27 apreldə Türkiyənin İstanbul şəhərində Türk Ədəbiyyatı Vaqfında "Qobustan" dərgisinin Türkiyə özəl sayının təqdimat mərasimi keçirilib.
Kulis.az xəbər verir ki, tədbirin aparıcısı, Türk Ədəbiyyatı Vaqfının əməkdaşı Səadət Örməçi dərginin yayımlanmasının Azərbaycan Yazıçılar Birliyi və Türk Ədəbiyyatı Vaqfı, "Türk Ədəbiyyatı" və "Qobustan" dərgiləri arasındakı qarşılıqlı əməkdaşlıq çərçivəsində baş tutduğunu bildirib:
"Razılaşmaya əsasən "Türk ədəbiyyatı" dərgisinin bir sayı Azərbaycana, "Qobustan" dərgisinin bu il üçün ilk sayı Türkiyəyə həsr olunmalı idi. Hər iki dərgi artıq yayımlanıb və oxucuların istiyarına buraxılıb".
Türk Ədəbiyyatı Vaqfının rəhbəri, şair Sərhat Kabaklı Ustad Anarın yaratdığı və hələ Sovet dövründən Ümumtürk mədəniyyətini təbliğ edən "Qobustan" dərgisinin Türkiyə özəl sayının yayımlanmasını tarixi hadisə adlandırıb: "Ustadımız Anarın hələ Sovet dövründən əsasını qoyduğu bu dərginin tarix boyu çox sınaqlardan keçib və bu gün qalib Azərbaycanın öz qardaşına, Türkiyəyə dərgi həsr etməsi hər birimizi həyəcanlandırır. Əzizimiz Anar bəyə demək istəyirəm ki, onun və onunla bərabər Azərbaycan Yazıçılar Birliyində çalışan dostların gördüyü böyük işləri çox dəyərləndiririk və sizləri burada görməkdən son dərəcə məmnunuq".
Ədəbiyyatşünas alim professor Ramazan Korkmaz isə Anarın Türkiyəyə gəlişini böyük ədəbiyyat bayramı hesab etdiyini deyib: "Anarın İstanbula gəlişini yalnız bir hadisə ilə müqayisə edə bilərəm; əgər beş əsr bundan əvvəl desəydilər ki, Füzuli Türkiyəyə gəlib eyni təsir bağışlayardı! Böyük ədəbiyyatlar arasında körpüləri böyük sənətkarlar yaradırlar. Anar ustad bu cür böyük qələm adamlarından biridir. Və onun ardıcıllarının "Qobustan" dərgisi kimi sənət hadisəsini davam etdirməsi, gözəl işlər görməsi çox sevindiricidir".
"Türk ədəbiyyatı" dərgisinin baş redaktoru, yazıçı-tərcüməçi İmdat Avşar çıxışında dərgilər arasındakı bu qarşılıqlı razılaşmanın davamlı olacağını, gələcəkdə də belə cüt saylar buraxılacağını söyləyib: "Mən hər şeydən əvvəl Ustad Anara və başqanım Sərhat Kabaklıya minnətdaram ki, Pərvin xanımla düşündüyümüz bu layihəyə dəstək oldular. İllərlə çevirdiyim yüzlərlə əsər mənə onu da göstərib ki, Azərbaycan ədəbiyyatının Türkiyədə təbliğ olunmasına hələ çox ehtiyac var. Həmçinin də Türkiyə ədəbiyyatının Azərbaycan gənclərinin daha yaxşı öyrənməsi belə layihələrin sayəsində mümkün ola bilər. Ona görə "Qobustan"ın bütün yaradıcı heyətinə təşəkkür edir, layihələrimizin davamlı olmasını diləyirəm".
Mətbuat Şurasının sədri, şair Rəşad Məcid hələ gənclik illərindən «Qobustan»ın oxucusu olduğunu dilə gətirib: "O illərdə Sovet çərçivələri içərisində bu dərgi tamam yeni bir ab-hava, azad bir üslubda idi. Ona görə çox böyük maraqla oxunurdu. Bu gün yeni texnologiyaların dərgidə əksini görmək, zövqlü yazılarla tanış olmaq xoşdur. Mən yaradıcı heyəti təbrik edirəm, onlara uğurlar diləyirəm".
Xalq yazıçısı Anar "Qobustan" dərgisinin Türkiyə özəl sayını tarixin ədaləti kimi qəbul etdiyini bildirib: "Bu gözəl görüş və tədbir üçün hamınıza minnətdarlığımı bildirirəm. Məni burada Füzuli ilə müqayisə etdilər. Əlbəttə bununla razı deyiləm. Yüz-yüz illərdir öz dahiliyini sübut edən Füzuli ilə heç kəs müqayisə oluna bilməz. Amma böyük şairin bir beytini xatırladım:
Füzuli, eylədi ahəngi-eyşxaneyi-rum.
Əsiri-möhnəti-Bağdad gördüyün könlüm
Nə gözəl ki, mən Bağdaddan yox, azad Azərbaycandan, qalib xalqın yazıçısı kimi, sizlərdən ötrü qardaş Azərbaycan türklərinin nümayəndəsi kimi buradayam. Zamanında "Qobustan"ı sadəcə toplu adlandırdığımız üçün, "ön söz", "danılmaz", "çağdaş" və s. kimi sözləri istifadə etdiyimiz üçün bizə deyirdilər ki, siz Türkiyə türkçəsində yazırsız. Və "Qobustan"ı pantürkist meyillərinə görə ittiham edirdilər Sovet dövründə. O zaman mənim 30 yaşım vardı, indi 86 yaşım var. Və bu yaşımda bütünlüklə Türkiyəyə həsr olunmuş dərginin burada təqdimatının keçirilməsini tarixin ədaləti hesab edirəm. Keçmişimizi azdırmağa, milli kimliyimizi səhv yazmağa, anlatmağa çalışanların niyyəti baş tutmadı. Mən Yazarlar Birliyinin rəhbəri olandan sonra dostum Fikrət Qoca, ondan sonra Ələkbər Salahzadə dərgiyə rəhbərlik etdilər. Allah onlara rəhmət eləsin. Daha sonra Vaqif Əlixanlı oldu dərginin baş redaktoru, ona da cansağlığı diləyirəm və onların hər birinin xidmətlərini yüksək qiymətləndirirəm. Amma bunu da qeyd etməliyəm ki, dərgi son illərdə yeni bir səviyyəyə yüksəlib və təzə dərgi kimi çap olunur. Ona görə mən «Qobustan»ın keçmiş Baş redaktoru kimi indiki baş redaktoruna və onun kollektivinə öz minnətdarlığımı bildirirəm".
Sonda dərginin baş redaktoru, yazıçı-dramaturq Pərvin Nurəliyeva tədbir təşkilatçılarına öz minnətdarlığını bildirib: "Bu il "Qobustan"ın 55 yaşı tamam olur və bu, yubiley ilimizə Türkiyə özəl sayı ilə qədəm qoymağımız təsadüfi deyil. Dərginin keçdiyi yolu araşdıranda başa düşdüm ki, bu yolda Türkiyə sevgisi hər zaman görünür və artıq dəfələrlə vurğulandığı kimi hələ Sovet dövründən bu böyük sevgi senzuranın da gözündən yayınmayıb böyük problemlərə səbəb olub". Çıxışının sonuda P.Nurəliyeva "Qobustan" dərgisində işləməyi böyük etimad hesab etdiyini və bu inama layiq olacağını dilə gətirib: "Ustad Anar müsahibələrindən birində söyləmişdi ki, "Qobustan" mənim övladımdır. O zamandan düşündüm ki, Anarın övladı yalnız və yalnız Türkiyəni sevə bilər və onun adına layiq olmağa çalışar. Ona görə bir daha sizlərin hüzurunuzda söz verirəm ki, daha yaxşı olmağa çalışacağıq!»
Tədbirin sonunda Türk Ədəbiyyatı Vaqfı qonaqlara hədiyyə və mükafatlarını təqdim edib. Xalq yazıçısı Anar "Türk dünyası ədəbiyyatının ağsaqqalı", Rəşad Məcid və Pərvin Nurəliyeva isə "Əhməd Kabaklı adına ədəbiyyat mükafatı"na layiq görülüblər.