün gəlirdim evə, anam qiymətlərimin yaxşı olmağına sevinirdi, səhəri gün də müəllimlər gah topla məktəbin pəncərə şüşələrini qırmağımdan, gah da zarafatla sinif yoldaşımın dəftərlərini qaralamağımdan dolayı həngamə çıxarırdılar.

Bildiyim o idi ki, mənim orta məktəbdə yaşadığım taleyi hər müəllim uşağı yaşayıb. Müəllim oğlu olmaq da ədalətsiz idi, vallah. Başqa sinif yoldaşlarım bütün gün nadinclik edir, ayda bir dəfə valideyn iclası olanda danlanırdısa, mənim üçün anamın müəllimə olmağı əlavə məsuliyyət yaradırdı.

Hardasa 12-13 yaşım olardı. Bizim kənd məktəbinin yerləşdiyi ərazilərdə rus əsilli Vanya dayı var idi. Vanya dayı məktəbdəki müəllim, şagirdlər üçün əməlli-başlı müzakirə mövzusu idi. Deyilənə görə, nə vaxtsa çox imkanlı olub, sonralar isə ağılını itirib. Vanya dayıya dəli deyirdilər.

Amma mən o yaşımda anlamırdım ki, öz evinin qabağında kitab oxuyan, heç kimlə işi olmayan, arada ağlayan bu qoca kişiyə niyə dəli deyirlər? Ümumiyyətlə, rayonda bir insanı dəli adlandırmaq üçün xüsusi psixoloji problemə ehtiyac yox idi, çünki Vanya dayıya dəli deyənlər şeir yazdığı üçün kimya müəllimi Elbrus müəllimə də dəli deməkdən çəkinmirdilər.

Müəllimlər bizi tənbeh edirdilər ki, o kişiyə yaxın durmayın. Vanya dayının arada evinin qabağında ağlamağı, kitab oxuması, radio dinləyə-dinləyə gülməyi o qədər fərqli və digər insanlarda olmayan şəkildəki kimi idi ki, heç cür anlamırdım onu və nədənsə marağıma səbəb olurdu.

Bir gün səhər dərsdən çıxandan sonra Vanya dayıya yaxınlaşdım. Yenə ağlayırdı. Açıq etiraf edim, mən nə digər uşaqlar kimi ona zarafat üçün və ya lağ etmək məqsədi ilə salam vermirdim, nə də yazığım gəlmirdi. Çünki onun hər şeyi ilə digərlərindən üstün olduğuna inanırdım.

O fərqli idi. Mənim atamdan fərqli olaraq, kitab oxuyur, rəsm çəkir, komplekssiz adam təsiri bağışlayırdı.

- Salam....

- ...

- Niyə cavab vermirsən ki?

- ...

- Bax, məncə günah səndədir.

- Mənim insanlardan xoşum gəlmir.

- Mənim də xoşum gəlmir, Vanya dayı. Onların üzündən nə rahat uşaqlığımızı yaşayırıq, nə də normal istədiyim bir fakültəyə hazırlaşa bilmirəm.

- Kiril əlifbasını bilirsən?

- Anam rus dili müəlliməsidir. Beşinci sinifdə oxuyanda öyrətmişdi mənə.

- Onda, çoxlu kitab oxu. Qaç bu adamların dünyasından. Özün və kitabların arasında bir sərhəd yarat. Həsr et özünü kitablara.

- Bəs, sən niyə ağlayırsan tez-tez?

- Mənim ailəm dağıldı. Üç övladım qəzada öldü. Arada bir onların xatirəsi, dağılmış cəsədləri gözümün önünə gəlir.

O gündən sonra birlikdə çox söhbətlər edirdik. Evdəkilər də Vanya dayının yanına getdiyimi bilmirdi.

Mən onun sayəsində o dövrdə kiril əlifbası ilə çıxan uşaq ədəbiyyatını mənimsədim. Rayondakı sınıq-salxaq uşaq kitabxanası binasına üzv yazıldım və çox az uşağın getdiyi o kitabxanada Mark Tveni, Qorkini, Qoqolu və daha kimləri tanıdım.

Hamının dəli dediyi, dışladığı Vanya dayını həm universitet illərimdə, həm hərbi xidmətdə, həm daha sonrakı çətin zamanlarımda heç zaman unutmadım.

Onun obrazını sirli edən bir səbəb də bir gün anidən yoxa çıxmağı idi. Kənddəki evi eləcə boş qoydular, Vanya dayı harasa yoxa çıxdı, bir daha da geri dönmədi, amma ən azından bir uşağın bütün gələcəyini dəyişə bildi.

Bəlkə də çoxdan bu həyatda yoxdur Vanya dayı....

# 1257 dəfə oxunub

Oxşar xəbərlər

Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

17:00 23 noyabr 2024
Bütün qazancını buna xərcləyir

Bütün qazancını buna xərcləyir

14:39 23 noyabr 2024
Mehriban Xanlarova:  "Yerə yıxılanda doğrudan yıxılıram, şillə vurulanda doğrudan o mənə dəyir"

Mehriban Xanlarova: "Yerə yıxılanda doğrudan yıxılıram, şillə vurulanda doğrudan o mənə dəyir"

13:00 23 noyabr 2024
Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub

Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub

12:23 23 noyabr 2024
Bizim insanların mənəviyyatını korlayan budur! - Aqşin Yenisey

Bizim insanların mənəviyyatını korlayan budur! - Aqşin Yenisey

11:31 23 noyabr 2024
Daş kitabələr, Coşın qalası, petroqliflər... - Səttarxanın doğulduğu şəhərdə nələr var?

Daş kitabələr, Coşın qalası, petroqliflər... - Səttarxanın doğulduğu şəhərdə nələr var?

11:12 23 noyabr 2024
#
#
# # #