Ümidsizliyə qapılmaq yerinə həyata gülmək sənəti - Xuraman Hüseynzadə

Ümidsizliyə qapılmaq yerinə həyata gülmək sənəti - Xuraman Hüseynzadə
19 dekabr 2023
# 14:00

Bu gün görkəmli italyan yazıçı İtalo Svevonun doğum günüdür.

Kulis.az Xuraman Hüseynzadənin "Ümidsizliyə qapılmaq yerinə həyata gülmək sənəti" adlı yazısını təqdim edir.

Romanları könüllü olaraq itdiyimiz psixoanaliz labirintləridir, həqiqəti görmək üçün duygularının və düşüncələrinin aynasıdır... Dost məsləhəti ilə qapıldığı ümidsizlikdən çıxmağı bacaran yazıçı bu cəhətinə görə çoxlarına örnək ola bilər. Amma dost da dostdur a... Bu haqda bir azdan...

Əsl adı Ettore Şmits olan italyan yazıçı və dramaturq İtalo Svevo (1861-1928) İtaliyanın Triest şəhərində təminatlı bir yəhudi ailəsində doğulub. Fransisko və Alliqriya Şmitsin səkkiz övladının beşincisi olaraq dünyaya gələn İtalo 12 yaşı olarkən Almaniyada Segnitz kollecində təhsil almağa yollanır. 17 yaşında Triestə qayıdarkən geridə qalan təhsilini universitetdə davam etdirir. 1880-ci ildə ailə şirkəti iflas etdiyi və atasının səhhətində problemlər yarandığı üçün təhsilini yarımçıq qoyaraq bankda işə düzəlir. Svevo, çağdaş Avropa ədəbiyyatının qurucularından biri hesab olunur.

O, 1892-ci ildə öz vəsaiti hesabına ilk romanı olan "Una Vita"nı nəşr etdirir. Kitab oxucuların və tənqidçilərin marağına səbəb olmur. Həmin il atasının, 1895-ci ildə isə anasının ölümündən sonra xalası qızı Livia Veneziani ilə evlənir. Eyni zamanda bankdakı işindən ayrılaraq qayınatasının yanında işləməyə başlayır. 1898-ci ildə ikinci kitabı "Yaşlılıq" işıq üzü görür və o da heç kəsin diqqətini çəkmir. Kitablarının diqqət çəkmədiyini görən İtalo Svevo ümidsizliyə qapılaraq yazmağı buraxır.

Coysla tanışlıq

Həyat yoldaşı olan xalası qızı Livia xatirələrində Svevonun tez-tez İngilətərəyə getdiyi üçün ingilis dilini öyrənmək ehtiyacı duyduğunu yazır. Svevo müəllim axtararkən Ceyms Coysla tanış olur. Ceyms Coys 1907-ci ildə Triestdə ingilis dili müəllimi işləyirdi. Ömrünün sonuna qədər onun Coysla dostluğu davam edir. Svevo "Yaşlılıq" əsərini dostu Coysa göstərir. Coys onu dəstəkləyərək yazmağa davam etməsini məsləhət görür. Coys "Uliss" əsərindəki Leopold Bloom obrazını Svevonun xarakterindən ilhamlanaraq yaradır. Sonrakı illərdə isə o, Ziqmund Freyddən təsirlənir. Bu təsir 1919-cu ildə yazmağa başladığı və 1923-cü ildə nəşr etdirdiyi "Zenonun özünüdərki" əsərində də hiss olunurdu. Bir neçə illik sükutdan sonra kitab diqqətləri cəlb edərək tənqidçilər arasında müxtəlif müzakirələrə yol açır. Svevo yenidən "Lazarusun dirilişi" ilə yazmağa davam edir. Beləcə, Coysun məsləhəti öz bəhrəsini verir...

Gənclik romanı kimi yazılan "Yaşlılıq"

XIX əsrin sonlarına doğru insanlarda ruh düşkünlüyü, pessimizm müşahidə olunmaqdaydı. "Yaşlılıq" romanının qəhrəmanı Emilio və yazıçı Svevo öz dövrlərinin təmsilçiləridir. Svevo da Emilio kimi dövrünün izn verdiyi qədər sevə bilir.

İkinci nəşrdə kitaba "Emilionun karnavalı" adı verilməsi məsləhət görülür. Karnaval - xoşbəxtlik və əyləncədir. Hələ otuz beşində ikən yaşlanmış Emilionun Angiolina ilə yaşadığı dönəm həyatının ən xoşbəxt anlarıdır. Ancaq Svevo romanın bir şəxsi deyil, bir dönəmi əhatə etməsini istədiyi üçün həmin məsləhəti rədd edir. Buna baxmayaraq sonrakı bəzi nəşrlərdə kitab "Emilionun karnavalı" adlanır.

"Senilita" ("Yaşlılıq") italyan yazıçısı İtalo Svevonun ikinci romanıdır. Adı "Yaşlılıq" olsa da, yazıçı onu bir gənclik romanı kimi düşünüb yazır. Romanın əsas qəhrəmanı Emilio bacarıqsız biridir. Xoşbəxtliyi əldə etmək üçün bir iş görmür. Yaşamağın yolunu tapmamış, həyatdan kam almamış, özünə bəhanələr axtararaq yaşamağı "təxirə salmış", xoşbəxtliyi "tuta bilməmiş" bir obrazdı. Əslində o, həmişə "yaşlı" olub.

Orta yaş depressiyasına girən Emilio Angiolina ilə tanış olur. Angiolina, qarşısına çıxan fürsətlərdən yararlanmağı bacaran, insanlardan öz mənafeyi üçün istifadə edən yalançı biridir. Ancaq Emilionun gerçəkləri görməyən gözündə ilahi bir gözəlliyə sahibdir. Emilio Angiolinanı mələk kimi gördüyü üçün ona "Ange" deyir. "Ange", onun dostu Ballinin gözündə isə sıradan bir "Giolina"dır...

Svevo Umberto Veruda adlı bir rəssam ilə tanış olur və aralarında yaxın bir dostluq yaranır. Yazıçının həyatında önəmli bir yer tutan bu adam da "Yaşlılıq"da Stefano Balli adlı məşhur heykəltəraş kimi qarşımıza çıxacaq. Veruda yazıçıya ümidsizliyə qapılmaq yerinə həyata gülmək sənətini öyrədəcək. Svevonun üçüncü romanının əsas qəhrəmanı Zeno Cosini tipində olan Verudadan aldığı dərsi xarakterinə münasib görəcək və oxucu ən ciddi olaylara belə gülə biləcək. Dörd əsas obraz - Emilio, Amaliya, Balli və Angiolina kvartetindən ibarət bu əsərdə komik Emilio-tragik Amaliya ikisi xəyallar aləmində yaşayan, xəstəhal, bir-birlərinin alter-eqosu olan iki məğlub insandır. Romanda müxtəlif xarakterləri bir araya gətirən İtalo Svevoya ən çox şöhrət qazandıran isə "Zenonun özünüdərki" psixoloji romanıdır.

Sonuncu olmayan

"sonuncu siqaret"

Freydin psixoanalizi ilə tanış olduqdan sonra Svevonun qələmə aldığı bu roman 1923-cü ildə işıq üzü görür. Roman Zenonun həkiminin gündəliyi ilə başlayır. Zenonun yazdığı gündəlikdə həkimin məqsədi müalicəni yarımçıq qoyduğu üçün xəstədən intiqam almaqdır.

Zeno ilk hissədə özünün siqaret vərdişi haqda yazır. Uşaqlıqdan aludə olduğu siqaretdən yaxa qurtarmağa çalışır. Həkim müayinəsindən sonra xəstəliyə tutulduğu məlum olur və ona sağalması üçün siqaretdən uzaq durmaq tapşırılır. Zeno sağlamlığının təhlükə altında olduğunu dərk edir və siqareti tərgitməyi qarşısına məqsəd qoyur. "Sonuncu siqaret" adıyla çəkdiyi siqaretə növbəti gün yenə qayıdır və beləcə "sonuncu siqaret"dən əziyyət çəkməyə başlayır. Bu əzablı vərdişdən xilas olmaq üçün o, müxtəlif vasitələrə əl atır, amma "sonuncu siqaret" heç cür sonuncu olmur. Bu vərdişdən əl çəkmək, sağlamlığına qovuşmaq üçün klinikada yatsa da, ordan qaçdığı üçün istəyinə çata bilmir.

Zeno, atasını itirdikdən sonra iş adamı Malfenti ilə tanış olur. Malfentinin Ada, Auqusta, Alberta və Anna adlı dörd qızı var. Zeno Adaya vurulur. Ada isə onu deyil, Zenonun rəqibi Quidonu seçir. Ziddiyyətlərlə dolu olan romanı Servantesin "Don Kixot"una da bənzədirlər. Hiyləgər, fitnəkar Zeno obrazı romanın baş qəhrəmanı olsa da, əslində antiqəhrəmandır. Pirandello, Prust, Coys və bəzən də Kafkayla birlikdə adı çəkilən Svevo, XIX əsrdə öncə romantizmin, ardınca realizmin qəliblərindən çıxa bilməyən ədəbiyyatdan ayrı bir cığır açan yazarlardandır. 1928-ci ildə "Zenonun özünüdərki" əsərinin davamı olaraq düşündüyü dördüncü romanı yazmağa başlayır.

"Gözəl qəlbli qoca və gözəl qızın hekayəsi" adlı həmin roman Svevonun italyan və Avropa ədəbiyyatındakı yerini müəyyənləşdirən əsərlərdən olacaqdı.

Gözəl qəlbli yaşlı adam çox gənc və gözəl bir qızı sevərsə, nə olar? Əlbəttə, bütün nonkonformistlər kimi rəzil olar... Modern İtaliya ədəbiyyatının ən önəmli isimlərindən İtalo Svevonun bu əsəri yığcam və çox maraqlıdır.Roman müharibə dövründən bəhs edir. Ölkə yoxsulluq içərisindəykən yaşlı bir kişi müharibədən istifadə edir. Onun cibləri dolu, sağlamlığı yerindədi... O, gözəl bir qızla qarşılaşır və yoxsulluğundan faydalanaraq qızın həyatına girir. "Yaşlı kişinin özünü heç gözləmədiyi anda gənc hiss etdiyində ağlını əlindən alan üçüncü duygu "gəncliyim geri dönür" idi. Bu yaşlı adam o qədər eqoistdir ki, bir qadını istədiyində cavan qızlar tərəfindən gəncliyinin geri dönməsini istəyən Kral Davuda dönür." Cəhalət yuvası olan Şərq ölkələrinin ənənəvi qoca kişi-cavan qız münasibətlərindən bəhs edən bu romanda yazıçı qəhrəmanlarının vasitəsilə insanlara əxlaqi öyüdlər verir...

"Həmişə narahat olmaq bəlkə də mənim alın yazımdır" - deyən İtalo Svevo 1928-ci ildə Motta di Livenzada avtomobil qəzasında dünyasını dəyişir. Onun söz açdığımız əsərləri ilə yanaşı qısa hekayələri, məktub və teatr üçün əsərləri də ədəbiyyat tarixində qalacaqdı...

# 727 dəfə oxunub

Oxşar xəbərlər

Canlı yayımda halı pisləşən müğənni verilişi tərk etdi

Canlı yayımda halı pisləşən müğənni verilişi tərk etdi

17:22 29 noyabr 2024
Şair Cəlil Cavanşir Sivva ilə klipə çəkildi

Şair Cəlil Cavanşir Sivva ilə klipə çəkildi

16:28 29 noyabr 2024
Rusiyada Yeni ildə ən çox onları səhnədə görmək istəyirlər

Rusiyada Yeni ildə ən çox onları səhnədə görmək istəyirlər

16:20 29 noyabr 2024
6.2 milyon dollarlıq "Divara yapışdırılmış banan" mətbuat konfransında yeyildi

6.2 milyon dollarlıq "Divara yapışdırılmış banan" mətbuat konfransında yeyildi

15:30 29 noyabr 2024
"Bizi telefon pozmayıb, əvvəldən belə olmuşuq" - Ulucay Akif

"Bizi telefon pozmayıb, əvvəldən belə olmuşuq" - Ulucay Akif

15:00 29 noyabr 2024
Bi­zi sonsuz xəyallara qərq edən qüvvə - Sərgərdan və məzəli həyatın sonu

Bi­zi sonsuz xəyallara qərq edən qüvvə - Sərgərdan və məzəli həyatın sonu

13:30 29 noyabr 2024
# # #