Uşaqların "Sim-Sim Lələ"-si: "Özüm bir uşaqlıq görməmişəm, yetimçiliklə böyümüşəm"

Uşaqların "Sim-Sim Lələ"-si: "Özüm bir uşaqlıq görməmişəm, yetimçiliklə böyümüşəm"
27 yanvar 2024
# 12:30

“O vaxt rəhmətlik Hüseynağa Atakişiyev məni Gənclər Teatrına qəbul etmişdi. Verilişlərə obraz lazım olanda gəlib-gedirdim. Hiss edirdim ki, redaksiyanın qonorar verməyə pulu yoxdur. Heç nə tələb etmirdim, obrazları böyük məhəbbətlə oynayırdım. 15 il fəaliyyətim davam etdi. Həmin ərəfədə mən “Şirinbacı” nənə, “Göygöz kosa” və s rollar oynadım. Uşaq verilişlərinə yeniliyi kim gətirdi? Əlbəttə ki, mən. Mən öz ağlımın, beynimin təxəyyülü ilə texnologiyanın olmayan vaxtında uşaqları maarifləndirib, nağıllara, şeirlərə məhəbbətlərini artırdım. “Sim-Sim Lələ” obrazı ağlıma gəldi. İndi də onun çörəyini yeyirəm. Onun papağından tutmuş geyimlərini, sehrli durbinini özüm fikirləşmişdim. Redaksiya qəbul etdi, nağıllar yazıldı. Hər verilişin axırında “göydən üç alma düşdü” deyirdim, uşaqları sevindirirdim”.

Kulis.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında bir zamanların ən məşhur uşaq verilişi, “Sehrli güzgü” proqramının “Sim-Sim Lələ”-si, tanınmış aktyor Adışirin Bağırov deyib. O daha sonra əlavə edib:

“Özüm uşaqlıq görməmişəm, uşaq həyatı yaşamamışam. Valideyn olmayan yerdə uşaq necə sevinib şadlana bilər? 6 yaşım olanda hamı mənə deyirdi ki, qocalanda sənə necə müraciət edəcəklər? Adışirin baba? Adımı hallandırıb gülürdülər. İndi mənim adımı “Sim-Sim Lələ” əvəz edir. Bəzən onu yadıma salıram, deyirəm ki, Allahın işinə bax da. Hələ yadıma gəlmir ki, o verilişi biz studiyada çəkək. Uşaqlar işıqlardan, kameralardan qorxurdu. Dişimizlə, dırnağımızla uşaqları parkda, zooparkda çəkirdik. Çox vaxt uşaqları özüm seçirdim. Çalışırdım ki, uşaqları həmişə maarifləndirim. Analar, nənələr mənə deyirdilər ki, uşaqlarımızı sizin verilişinizlə böyüdürük. Mən də çalışırdım ki, eyni uşaqlar çəkilməsin. Texnologiya inkişaf etdikcə artıq hiss edirdim ki, sehrdən danışmaq olmur, uşaqlar da zatən inanmazdılar. AzTV-də struktur dəyişikliyi oldu, redaksiyalar bağlandı. Obraz kimi mən və digər həmkarlarım kənarda qaldıq. İnciyib küsmədim. Kimi qınaya bilərdim?! Bunu texnologiyanın inkişafı ilə əlaqələndirirəm. Başqa kanallar da dəvət etmədilər. Çünki mən AzTV-nin aktyoru idim. Deyirdilər ki, sizi dəvət etsək, deyəcəklər ki, AzTV-nin obrazıdır. Sözün düzü, özüm də sonralar can atmadım. Hətta o vaxt Gənclər teatrında çalışanda Hüseynağa Atakişiyev qarşıma şərt qoyub dedi ki, ya televiziyanı seç, ya da teatrı. Gözümü qırpmadan, düşünmədən televiziyanı seçdim. Teatrdan çox asanlıqla çıxdım. O vaxt məni haralara dəvət etmirdilər ki, Əbülfəz Elçibəyin olduğu toylarda da çıxış edirdim. Zeynəb Xanlarova bir dəfə AzTV-nin koridorunda məni saxlayıb dedi ki, fikirləşmə ki, deputatam, amma verilişlərinə baxıram. Əlimi sıxıb təşəkkür etdi. Bu mənim üçün unudulmaz bir görüş idi. Gözümdə şöhrət, pul qazanmaq yox idi. Olsaydı, indi bəlkə də, villalarda yaşayırdım” .

Adışirin Bağırov bildirib ki, bugünki uşaqları təəccübləndirmək mümkün deyil:

“Texnologiyanın bu qədər yüksək inkişaf etdiyi bir vaxtda sözün düzü, özüm də can atmıram ki, uşaq verilişlərini təkrar efirə qaytaraq. O səviyyəni qoruyub saxlaya bilməyəcəyik. Bu, mümkün deyil. Çünki hər uşağın əlində telefon var, istədiyi cizgi filmini, nağılları izləyə bilir. O vaxt axşam 8-in yarısını səbirsizliklə gözləyirdilər ki, cizgi filminə baxsınlar. Bu gün uşaqlara kitabları sevdirmək lazımdır. Öz adət-ənənələrimizi uşaqlara öyrətməliyik”.

# 1192 dəfə oxunub

Oxşar xəbərlər

Dərdlərini özü ilə aparan azərbaycanlı aktrisa

Dərdlərini özü ilə aparan azərbaycanlı aktrisa

18:39 28 noyabr 2024
Xalq artisti kommunal borclara görə məhkəməyə verildi

Xalq artisti kommunal borclara görə məhkəməyə verildi

18:06 28 noyabr 2024
Axundov onu sui-qəsddən xilas etmişdi... – Həsən bəy Zərdabinin həyatından qeyri-adi faktlar

Axundov onu sui-qəsddən xilas etmişdi... – Həsən bəy Zərdabinin həyatından qeyri-adi faktlar

17:42 28 noyabr 2024
"Gənclərin roman müsabiqəsi - 2"nin qısa siyahısı açıqlandı

"Gənclərin roman müsabiqəsi - 2"nin qısa siyahısı açıqlandı

17:39 28 noyabr 2024
“Uzaq sahillərdə” bədii filmi Sloveniyada nümayiş edildi

“Uzaq sahillərdə” bədii filmi Sloveniyada nümayiş edildi

16:54 28 noyabr 2024
Ağadadaş Ağayev özünü təqsirli bilmədi - Məhkəmə

Ağadadaş Ağayev özünü təqsirli bilmədi - Məhkəmə

15:45 28 noyabr 2024
# # #