Şəhvət karnavalına qoşulanlar - Sevda Sultanova "Xosrov və Şirin" serialından yazır...

"Xosrov və Şirin" serialı

"Xosrov və Şirin" serialı

5 yanvar 2022
# 15:00

İTV və Mədəniyyət Nazirliyinin birgə layihəsi “Xosrov və Şirin” bədii serialı Nizami Gəncəvinin eyni adlı əsərinin motivləri əsasında çəkilməyib, bu, hətta interpretasiya da deyil. 12 bölümdən ibarət bu bədii serial nəsə başqa bir “hadisə”, hekayədir.

Ssenarini İlqar Fəhmi Xəyyam Abdullazadə ilə birgə işləsə də, yəqin ki, əsas ağırlıq İlqar Fəhminin üzərinə düşüb. İlqar Fəhmi klassik ədəbiyyatı yaxşı bilir, intellektual bazası yetərincədir. Orijinalda ssenarinin necəliyi, rejissorların (Elməddin Alıyev və Xəyyam Abdullazadə) çəkiliş prosesində həmin versiyaya nə qədər sadiq qalması, hansısa improvizələri edib etməməsi haqda məlumatsızam. Bununla belə, mənə elə gəlir ki, problem həm də İlqar Fəhminin serial sektorunun hər yerində görünməsi, konveyr üsulu ilə işləməsindədir. Çünki hər yerdə olanda yüksək keyfiyyəti vermək çətinləşir. Serialı izləyəndə rejissorların Nizami Gəncəvinin yaradıcılığı bir yana, “Xosrov və Şirin” əsəri haqda əhəmiyyətli bilgilərə yiyələnməsinə, mövzuya dair araşdırmaları oxumasına şübhə elədim. Çünki ortaya qoyulan məhsul Nizaminin əsərinin son dərəcə sxematik, ruhsuz, səthi və təhrif olunmuş nəqlidir. Mən “təhrif olunmuş” deyəndə, heç bir halda süjetin müasirləşdirilməsini, personajların müəyyən korrektələrlə işlənməsini nəzərdə tutmuram. “Xosrov və Şirin” anaxronizm üzərində qurula da, qara komediya, siyasi triller, sosial dram janrında da çəkilə bilər. Və madam ki, serial İTV-nin və Mədəniyyət Nazirliyinin Nizaminin yubileyinə töhfəsi, ehtiramı kimi nəzərdə tutulub, onda əsərin ideya problematikasına xələl gəlməməliydi...

Məsələ ondadır ki, Elməddin Alıyev və Xəyyam Abdullazadənin rejissor yozumundakı “Xosrov və Şirin” Latın Amerikası, türk və hind seriallarının uğursuz, zövqsüz hibrididir.

Məryəmin (Mələk Abbaszadə) Xosrovu (Rüstəm Cəbrayılovu) pilləkənlərdən itələdiyi, Məhinbanunun (Nigar Güləhmədova) isə xəyalında Məryəmi hovuza atdığı səhnələrin heç bir ehtiyac olmadan müxtəlif planlarda göstərilməsi, üstəlik, heç bir hadisənin, emosional partlayışın baş vermədiyi epizodların apokalipsis duyğusuyla yüklənmiş musiqiylə (bəstəkar Araz Ozara) müşayiəti hind seriallarından təsirlənmədir. Ümumiyyətlə, serialda təsvirdən çox musiqi danışır, gözlənilməz, süjeti hərəkətə gətirən, inkişafa aparan hadisələr baş vermir (baş verənlər isə həddən artıq ləng templə gedir), dramatikliyin yaşanmadığı hissələrdə ekspressiv musiqiylə saxta dramatizm yaratmağa cəhd olunur. Nəticədə musiqinin məzmunu ilə səhnədə görünənlər uyğun gəlmir.

Serial əsasən, iki personajın hadisə yaratmayan, boş söz yığını dialoqlarına əsaslanır. Ayrı – ayrı səhnələrdə Rüstəm düşmənlərinin olduğunu deyir, amma niyəsə bu düşmənlərin maneə yaradan əhəmiyyətli situasiyalarını görmürük. Adam lap istəyir, “Yasaq alma” serialındakı Ender obrazından xahiş eləsin ki, xanım əfəndi, lütfən, biz tərəflərə təşrif buyurub bir konflikt yarat.

Qubadın (Zəka Əhmədli), Fərhadın (Bəhruz Vaqifoğlu) və Xosrovun Şirinə (Kəmalə Piriyeva) hindsayağı estetika və mizanda vurulması isə zövqsüzlüyün zirvəsidir.

Xosrov, xüsusən, Latın Amerikası serialları ilə populyarlaşan maço obrazı (silaha tutqusu, qiyafəti, qadına mülkiyyətçi yanaşmasıyla) konsepsiyasında işlənir.

Uyğunsuz montaj sayəsində səhnələr arasında emosional, dramaturji balans, epizodların bütünlük hissi pozulur, nəticədə bölümlər yarımçıq vizual məhsula çevrilir. İkinci bölümdə qəbiristanlıq səhnəsində Şirin Qubadla rastlaşır. Təxmini 30 saniyəyə yaxın davam edən səhnə kəsilir və rejissorlar yenidən bu səhnəyə tamaşaçını qaytaranda Şirinlə Qubadın çoxdanın tanışları kimi dərdləşdiyini görürük. Qubadın yad adama dərdini danışmasından ötrü nəsə əsas yaradılmalıdır axı. Yoxsa ilk baxışda “indeyski” vurulmaq buna zəmin yaradır?

Yaxud dəfələrlə Məryəm və Məhinbanunun faciəsi paralel kadrlarda verilir. Yenə heç bir situasiya yaratmayan, funksionallıq daşımayan sözügedən hissələr duyğuları istismar edən emosiyalar burulğanı yaradır. Və sual doğur, ümumiyyətlə serial kimin hekayəsini danışır? Xosrov və Şirinin? Əgər belədirsə, onda niyə Xosrovla Şirindən çox Məryəm və Məhinbanunu, Şəkər (Turanə Hüseynli ) və Bəhramı (Kamal Yaşar), Şəkər və Şapuru (Asiman Ağayev) görürük. Aydın məsələdir ki, “Xosrov və Şirin” çoxobrazlı, çoxsüjetli əsərdir. Lakin bir ədəbi əsər ekranlaşdırılırsa, o zaman onun adaptasiyası haqda zəruri bilgilərə yiyələnmək vacibdir.

Rejissorlar daha çox ehtirasa, şəhvətə aksent edirlər, ümumi rəssam işi (Vüsal Rəhim) göz oxşasa da, seriala “Aşkı məmnu”nun intim ab-havası hakimdir. Ofisdə belə intim atmosfer hökm sürür, kənar işçilərin gözə dəyməməsi reallıq hissini daha uzaq edir. Qadın personajlar qlamur vanna otaqlarında köpüklü sularda yorğunluğunu çıxara-çıxara mühüm qərarlar qəbul edir, az qala hər bölümdə kişi və qadınların qiyafətlərinin düymələri açılıb-bağlanır ( hətta ilk bölümdə kamera (operator Elman Əliyev)niyəsə Şirinin köynəyinin düyməsini bağlamasını vurğulayır. Və bu, Xosrovun gözü yox, rejissorun gözüdür), Məryəm və Məhinbanu daim öz bədənlərini təftiş edir, Şəkər də daxil olmaqla qadınlar seksuallıqlarını önə çəkirlər, ümumiyyətlə, kişi və qadın personajlar sevişmək, ehtiraslarını söndürmək üçün qovrulurlar. Burda hamı öz cinsi ehtirasının əsiridir. Hətta rejissorlar bununla kifayətlənməyib, serialın sonlarına doğru süjetə daxil olan məsum görünüşlü, Nizami yaradıcılığı haqda müsahibə edən jurnalist Leylanı (İranə Kərimova) da bu şəhvət karnavalına qoşurlar. O, Nizamidən danışan müsahibini dinləyə-dinləyə hovuza girən Qubadın çılpaq bədənini ehtirasla süzür. Müəlliflər personajların hər hərəkətinə situasiya ilə təzadda olan, əsaslandırılmamış seksuallıq biçirlər. Bölümlərdən birində Şirin həyəcanla bibisinin itməsindən danışanda ona köməyə gələn Xosrov niyəsə qıza ehtirasla baxır. Yaxud Qubadın Şirini sevdiyi halda Leylaya tutquyla baxması aydın deyil. Qısacası, serialın əvvəlindən sonunadək hər yerdə bədən, şəhvət, ehtiras var. Burasını anladıq. Axı, ehtiras, cismanilik nəyləsə konfliktdə olmalıdır axı. Daha doğrusu konflikt var, amma bu eynitərkibli ehtirasların primitiv, səthi konfliktdir. Şəhvətə qarşı mənəvi dəyərlərə söykənən, ilahi sevgini Şirin təcəssüm etdirməliydi. Lakin serialda bu kontekstdə Xosrov-Şirin konfliktini görmürük. Şirinin funksiyası gah bibisinin köməyinə yetişməkdir, gah Xosrovu ehtirasla düşünməkdir, gah da infantil Qubada təsəlli verməkdir.

Halbuki, Nizaminin əsərinin konsepsiyası budur: sevgisizlikdə yaşayan Xosrov sevgiylə başqalaşır və onu dəyişən sevgi cinsi yox, mənəvi, ilahi dəyərlər daşıyır, nəticədə Xosrovu özünüdərkə çatdırır, dünyaya baxış bucağını dəyişir. Serialda Xosrovun günahlarından arınaraq, mənəvi təkmilləşmə, nəfsindən qurtularaq azad olma, yeni keyfiyyətlər qazanma prosesini görmürük. Bu proses təsvirdə yox, sözlərdə baş verir və nəticədə onun dəyişilməsinin vizual obrazı tapılmır.

Ayrıca, Xosrovla Şirinin sevgisinə gətirəcək xətt işlənmir. Xosrov daim hardansa Şirinin yanında peyda olur, gah emalatxanda, gah villada, gah ofisdə. Və Şirinə bir iki söz soxub aradan çıxır.

“The Best Model Of Azerbaijan 2006" milli model müsabiqəsinin qalibi seçilmiş Rüstəm Cəbrayılovun maço obrazını yaratması üçün soyuqqanlılığı və emosionallığı, aqressiyası və dəliqanlılığı çatmır. Qəzəblənməyi belə bacarmayan aktyor bütün vəziyyətləri eyni oynayır. Üstəlik, idmanla məşğul olmasına ehtiyac var, çünki bəzi epizodlarda çevikliyinin olmaması gözə girir, diksiyasındakı problem də öz yerində.

Başqa detalları yazıb Rüstəm bəyi ruhdan salmaq istəmirəm, amma ciddi aktyorluq dərsləri almalı, öz üzərində çox işləməlidir. Və rolunun alınmaması əlbəttə ki, təkcə Rüstəm Cəbrayılovun yox, həm də onunla işləməyən rejissorların problemidir.

Fərhad rolunun ifaçısı Bəhruz Vaqifoğlu da bu rol üçün çox uğursuz seçimdir. Bəhruz Vaqifoğlu əslində Fərhadı yox, onu karikaturasını yaradıb. Fərhad obrazı üçün Bəhruzun xarizması çatmır, səsi uyğunsuzdur, baxışları ifadəsizdir, üstəlik onun da nitqində qüsurlar var. Onun obrazı, mənasız sifarişlər yerinə yetirməkdən cana doymuş azad sənətkardan çox, alfons təəssüratı yaradır. Fərhad Məhinbanunun onun sevdiyini bilə-bilə dost adıyla ondan istifadə edir, düzdür, sonlara yaxın o, qadının sevgisini rədd edərək emalatxandan getmək istəyir. Amma burda da sonadək ləyaqətli kişi kimi davranmağa gücü yetmir. Məhinbanunun pulları hesabına aldığı kitabları, düzəltdiyi heykəlləri da özüylə daşımaq istəyir.

Bəzi səhnələr istisna olmaqla Mələk Abbaszadənin, Nigar Güləhmədovanın, Asiman Ağayevin, Kəmalə Piriyevanın oyununda nəsə uğurlu alınıbsa, bu aktyorların öncədən qazanılmış təcrübələrinə əsaslanır.

Son bölümlərdə Nizaminin yaradıcılığı haqda müsahibələr serialı orta məktəb səviyyəsində maariflənmə formatına keçirir.

Ümid (Tariyel Qasımov) jurnalistə sual verir: “Siz Nizamini tanıyırsızmı, oxumusuzmu?”

Bu serialdan yaradıcı heyətin Nizamini necə tanımaları haqda bizi məlumatlandırdıqları üçün təşəkkür edirik.

# 4760 dəfə oxunub

Oxşar xəbərlər

"Bəx­tim on­da gə­ti­rib ki..." - Rasim Ocaqov niyə eyni aktyorlarla işləyirdi?

"Bəx­tim on­da gə­ti­rib ki..." - Rasim Ocaqov niyə eyni aktyorlarla işləyirdi?

18:40 22 noyabr 2024
Orxan Həsəninin yeni romanı çap olundu

Orxan Həsəninin yeni romanı çap olundu

17:25 22 noyabr 2024
Xalq yazıçısı Anar Prezidentə açıq məktub ünvanladı

Xalq yazıçısı Anar Prezidentə açıq məktub ünvanladı

16:40 22 noyabr 2024
Rasim Balayev:  "Kabinetdə oturanda belə yırtıq yaranır”

Rasim Balayev: "Kabinetdə oturanda belə yırtıq yaranır”

16:30 22 noyabr 2024
"Dünyadan gör necə insanlar gedib..." - Qələbədən arzulara doğru

"Dünyadan gör necə insanlar gedib..." - Qələbədən arzulara doğru

16:00 22 noyabr 2024
Azərbaycanlı şair fəxri titula layiq görülüb

Azərbaycanlı şair fəxri titula layiq görülüb

15:25 22 noyabr 2024
#
#
# # #