Kulis.az Şahanə Mqşfiqin "Tarixi kim yazır: daşlar, yoxsa ona inananlar?" adlı yazısını təqdim edir.
Bəzən bir daş parçası min kitabdan daha inandırıcı görünür. Üzərində çatlar varsa, kənarları yosun bağlayıbsa, ətrafına bir neçə romantik əfsanə də əlavə olunubsa, artıq o daş bizim üçün tarixin özünə çevrilir. Görəsən, niyə biz çox vaxt həqiqəti yox, yaxşı danışılmış hekayəni qəbul edirik? Bilmirəm…
Bu günlərdə qarşıma çıxan bir xəbər məni məhz buna görə düşündürdü. İtaliyada 69 yaşlı Franco Malosso von Rosenfranz illərlə insanları inandıra bilib ki, onun tikdiyi amfiteatr Roma imperiyasından qalan nadir abidələrdən biridir. O, müasir materiallardan istifadə edərək qədim görünüşlü tikili inşa edib, onun eramızın 393-cü ilinə aid olduğunu, yəni ən qədim amfiteatrlardan biri olduğunu iddia edib, turistlərə ekskursiyalar təşkil edib, bilet satıb.
Hətta bu "abidə" yerli turizm materiallarında və rəsmi tətbiqlərdə belə yer alıb. Yalnız 2016-cı ildə arxeoloqların araşdırmasından sonra məlum olub ki, "Roma teatrı", əslində, fiberqlas, gips və betondan hazırlanmış süni şəkildə ustalıqla yaşlandırılmış dekorasiyadan başqa bir şey deyil. Hətta peyk görüntüləri belə əvvəllər orada belə bir tikilinin olmadığını təsdiqləyib.
Ən maraqlısı isə budur ki, insanlar bu yalana inanmağa hazır imişlər və illərlə bir yalanın izi ilə tarixə yaxınlaşdıqlarını düşünüblər. Bəlkə də bunun əsas səbəbi insanın özündən əvvəlki dövrlərə qarşı olan marağı, tarixə toxunmaq, keçmişi hiss etmək arzusudur. İnsan övladı min il əvvəl yaşamış bir sivilizasiyanın divarına əlini qoyanda özünü zamanın içində hiss edir. Bu hiss o qədər güclüdür ki, bəzən həqiqəti yoxlamaq, hətta ondan az da olsa, şübhə etmək ehtiyacı belə duymur.
Əslində, bu, ilk belə hadisə deyil. Dünya tarixində saxta artefaktlar, uydurma əlyazmalar, sonradan "kəşf edilmiş" qədim xəzinələr, müqəddəs ocaq adı ilə illərlə insanların hisslərindən istifadə edən pirlər az olmayıb. Bəziləri milyonlarla insanı aldadıb, bəziləri isə illərlə alimləri belə mübahisəyə sövq edib. Deməli, insanı aldadan təkcə saxtakarlığın ustalığı deyil, həm də onun inanmağa hazır olmasıdır. Bəzən biz həqiqətin sübutunu yox, xəyal etdiyimiz keçmişin təsdiqini axtarırıq.
Sosial şəbəkələr dövründə isə bu ehtiyac daha da böyüyüb. İndi hər şəhər "ən qədim", hər bina "ən sirli", hər daş "möcüzəvi" olmalıdır ki, diqqət çəksin. Turizm də çox vaxt elmi faktlardan deyil, yaxşı hazırlanmış miflərdən qidalanır. Tarix marketinq alətinə çevriləndə isə həqiqətlə uydurma arasındakı sərhəd getdikcə silinir.
Bəlkə də buna görə dünyanın bir çox ölkəsində tarixi irsin qorunması təkcə abidələri bərpa etməkdən ibarət deyil. Onların mənşəyini araşdırmaq, hər yeni "kəşfi" elmi metodlarla yoxlamaq da eyni dərəcədə vacibdir. Əks halda, sabah hansısa usta bir neçə ton beton, bir az boya və yaxşı hazırlanmış əfsanə ilə yeni bir "antik şəhər" yarada bilər. İnsanların şəkil çəkdirməsi, turist avtobuslarının ora axışması isə onun həqiqi tarixə çevrilməsi demək deyil.
Diqqətlə düşünsək, bu hadisə təkcə bir nəfərin fırıldağı deyil. Bu, həm də sistemin uğursuzluğudur. Əgər bir tikili rəsmi qurumların siyahısına qədər daxil ola bilirsə, deməli, insanlar gördüklərinə inanmağı araşdırmaqdan üstün tuturlar. Sanki gözümüzü aldadan hər şey beynimizi də aldada bilir.
Burada medianın da üzərinə böyük məsuliyyət düşür. Sensasiya yaratmaq istəyi bəzən faktın özündən daha cəlbedici görünür. "Dünyanın ən qədim...", "İki min illik sirr...", "İnanılmaz kəşf..." kimi başlıqlar oxucunu cəlb edir, amma həmin məlumatın arxasında elmi sübut varmı, bunu araşdıranların sayı çox olmur. İnformasiya sürətlə yayıldıqca, onun doğruluğunu yoxlamaq daha da çətinləşir.
Bununla yanaşı, bu hadisənin başqa tərəfi də var. Tarix yalnız daşlardan ibarət deyil. Tarix onu araşdıran alimlərin, şübhə edən tədqiqatçıların, sual verməkdən çəkinməyən insanların sayəsində tarix olaraq qalır. Əgər arxeoloqlar həmin tikilini yoxlamasaydılar, bəlkə də yüz ildən sonra bu saxta amfiteatr həqiqi abidə kimi kitablara düşəcəkdi.
İnformasiya əsrində saxtakarlıq təkcə pulla bağlı deyil. Bu gün süni intellekt saxta şəkillər yaradır, "deepfake" videolar milyonlarla insanı çaşdırır, sosial şəbəkələrdə uydurma sitatlar məşhur şəxsiyyətlərin adına paylaşılır. Sabah hansısa "qədim əlyazma", "itmiş xəzinə" və ya "tarixi fakt" da eyni üsulla dünyaya təqdim oluna bilər. Ona görə də informasiya savadlılığı artıq jurnalistlərin və alimlərin deyil, hər bir insanın ehtiyacına çevrilib.
Bəlkə də bu əhvalatın ən qiymətli dərsi də məhz budur ki, hər qədim görünən şey tarix deyil. Hər çox paylaşılan məlumat həqiqət demək deyil. Hər rəsmi görünən mənbə səhvsiz deyil.