Mən ailənin ən kiçik övladıyam. Bəxtəvərlik oxumayın. Müsbətdən çox mənfi yanları var bu “son beşik” titulunun. Öhdəliklər, məcburiyyətlər, mükəlləfiyyətlər. Bir neçə gün öncə bu öhdəliklərin başıma gətirdiyi bir hadisəni danışım.
Yeni il ərəfəsi bir qış səhəri idi. Bazar günü günəşli havanın olması qədər böyük xoşbəxtlik ola bilməz yəqin. Günəş isitməsə də çox gözəl parıldayırdı. Artıq gözümü açan kimi bu günün planlarını qurmağa başlamışdım. Özümü çox gümrah hiss edirdim və səhər yeməyini iştahla yedim. Dostuma da zəng edib saat neçədə görüşəcəyimizi demişdim. Sakitcə başımı məni əyləndirən şeylərlə qatıb vaxtın keçməsini gözləyəcəkdim ki, bu an anam o biri otaqdan səsləndi:
- Ulucay, ordan pul götür, get Sənubər xalanın dükanınnan xörək duzu al, günorta yeməyinizi bişirim. Başqa yerdən alma, bəyənməsəm geri qaytaracam səni!
Bəli, bəli! Evin ən kiçiyinin ən böyük mükəlləfiyyəti: dükana getmək!
Sən buna məcbursan, bu sənin mükəlləfiyyətindir, çünki sən evin ən kiçiyisən!
Pulu götürüb tez evdən çıxdım. Xörək duzunun mənim mükəmməl bazar günümü korlamasına icazə verməyəcəkdim. Sənubər xalanın dükanı çox böyük olmasa da, çox böyük növbələrin olduğu bir dükandı. Məhəllənin qadınlarının Sənubər xalaya güvənməsi və ondan məhəllədə baş verən bütün hadisələrə öyrənə bilməsi Sənubər xalanın dükanını bir brendə çevirmişdi. Dükana girdim və növbə olmadığını görəndə sevindim. Bahalı bir xəz geyinmiş kök qadın və onun arxasında dayanan hündürboy, arıq, çox səliqəli bir kişi... İkisinin də 40-45 yaşları olardı. Naibə xalaya salam verdim və bir kənarda gözləməyə başladım. Sənubər xala heç mənə diqqət yetirmədi. Kişi qadının qulağına narazı şəkildə nəsə fısıldadıqdan sonra onların ər-arvad olduğunu anladım və bu məni sevindirdi. Çünki bir nəfərlik növbə var idi. Qadın ərzaqlara baxaraq dedi:
- 4 paket makaron, 4 paket spagetti.
Sənubər xala sifarişləri piştaxtanın üstünə qoyaraq təkrarladı:
- 4 paket makaron, 4 paket spagetti.
Qadın biraz düşündükdən sonra:
- 2 paket kərə yağı. 200 qrammlıqdan.
- 2 paket kərə yağı, hazırdı.
- 2 ədəd 5 litrlik qarğıdalı yağı.
- Onu axırda yadıma salın, verim.
Kişi razılıq əlaməti olaraq başını yellədi.
Qadın bütün ərzaqlara göz gəzdirirdi.
- 1 banka tomat, 2 banka qatılaşdılmış süd. Yekə bankada!
- Hazırdı.
- O, ağ paketdəki nədi?
- Mayonez.
- Hə. 1 manatlıq qırmızı mərcimək.
Sənubər xala mərciməyi tərəziyə qoymamış qadın:
- Yarım kilo da yumru düyü.
Yaşlı Sənubər xala cəld davranmağa çalışırdı.
- Çərəzləriniz yaxşıdı?
- Bəli.
- Onda qoz, fındıq və badam verin, hərəsindən 250 qram.
Artıq hövsələm daralmağa başlamışdı, amma nə çarə, gözləməliydim. Anamın “başqa yerdən alma!” deməsi məni gözləməyə məcbur edirdi. Bahalı kürk geyinmiş qadın isə deyəsən qışa tədarük görürdü və 3 ay evindən çölə çıxmayacaqdı. Kişinin üzündə böyük narazılıq var idi və o mənə qadının adından üzr istəyən baxışlarla baxdı. Qadının hər növbəti sifarişində dərindən köks ötürürdüm.
- O, bankadakılar nədi elə?
- Zoğal mürəb...
- Onnan da verin 2 banka.
Qadın bütün dükanı alacaqdı deyəsən. Bu vaxt balaca Ayşə tələsik dükana girdi.
- Sənubər xala, 1 dənə çörək verərdiniz də.
- Can Sənubər xala, al! Canı yanmamış.
Kürklü qadının balaca Ayşəyə öldürəcəkmiş kimi baxması səsimi çıxartmamaqda düzgün etdiyimi göstərdi. Qadın dükandan çıxan Ayşədən sərt baxışlarını çəkdi.
- 2 çörək də mənə!
Bu an telefonuma zəng gəldi. Anam idi.
- Ay bala, harda qaldın?
- Gəlirəm, gəlirəm. Dükanda çox böyük bir nəfərlik növbə var.
- Hə, di tez gəl, səni gözləyirəm.
Artıq əsəbin pik nöqtəsində idim.
- O “rasiski” konfetlərin hərəsinnən 100 qram çək. Marmelad var?
- Var.
- Yox, marmelad istəmirəm elə konfet bəsdi – deyib ərinə tərəf çöndü – mən gedirəm, maşına, pulu ver, aldıqlarımı tez yığ gətir gedək.
Qadın dükandan çıxdı. Sənubər xala kalkulyatoru əlinə alıb hesablamağa başladı. Üstə gəldi, çıxdı, böldü, vurdu... Silib təzədən üstə gəldi... Yenə, yenə və sonda kişiyə ödəməli olduğu məbləği dedi. Kişinin üzündə o utanc hissini görə bilirdim. O bizdən üzr istəyərək baxırdı sanki. Kişi pulu verib ərzaqları tez-tez torbaya yığmağa başladı. Sonra maşının içindən qışqıran qadına “Gəlirəm, gəlirəm” - deyib dükandan çıxdı. Sənubər xala yorğunluqdan yerində əyləşdi. Mən özüm xörək duzunu rəfdən götürdüm, pulu piştaxtaya qoyub dükandan çıxdım.