Kulis.az Günel Novruzun yeni yazısını təqdim edir.
Təhsil – bir cəmiyyətin gələcəyini inşa edən ən həssas, ən incə sütundur. Bu sütun üzərində aparılan hər bir dəyişiklik minlərlə şagirdin, valideynin və müəllimin taleyinə toxunur. Son illərdə ölkə təhsilində keyfiyyəti artırmaq, müasir standartlara cavab vermək məqsədilə müxtəlif addımlar atılır, yeni modellər sınaqdan keçirilir. Lakin bəzən yaxşı niyyətlə başlanan bu "islahat marafonu" elə bir temp alır ki, təhsilin əsas ehtiyacı olan sabitlik və ardıcıllıq kölgədə qalır. Təhsildə tez-tez və radikal dəyişikliklərin edilməsi, sistemin özünə və onun iştirakçılarına bəzən faydadan çox gərginlik gətirir.
Təhsildə keyfiyyəti ölçmək adı ilə tətbiq olunan kiçik və böyük summativ qiymətləndirmələrin (KSQ və BSQ) sayının həddindən artıq çox olması bu gün pedaqoji mühitdə ən böyük problemlərdən birinə çevrilib. Şagirdin bilik və bacarığını obyektiv qiymətləndirməli olan bu mexanizm, təəssüf ki, müəllimi faktiki olaraq "sənəd və kağız-kuğuz burulğanı" içində qalmasına səbəb olur. Müəllim bütün enerjisini şagirdə mövzunu mənimsətməyə, onun təfəkkürünü açmağa yönəltməkdənsə, bitmək-tükənmək bilməyən testlərin, protokolların və cədvəllərin tərtibinə xərcləyir. Nəticədə qiymətləndirmə tədrisin keyfiyyətini qaldıran vasitə olmaqdan çıxıb, sadəcə bürokratik hesabatlıq xatirinə edilən formal bir prosedura çevrilir. İmtahan və qiymətləndirmə marafonu şagirdlərdə öyrənmə həvəsini öldürür, müəllimləri isə metodiki yaradıcılıqdan uzaqlaşdırıb mexaniki sənəd icraçısına çevirir.
Təhsil sistemində rast gəlinən hallardan biri dərsliklərin və tədris proqramlarının (kurikulumların) 3-4 ildən bir yenilənməsidir. Əlbəttə, dünyada elmin və texnologiyanın inkişafı dərsliklərin müasirləşməsini tələb edir. Lakin məzmunun və metodologiyanın hər neçə ildən bir köklü şəkildə dəyişməsi ciddi fəsadlar yaradır. Müəllim yeni dərslik metodologiyasına tam yiyələnməmiş, onun mənfi və müsbət tərəflərini analiz etməmiş yeni bir nəşrlə qarşılaşır. Bu da tədrisin keyfiyyətinə bilavasitə təsir edir. Şagirdlərin böyük bacı-qardaşlarından qalan resurslardan, təcrübədən yararlanmaq imkanı itir. Hər dəfə yeni məzmun valideynləri əlavə resurslar, yeni nəşrlər və repetitorlar axtarmağa sövq edir.
Dərsliklərlə bağlı əsas məsələ sadəcə onların tez-tez dəyişməsi deyil, həm də daxili məzmunun və dilin şagirdin yaş psixologiyasına uyğun gəlməməsidir. Bu gün xüsusilə ibtidai və orta sinif dərsliklərində elə mürəkkəb akademik dil, ağır terminologiya və həddindən artıq yüklənmiş proqram materialı ilə qarşılaşırıq ki, “Tarixi-Nadir”i yarıyacan oxumuş böyüklər anlamaqda aciz qalırlar, o ki qala uşaqlar... Dərsliyin dili şagirdlə dialoq qurmalı, onu düşünməyə sövq etməlidir; nəzəriyyə yığını ilə onu yormamalıdır.
Üstəlik, bir də aşağı sinif dərsliklərinə daxil edilən qəliz xarici müəlliflərin əsərlərinin bərbad tərcümələrini də əlavə etsək, yaylıq götürüb təhsilimizin halına ağlamaq lazım gəlir. Uşaq ədəbiyyatı xüsusi həssaslıq, bədii ruh və dil zənginliyi tələb edir. Sözün, cümlənin ruhunu itirmiş, süni şəkildə dilimizə çevrilmiş bu mətnlər ibtidai sinif şagirdinin estetik zövqünü korlayır, doğma dilimizin incəliklərini mənimsəməsinə mane olur. Şagird həm dərsin ağır dil yükü altında əzilir, həm də bədii cəhətdən qüsurlu mətnlərlə mütaliədən soyuyur.
Ali və ya orta təhsil müəssisələrinin fəaliyyətinə xitam verilməsi də (məsələn, Bakı Qızlar Universitetinin bağlanması kimi hallar) təhsil mühitində böyük rezonans doğurur. Əlbəttə, keyfiyyət standartlarına cavab verməyən, tələbləri ödəməyən müəssisələrə qarşı tədbirlərin görülməsi hüquqi və akademik baxımdan başa düşüləndir. Lakin burada əsas sual ortaya çıxır: Niyə birinci seçim həmişə bağlamaq olur? Onsuz da Azərbaycanda ali təhsil müəssisələrinin sayı elə də çox deyil axı...
Təhsil müəssisəsi yalnız bir bina və ya lisenziya deyil; o, illərlə formalaşmış akademik mühit, müəllim heyəti və orada təhsil alan tələbələrin gələcək ümidləridir. Nöqsanlar və çatışmazlıqlar aşkar edildikdə, dərhal fəaliyyəti dayandırmaq əvəzinə, bərpa və “sağlamlaşdırma” proqramlarının tətbiqi daha arzulunandır. Müəyyən müddət verərək idarəetməni yeniləmək, kadr potenasialını gücləndirmək və standartlara uyğunlaşdırmaq həm tələbələrin psixoloji rahatlığını qoruyar, həm də ölkənin təhsil resursunu itirməyin qarşısını alar.
Yaxınlarda elan edilən 2026-2027-ci tədris ilində Bakının 31 məktəbində X-XI siniflər üçün yeni təmayül modelinin tətbiqi ideya olaraq təqdirəalayiqdir. Məqsəd aydındır: şagirdin məktəbdən kənar hazırlıq kurslarına (repetitorlara) ehtiyacını azaltmaq, ali məktəbə hazırlığı məktəb daxilində səmərəli təşkil etmək.
Lakin bu novator addımın tətbiq mexanizmi və zamanlaması bəzən gözlənilməz sosial narahatlıqlara yol açır. Buna canlı bir misal kimi yaxın rəfiqəmin yaşadığı vəziyyəti göstərə bilərəm. O, tam 10 il eyni məktəbdə təhsil alan oğluna indi yayın ortasında tələm-tələsik yeni məktəb axtarmaq məcburiyyətində qaləb. Çünki universitetə hazırlaşan oğlunun təhsil taleyini hələ nəticəsi qeyri-müəyyən olan bir təmayül modelinə etibar etməyi doğru saymır. Üstəlik də, günümüzün reallığıdır ki, buraxılış siniflərində şagirdlər dərsdən sonra müəyyən hazırlıqlara gedirlər. Təmayül modelində isə proqrama uyğun olaraq saat günorta 15:00-16:00-a kimi məktəbdə qalması onun hazırlıq rutininə uyğun gəlmir. Dərsdən yorğun-arğın qayıdan yeniyetmə əlavə olaraq necə hazırlaşıb əlavə material öyrənəcək? Valideyn də, şagird də buna razılaşmadığı üçün məcburən bu modelin tətbiq olunmadığı alternativ məktəb axtarmalı olur. Olmazdımı ki, təmayül modeli yaradılan məktəbdə heç olmasa bir sinif saxlanardı ki, o modeli seçmək istəməyən şagird adi qaydada dərsinə davam edərdi? 10 illik doğma mühitindən, öyrəşdiyi pedaqoji kollektivdən birdəfəlik qoparılıb naməlum bir sistemin içinə atılması buraxılış sinfinə qədəm qoyan gənc üçün böyük bir psixoloji gərginlik, valideyn üçün isə yayın ortasında düşdüyü bitməyən bir təlaşdır. Buraxılış siniflərində olan şagird üçün mühit dəyişikliyi imtahan stresi ilə birləşdikdə akademik nəticələrə mənfi təsir edə bilər.
Təhsil sisteminin inkişafı üçün yeniliklər mütləqdir, lakin bu yeniliklər orqanik, tədricən və proqnozlaşdırılan olmalıdır. Hər hansı yeni təmayül modeli və ya dərslik dəyişikliyi ən azı 1-2 il öncədən ictimaiyyətə tam ətraflı izah olunmalı, keçid mərhələli şəkildə həyata keçirilməlidir. Valideynlər və şagirdlər yayın ortasında deyil, öncədən öz planlarını qura bilməlidirlər.
Zəif nəticə göstərən ali və ya orta təhsil müəssisələrinə cəza mexanizmi kimi "bağlanma" qərarı verməzdən öncə, dövlət-özəl tərəfdaşlığı ilə xüsusi alətlər tətbiq edilməli, kadr və struktur dəstəyi ilə həmin müəssisələr ayağa qaldırılmalıdır.
Dərsliklərdə dəyişməz "qızıl standart" tətbiq olunmalıdır. Dərsliklərin strukturunu hər neçə ildən bir tamamilə dəyişmək əvəzinə, bazanı sabit saxlayıb yalnız faktoloji və texnoloji yenilənmələri əlavə etmək (edits/updates) təcrübəsinə keçilməlidir.
Yeni modellər kütləvi tətbiq olunmazdan əvvəl daha kiçik fokus qruplarda sınaqdan keçirilməli və yalnız tam uğurlu nəticələr alındıqdan sonra genişləndirilməlidir.
Təhsil tələsik qərarları, tez-tez edilən kəskin dönüşləri sevməyən bir sahədir. Bir ağacın bəhrə verməsi üçün onun köklərinə zaman və sabit torpaq lazımdır; hər il yerini dəyişən ağac bar verməz. Təhsildə aparılan hər bir yeni addım şagirdin rahatlığını, müəllimin inamını və sistemin sabitliyini qorumalıdır. Çünki əsl islahat – kəskin dəyişikliklərdə deyil, sabit və davamlı keyfiyyətdə özünü göstərir.