Toydan qaçırmaq istədilər, yeznəsini və nəvəsini öldürdülər, oğurluqla şərlədilər – Gövhər Rzayeva haqqında maraqlı faktlar

Toydan qaçırmaq istədilər, yeznəsini və nəvəsini öldürdülər, oğurluqla şərlədilər – Gövhər Rzayeva haqqında maraqlı faktlar
22 fevral 2023
# 13:00

Kulis.az tanınan qarmon ifaçısı, Əməkdar artist Gövhər Rzayeva haqqında maraqlı faktları təqdim edir.


Gövhər Mirhəmid qızı Rzayeva 1953-cü ildə Bakı şəhərində keçmiş Sovetski məhəlləsində anadan olub. Ailədə iki bacı, bir qardaş olublar. Gövhər xanım evin ilk övladı olub. Onun adını nənəsi qoyub. Atası həmişə Gövhər xanımı anam deyə çağırıb.

***

Gövhər Rzayevanın xalalarından biri Sara Mahmudova Bakının məşhur nağara ifaçısı, Validə Mahmudova isə müğənni olub. Gövhər xanım özü həkim olmaq istəsə də, iş elə gətirib ki, on iki yaşından qarmon ifa etməyə, qadın toylarına getməyə başlayıb. Musiqi təhsili alan zaman atası həmişə özü onu məktəbə aparıb gətirib.

173 saylı məktəbdə oxuyan Gövhəri istəyən, elçi gələn çox olub. Hətta onu qonşuluqdan bir oğlan istəyir. Elçi göndərir, yaşı az olduğundan atası razı olmur. Belə olan halda onlar Gövhəri qaçırmaq istəyirlər. Buna görə də Gövhər qadın məclislərinə də gedəndə, atası onu nəzarətsiz buraxmayıb. Məclislərdə boyu balaca olduğundan onun altına bir neçə qalın döşəkcə qoyurmuşlar ki, boyu qarmona çatsın. Bir dəfə də toy vaxtı onu yuxu tutur, başını qarmonun üstünə qoyub yatır. Anası onu oyadıb deyir, Gövhər toydasan, yatma.

***

Gövhər xanım ilk dəfə toylara mərhum qarmonçalan Qızxanım Dadaşova ilə gedib. İlk dəfə isə Rübabə Muradovanı müşayiət edib. Rübabə xanım onu ilk dəfə görəndə, yanındakı köməkçisinə deyir: Bundan balaca qarmonçalan tapa bilmirdiniz? Köməkçisi isə cavab verir ki, siz onun boyuna baxmayın, yaxşı ifa edir. Toydan sonra Rübabə xanım Gövhərə yaxınlaşıb deyir:

“Afərin qızım. Sən yaxşı ifaçısan, sənin gələcəyin olacaq”

İfaçının qızı Ülkər Rzayeva ailə qursa da, bəxti gətirmir. Sonralar vaxtilə müğənnilik fəaliyyəti ilə məşğul olur. Mahnılar ifa edir, kliplər çəkdirir. Ancaq müəyyən müddətdən sonra anası müğənnilik sənətini ona qadağan edir. Müsahibələrinin birində Gövhər xanım deyir:

“O, mənim nəfəsimdir, sonbeşiyimdir. Allah ona gözəl sürət bəxş edib. Arzu edirəm ki, siması kimi də tanrı ona bəxt versin. Qızım ailə qurdu. Amma bəxti gətirmədi. Həyat yoldaşını öldürdülər. Bir az keçdi, oğlunu da öldürdülər ki, vərəsəsi qalmasın. Bir ildən sonra qızımı qaytarıb gətirdim evimə. Mənim başıma nələr gəlməyib ki? Bəlkə də, mənim yerimə başqası olsaydı, havalanardı. O biri qızımla, oğlumdan rahatam. Amma Ülkərdən nigaranam. Çünki onun qəlbi sınıqdı”.

Gövhər xanım bir vaxtlar öz qohumlarından olan bir bəy tərəfindən pul oğurluğunda günahlandırılır. Şərə düşdüyünü bilən ifaçı altı ay bu məsələnin stressini yaşayır. Müsahibələrinin birində o, bu haqda deyir:

"Kiminsə evinə gedəndə hər zaman mətbəxdə oturmağı sevirəm. Qohumumuzun evində idim. Söz-söhbət oldu. Gəlib mənə dedi ki, 10 min pul götürmüsən. Dedim, zarafat edirsən, axı mən mətbəxdən o tərəfə keçməmişəm? Dedi, yox. Dedim ki, tutaq ki, çemodanla pul qoymusan qarşıma, şeytan azdırdı məni, mən də gəlib oradan 100 manat götürdüm, amma sənin dediyin məbləğ çoxdur axı. Məndə o qədər pul yoxdur. Evdə 400 manatım var. Gəl onu sənə verim. Razı olmadı. Ondan sonra dəfələrlə mənə zəng edib pul istədi. Sonuncu dəfə zəng edəndə mən də dedim ki, səni görüm qəfil gülləyə tuş gələsən. Dəstəyi asdı. Üzərindən 5-6 ay keçdi. Xəbər gəldi ki, onu güllələyiblər. Sonra demişdi ki, Gövhərə şər atdım. Allah keçsin günahımdan. Dünyasını dəyişdi. Amma mən demişəm, o dünyada da iki əlim onun yaxasında olacaq. Allah şəri, böhtanı heç kimə bağışlamır".


Deyilənlərə görə gənclik illərində qarmon ifaçısı bir nəfərlə sevgili olub. Bir-birlərini çox sevsələr də tası Gövhərin həmin adamla ailə qurmasına qəti şəkildə etiraz edib. Bu səbəbdən də bu sevgi davam etməyib.

***

Gövhər xanım cəmi bir dəfə ailəli olub. Bu evlilikdən onun iki qızı, bir oğlu doğulub. 28 ildən sonra o, həyat yoldaşından boşanıb. Müsahibələrinin birində deyir:

“Sağ çıxmayaydı qabağıma. Onun xalasının məndən xoşu gəlmişdi. Bir dəfə məni efirdə görəndə yoldaşıma deyib ki, adamın belə gəlini ola. Yoldaşımı xalası saxlamışdı, çox yaxşı qadın idi. O, da Şüvəlan toylarının birində mənimlə rastlaşır, gedir xalasına deyir ki, sənin xoşuna gələn qız burda toydadır. Atamgil məni ona vermirdilər. İki ildən sonra saqqızımı oğurladılar. O, məni sevmirdi, mən də onu. Amma evləndik. Üç övladımız doğuldu. Mən yaxşı pul qazanırdım. O, mənimlə evlənəndən sonra heç bir işin ardınca getmədi. Gecə ikidə evə gəlirdi, məni pul üstündə döyürdü, söyürdü. 28 il onunla yaşadım, dözdüm. Amma elə bir mərhələ yetişdi ki, dedim, yox, daha bizimki tutmaz. Ayrıldıq. Məndən sonra bir neçə dəfə evləndi, boşandı. Mənim də balalarım böyük idi. Mən də ikinci dəfə ailə qurmadım, onların yanına başqa kişi gətirə bilməzdim. Qadın kimi yarımadım, xoşbəxt olmadım. Gecələr yerimə girəndə sümüklərim sızıldayır. Özümün özümə heyfim gəlir. Məclislərə gedəndə, ozümü uşaq kimi qarşıma qoyub ağlayıram”.

# 32888 dəfə oxunub

Oxşar xəbərlər

İranda hicabsız konsert verən müğənni saxlanıldı

İranda hicabsız konsert verən müğənni saxlanıldı

14:10 14 dekabr 2024
Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

13:23 14 dekabr 2024
İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

12:00 14 dekabr 2024
Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

11:24 14 dekabr 2024
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 13 dekabr 2024
Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

17:00 13 dekabr 2024
# # #