Saqqal barbarlıq əlamətidir

Saqqal barbarlıq əlamətidir
18 iyul 2023
# 15:30

Kulis.az Aqşin Yeniseyin yazısını təqdim edir.

İnsan özünün heyvan olmadığını dərk etdiyi gündən özünü mənalandırmaqla məşğuldur. Mədəniyyət bütünlüklə bu özünümənandırmanın hadisəsidir. İbtidai insan özünü cürbəcür mənalar yüklədiyi xırdavatla mənalandırırdı. Sonra bu xırdavatı mənəvi dəyərlər əvəzlədi. Müasir insan artıq öz fiziki varlığını deyil, mənəvi varlığını ifadə edən dəyəri aksessuarlarla bəzəməklə məşğuldur.

Post-modern çağ insanlığın yenidən tüklənməsi ilə özünü büruzə verdi. Mədəniyyətin Orta əsrlərə post modern qayıdığı Orta əsr insanını da diriltdi. Dinə, cadugərliyə, mistisizmə maraq artdı. Falçılıq elitarlaşdı və s.

Post-modern mənəviyyat insanlığın qədim görünüşünü də özünə qaytardı. Xüsusilə Orta əsr cəngavərlik ruhunun təbii aksessuarı olan saqqal geri qayıtdı. Hətta geylər belə cəngavərləşdilər. Barbar imic estetik dəyər qazandı.

Saqqal cəngavərdə təbii olduğu qədər psixoloji aksessuar idi. Gücü simgələyirdi. Son illər kişilərin ucdantutma saqqal saxlaması zəmanəmizdə getdikcə artan post-modern şiddətə uyğun olaraq kütlənin göstərdiyi kosmetik reaksiyadır. Saqqal sivilizasiyaya uğramış gizli barbarlıq əlamətidir. "Koroğlu” dastanını oxuyanlar razılaşarlar ki, bu əfsanəvi qəhrəman dastanda döyüşçüdən daha çox döyüşçü manikeni kimi təsvir olunur. Sanki, bir yığın aksessuar mücəssiməsidir. Misri qılınc – qılınc yox, məhz Misri qılınc, Qırat at yox, Qırat? Və nəhayət, bunları tamamlayan yarımmetrlik burma bığ.

Bu zahiri effektlər olmadan Koroğlunu nəinki əfsanəyə, heç son zamanlar dəbə minən, adına "kişi toyu” deyilən Orta əsr dini sekta məclislərinə də buraxmazlar. Hətta dastanı oxuyanda mənə elə gəlirdi ki, Koroğlu-Qırat vəhdəti dastanda üzə çıxmış kentavr mifidir, sanki, hansısa fövqəl-ana Koroğlunu atqarışıq gətirib dünyaya. Yaxud gənclərin boğazında, köynəyində inqilabi aksessuarlara çevirilən, kapitalizmə asi çıxmış siyasi azadlıq Məcnunu Çe Gevaranın şəkilləri. Yəni Çe Gevaranın şəklini boynumuzdan asmaqla özümüzü necə inqilabi maniken kimi hiss ediriksə, saqqal saxlamaqla da özümüzü dövrümüzün ruhuna uyğun olaraq döyüşçü manikeni kimi hiss edirik. Fərdin daxili azadlığımızı hazır bir maniken qəlibinə sığışdırmaqla özümüzə ictimai kimlik qazanırıq.

Yəni saqqal bu gün ictimai kimliyi ifadə edən bir uniforma detalıdır.

Ümumiyyətlə, bizə gəlib çatan bütün uşaqlıq şəkillərində insanlıq saqqallı düşüb. Bəşəri mənada saqqal saxlamaq insanlığın uşaqlıq əlamətidir.

Amma bir zümrə var ki, saqqal onlarda müdrikliyi, ərdəmliyi rəmzləşdirir. Tövratda İbrahim peyğəmbərin yayan kolların arasında gördüyü, sonradan bütün tanrıları yox edib dünyanı təkbaşına idarə edəcək tanrı Yahova bığlı-saqqallı bir kişi olaraq təsvir edilir.

Yaradıcı adamların saqqal saxlamaları onların yaratma işində tanrıyla ortaq olduqlarının təzahürdür.

Yaradıcı adam dedikdə bu gün hər kəsin təsəvvüründə, ən yaxşı halda, Orta əsrlərin insanı canlanır: saç-saqqal, fabrik standartlarına uyğun olmayan geyimlər, günümüzlə bağlı heç bir məna ifadə etməyən cadugərlərə xas bədən dili və s.

Bunun bir neçə tarixi səbəbi var.

Biz bu gün təhsil prosesində uşaqlara əvvəlcə saqqallı qədim dünyanı tanıdırıq, nisbətən yeniyetmə yaşlarında onların diqqətini yeni dövrlərə cəlb edirik. Yəni 6-cı sinifdə "Qədim dünya tarixi", daha sonra "Orta əsrlər tarixi” və nəhayət,11-ci sinifdə "Yeni tarix".

Uşaqların "ağ lövhəsinə" görüntüsü yazılan dünya şairi, hökmdarı, filosofu, əsgəri və s. ilə birlikdə, demək olar ki, saqqallı kişilərin bizə mirasdır.

Yunanlar və onların mədəniyyətini mənimsəmiş misirlilər və romalılar saç-saqqal saxlamırdılar, çünki yunanlar uşaqların tərbiyəsində musiqi ilə yanaşı, idmana da yer verirdilər. İdmanla böyüyən cəmiyyətlər üçün isə saç-saqqal lazımsız yük idi.

Yunan-Roma mədəniyyətinin çöküşü ilə başlayan feodalizm dövründə isə bu ənənə unuduldu və dünya yenidən formaca qədimləşdi, tükə büründü. Eyni qədimləşmə indiki post-modern çağda da baş verdi.

Saç-saqqal feodalizm dövründə gücün rəmzi idi. Əsirlərin, məhkumların ən birinci saçını, saqqalını qırxmaq da feodalizm dövrünün qalığıdır. Mənası ələ keçirilən düşməni gücdən məhrum etmək deməkdir.

"Həbsxananın tarixi" əsərində Fuko yazır ki, lüt qalmaq insanın ən aciz halıdır, ona görə ilk həbsxanalarda ən birinci əsirlərin, məhkumların paltarlarını soyundurur, saçlarını qırxırdılar ki, aciz olduqlarını daha dərindən hiss etsinlər. Bu ənənə indiyə qədər gəlib çıxıb.

Şair və yazıçıların tüklü-müklü obrazı da uşaqların beynində yaratdığımız feodalizm dövrünün mirasıdır. Onlar kitablarda şair adına ən birinci Nizamini, Füzulini, Nəsimini görüblər və vizual yaddaşlarında şair obrazı da bu şairlərin yalançı şəkilləri ilə qalıb.

Əslində isə Nizaminin, Füzulinin, Nəsiminin dövründə bütün insanlar o cür geyinir, o cür saç-saqqala bürünürdülər.

Çünki hər cür dəbi evlərə soxan televizor yox idi!

Televizorun icadından sonra insanlar güzgüyə və bir-birinə deyil, televizora baxıb geyindilər, darandılar. Televizor isə feodalizm elementlerindən təmizlənmiş cəmiyyətin icadı idi. Modern cəmiyyət təkcə tükünü deyil, feodalizmi xatırladan hər şeyini qırxıb zibil torbasına tökmüşdü.

Amma təsəvvürümüzü təmizləməyi unutmuşdu. Biz bu gün zahirən modern, hətta post modern çağda yaşasaq da, təsəvvür etibarilə feodalizm çağındayıq. Çünki mənəviyyatımızı formalaşdıran bütün dəyərlər feodalizm çağının məhsuludur. Modernizm insanın emosional təbiətinə az xitab edirdi deyə emosional yaddaşdan güc alan cəhalətə tam qalib gələ bilmədi.

Bugünkü tüklü-müklü, fabrik standartlarından uzaq geyimli, sehrbazlara xas bədən dilli "yaradıcı adam" obrazı da cəmiyyətin ortaq təsəvvürünün estetik cəhalətinin yaratdığı obrazdır.

Və bu estetik cəhalət artıq öz beynəlxalq gününü də yaradıb. Dünən haradasa oxudum ki, bu gün "Beynəlxalq tatu günü”dür. Bu yazı da tatunun günü münasibətilə yazıldı.

qaynarinfo

# 2404 dəfə oxunub

Oxşar xəbərlər

"Bəx­tim on­da gə­ti­rib ki..." - Rasim Ocaqov niyə eyni aktyorlarla işləyirdi?

"Bəx­tim on­da gə­ti­rib ki..." - Rasim Ocaqov niyə eyni aktyorlarla işləyirdi?

18:40 22 noyabr 2024
Orxan Həsəninin yeni romanı çap olundu

Orxan Həsəninin yeni romanı çap olundu

17:25 22 noyabr 2024
Xalq yazıçısı Anar Prezidentə açıq məktub ünvanladı

Xalq yazıçısı Anar Prezidentə açıq məktub ünvanladı

16:40 22 noyabr 2024
Rasim Balayev:  "Kabinetdə oturanda belə yırtıq yaranır”

Rasim Balayev: "Kabinetdə oturanda belə yırtıq yaranır”

16:30 22 noyabr 2024
"Dünyadan gör necə insanlar gedib..." - Qələbədən arzulara doğru

"Dünyadan gör necə insanlar gedib..." - Qələbədən arzulara doğru

16:00 22 noyabr 2024
Azərbaycanlı şair fəxri titula layiq görülüb

Azərbaycanlı şair fəxri titula layiq görülüb

15:25 22 noyabr 2024
# # #