Psixoloq: “Panik atak xəstəlik deyil” - Müsahibə

Klinik psixoloq Gülşən Rüstəmova, yazar, şair Səhər Əhməd

Klinik psixoloq Gülşən Rüstəmova, yazar, şair Səhər Əhməd

6 aprel 2022
# 09:00

Kulis.az yazar Səhər Əhmədin psixoloq Gülşən Rüstəmova ilə müsahibəsini təqdim edir.

İnsanınmı xarakteri, xarakterinmi insanı formalaşdırması haqda əlimizdə dəlil olmasa da, fərdlərin müxtəlifliyi həyatımıza ən çox təsir edən səbəblərdən biridir. İnsanların daxili aləmi elə onların sayı qədər rəngarəngdir. Bütün şəxsiyyət növlərini, ruh hallarını, davranış qaydalarını, onların səbəb və nəticələrini anlamaq imkanımız xaricindədir. Baxmayaraq ki, biz çoxlu xarakter növləri “kəşf etmişik” və leksikonumuz “paxıl”, “qısqanc”, “fədakar”, “mərdimazar”, “sadəlövh” və s. sözləriylə doludur. Hələ onlarla həyatda rastlaşmadan öncə romanlar, filmlər, nağıllar bizi bu “qəhrəmanlar”la qorxudur. Çıxdığımız yolda “dilini bilmədiyimiz” çoxlu tiplər mövcuddur və onlarla çarpışmadan yola davam etmək hardasa mümkünsüz görünür. Bəli, sənət də, həyat da bizə heç bir səbəb və ya çıxış yolu göstərmir, sadəcə nəticəni təqdim edir. Psixologiya isə daha çox səbəblər və çıxış yoluyla məşğuldur. Məhz orda bizim müxtəlif cür adlandırdığımız, ədəbiyyatın cild-cild kitablarda təhlil etdiyi tiplərin birbaşa diaqnozu qoyulur. Müxtəlif şəxsiyyət pozğunluqları, affekt halları, klinik durumlar, münasibətlərarası dözülməzlik, onların səbəbləri və əlamətləri haqda bizi maraqlandıran bütün sualların cavabı məhz ordadır. Bizim “xarakter” adlandırdığımız bu müxtəlifliyin yaranmasına uşaqlıq travmaları, valideyn proqramlaşmaları, sosial amillər, yeniyetməlik dövrü və s. necə təsir edir? Bu və başqa suallara sizə təqdim edəcəyimiz “Biz niyə beləyik?” silsiləsindən klinik psixoloq Gülşən Rüstəmova ilə birlikdə cavab axtaracağıq.

Bu rubrikada sizinlə hamınızı maraqlandıran və demək olar ki, son dövrün kabusuna çevrilmiş “panik atak” haqda danışacağıq.

- Gülşən xanım, son dövrlər leksikonumuza “panik atak” adlı ifadə çox sıx yerləşib. Bu haqda söhbət etməyinizi istəyərdim. Nədir panik atak?

- Səhər xanım, həmişəki kimi çox gözəl bir mövzuya toxunmusuz. Son dövrlər bilən də, bilməyən də bu haqda danışır. Bəzən panik atakdan əziyyət çəkənləri ciddiyə almırlar, bəzən bu xəstələrə həddindən artıq və yanlış müalicə yazırlar. Baxmayaraq ki, bu haqda bir çox mənbələrdə dəqiq məlumatlar da var. Ona görə sizin sualınız yerindədir. Biz əvvəlcə bu diaqnoz haqqında düzgün təsəvvürə malik olmalıyıq. Məlumunuz olsun ki, “Panik atak” bir xəstəlik deyil, təzahürdür, hansısa bir qorxunun, hansısa bir problemin, hansısa bir qaçmaq istədiyimiz, baş verməsini istəmədiyimiz bir hadisənin bədəndəki təzahürüdür.

- Bu ifadə (panik atak) panikalı mərhələ anlamına gəlir. Demək ki, bu hallar keçicidir və həm də təkrarlanır. Nə qədər çəkir, məsələn?

- Əvvəla panik atakın təyin olunması üçün müxtəlif kriteriyalar mövcuddur, yəni, birinci tam əmin olmaq lazımdır ki, həqiqətən diaqnoz düzgün qoyulub, yoxsa yox. Çünki oxşar əlamətlər başqa xəstəliklərdə də ola bilər. Məsələn, ayaqların əsməsi, əllərin tərləməsi, ürək döyünməsinin sürətlənməsi, təngnəfəslik və s. Bu təzahürlər əgər panik atak əlamətidirsə, maksimum 30 dəqiqə çəkə bilər. Təbii ki, minimum da çəkə bilər. 15 və ya 10, hətta 5 dəqiqə. Məsələn, tutaq ki, tətikləyici, yəni səbəb qaranlıq qorxusudur, bu, təbii ki uzun çəkəcək. Ani tətikləyicilər isə daha ani, qısamüddətli təlaşa səbəb olur. Bu, insanın , duyğusu ilə də bağlıdır, fiziologiyası ilə də bağlıdır, bir az yaş faktoru da var. Yəni, individualdır. Ona görə də daha dəqiq belə deyirik, panik atak tutmaları maksimum yarım saat ərzində bitir, yarım saatdan sonra bədən əvvəlki vəziyyətinə düşür. Əgər belə deyilsə, artıq bu durumda diaqnoz başqadır.

- İnsan adi təlaşlı vəziyyətlə, həyəcanla, ötəri qorxuyla panik atakı necə fərqləndirə bilər?

- Bu hallar xroniki hal daşımır, məsələn insan bir gün boyu təlaşlı, həyəcanlı, qorxu içində ola bilər. Panik atak isə tutmalar şəklində olur. Bayaq dediyimiz kimi, konkret zaman kəsiyində olur və periodik olaraq təkrarlanır. Yəni, tutma baş verir, psixosomatik nəyisə üzə çıxarır, əl tərləyir, ağız quruyur, təngnəfəslik, baş gicəllənməsi, ürəkbulanması baş verir və s. Bu hallar adi təlaşda olmaya da bilər. Adi təlaş daha uzun çəkə bilər, panik atak isə qısamüddətli, partlayış şəklində üzə çıxan və daha dəqiq siptomları olan vəziyyətdir.

- Bəs adi təlaşla panik atakın səbəbləri arasında hansı fərqlər var?

- Belə deyək də, adi təlaş adi düşüncələrin təzahürüdürsə, panik atak konkret bir tətikləyicinin təzahürüdür. Məsələn, hanısa bir qorxu. Əslində panik atakın ən baza qorxusu ölüm qorxusudur. Məhz panik atak məhv olma qorxusundan qaçmaq ehtiyacından yaranır, bir növ orqanizmin müdafiə mexanizmi kimi. İnsan baş vermiş və ya baş verəcək hansısa hadisəni özünə təhdid kimi, ölümünə səbəb kimi görür və onu inkar etməyə çalışır. Yəni, hadisələrə daha normal, daha adekvat yanaşan, öz qorxusunu çözməyə çalışan insanlarda bu hallar olmur. Əks təqdirdə bədən problemli mühitdən fiziki şəkildə uşaqlaşa bilməsə də, psixosomitk reaksiya verir, istəyir ki, özümüzü tamam başqa mühitdə hiss edək, alternativ variant kimi. Bu necə yaranır, ürəkgetməsiylə, ayaqların tutulmasıyla və s. Yəni, bu bir növ mövcud vəziyyətdən qaçışdır, orqanizmin özünü müdafiəsidir.

- Sizcə, panik atak xəstələri kimə müraciət etməlidir, psixoloqlara, psixoterapevtlərə, yoxsa nevrpatoloqlara?

- Panik atakda tutmaların tezliyi, intensivliyi çoxdursa, insan bununla mübarizə aparmaqda çəyinlik çəkir. İlkin mərhələdə tutmaların sayından, ağrıların dərinliyindən asılı olaraq ilkin mərhələdə medikamentoz müalicə təyin olunur, amma əsas psixoloji dəstəkdir, çünki psixoloji cəhətdən bu məsələ çözülməsə, medikamentoz müalicə bitən kimi ataklar yenə davam edəcək, cünki bu tutmaları aradan qaldırmaq üçün mütləq biz tətikləyicini tapmalıyıq, sonra bu tətikləyici nəyin siqnalıdısa onu tapıb aradan qaldırmalıyıq. Bir çox texnikalar var ki, biz individual olaraq insanlara məsləhət görürük. Amma, tutaq ki, nəfəs texnikaları əksər insanlara eyni müsbət təsiri göstərə bilir.

- Gülşən xanım, panik atak hansı xəstəliklərə səbəb ola bilir?

- Qarşısı alınmadıqca atakların get-gedə daha sürətlə, daha intensiv baş verməsi olur. Get-gedə bütün zamanı alır, xronikiləşir, daha pisi isə insan bu vəziyyətə uyğunlaşır. Və digər xəstəliklərin başlanmasına katalizator rolunu oynayır. Bir çox nevrotik xəstəliklərin başlanmasına, xronikiləşməsinə, sinir sisteminin pozulmasına səbəb olur. Psixosamatik ağrılar, nəbzin yüksəlməsi, qan dövranın pozulması, qan təzyiqinin dəyişilməsi və s. Və bu halları hiss edən insanların mütəxəssisə müraciət etməsində fayda var.


# 3521 dəfə oxunub

Oxşar xəbərlər

İranda hicabsız konsert verən müğənni saxlanıldı

İranda hicabsız konsert verən müğənni saxlanıldı

14:10 14 dekabr 2024
Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

13:23 14 dekabr 2024
İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

12:00 14 dekabr 2024
Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

11:24 14 dekabr 2024
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 13 dekabr 2024
Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

17:00 13 dekabr 2024
# # #