Uşaqlıq illüziyası bizi necə aldadır? - Kənan Hacı

Kənan Hacı, yazıçı

Kənan Hacı, yazıçı

15 iyul 2026
# 10:20

Kulis.az Kənan Hacının "Yaddaşı gücləndirən rənglər" yazısını təqdim edir.

Uşaqlıqda bizi əhatə edən gerçəklik getdikcə başqa anlamlar qazanır və bir gün o illüziyaya çevrilir. Bax onda həyatın sərt, amansız gerçəyi ilə üz-üzə qalırsan. Yaşamaq getdikcə çətinləşir…

Andrey Tarkovskinin gündəliklərini oxuyarkən ilk olaraq ağlıma bu fikirlər gəldi. Mən hər dəfə uşaqlığıma qayıtmaq istəyəndə “Güzgü” filminə baxıram. Bir də Malerin 5-ci simfoniyasını, xüsusən “Adajietto” hissəsini dinləyirəm. Sanki əbədiyyətlə sonsuz bir dialoqa girirsən, ahəstə-ahəstə, hiss olunmadan yerüstü zamandan uzaqlaşıb başqa bir dalğaya keçirsən. Sanki Tanrı yorğun düşmüş ürəyinə əbədiyyət laylası çalır. Musiqi bitdikdən sonra səni təqib edən səssizlik də onun bir parçasıdır. O müəzzəm simfoniyanın ehtişamından geriyə qalan səssizlikdə baş verir hər şey... Kainatın kiçildilmiş modeli dərs kitabı kimi qarşımızda açılır.

L. Tolstoy yazırdı ki, insanlardan xilas yolu – öz yaralarını onlardan gizlətməkdir. Tanrı isə bütün ağrılarımızdan xəbərdardır və bu ağrılardan xilas yollarını da bizə o göstərir. Malerin musiqisi mənim yaralarıma məlhəm çəkir, bütün məhrumiyyətlər unudulur... Keçmişin xəyalları isə adamı qarabaqara izləyir, yaddaşında üz cizgiləri pozulmaqda olan doğmalarını həyatda olduqları kimi xatırlamaq istəyirsən. Adam bəzən özünü “Solyaris”dəki psixoloq Kelvin kimi başqa planetdə hiss edir, ruhun dərinliklərindən sızan naməlum duyğuların əlində girinc-giriftar olub qalır. İçində dəli bir istək yaranır – kaş mən də başqa planetdən qayıdıb kəndimə dönüncə atam qarşıma çıxaydı, onun qarşısında diz çöküb əllərindən öpəydim. Tarkovski insana özgürlük və ilkinliyə qayıdış duyğusu aşılayan rejissordur. Onun bütün filmlərinin mənbəyi yaddaşdır.

Yaddaş insanın ən qiymətli sərvətidir. Yaddaşın yoxdursa, keçmişin də yoxdur, o keçmiş ki, insan məhz onun sayəsində həyatı öyrənir, təcrübə qazanır, kamilləşir. Yaddaş insan ömrünü kompakt şəkildə onun beynində saxlayır, insan istədiyi vaxt onu kino lenti kimi geriyə fırladıb xatırladığı fraqmentlərə yenidən nəzər sala bilir. İnsanın evolyusiyası, təkamül prosesi də keçmişin üzərində inkişaf edir. Yaddaş həm də maddə ilə anlayış arasındakı vəhdətdən doğan həqiqətlər toplusudur.

Əslində, heç nə bizim yaddaşımızdakı kimi deyil. Keçmişdə baş vermiş hansısa bir hadisənin üzərindən zaman keçdikcə o hadisə də köhnə şəkillər kimi saralır, rəngləri itir, təfərrüatlar seyrəlir, sonda solğun, pozuq bir kadra çevrilir və sən onu yüz il əvvəlin kino lenti kimi bir az maraqla, bir az da həyəcanla izləyirsən. Kəpənək ruhu dolaşır o kadrlarda. Malerin musiqisi kimi... Bu ilahi sədanı təkcə eşitmək yox, görmək gərəkdir. Bu harmoniyadakı rəngləri görmək, onun qoxusunu, dadını hiss etmək və bununla da yaddaşı diriltmək! Ingilis yazıçısı Toni Buzan özünün “Zehin xəritəsi” əsərində rənglərin insan yaddaşındakı rolu barədə geniş bəhs edir. Beyninizdəki ideyaları rəsmə çevirib onları rəngləyirsiniz və hər rəngin öz funksiyası olduğu üçün bu variasiya yaddaşı funksionallaşdırır və təxəyyülü körükləyir. Bu kitabı oxumağı hər kəsə məsləhət görürəm. Yaddaşın nə qədər ucsuz-bucaqsız imkanlara malik olduğunu göstərən unikal bir kitabdır. Sanki qulaqlarınız okeanın uğultusu ilə dolub və bu uğultu keçmişi kitab kimi gözləriniz önündə səhifə-səhifə çevirir. İnsan özünü qum üzərindəki böcək kimi kiçik hiss edir. Biz rollarımızı gözəl ifa edirik!

“Solyaris”də Hari necə deyirdi? “Mən insanam, mən sevirəm, mən yaşayıram!”

Solyaris planetində ona heç kim inanmadı və... O, getdi.

# 101 dəfə oxunub

Oxşar xəbərlər

Milyonlar qazanan dahi niyə kimsəsiz qəbirdə dəfn olundu? – Rembrandt kimdir?

Milyonlar qazanan dahi niyə kimsəsiz qəbirdə dəfn olundu? – Rembrandt kimdir?

11:17 15 iyul 2026
Mayalar ulduzları 1200 il əvvəl necə hesablayırdı? - Xultunda "Ağ sinəli tülkü"nün imzası tapıldı

Mayalar ulduzları 1200 il əvvəl necə hesablayırdı? - Xultunda "Ağ sinəli tülkü"nün imzası tapıldı

10:47 15 iyul 2026
Səni özüm sanaram - Nəbi Xəzri

Səni özüm sanaram - Nəbi Xəzri

18:19 14 iyul 2026
Misirdə heyrətamiz kəşf - 3000 illik sirli məqbərə tapıldı

Misirdə heyrətamiz kəşf - 3000 illik sirli məqbərə tapıldı

18:00 14 iyul 2026
Tom Kruz tanınmaz halda

Tom Kruz tanınmaz halda

16:34 14 iyul 2026
Nasistlərin oğurladığı tarixi rəsm əsəri zibillikdən tapıldı

Nasistlərin oğurladığı tarixi rəsm əsəri zibillikdən tapıldı

16:00 14 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər