Səhnədən ekrana uzanan ömür - Müxlis Cənizadə öz ustalığını hansı filmdə təsdiqləmişdi?

Səhnədən ekrana uzanan ömür - Müxlis Cənizadə öz ustalığını hansı filmdə təsdiqləmişdi?
10 dekabr 2025
# 13:00

Bu gün Azərbaycan SSR əməkdar artisti Müxlis Cənizadənin anım günüdür.

Kulis.az bu münasibətlə kinoşünas Şəhla Bürcəliyevanın "O, kinoda həyatın özünü görmək istəyirdi" yazısını təqdim edir.


Müxlis Sabir oğlu Cənizadə 1928-ci il noyabrın 26-da Bakıda anadan olub. Onların ailəsində beş uşaq (4 oğlan, 1 qız) böyüyüb. Uşaqların hər birinin incəsənətə, musiqiyə böyük həvəsi vardı. Elə buna görə də qardaşlar müxtəlif çalğı alətlərində ifa edir, sənətə, sözə böyük hörmət olan ailəyə hər gün xoş əhval-ruhiyyə yaşadıblar. Müxlisin ailəsi, doğma ocağı onu sənət dünyasına həvəsləndirən, istedadını düzgün istiqamətləndirən uğurlu yolun başlanğıcı olub. Orta məktəbi bitirən gənc 1950-ci ildə Azərbaycan Dövlət Teatr Texnikumuna daxil olur. Burada görkəmli səhnə ustaları Kazım Ziya və Sidqi Ruhulladan sevdiyi sənətin sirlərini öyrənir. Bir müddət Azərbaycan Dövlət Musiqili Komediya Teatrında aktyor kimi fəaliyyət göstərir, 1953-1963-cü illərdə isə Akademik Dram Teatrında maraqlı, diqqətçəkən obrazlar yaradır. Gənc aktyorun səhnəyə yaraşan xarici görünüşü, ahəngdar səsi, qüsursuz diksiyası oynadığı tamaşalara uğur gətirib, orijinal yaradıcılığı geniş tamaşaçı auditoriyasının diqqətini çəkib.

Dərin mütaliəsi sayəsində məsləyini daim təkmilləşdirən, sənətdə öz sözünü deyən Müxlis Cənizadə bədii qiraət ustası kimi də yaxşı tanınıb, dövrünün məşhur sənətkarlarından biri hesab olunub. Maraqlı və cəlbedici səs tembrinə, yüksək intellektinə görə istedadlı aktyor 1961-ci ildən ömrünün sonuna kimi Dövlət Teatr İnstitutunda (indiki ADMİU) pedaqoji fəaliyyət göstərib. Ümumiyyətlə, həmin illərdə müəyyən aktyor heyəti vardı ki, onların məhz yüksək səviyyəli səhnə danışığı Azərbaycan teatr, kino və dublyaj sənətinə çox uğur gətirib. Müxlis Cənizadə də aktyor texnikasının bilicisi və səhnə danışığı ustası kimi onlarla tələbəyə düzgün sənət istiqaməti göstərib, gənc istedadların özlərini sənətdə doğrultmalarına kömək edib.

Müxlis müəllim tələbələrə sevib seçdiyi sənətinin sirlərini öyrətməklə yanaşı, eyni zamanda Teatr İnstitutunun Tədris Teatrında oynanılan “Təbilçi qız”, “Aydın”, “Qaraçılar”, “Azər” və başqa müxtəlif səpgili tamaşalara uğurlu quruluş verib. Filmlərdə səsləndirdiyi rollara böyük maraq yaradan Müxlis Cənizadə xarici filmlərin səsləndirilməsində də yaxından iştirak edib. Onu haqlı olaraq məşhur dublyaj peşəkarı adlandırırdılar. Aktyorun ahəngdar, əvəzolunmaz səs tembri bizə neçə-neçə ekran obrazlarının daxili dünyasını açıb. O, səsini obrazlara o dərəcədə doğmalaşdırırdı ki, personajın dialoq və monoloqlarının ən incə məqamlarının təfərrüatını belə fərqli improvizələri ilə çatdırırdı. Bu mənada cilalanmış səs artikulyasiyası sayəsində səsin ona məxsus olduğunu belə hiss etmədiyimiz rollar emosional, dublyaj isə real alınırdı.

Ekranda bir çox ciddi xarakterli dramatik rolların öhdəsindən bacarıqla gələn sənətkarın komik rolları da məharətlə səsləndirməsi onun ampluasız aktyor olmasından xəbər verir. Filmlərdə səsləndirdiyi Prokuror (“Xatirələr sahili”), Çingizov (“İstintaq davam edir”), Əli müəllim (“Sehrli xalat”), Murad (“Torpaq. Dəniz. Od. Səma”) və başqa obrazların tipik cəhətləri, fikir və mövqeləri aydın tələffüz və diksiyada dəqiq çatdırılıb, dialoqların psixoloji təhlili, personajın məqsədi düzgün müəyyənləşdirilib.

Görkəmli kinorejissorlardan Əlisəttar Atakişiyev, Tofiq Tağızadə, Rza Təhmasib, Şamil Mahmudbəyov və başqaları çox böyük həvəslə onu filmlərinə dəvət edir, yaratdığı rolun neçənci planlı olmasına baxmayaraq filmlərə uğur gətirəcəyinə əmin idilər. Təsadüfi deyil ki, filmlərində daim güclü aktyor heyəti toplayan görkəmli kinorejissor Hüseyn Seyidzadə çəkdiyi üç filmdə Müxlis Cənizadə yaradıcılığına yer verib, aktyorun bədii qiraət ustası olmasını belə “O olmasın, bu olsun” filmində təsdiqləyib. M.Ə.Sabirin şeirini öz təbirincə, xüsusi avazla deyən aktyor dostlarının düşdüyü vəziyyətin bədii mənzərəsini yaratmaqla film daxilində bir tamaşa göstərir, bizi XIX əsrin sonu - XX əsrin əvvəllərində yaşayan gənclərin psixologiyası ilə tanış edir, hadisələrin realist inkişaf etməsinə təkan verir.

Sərvərin dostu (“O olmasın, bu olsun”), Kipiani (“Dəli Kür”) və Nəriman Tağıyev (“Yenilməz batalyon”) obrazları həyatda fərqli mövqe tutan, təfəkkürü, mədəniyyəti ilə dövrünün hadisələrinə (yaxşı mənada) müdaxilə etməyi bacaran maraqlı və xarakterik personajlardır. Obrazların məntiqli traktovkası aktyor yaradıcılığında tam açıldığına, real təqdimata görə filmlərin mövzusu bütün dövrlər üçün aktual səslənir, obrazlar həmsöhbətimizə, müasirimizə çevrilir. O, sənətinə ciddi yanaşmaqla kinoda həyatın özünü görmək istəyib. Yalnız belə olan halda tamaşaçılar real obrazlar, dəqiq xarakterlər görə bilərdilər. Buna görə də sevimli aktyorun “Azərbaycanfilm” kinostudiyasında çəkildiyi 20-dək filmdə yaratdığı Qara (“Bakının işıqları”), Kərim (“Bəxtiyar”), Ənvər müəllim (“Ən vacib müsahibə”), Əsəd (“Əsl dost”), “Kirpi” əməkdaşı (“Kazbek” qutusu”), baş leytenant İbrahimov (“Onu bağışlamaq olarmı?”) və başqa obrazlarına şəxsi keyfiyyətindən, nəcib xüsusiyyətindən pay düşüb. Rollarından da həyat mövqeyini bəyan edən, sağlam düşüncəsindən, insani cəhətlərindən seyirçisinə müsbət enerji ötürən aktyor “İyirmialtılar” filmində tamamilə fərqli - Qoçu obrazını yaradıb. Obrazın iti baxışı, aqressiv xüsusiyyəti, dinamik davranışı aktyorun fərqli yaradıcılıq üslubunu sübut edir, maraqlı təqdimat rolun ciddi, dolğun təzahürünü verir.

Yaradıcılığının ilk günlərindən xalq məhəbbəti qazanan sənətkar 1960-cı ildə respublikanın “Əməkdar artisti” fəxri adını alıb. Həyata və insanlara olan sevgisi sayəsində də müxtəlif xarakterli obrazların öhdəsindən bacarıqla gəlib.

Yüksək mənəvi cəhətlərini, daxili dünyasını rollarında təlqin edən sevimli aktyor 1972-ci il dekabrın 10-da dünyasını dəyişib. Təkcə sənətdə yox, ən əsası həyatda da müsbət xarakterli insan olduğuna görə hələ də qəlblərdə, yaddaşlarda yaşamaqdadır.

# 67 dəfə oxunub

Oxşar xəbərlər

XIX əsrdə sevgi haqqında açıq danışan modern şair - Ona niyə “çəkingən rahibə” deyirdilər?

XIX əsrdə sevgi haqqında açıq danışan modern şair - Ona niyə “çəkingən rahibə” deyirdilər?

13:30 10 dekabr 2025
Virtual sərgi: “Beynəlxalq İnsan Hüquqları Günü”

Virtual sərgi: “Beynəlxalq İnsan Hüquqları Günü”

13:20 10 dekabr 2025
Leonardo Di Kaprio "İlin aktyoru"  elan edildi

Leonardo Di Kaprio "İlin aktyoru" elan edildi

12:35 10 dekabr 2025
Tanınmış opera müğənnisi oğlu tərəfindən öldürüldü

Tanınmış opera müğənnisi oğlu tərəfindən öldürüldü

12:20 10 dekabr 2025
Verdiyi vədəni yadına salıram, bəyənmir məni... - Günün mahnısı

Verdiyi vədəni yadına salıram, bəyənmir məni... - Günün mahnısı

12:15 10 dekabr 2025
Tələ - Luici Pirandellonun hekayəsi

Tələ - Luici Pirandellonun hekayəsi

12:00 10 dekabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər