Qaragilə… - Gülyaz Əliyeva

Qaragilə… - Gülyaz Əliyeva
30 avqust 2024
# 15:20

Kulis.az Gülyaz Əliyevanın "Qaragilə" adlı yazısını təqdim edir.

Xalq mahnılarımızı çox sevirəm. Elə mahnılar var ki, sanki xalq öz ağrısını, acısını o mahnının arasına büküb, həsrətini, nisgilini çatdırmağa zaman, vaxt dağlarından o taya adlatmağa çalışıb. Bu mahnılarda həsrət də var, yanğı da, nisgil də, sevgi də …

Xalq mahnılarımızın, demək olar, hamısını bilirəm. Sözlərini də, musiqisini də. Qarabağlı olasan, səsin olmaya, musiqi duyumun olmaya? Bu, mümkün deyil. Hələ ola ki, yeddiillik musiqi təhsili alasan. Üstəlik, yurdundan didərgin düşəsən. O müqəddəs kədəri, nisgili ağrı-acını özün yaşayasan, ürəyinin süzgəcindən keçirəsən… Kədər-qəm, həsrət, nisgil qədər insanı arındıran, təmizləyən, müdrikləşdirən heç nə ola bilməz, məncə. Məhəmməd Füzuli kədəri, Molla Vəli Vidadi qəm-qüssəsi ədəbiyyatımızda məşhurdur…

Kədər insanı oxuda da bilər, ağlada da. Hərdən qəmgin olanda, zorla çıxarıldığımız, daşı daş üstündə qalmamış evimizdən, dağıdılmış həyətimizdən, viranə qalmış bağ-bağçamızdan, ayrı düşdüyüm qonşularımızdan, itirilmiş uşaqlığımdan, perikmiş gəncliyimdən ötrü burnumun ucu göynəyəndə özüm üçün zümzümə edirəm… Gözlərim önündən yaşanmış o ağrılı-acılı illər, Məhəmmədhüseyn Şəhriyar demiş, “bir sinema pərdəsi” kimi gəlib keçir, deyirəm:

Bir gəzeydim dağ-dərələr uzunu,
Oxuyeydim, “Çoban, qaytar quzunu”…

Bunları düşündükcə mahnıların sözləri ürəyimi dəlib keçir… Belə məqamlarda ən çox sevdiyim mahnılardan biri də “Qaragilə”dir. Bu mahnıya heç cür laqeyd qala bilmirəm, həyəcansız nə dinləyə, nə oxuya bilirəm. Nisgil, qubar, həsrət, yanğı, çarəsizlik… nələr yoxdur bu mahnıda?! Bu, sadəcə bir məhəbbət mahnısı deyil. Parçalanmış, mahallara, vilayətlərə bölünmüş torpağımın, el-obamın, yurdumun harayı, nisgili var bu mahnıda…

Dərbənd aralı,
Könlüm yaralı,
Bir yar sevmişəm,
Qaragilə,
Ellər maralı…

Bu harayda ayrı düşmüş ellərimizin, dədələrimizin, nənələrimizin, atalarımızın, analarımızın nisgili, qubarı, hıçqırtısı var…

Yar sevmişəm, gözəldir, ellər maralıdır, amma hansı ellərin? Didərgin düşmüş, yüz yerə ayrılmış, parçalanmış, həsrətli, bir-birindən bixəbər ellərin… Bir ucu Dərbənd, bir ucu Təbriz…

Bu mahnını dinlədikdə sanki heç vaxt görmədiyim Təbrizin dolanbac küçələrini dolaşıram, ağac olub yolda dururam, sevdiklərimə dayaq oluram, yandırıcı Günəşdən qoruyur, üstlərinə kölgə salıram, yatanları qəflət yuxusundan oyatmağa, dərdlərimizi dinlətməyə, danışıb çarə tapmağa çalışıram…

Gəlmişəm otağına,
Oyadam səni, Qaragilə,
Oyadam səni…

Oyan, Qaragiləm, oyan. Oyan ki, gözünün yaşını siləsən, daha bəsdir ağladın, gəlmişəm ki, oyanasan və daha ağlamayasan…

Oyan, Qaragiləm, oyan!

Oyan…


# 1813 dəfə oxunub

Oxşar xəbərlər

Şuşada “Sadıqcanın evi”nin bərpadan sonra açılışı oldu

Şuşada “Sadıqcanın evi”nin bərpadan sonra açılışı oldu

16:36 11 iyul 2026
Tabuları yıxan yazıçı - O, niyə sevgilisini övladlığa götürmüşdü?

Tabuları yıxan yazıçı - O, niyə sevgilisini övladlığa götürmüşdü?

14:28 11 iyul 2026
Bizi gözləyən təhlükə! - Ailələr niyə əvvəlki kimi çox uşaq sahibi olmaq istəmirlər?

Bizi gözləyən təhlükə! - Ailələr niyə əvvəlki kimi çox uşaq sahibi olmaq istəmirlər?

14:00 11 iyul 2026
Məşhur aktyor zorlama ittihamından bəraət aldı

Məşhur aktyor zorlama ittihamından bəraət aldı

12:43 11 iyul 2026
Qəbələ Beynəlxalq Musiqi Festivalının ilk günündə balet qala-konserti keçiriləcək

Qəbələ Beynəlxalq Musiqi Festivalının ilk günündə balet qala-konserti keçiriləcək

12:00 11 iyul 2026
Kinematoqrafçılar İttifaqında “Torpağı sanı yaşayasan” filmi nümayiş olundu

Kinematoqrafçılar İttifaqında “Torpağı sanı yaşayasan” filmi nümayiş olundu

11:00 11 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər