Səfil görkəmli Cakonda

Səfil görkəmli Cakonda
24 fevral 2015
# 18:35

Parkda onu tez-tez görürdüm. Yerimirdi, ayaqlarını sürüyürdü. Çünki yerişinin məqsədi son hədəfə çatmaq deyildi. Göydən od tökülməsinə baxmayaraq, əyninə çəhrayı kürk geyinmişdi. Tər qısa vurulmuş kirli saçlarını isladıb başına yapışdırmışdı. Şalvarının ətəyi yerlə sürünməkdən qapqara olmuşdu. Amma üzündə Cakondanın təbəssümünü gəzdirirdi.

Park gözətçisindən bu qadının taleyi ilə maraqlandım. Bura necə gəlib çıxdığını, niyə bütün gününü parkda keçirdiyi soruşdum. Park gözətçisi qadının başına gələnləri təxmini belə nəql etdi ki, qadına valideynlərindən miras ev qalıb. Qadının nişanlısı ilə qardaşı birləşib, ona psixi xəstə damğası vuraraq əvvəl xəstəxanaya qoyublar. Sonra isə qayıdanda evə buraxmayıblar.

Qadın əlbəttə ki, sarsıntılar keçirdib. Eyni vaxtda sevgilindən və ailəndən belə zərbə ilə qarşılaşmağa hər ağıl dayana bilməz və nəticədə o, həqiqətən də ağlını itirib, səfil kimi parkda yaşamağa başlayıb. Əynindəki çəhrayı kürk isə nişanlısının hədiyyəsi olub. O, bəlkə də bu kürkü gözəl günlərinin, xəyanətlə üzləşmədiyi vaxtlarının nişanəsi kimi gəzdirirdi. İndi isə bu kürkün rəngi onun indiki durumuna ironiya edirdi.

Bu hadisə məşhur rus aktyoru Qoşa Kutsenkonun baş rolda çəkildiyi bir filmdən fraqmenti xatırlatdı. Filmdə də qadın eyni vaxtda işini, sevgilisini, yaxın rəfiqəsini itirir. Filmin maraqlı süjet xətti var. Hərçənd, hadisələr buna sövq etsə də film “happy end”lə bitmir. Bu qadının da həyatı əsl dramatik film kimi idi.

Düzü, parkda gəzməyim əməlli başlı işgəncəyə çevrilmişdi. Uzaqdan çəhrayı kürkünü, heç bir ifadə etməyən donuq gözlərini, Cakonda təbəssümünü görəndə qanım qaralırdı, ona acıyırdım. Artıq az gəzirdi. Özünə bir kənar skamya seçib otururdu. 40 dərəcəlik istidə nəfəs almaq olmurdu. O isə kürkünə bürünüb oturmuşdu. Heç tükü də tərpənmirdi. Elə bil insanların ona verdiyi əzabla özünə verdiyi əziyyəti bərabərləşdirməyə çalışırdı. Əzablarına qısılaraq özünə çəkilmişdi. Yanından ötənlər ona baxıb, "başı xeyirli donub e" kimi atmacalar atırdılar. Başı xeyirli yox, başı bəlalı idi. Yayın uzun günlərini beləcə çəhrayı kürklü qadını izləməklə keçirdim.

Ona rastlaşmağımdan, hardasa, bir ilə yaxın vaxt keçmişdi. Təsadüfən qarşıma çıxmışdı. Düzü əvvəl tanımadım. Bircə, Cakonda təbəssümü məni ayıltdı. Saçları uzanmış, səliqəylə arxaya daranıb yığılmışdı. Əynində təmiz paltarlar var idi. Qucağındakı xurmayı rəngli pişik sanki "Tiffanidə səhər yeməyi" filmindəki Xolli Qolaytlinin adsız pişiyi idi. Sanki filmdən elə birbaşa onun qucağına atlamışdı.

Pişiyi qucağında saxlayıb elə nəvazişlə sığallayırdı ki, istər-istəməz nəzərlərimi ondan çəkə bilmirdim. Pişiyi sığalladıqca elə bil ekstaza girirdi, gözəlləşirdi, sevilirdi, ümidlənirdi, qardaşını, sevgilisini, bir sözlə, insanlığı bağışlayırdı.

Çəhrayı kürkü gözə dəymədi. O Xolli Qolaytli kimi, deyəsən, özünü tapıb, bütün səhvləri ilə qəbul edib sevmişdi. Hər şeyi unudub yeni həyata başlamışdı. Hətta yaxınlıqdakı restoranların birində işə düzəlmişdi, kirayə ev tutub orda yaşayırdı. Bunları hər şeydən xəbərdar olan park gözətçisindən öyrəndim. Çəhrayı kürklü, Cakonda təbəssümlü səfil qadın əsl Madonnaya çevrilmişdi.

# 1216 dəfə oxunub

Oxşar xəbərlər

Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

17:00 23 noyabr 2024
Bütün qazancını buna xərcləyir

Bütün qazancını buna xərcləyir

14:39 23 noyabr 2024
Mehriban Xanlarova:  "Yerə yıxılanda doğrudan yıxılıram, şillə vurulanda doğrudan o mənə dəyir"

Mehriban Xanlarova: "Yerə yıxılanda doğrudan yıxılıram, şillə vurulanda doğrudan o mənə dəyir"

13:00 23 noyabr 2024
Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub

Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub

12:23 23 noyabr 2024
Bizim insanların mənəviyyatını korlayan budur! - Aqşin Yenisey

Bizim insanların mənəviyyatını korlayan budur! - Aqşin Yenisey

11:31 23 noyabr 2024
Daş kitabələr, Coşın qalası, petroqliflər... - Səttarxanın doğulduğu şəhərdə nələr var?

Daş kitabələr, Coşın qalası, petroqliflər... - Səttarxanın doğulduğu şəhərdə nələr var?

11:12 23 noyabr 2024
#
#
# # #