Sevda - Qönçəgül Kamalqızı yazır

Sevda - Qönçəgül Kamalqızı yazır
24 oktyabr 2016
# 15:49

Onu daha çox soyuq havalarda xatırlayıram. Nə vaxt yağış, qar yağsa mütləq bizə gələrdi.

Mənə elə gəlirdi ki, o, belə havalarda bizim evə isinmək üçün üz tuturdu.

Anamın Sevdası. Qara saçlı, qara gözlü Sevdası...

Sevda məhəbbət, eşqdir, deyirlər. Bəzən hüzn, bəzən də hüsrandır Sevda. Amma ən çox qapqara gözlərin ardında gizlənən kədərdir, çarəsizlikdir.

Uzun hörükləri, uca boyu, gözəl libası yox idi Sevdanın. Bəlkə də həyatında o qısa, qar tellərə heç bir dəfə də sığal çəkilməmişdi. Fəsillər dəyişsə də, onun sarı, qırmızı güllü paltarı heç dəyişməzdi...

Saçlarını altında gizlətdiyi güllü yaylığı da həmişə onunlaydı.

Bəzən o, çox üşüyəndə əyninə bir az dar gələn mavi rəngli plaş geyinərdi. Yemək yeyəndə də çıxarmazdı onu, daha çox üşüməkdən qorxardı.

Qara saçlı, qara gözlü Sevda...

Sevda hamımız kimi deyildi. Danışanda sözlərini güclə anlamaq olardı. Bir əlini biləkdən aşağı düz saxlaya bilməzdi. Həmin əlinin arxasıyla saçlarını yaylığının altına yığmağa çalışardı...

Anamın adını qəribə çağırardı. Bu, məni uşaq olduğum üçün güldürən, anamısa böyük olduğu üçün dərdləndirən bir ad idi.

Bir insanın fiziki qüsurlu olduğunu anlaya bilməyəcək yaşdaydım. Anam isə dünyanın min cür dərdindən halı olanlardan idi. Bəlkə, elə ona görə də bu qız anamı ən yaxın hayanı bilirdi.

Bizim evdə yediyi yemək, içdiyi çay bütün ziyafətlərdən, qonaqlıqlardan üstün olardı. Sevinci onun parıldayan gözlərindən oxunardı.

Sevda hamımız kim deyildi... Allah onu bizdən fərqli yaratmışdı. Amma o, bu vəziyyətiylə də xoşbəxt idi məncə.

Çünki eli, günü vardı. Çətin yerisə də, ayağının altında möhkəm dayanıb ona güc verən torpağı vardı. Vətənindəydi, yurdundaydı.

Yıxılsa bir əl yox, on əl köməyinə gələcəkdi....

Ona görə hər soyuq havada Sevda düşər yadıma. Susqun gözləriylə, üşüyən əlləriylə....

Bu gözlər, bu əllər dünyada hər gün neçə-neçə evindən didərgin düşən, əlsiz, ayaqsız, köməyə möhtac insanları xatırladar mənə.

Müharibələrdən hər kəs şikəst qalar. Ruhu, bədəni, keçmişi, gələcəyi....

Amma ən çox yaralanan Sevdalar olar. Sevdalar yıxılsa, qolundan tutub qaldıranı tapılmaz, o çaxnaşmalarda... Tərk edilərlər, yük olarlar özgə çiyinlərinə...

Biz elimizdən ayrılandan sonra bu qızdan xəbər tuta bilmədim.

Onun al-əlvan libası həyatını nə qədər rəngləndirdi, görəsən?

İndi daha nə Sevda var, nə gəzdiyi doğma küçəmiz, nə də evimiz.

Hər dəfə soyuqlar düşəndə dünyanın dörd bir yanında-çadırlarda, xarabalığa dönən yerlərdə, buz kimi sularda titrəyən, kimsəsiz qalan, şikəst olan insanlara ürəyim yanır.

Ürəyimin yanğısı onları isitməyəcək bilirəm. Gücsüzəm. Sevdanın gözlərindəki o hüznə qarışıb, itib gedirəm.

Qara saçlı, qara gözlü Sevda...

Sevda həm də sevgidi axı. Bu dünyanı sevgi nə vaxt xilas edəcək, Allah?

# 1062 dəfə oxunub

Oxşar xəbərlər

Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

17:00 23 noyabr 2024
Bütün qazancını buna xərcləyir

Bütün qazancını buna xərcləyir

14:39 23 noyabr 2024
Mehriban Xanlarova:  "Yerə yıxılanda doğrudan yıxılıram, şillə vurulanda doğrudan o mənə dəyir"

Mehriban Xanlarova: "Yerə yıxılanda doğrudan yıxılıram, şillə vurulanda doğrudan o mənə dəyir"

13:00 23 noyabr 2024
Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub

Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub

12:23 23 noyabr 2024
Bizim insanların mənəviyyatını korlayan budur! - Aqşin Yenisey

Bizim insanların mənəviyyatını korlayan budur! - Aqşin Yenisey

11:31 23 noyabr 2024
Daş kitabələr, Coşın qalası, petroqliflər... - Səttarxanın doğulduğu şəhərdə nələr var?

Daş kitabələr, Coşın qalası, petroqliflər... - Səttarxanın doğulduğu şəhərdə nələr var?

11:12 23 noyabr 2024
#
#
# # #