Qızlar şaxların qarmaqlarından asılmış almalara bənzəyirdilər - Loğman

Qızlar şaxların qarmaqlarından asılmış almalara bənzəyirdilər - Loğman
2 sentyabr 2023
# 10:00

Kulis.az Loğmanın "Qədim toylar, qədim sevgilər..." adlı yeni yazısını təqdim edir.

Bu toylar, bu sevgilər illərin o biri üzündə qaldı.
Bu toylardan, bu sevgilərdən bir də olmayacaq – heç vaxt.
Çünki onlara zamananın ehtiyacı yoxdur.
Onlar zaman baxımından o qədər uzaq, əlçatmazdılar ki, qədim görünürlər.
Qədim toylara neft lampaları, çıraqlarla işıq salardılar. O neft lampalarının başına pərvanələr dolanardı – toyun havasına, ruhuna bənzər.
O neft lampaları dünyanın ən parlaq ulduzlarından işıqlıydı.
Çünki toy adamları işıqlıydılar, niyyətlər işıqlıydı, sevgilər işıqlıydı, ümidlər işıqlıydı.

Qədim toylar bir evin şənliyi, bir elin bayramı idi.
O toyların səsi kəndin hər yerindən eşidilirdi.
O toylar bütün kəndi toy mağarına döndərirdi.
Onun səsinə təkcə mağarda deyil, kəndin hər yerində oynayırdılar.
Qara zurnanın bağrı yarılırdı.
Cavanların sümüyü oynağa gedirdi.

Balaca uşaqlar nənələrinin dizlərinin dibindəcə çöməltək oturub oynayanlara baxırdılar. Bir az irilaq, bozarmış gədələr isə mağarın çölündə – qaranlıqda mağarın içindəki işıqlı havalara qol götürüb atılıb-düşürdülər.
Tarçıxlarını alırdılar...

Qədim toylar təkcə iki gəncin nağılı deyildi, bənzərsiz, nadir gözəllik tamaşası idi. Odur ki, adamlar bəzənib-düzənirdilər, tellərinə sığal çəkirdilər, ətirlənirdilər, ən gözəl paltarlarını geyirdilər – bayramdakı kimi.
Qızlar şaxların qarmaqlarından asılmış almalara bənzəyirdilər – yanaqları pul kimi qızarır, alışıb-yanırdı. Oğlanlar da utancaq-utancaq, ürkək-ürkək mağarın yanlarına tutulmuş al-əlvan xalçaların ara-bərəsindən gözlərini onlara zilləyirdilər. Gözaltı seçirdilər.

Ürəklərinin qapılarını taybatay açırdılar o qızların üzünə.
Qapıları taybatay açılmış ürəklərinə çağırırdılar o nağıl qızları.
Ürəklərində gərdək qururdular müştaq olduqlarına...
Oğlanlar qızların gözlərindən süzülüb qəlblərinə axırdılar.
Qızlar da könül vermək, razılıq əlaməti kimi elə toyun səhərisi üstü gül hörməli ağappaq ipək dəsmallar göndərərdilər oğlanlara.
Ağappaq ipək dəsmalların kənarlarına ürək şəklində naxışlar vurardılar – qədim sevgi yazıları kimi...
O ağappaq dəsmal qızın oğlana verdiyi bəmbəyaz söz idi.

Sədaqət şəhadətnaməsi idi.
Yarının yolunu əbədi gözləmək vədi idi.
O ağappaq dəsmal saflıq vəsiqəsi, paklıq sənədi idi.
Pozulmaz əhd-peyman müqaviləsi idi, ömürlük bağ idi.
O ağappaq dəsmal gələcək ağ günün müştuluğu idi.
Sonra sevgililər bir-birinə şəkillərini göndərər, hamının gözündən yayınıb daldaya, xəlvətə çəkilər, oğrun-oğrun, xısın-xısın o yadigar şəkillərə dönə-dönə baxardılar...

Gözlərinə su gələnəcən baxardılar.
Oğrun-oğrun, xısın-xısın o şəkillərin üzündən öpərdilər, barmaqlarının ucları ilə o şəkillərə sığal çəkər, elə sevgililəri kimi oxşayardılar, ürəklərinin başında saxlayardılar – ta saralanacan.
Şəkillərdə sevgililər olduqlarından da gözəl görünərdilər.

Qədim toylar yeganə görüş yeriydi, ifadə yeriydi, izhar yeriydi.
Təbəssümü elçi göndərmək yeriydi.
Ürəyini ovcuna alıb kiməsə uzatmaq yeriydi.
Könlünü sovqat kimi, ərmağan kimi kiməsə vermək yeriydi.
Hər təbəssüm bir sevgi məktubuydu.
Hər baxış bir ismarıc idi.
Hər gülüş bir müjdə idi.

Qədim toylarda hamı oynamalı idi, çünki hamının toyu idi.
Oynamayan incik düşərdi. Növbəti toyacan unuda bilməzdi o incikliyi.

O havalara ürəklərini qoyurdular adamlar. Hər havadan oynayanın xalçanın üzülmüş yerindən gözaltı elədiyi, bəyənib-seçdiyi bəxtəvər boylanırdı. Hər oynayan havası ilə sevgilisinin adını yazırdı o toy gecəsinin göyünə... Adamlar kimin kimdən ötrü özünü belə oda-közə atdığını bilsələr də, ad çəkməzdilər, qımışıb keçərdilər.

Çünki bu sevgi hələ yenicə göz qoymuş toxum kimiydi.
Hələ torpaqdan təzəcə baş qaldırmış cücərti kimiydi.
Pöhrə idi, puçur idi, cucuq idi, tumurcuq idi.
Təzəcə dil açmışdı.

Ürəklərdə təzəcə yurd salmışdı, yuva qurmuşdu.
Bu sevgidən danışsaydılar, çiliklənər, pul-pul olub tökülərdi.
Bu sevgidən danışsaydılar, onu budağından kal düşürərdilər, yetişməyə, dəyməyə qoymazdılar.
Perikdirərdilər, perik salardılar isti yuvasından.
Ürküdərdilər...

Bu toylar təkcə oğlan-qız sevdası deyildi.
Adamlar həm də bir-birini görməyə, ağırlamağa gəlirdilər, bir-birini əzizləməyə gəlirdilər, bir-birinin üstündə əsməyə gəlirdilər.
Elə bil bir-birindən ötrü tamarzıydılar.
Elə bil bir-birindən ötrü gözləri uçurdu.
Elə bil bir-birindən ötrü dodaqları uçuqlayırdı...
Adamlar elə bil qədim bir dəyəri, əntiqi, əmanəti qorumağa gəlirdilər.
Bir-birindən ötrü ləliməyə gəlirdilər.

Uzun-uzun illərin ayrılığından dönən kimi gəlirdilər bir-birinin görüşünə, tamarzı-tamarzı baxırdılar bir-birinin gözünün içinə, az qalırdılar tutya kimi yalasınlar bir-birini.
Bir-birindən ötrü çiçəkləməyə, çiçək açmağa gəlirdilər.
Bir-birindən ötrü işıq saçmağa gəlirdilər.
Bir-birinin qəlbinə yol çəkməyə, cığır salmağa gəlirdilər.
Bir-birinin gözünə çıraq olmağa gəlirdilər.
İşıq dilində məhəbbət şeirləri yazırdılar bir-birinə.
İşıqlana-işıqlana hamı ucalırdı, qəlbilənirdi qədim toylarda...

Qədim toylar dərs kitabı idi, əxlaq kitabı idi.
Hər şey, hər şey, xanəndənin səsi də bu kitabdan xəbər verirdi, bu kitabdan gəlirdi. Səsi bu kitabdan gəlirdi deyə elə oxuyurdu, elə oxuyurdu deyə səsinə and içirdilər.
Qədim toylar ədəb-ərkan yolu idi. Hamı bu yolun ağına düşüb muradına qonaq gedirdi.
Müəllim idi, tərbiyə məktəbi idi, dərs idi qədim toylar.
Hamı öz dərsini qədim toylardan alıb oxuya-oxuya ömür boyu yadda saxlayırdılar. Ömür boyu oxuduqlarından imtahan verirdilər.

Qədim toylar ona görə belə şirin idi ki, hərə o toydan çiçəyi burnunda bir sevgi gətirirdi özü ilə evlərinə. Toy sovulsa da, günlərlə, aylarla havası çalınırdı könüllərdə.

Kənd ev-ev toylaşırdı, mağarlaşırdı. O toy ev-ev gəzirdi kəndi...

O toyları ağır kişilər, azman kişilər, gözütox kişilər, dünyanı tanıyan kişilər yola verirdilər. Çalğıçılar da, oynayanlar da onların bir sözünü nəh eləyə bilməzdilər – ürf-adət vardı, toyun pozulmaz qanunları vardı.

Toybaşı vardı – əlində köşədən hörmə qamçısı – cızığından çıxan olsa, kürəyinin arasını odlayardı...
O qamçının çaqqıtısına uşaqlar nənələrinin böyrünə qısılırdılar, nənələrinin dizini qucaqlayırdılar.
Qədim toylarda səmimiyyət işığı vardı, təbiilik işığı vardı, həya işığı vardı. Qızlar, gəlinlər həya ilə bəzənib-düzənirdilər, zinətlənirdilər. Qızlar, gəlinlər elə utanırdılar ki, yanaqlarından əlvan çiçəklər səpilirdi toy gecəsinə. Bahar gəlirdi üzlərə...

Qulac-qulac saçlarını, bilək yoğunluqda hörüklərini gərdənlərinə atıb qardaşları ilə süzürdülər – incə, zərif, kövrək bacılar. Hərəkətlərində doğmalığın, mehrin təntənəsi vardı bu bacıların. İncə-incə belləri, uzun-uzun boyunları, sərv boyları ilə qızlar durna kimi qanad çalırdılar. Elə incəlirdilər ki, elə süzürdülər ki, lampanın titrək işığında o mağar, o toy gecəsi əfsunlanır, sehrlənir, zaman donub qalır, vaxt getmirdi...
O toy gecəsi əbədiyyət nağılı kimi qurtarmaq bilmirdi – çalındıqca çalınırdı.
O toy gecəsində bir-birini görməkdən ötrü adamlar o qədər boylanırdılar ki, boyunları uzanırdı, boyları uzanırdı.
Hər toydan sonra uşaqlar bir barmaq böyüyürdülər.
Hər toydan sonra göylər, kallar dəyirdi.Qədim toylar adamları yetişdirirdi.Adamlar sevgilərinə qol atırdılar, sevgilərinə uzanırdılar, sevgilərinə sürünürdülər – şamama tağı kimi...
Qədim toylarda adamlar elə bilirdilər ki, heç vaxt ölməyəcəklər.


Sonra o qədim toylardan təzə-tər körpələr doğulurdular.
Sonra o təzə-tər körpələr böyüyüb-böyüyüb qədim-qədim kişilər olurdular.
Qədimliyin keşiyində dururdular.
Üz-gözlərindən, üst-başlarından qədimlik yağırdı.
Sonra o qədim-qədim kişilər qədim sevgilərinin başına dolana-dolana qarıyırdılar.
Gözləri nurdan kəsilənə, qulaqları səsdən qalana, ayaqları heydən düşənə qədər qarıyırdılar.
O ki var qarıyırdılar...

Qarıyırdılar ki, bir-birinin ölümünü görməsinlər, bir-birinin ölümünü eşitməsinlər, bir-birinin ölümündən xəbər tutmasınlar.
Beləcə, bir-birinin ürəyindəcə salamat qalırdılar, heç ölmürdülər, əbədi yaşayırdılar.
Qarılar, qocalar ölümü tanıya bilmir, qədim toy dəvətçiləri hesab edirdilər.
Qarılar, qocalar ölümlə görüşə qədim toylara gedən kimi gedirdilər.
Qarılardan, qocalardan ötrü ölüm qədim toy yuxusu idi...

... İllər keçdikcə qədim toylar əlçatmaz oldu, uzaqda qaldı.
İllər keçdikcə qədim toyları görənlərin, qədim toylardan danışanların sayı azaldı.
Qədim toylardan bu günə qədim nağıllar qaldı – tutqurusu şirinlikdə.
Amma nə qədər şirin olsa da, bu nağılların sonunda nədənsə hamı köksünü ötürür...

# 2514 dəfə oxunub

Oxşar xəbərlər

"Bəx­tim on­da gə­ti­rib ki..." - Rasim Ocaqov niyə eyni aktyorlarla işləyirdi?

"Bəx­tim on­da gə­ti­rib ki..." - Rasim Ocaqov niyə eyni aktyorlarla işləyirdi?

18:40 22 noyabr 2024
Orxan Həsəninin yeni romanı çap olundu

Orxan Həsəninin yeni romanı çap olundu

17:25 22 noyabr 2024
Xalq yazıçısı Anar Prezidentə açıq məktub ünvanladı

Xalq yazıçısı Anar Prezidentə açıq məktub ünvanladı

16:40 22 noyabr 2024
Rasim Balayev:  "Kabinetdə oturanda belə yırtıq yaranır”

Rasim Balayev: "Kabinetdə oturanda belə yırtıq yaranır”

16:30 22 noyabr 2024
"Dünyadan gör necə insanlar gedib..." - Qələbədən arzulara doğru

"Dünyadan gör necə insanlar gedib..." - Qələbədən arzulara doğru

16:00 22 noyabr 2024
Azərbaycanlı şair fəxri titula layiq görülüb

Azərbaycanlı şair fəxri titula layiq görülüb

15:25 22 noyabr 2024
# # #