Kulis.az İlahə Ümidlinin Hovard Lyun və Bryus L.Berqin “Sosial elmlərdə keyfiyyət tədqiqat metodları” kitabı haqqında yazısını təqdim edir.
Keyfiyyət bir tüstü kimidir; o, realdır və biz onu görə bilərik. Ancaq biz onu xətti formaya salıb ölçə və ya tuta bilmərik. Bunun üçün də keyfiyyət tədqiqatları xüsusi alətlər və texnikalar tələb edir. Keyfiyyət tədqiqat metodları öz-özlüyündə nə, necə, nə vaxt, harada və niyə kimi anlayışları ehtiva edir.
Hovard Lyun və Bryus L.Berqin yazdığı “Sosial elmlərdə keyfiyyət tədqiqat metodları” kitabı ümumilikdə 12 fəsildən ibarətdir. Bütün fəsillər aydın dizayn edilib, hər fəsilə başlayanda müəllim işlədiyim dövrləri xatırlayırdım. Çünki bütün fəsillər “Təlimin məsədləri” yarımbaşlığı ilə başlayır və əvvəlcədən oxucu (öyrənci) üçün siqnal verilir ki, bu fəsli oxuyandan sonra onlar nəyi öyrənəcək və nəyi bacaracaqlar.
“Giriş”, “Keyfiyyət tədqiqatlarının dizayn edilməsi”, “Tədqiqatda etik məsələlər”, “İntervüyə dramaturji baxış”, “Fokus-qrup intervüləri”, “Etnoqrafik sahə strategiyaları”, “İştiraklı praktiki tədqiqat”, “Tədqiqatlarda müdaxiləsiz metodlar”, “Sosial tarixi tədqiqat və şifahi ənənələr”, “Keys stadilər”, “Kontent-analizə giriş”, “Tədqiqatın yazılması: informasiyada məna tapılması” fəsillərini əhatə edən bu dəyərli ədəbiyyat tədqiqat işinin bütün komponentlərini bir vahid materialda birləşdirməyə çalışır. Kitabda tədqiqat dizaynı ilə əlaqədar məsələlərə daha çox diqqət yetirilir. Bununla yanaşı, hansı üsullardan və xüsusi texnikalardan niyə, nə vaxt və hansı hallarda istifadə edilməməli olduğu barədə yeni materiallar təqdim edilir.
Bu kitabda keyfiyyət məlumatlarını toplamağın yeddi əsas metodu: intervü, fokus-qruplar, etnoqrafiya, müşahidələr, tarixşünaslıq, kontent-analiz və tematik tədqiqatlar (keys-stadilər) ətraflı təsvir edilir. Eyni zamanda hər bir texnikanın əsas nəzəri fərziyyələrinin araşdırılması, hər prosedurun necə başlaması və yarana biləcək problemləri necə həll etmək barədə tövsiyələr daxildir.
"Sosial elmlərdə keyfiyyət tədqiqat metodları" kitabı oxucunun tədqiqat prosesi haqqında az və ya heç nə bilməməsinə dair fərziyyə ilə başlayır - Giriş.
II fəsildə tədqiqat layihəsinin necə tərtib edilməsi və ümumilikdə tədqiqat prosesi müzakirə edilir. Əlavə olaraq, tədqiqat proqramı tərtib edilərkən izlənilməli olan spiral model təklif olunur. Eyni zamanda bu fəsildə ədəbiyyat icmalının aparılması barədə də tövsiyələr verilir.
III fəsildə yeni tədqiqatçılar üçün tədqiqat aparmazdan əvvəl başa düşmələri vacib olan bir sıra etik məsələlər yer alıb. Bu fundamental məsələlər arasında tədqiqatın gizli və aşkar problemləri, şəxsi həyatın toxunulmazlığı hüququ, insan subyektlərinə dair institusional nəzarət şuraları və insan mövzusunda araşdırmalarda məlumatlı razılıq yer alır.
IV fəsildə ənənəvi intervü üsullarının müxtəlif formaları ilə yanaşı, dramaturgiya kimi tanınan dərin intervülərin aparılması üçün effektiv tədqiqat strategiyası təqdim olunur.
V fəsildə fokus-qruplara keçid edilir. Bu fəsildə fokus-qrup intervülərinin tarixi kökləri, son bir neçə onillikdə inkişafı və sosial elmlərdə artan istifadəsi haqqında məlumatlar yer alır.
VI fəsil 1-ci fəsildən 4-cü fəslədək qurulmuş təmələ əsaslanır və tədqiqat prosesinin təbii şəraitdə aparılan formasını, yəni etnoqrafiyanı araşdırır. İntervü ilə yanaşı, 6-cı fəsildə müşahidə və dinləmə, çöl qeydləri və çöl tədqiqatları ilə bağlı bir sıra digər problemlər müzakirə olunur.
VII fəsildə dinamik tədqiqat rejimi – iştiraklı praktiki tədqiqat – təhsil və tibb bacısı tədqiqatlarında əhəmiyyətli bir tarixə malik olan fəaliyyət araşdırması nəzərdən keçirilir.
VIII fəsildə tədqiqatlardakı müdaxiləsiz metodlar və reaktivliyin qarşısını tamamilə alan bir neçə strategiya təklif olunur, müdaxiləsiz tədbirlərin istifadəsi araşdırılır.
IX fəsildə müəyyən iş növlərinin, yəni tarixşünaslığın ixtisaslaşdırılmış və sistemli istifadəsi nəzərdən keçirilir.
X fəsildə fərdlərin özünəməxsus yerlərdə və vəziyyətlərdə öyrənilməsi üçün istifadə olunan bir texnikaya – keys-stadi metoduna baxılır. Bu fəsildə həmçinin icmalarda və təşkilatlarda keys-stadi tədqiqatının necə aparılması müzakirə olunur.
XI fəsildə tədqiqat texnikalarına dair əvvəlki fəsilləri bir-biri ilə bağlayır. Bu fəsildə yeni başlayan tədqiqatçıların məlumatları necə təşkil etmələri, qeydlərin, stenoqramların həcmini anlamaları, sənədləri və artefaktları necə izləməyə başlamaları üçün tövsiyələr yer alır.
Sonuncu, XII fəsildə isə bu sahəyə yeni daxil olan keyfiyyət tədqiqatçılarının öz araşdırma nəticələrini necə paylaşa biləcəkləri barədə tövsiyələr verilir.
Və ən nəhayəti, bütün fəsillərin sonunda məlumatların toplanması metodologiyasına həsr olunmuş “Yoxlayın” bölümü yeddi strategiyanın hər birinin tətbiqi ilə bağlı tövsiyyələr təqdim edir. Əksər fəsillərdə müzakirə olunmuş metodika ilə uyğun olan və ya qeyd edilmiş şərtləri vurğulayan “Bu niyə işləyir?” və “Bu niyə uğursuz olur?” bölümləri vardır.
Hovard Lyun və Bryus L.Berq “Sosial elmlərdə keyfiyyət tədqiqat metodları” əsərinin tərcüməsi Azərbaycan oxucusu üçün BP-nin ölkədə təhsilin inkişafına verdiyi dəstəyin bir hissəsi, eyni zamanda TEAS Press Nəşriyyat evinin böyük zəhmətinin nəticəsidir. Kitab oxucular, xüsusilə də gənc tədqiqatçılar üçün əla elmi baza hesab oluna bilər.