Özündən 17 yaş kiçik həmkarı ilə eşq yaşayan, qızını övladsız qoyan, təmirsiz evdə ömür sürən deputat – Xalq artistindən maraqlı faktlar

Hökümə Qurbanova, Xalq artisti

Hökümə Qurbanova, Xalq artisti

11 iyun 2022
# 21:00

Bu gün Azərbaycan teatr sənətinin əvəzolunmaz aktrisası, Xalq artisti Hökümə Qurbanovanın doğum günüdür. Kulis.az bu münasibətlə aktrisa haqqında maraqlı faktları təqdim edir.


Hökümə Qurbanova Bakıda tacir Abbasəli Qurbanov və Məlikət Maqomayevanın ailəsində dünyaya göz açıb. Məlikət xanım tanınmış bəstəkar Müslüm Maqomayevin doğma bacısı idi. Hökümə xanım 1931-ci ildə Bakı Pedaqoji Texnikumunu bitirib. Elə həmin il Azərbaycan Dövlət konservatoriyasına daxil olaraq iki il fortepiano sinfində təhsil alıb.

Gallery


Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra bolşeviklər Hökümənin atasından xanımı Məlikət üçün tikdirdiyi iki mərtəbəli mülkünü hökumətə təhvil verməyi tələb edirlər. Mülkü onun əlindən alır və onlara yaşamaq üçün elə həmin evdə iki otaqlı mənzil verirlər. Bu hadisədən sonra Hökümənin atasının ürəyi partlayır.

Gallery


Ailənin çətin günləri başlayır. Hökümə oğlan paltarı geyinib evlərinin yaxınlığındakı baqqalın mağazasına çuvallarla yük daşıyır. Hər günün sonunda ona zəhmət haqqı kimi bir ovuc un verirmişlər. Bir gün isə yağışlı havada evə gələndə yıxılır, bir günlük qazancı olan un palçığa tökülür. Ağlaya-ağlaya baqqalın yanına gəlir, ondan əlavə un istəsə də baqqal vermir. Uzun illər sonra şöhrətli Hökümə Qurbanova həmin kişini parkların birində dilənən görür. Gedib mağazadan bir çörək alıb gətirib kişinin qarşısına qoyub gedir.

Gallery


23 yaşı olanda Hökümə xanımın fotosu Cəfər Cabbarlının diqqətini cəlb edir və onu axtarıb taparaq “Almaz” filmində Yaxşı roluna çəkir. Ancaq film ekranlara ədibin ölümündən sonra, 1936-cı ildə buraxılır.

Gallery


Milli Dram Teatrının tamaşalarında əvvəllər ara-sıra çıxış edən Hökümə Qurbanova 1938-ci ildən ömrünün sonunadək bu kollektivin əvəzolunmaz aktrisası kimi şöhrətlənib. O, 1940-cı illərdən teatrda əsas rolların ifaçısına çevrilib. Teatr tariximizdə onun kimi gözəl və məlahətli səs variasiyaları ilə oynaya bilən ikinci qadın sənətkar olmayıb. Aktrisa lazım gələndə səhnədə dəqiqələrlə mərmər abidə kimi "donub" qala bilirdi.

Gallery


İlk həyat yoldaşı Ələsgər Ələkbərovla qonşu olublar. Aktyor Höküməni görən gündən ona vurulub. Anasını onlara elçi göndərib. Deyilənə görə, guya o, özü də bu elçilikdə iştirak edib. Lakin, Hökümə xanımın anası elçilərə yox cavabı verərək deyir: "Sizin oğlunuz camaatın qabağına çıxıb mütriflik edir, mən ona qızımı verə bilmərəm". İkinci elçilik də məyusluqla nəticələnir. Hökümə Qurbanova isə o biri otaqda ağlayıb deyirmiş: “Əgər məni Ələsgərə verməsəniz, kerosini üstümə töküb özümü yandıracağam...” Sonda razılıq alınır. 1933-cü ildə ailə qururlar. Nailə adlı bir qızları doğulur. Bir neçə ildən sonra isə cütlük qısqanclıq səbəbi ilə ayrılır.

Gallery

Ayrılandan sonra hər iki sənətkar uzun illər bir-biriylə küsülü qalıblar. Yalnız “Qış nağılı” tamaşasında Hökümə Qurbanovanın bir neçə dəqiqə tərpənmədən buza donmuş heykəl kimi dayanan obrazını görəndə Ələsgər Ələkbərov tamaşadan sonra Hökümə Qurbanovaya yaxınlaşıb “sənətkarlığın, aktyorluğun qarşısında baş əyirəm” - deyir. Beləcə neçə illik küsülülüyə son qoyulur və iki sənətkar barışır.

Gallery


Bir müddət sonra aktrisa teatr rəssamı Nüsrət Fətullayevlə ailə həyatı qurur və bu evlilikdən onların Vəfa adlı qızları dünyaya gəlir. Sonralar Vəfa Fətullayeva da Akademik Milli Dram Teatrının səhnəsində maraqlı və yaddaqalan aktrisalardan birinə çevrilir. Amma ikinci evliliyinin ömrü də uzun sürmür. İkinci dəfə boşanan o, özündən 17 yaş kiçik olan aktyor Gündüz Abbasovla böyük bir məhəbbət yaşayır. Gündüz Abbasov öz dövrünün çox yaddaqalan kino aktyorlarından bir olub. "Telefonçu qız" filmində Mehribanın atası, "Bir qalanın sirri" filmində Elşən, "Onun böyük ürəyi" filmində Rəcəb kimi obrazlara imzasını atıb. Gündüz Abbasovdan ayrılan Ofeliya Məmmədzadə isə Hökümə Qurbanovanın ikinci həyat yoldaşı olmuş Nüsrət Fətullayevlə ailə qurur.

Gallery


Hökümə Qurbanova teatrda bir çox aktrisalarla intriqalar yaşayıb. Onlardan ən yadda qalanı isə Nəcibə Məlikova ilə olan küsülülüyü olub. Onların şəxsi zəmində araları dəymişdi. Həm də təbii ki, rol qısqanclığı da vardı. Lakin aktrisa Nəcibə Məlikova ilə küsülü olsa da "Ögey ana" filmində onun oynadığı obrazı səsləndirməyə razı olub.

Gallery

Xalq artisti, ali sovetin deputatı olan Hökümə Qurbanova uzun illər iki otaqlı təmirsiz mənzildə yaşayıb.

***


Aktrisa qızı Vəfa Fətullayevanı sənətinin davamçısı kimi görüb. Bu istəyini nəyin bahasına olursa-olsun həyata keçirmək niyyətində olub. Vəfanın əri Zaur isə həyat yoldaşının aktrisalıq etməsinə heç cür razı ola bilmirdi. Çox keçmir ki, bu fikir ayrılığı öz "bəhrəsini" verir. Hökümə Qurbanova, hökmünü yerinə yetirərək, qızını yoldaşından ayırmaq istəyinə çatır, hətta Vəfanın hamiləliyinə son verdirir. Vəfa Fətullayevanın ikinci böyük məhəbbəti öz həmkarı Fuad Poladov olur. Onlar ilk dəfə “Məhv olmuş gündəliklər” tamaşasında tərəf müqabili kimi eyni səhnəni paylaşırlar. Amma deyilənlərə görə bu dəfə də Vəfanı Poladovdan ayıran Hökümə xanım olur.

Gallery


Hökümə Qurbanova hökmlü olmaqla yanaşı, həm də çox qızılpərəst idi. Hansı ölkəyə gedirdisə, evdəki bütün qızıllarını sandıqçasına yığıb özüylə aparırdı. Moskvaya növbəti səfərlərinin birində də belə edir. Amma bu səfər sarsıdıcı bir hadisə ilə yadda qalır. O və Vəfa univermaqda gəzərkən qızıl dolu kisəni orada unudurlar. Bu hadisədən çox təsirlənirlər. Bəlkə də bu hadisə Vəfanın və onun ağır xəstəliyə tutulmasına səbəb olur.

Gallery


Ömrünün son günlərinə kimi Akademik Milli Dram Teatrında bir-birindən əvəzsiz obrazlar yaradan Hökümə xanım yaşının ahıl çağında övlad itkisi yaşayır. Qızı ilə yanaşı palatalarda müalicə alan aktrisanın qızı Vəfa Fətullayeva 42 yaşında sağalmaz qan xəstəliyindən vəfat edir. Onun faciəvi və vaxtsız ölümündən cəmi bir il sonra 1988-ci il noyabr ayının 2-də özü də Bakıda vəfat edir. Aktrisa Fəxri Xiyabanda dəfn olunub.

# 78432 dəfə oxunub

Oxşar xəbərlər

Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

17:00 23 noyabr 2024
Bütün qazancını buna xərcləyir

Bütün qazancını buna xərcləyir

14:39 23 noyabr 2024
Mehriban Xanlarova:  "Yerə yıxılanda doğrudan yıxılıram, şillə vurulanda doğrudan o mənə dəyir"

Mehriban Xanlarova: "Yerə yıxılanda doğrudan yıxılıram, şillə vurulanda doğrudan o mənə dəyir"

13:00 23 noyabr 2024
Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub

Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub

12:23 23 noyabr 2024
Bizim insanların mənəviyyatını korlayan budur! - Aqşin Yenisey

Bizim insanların mənəviyyatını korlayan budur! - Aqşin Yenisey

11:31 23 noyabr 2024
Daş kitabələr, Coşın qalası, petroqliflər... - Səttarxanın doğulduğu şəhərdə nələr var?

Daş kitabələr, Coşın qalası, petroqliflər... - Səttarxanın doğulduğu şəhərdə nələr var?

11:12 23 noyabr 2024
# # #