Oxumaqdan payımız yox, yazıdan qismətimiz - Günün şeiri

Oxumaqdan payımız yox, yazıdan qismətimiz - Günün şeiri
30 may 2023
# 14:10

Kulis.az "Günün şeiri" layihəsindən böyük Azərbaycan şairi Mirzə Ələkbər Sabirin "Bir bölük boşboğazıq, heyvərəlik adətimiz" adlı şeirini təqdim edir.

Bir bölük boşboğazıq, heyvərəlik adətimiz,
Doludur lənət ilə, qeybət ilə söhbətimiz,
Oxumaqdan payımız yox, yazıdan qismətimiz,
Bu əvamlıqla belə hər sözü təfsir edərik!
Mümkün olduqca müsəlmanları təkfir edərik!

Hər sözə çulğaşarıq, hər bir işi qurdalarıq,
Harda bir nur görürirsək, ona qarşı olarıq,
Bəzinə diş qıcıdıb, bəzinə quyruq bularıq,
Bizə hər kəs çörək atsa, onu təqdir edərik!
Mümkün olduqca müsəlmanları təkfir edərik!

Deyilik naşi bu işdə, — ağarıbdır yalımız,
Bilirik dini-müsəlmanı bu gün öz malımız,
Üzüqırxıq deyilik, — bir şələdir saqqalımız,
Tərpədib xeyrə onu, aləti-təzvir edərik!
Mümkün olduqca müsəlmanları təkfir edərik!

Gedərik məscidə hər gün, qılarıq onda nəmaz,
Xüşkə möminlik edib, bağlayarıq razü-niyaz,
Məscid olsun,— alarıq satsa cocuqlar bizə naz,
Bu uşaqbazlığı biz zöhd ilə təstir edərik!
Mümkün olduqca müsəlmanları təkfir edərik!

Danışıb-söyləşərik hər necə ünvan olsun,
İftira, ləğv, əbəs, hərzəvü hədyan olsun,
Hər kəsə bağlayarıq her cürə böhtan olsun,
Qoy bizim din evimiz olsa da viran, olsun,
Güc verib zikrə, cinan qəsrini təmir edərik!
Mümkun olduqca müsəlmanları təkfir edərik!

Möminik, keflənərik arzuyi-cənnət ilə,
Oxumuşlar adını yad edərik lənət ilə,
Düşmənik elm ilə, insaf ilə, hürriyyət ilə,
Biz bu əfsanələri cəhl ilə tənfir edərik!
Mümkün olduqca müsəlmanları təkfir edərik!

Ölkəni seyr edərək hər cürə insan görürük,
Ancaq öz nəfsimizi paki müsəlman görürük,
Bu xəyal ilə yatıb huriyü qılman görürük,
Xabi-sadiq deyə bu haləti təbir edərik!
Mümkün olduqca müsəlmanları təkfir edərik!

# 3535 dəfə oxunub

Oxşar xəbərlər

Şahzadə Harri:  "Xoşbəxt olanda anama xəyanət etdiyimi  düşünürdüm"

Şahzadə Harri: "Xoşbəxt olanda anama xəyanət etdiyimi düşünürdüm"

14:36 10 oktyabr 2026
2026-cı ilin ən populyar "gənclik sözü" seçilir: "Crashout", "Ragebait", yoxsa "Peak"?

2026-cı ilin ən populyar "gənclik sözü" seçilir: "Crashout", "Ragebait", yoxsa "Peak"?

13:37 10 oktyabr 2026
Ruzbeh Məmmədin yeni kitabı çap olundu

Ruzbeh Məmmədin yeni kitabı çap olundu

12:33 10 oktyabr 2026
BBC-də 50 illik tarixə son:  Məşhur proqramlar büdcə kəsintisinin qurbanı oldu

BBC-də 50 illik tarixə son: Məşhur proqramlar büdcə kəsintisinin qurbanı oldu

12:06 10 oktyabr 2026
Hollivud aktyoruna silahlı basqın:  "Sevimli yalançılar"ın ulduzu vəhşicəsinə döyülərək soyuldu

Hollivud aktyoruna silahlı basqın: "Sevimli yalançılar"ın ulduzu vəhşicəsinə döyülərək soyuldu

11:00 10 oktyabr 2026
Qızının faciəsindən sonra danışa bilmədi – Nuriyyə Əhmədovanın həyatını dəyişən gün

Qızının faciəsindən sonra danışa bilmədi – Nuriyyə Əhmədovanın həyatını dəyişən gün

10:30 10 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər