Uşağının suallarına cavab verməyən valideynlər

Ulucay Akif, yazıçı

Ulucay Akif, yazıçı

22 sentyabr 2024
# 13:50

Kulis.az Ulucay Akifin yeni yazısını təqdim edir.

O gün avtobusda üç-dörd yaşında bir oğlan uşağı pəncərəyə bərkidilmiş qırmızı çəkici göstərib anasından soruşdu:

- Mama, ay mama, o nə üçündü?

Anası uşağa tərs-tərs baxdı, sonra başını aşağı salıb telefonuyla oynamağa davam elədi.

Uşaq da pərt olmuş kimi anasına baxıb, heç nə demədi. Əlimi uşağın çiyninə qoyub dedim:

- O çəkici qoyublar ki, qəza olsa, onunla pəncərəni qıraq, pəncərədən çıxaq.

Uşağın gözünün içi parıldadı:

- Doğrudan??? Onnan pəncərəni qırmaq olar ki??? Çox balacadı axııı.

Gördüm özümün də elə də başım çıxmır. Yalandan dedim ki, bəs onu elə düzəldirlər, pəncərəyə yavaş vursan da qırılır, içində başqa şey var, çox bərkdi.

- Oydaaaaa! - eləyib yenə pəncərədən çölə baxıb nəsə axtarmağa başladı.

Fikir verdim ki, uşağın anası mənə qəribə baxır. Utanmaq əvəzinə tərs-tərs baxır.

Nədir məsələ...

"Gün çıx! Gün çıx!

Kəhər atı min, çıx!"

Uşaqlığımızda belə bir şeir əzbərlətmişdilər bizə günəşlə, ayla bağlı. Yəqin çoxunuz bilirsiniz o şeiri.

"Oğlun qayadan düşdü,

Qızın təndirə düşdü..." - belə davam eləyirdi.

Mən adım kimi əminəm ki, nəinki uşaqlığında, hətta böyüdükdən sonra da "kəhər" sözünün mənasını bilməyənlər var, həm də xeyli sayda. Bəlkə, ölkənin 99 faizi kəhər sözünün mənasını bilmir, amma ölkənin 99 faizi bu şeiri əzbər bilir.

Bunu niyə deyirəm?

Onu demək istəyirəm ki, bizi uşaqlıqdan belə böyüdüblər. Bilmədiyimiz şeyi soruşmuruq böyüklərimizdən. Fikir verirəm, çöldə, avtobusda, metroda bapbalaca uşaqlar analarına, atalarına heç sual vermirlər demək olar. Çox nadir halda görürəm sual verən uşaqları.

Sual verməyən, maraqlanmayan, öyrənmək istəməyən uşaq nə olacaq axı?

Bəli. Məhz NƏ (!) olacaq axı?

Günah, əlbəttə ki, uşaqlarda deyil. Elə uşaq ola bilməz ki, maraqlanmasın, soruşmasın.

Eşşəklik valideynlərdədi. Elə o avtobusda gördüyüm ana kimi. Uşaq səndən söz soruşur, cavab ver də uşağına.

Uşaqların suallarına cavab vermirlər. Uşaq çox sual verəndə, üstünə qışqırırlar ki, səsini kəs, səsin başıma düşür.

Nə sual versin uşaq qorxusundan?

Hələ indiki valideynlər lap betərdi. Uşaqların əlinə telefon veriblər ki, uşaq səsini kəssin, danışmasın, sual verməsin.

Uşaq da böyüyür key kimi.

Sən insan yetişdirirsən, ya elə ərin səni boşamasın, yerini bərkidəsən deyə doğmusan (!) bu uşağı?

Söhbət tək analara aid deyil. Atalar da həmçinin.

Uşağının əlindən tut, apar gəzdir, bir pişik sığallasın yanında, bir quş dalınca qaçsın, palçığa batsın, yıxılsın, qalxsın, ağlasın, gülsün.

Suallar versin sənə.

Canın çıxsın uşağının suallarına cavab ver!

Gündə min sual versə də, cavab ver.

Soruşmadığı şeyləri də özün öyrət.

Əzbərlətdiyin o şeirdə "kəhər at"ın nə olduğunu başa sal uşağına.

Necə başa salasan, heç özün də bilmirsən axı...

# 2069 dəfə oxunub

Oxşar xəbərlər

Ankarada Beynəlxalq Füzuli Simpoziumu keçiriləcək

Ankarada Beynəlxalq Füzuli Simpoziumu keçiriləcək

18:32 26 sentyabr 2024
“Mədəniyyətimiz naxışların izi ilə” adlı sərgi davam edir

“Mədəniyyətimiz naxışların izi ilə” adlı sərgi davam edir

18:00 26 sentyabr 2024
Məşhur cütlük boşandı

Məşhur cütlük boşandı

17:35 26 sentyabr 2024
Beynəlxalq bestsellerlər müəllifi Bakıda

Beynəlxalq bestsellerlər müəllifi Bakıda

16:46 26 sentyabr 2024
Beynəlxalq müsabiqədə azərbaycanlı gənc mükafatlandırılıb

Beynəlxalq müsabiqədə azərbaycanlı gənc mükafatlandırılıb

16:25 26 sentyabr 2024
Şeytan Allah qədər mərhəmətli və bağışlayan deyil! - Şəfiqə Şəfa

Şeytan Allah qədər mərhəmətli və bağışlayan deyil! - Şəfiqə Şəfa

15:45 26 sentyabr 2024
# # #