Tara həsr olunmuş ömür - Ariz Abduləliyev

Tara həsr olunmuş ömür - Ariz Abduləliyev
13 may 2024
# 15:30

Bu gün tarzən, pedaqoq, Azərbaycan SSR əməkdar artisti Adil Gərayın doğum günüdür.

Kulis.az Ariz Abduləliyevin "Tara həsr olunmuş ömür" yazısını təqdim edir.

XX əsrin birinci yarısında Üzeyir Hacıbəylinin istedadlı gənclərə himayədarlığı və qayğısı sayəsində ifaçılığa və yaradıcılığa qədəm qoyan musiqiçilərdən biri də Adil Gəray Məmmədbəyli olmuşdur.

Adil Gəray sənətdə ilk addımlarını tar aləti ilə atmış, bütün yaradıcılığını və fəaliyyətini bu ecazkar milli alətə bağlamış, ifaçı, müəllim və bəstəkar kimi səmərəli və dəyərli fəaliyyət göstərmişdir. Ötən əsrin 30-cu illərində, Dövlət Musiqi Texnikumunda ixtisas fənni üzrə Ü.Hacıbəyli və S.Rüstəmovdan, muğam sənəti üzrə Ə.Bakıxanovdan dərs almışdır. Oxuduğu illərdə H.Sarabskinin xanəndə sinfində müşayiətçi tarzən işləmiş, 1940-cı ildən isə texnikumda dərs demişdir. Konservatoriya təhsilində Ü.Hacıbəylinin sinfində tar ixtisası ilə yanaşı, bəstəkarlıq dərsləri almış və bu sahədə ilk addımlarını atmışdır. Üzeyir bəyin tövsiyəsi və dəstəyi ilə 1938-ci ildən Azərbaycan Radiosunun nəzdindəki ilk notlu xalq çalğı alətləri orkestrində işləmişdir. Orkestrdə əvvəl ifaçı, sonra konsertmeyster, solist və dirijor kimi çalışmışdır. 1938-ci ildə orkestrin tərkibində Moskvada keçirilən Azərbaycan incəsənəti ongünlüyünə, 1959-cu ildə isə Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyünə qatılmış, həmin il respublikanın Əməkdar artisti fəxri adına layiq görülmüşdür.

A.G.Məmmədbəyli 1940-1970-ci illərdə respublikada tar tədrisi üzrə ən qabaqcıl və təcrübəli müəllim kimi hörmət qazanmışdır. A.Zeynallı adına Musiqi Texnikumunda işləməklə yanaşı, 1959-1972-ci illərdə rektor Cövdət Hacıyevin dəvəti ilə Azərbaycan Dövlət Konservatoriyasında tar ixtisası və pedaqoji təcrübə fənlərini aparmışdır.

Qeyd edək ki, Ü.Hacıbəyli tərəfindən əsası qoyulan tar tədrisində dahi bəstəkar və pedaqoqun ilk davamçıları S.Rüstəmov ilə A.G.Məmmədbəyli olmuşdur. Adil Gəray bu səhədə Ü.Hacıbəyli və S.Rüstəmov metodunu layiqincə davam etdirərək öz məktəbini yaratmışdır. Onun sinfini bitirən və müəllimliyindən bəhrələnən gənclər respublikamızın musiqi məktəblərində uğurla dərs vermiş, başladığı yolun – tar tədrisinin davamçıları olmuşlar. Təsadüfi deyil ki, Adil Gərayın sinfinə daxil olmaq nə qədər çətin idisə, sinfini əla qiymətlərlə bitirmək daha bir başucalığı idi. Bu məktəbin yetirmələri arasında görkəmli bəstəkarlar – Arif Məlikov, Nəriman Məmmədov, Dadaş Dadaşov, Adil Bəbirov, görkəmli ifaçı və pedaqoqlar – Qulu Əsgərov, Ramiz Quliyev, Həbib Bayramov, Sabir Quliyev, Sərvər İbrahimov, Ceyran Haşımova, Fikrət Verdiyev, Səid Hacıyev, Sidqi Mustafayev, Orxan Orxanbəyli, Akif Novruzov, Kamil Vəzirov, Adil İsrafilov, Novruz Aydəmirov, Ramiz Firidunbəyli, Anadollu Abbasov, Gündüz Əfəndiyev, İsrafil İsrafilov və b. vardır.

Xalq çalğı alətlərindən, xanəndəlikdən dərs verən müəllimlər də, təhsil alan tələbələr də onunla ünsiyyətə həmişə ehtiyac duyur, yeni tədris metodundan, maraqlı dərslərindən, ustad məşğələlərindən, sinif konsertlərindən və tövsiyələrindən həmişə öyrənir, məsləhət alırdılar. O, bir müddət pedaqoji elmlər üzrə tədqiqat mərkəzində çalışmış, “İbtidai məktəblər üçün nəğmə məcmuəsi”ni tərtib etmişdir. Eyni zamanda Mədəniyyət Nazirliyi nəzdində incəsənət və musiqi məktəbləri üzrə metodika kabinetinin təcrübəli üzvü kimi üzərinə düşən işi həmişə layiqincə yerinə yetirmiş, respublikanın müxtəlif bölgələrində açıq dərslər keçmiş, musiqi məktəblərində təlim-tədrisin keyfiyyətinin artması üçün əlindən gələni əsirgəməmişdir. Nazirlik tərəfindən ona “metodist müəllim”, “qabaqcıl müəllim” adlarının verilməsi də məhz bu bacarığın, təcrübənin və əməyin nəticəsi idi.

Adil Gəray bəstəkar yaradıcılığını da məhz xalq çalğı alətlərinə, pedaqoji repertuarın zənginləşməsinə həsr etmişdir. İlk addımı kimi “Tar üçün etüdlər” toplusunu qeyd edə bilərik. Bu, xüsusi olaraq tar aləti üçün yazılmış texniki tədris repertuarıdır. Ona qədər S.Rüstəmovun tar üçün “Melodik etüdlər”indən və skripka etüdlərinin tar üçün köçürülməsindən istifadə olunurdu. S.Rüstəmovun və Adil Gərayın etüdləri bu günə kimi tar üçün peşəkar səviyyədə yazılmış ilk və yeganə texniki vəsaitdir. Adil Gərayın “Tar üçün etüdlər” məcmuəsi 1943-cü ildə, o hələ tələbə ikən nəşr olunmuşdur. Bu nəşrin dörd mühüm cəhətini qeyd etməliyik. Birincisi, etüdlərin elmi redaktoru Ü.Hacıbəylidir və toplu onun müqəddiməsi ilə başlayır. İkincisi, topluya yeddi muğam əsasında yazılmış nümunə daxildir: “Rast”, “Bayatı-Şiraz”, “Çahargah”, “Mahur-hindi”, “Şüştər”, “Segah”, “Şur” etüdləri. Yeddi muğam əsasında etüdlərin yazılması Nizami Gəncəvinin 800 illik yubileyinə həsr olunmuş və “Yeddi gözəl”ə sanki nəzirə bəstələnmişdir. Üçüncüsü, 1940-cı illərdə muğamların nota yazılmasında boşluq var idi və etüdlər yeddi muğamın nota yazılmasında və işlənilməsində vacib addım idi. Nəhayət, dördüncüsü, müəllif ilk dəfə muğamların tar üçün etüdləşdirilməsi təcrübəsinə nail olmuşdur. Avropa instrumental ifaçılığının inkişafı nəticəsində texniki və müstəqil bədii janr kimi meydana gələn skripka, fortepiano etüdlərinə məxsus janr xüsusiyyətlərinin Azərbaycan milli muğam janrının instrumental çalğı və ənənəvi forma xüsusiyyətləri ilə sintez olunması nəticəsində “muğam etüdü” adlı yeni janrın təməli qoyulmuşdur. Bu etüdlər günümüzdə də musiqi məktəblərində, kolleclərdə və Milli Konservatoriyada tədris olunur.

Adil Gərayın ilk bəstələrindən olan xalq çalğı alətləri orkestri üçün “Cəngi” pyesi 1944-cü ildə Tbilisidə keçirilən Zaqafqaziya musiqi ongünlüyündə S.Rüstəmovun dirijorluğu ilə səslənmiş və maraqla qarşılanmışdır. Onun xalq çalğı alətləri orkestri və xüsusilə tar ilə fortepiano üçün “Yallı”, “Neftçilər rəqsi”, “Zəfər marşı”, “Mərdlik rəqsi” pyesləri, “Sovet Azərbaycanı” süitası, “Qaytağı”, “Şahnazsayağı”, “Bağçakürd”, “Səfikürd”, “Gülüstan”, “Xatirə” əsərləri öz melodiya, intonasiya, forma, ritm kamilliyi və milli ruhu ilə tez bir zamanda rəğbət qazanmışdır. Bu əsərlər günümüzdə də ifaçılıqda və tədrisdə yaşayır.

Milli alətlərin ifa xüsusiyyətlərinə, texniki imkanlarına mükəmməl bələd olan sənətkar Avropa, rus klassik bəstəkarlarının müxtəlif janrda əsərlərinin tar, kamança tədrisinə daxil edilməsi üçün də böyük əmək sərf etmişdir. Onun təşəbbüsü və əməyi sayəsində onlarla belə əsər tar üçün köçürülərək nəşr edilmiş, tədrisə daxil olunmuşdur. Bununla həm milli alət ifaçılığı bədii və texniki cəhətdən inkişaf edir, həm də şagird və tələbələr alət vasitəsilə dünya klassikasına bələd olurlar.

O, xalq arasında sevilən “Azərbaycanım”, “El bəzənsin”, “Vətən nəğməsi”, “Ana kəndim”, “Alagöz”, “Mehribanım”, “Gülzar”, “Yar gəldi”, “Dağlar qızı”, “İnsaf eylə”, “Tarla”, “Şirvan”, “Gözlərin”, “Qurucular”, “Yadigar”, “Boyuna qurban” və b. mahnıların da müəllifidir.

Adil Gərayın böyüyüb boya-başa çatdığı, tərbiyə aldığı mühit maarifçi ziyalı ailəsi olmuşdur. Atası Heybətqulu Məmmədbəyli Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü idi. Təəssüf ki, 30-cu illərin repressiyası onun ailəsindən də yan keçmədi və atası saxta siyasi motivlə güllələndi.

Adil Gəray Məmmədbəyli özünün fəaliyyəti və yaradıcılığı, şəxsiyyəti və ziyalılığı ilə həmkarlarının, davamçılarının, musiqi müəllimlərinin qəlbində əbədi heykəlini yaratmışdır. Məhz bu rəğbətin nəticəsidir ki, vaxtilə oxuduğu və işlədiyi Bakı Musiqi Akademiyasında onun 100 illiyi münasibətilə yaradıcılığına həsr olunmuş seminar-mühazirə keçirilmiş, xatirəsi, dəyərli fəaliyyəti və xidmətləri dərin hörmətlə bir daha yad olunmuşdur.

# 820 dəfə oxunub

Oxşar xəbərlər

Noyabrda... Cəbrayıla yaz gəlib! - 31 il uzanan səfər

Noyabrda... Cəbrayıla yaz gəlib! - 31 il uzanan səfər

15:16 26 noyabr 2024
74 yaşlı Xalq artisti sağalmaz xəstəlikdən əziyyət çəkir

74 yaşlı Xalq artisti sağalmaz xəstəlikdən əziyyət çəkir

15:04 26 noyabr 2024
Filippinli qonaq Ədəbiyyat Muzeyində

Filippinli qonaq Ədəbiyyat Muzeyində

13:47 26 noyabr 2024
Azərbaycan mədəniyyəti və mətbəxi Fransadakı festivalda

Azərbaycan mədəniyyəti və mətbəxi Fransadakı festivalda

12:54 26 noyabr 2024
"Huma Quşu: xeyirxahlıq və cəsarət bələdçisi" - Xeyriyyə axşamı

"Huma Quşu: xeyirxahlıq və cəsarət bələdçisi" - Xeyriyyə axşamı

11:56 26 noyabr 2024
Emmi mükafatlarının qalibləri açıqlandı

Emmi mükafatlarının qalibləri açıqlandı

11:35 26 noyabr 2024
#
#
# # #