"Orqan musiqisi axşamı" adlı konsert keçirilib

"Orqan musiqisi axşamı" adlı konsert keçirilib
5 may 2025
# 16:43

Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalında uğurlu “Orqan musiqisi axşamı” adlı konsert keçirildi.

Kulis.az xəbər verir ki, konsertin solisti – parlaq, istedadlı orqan ifaçısı Natavan xanım Quliyeva idi. Musiqisevərlərə tanış olan bu ad illərdir həm Azərbaycanda, həm də xaricdə orqan musiqisinin təbliğinə mühüm töhfələr verir.

Natavan Quliyeva yaradıcılığını orqan musiqisinə həsr edib. O, Baltikyanı ölkələr, Rusiya, İtaliya, Böyük Britaniya, Hollandiya və digər Avropa ölkələrində konsert proqramları ilə çıxış etmiş, dünya şöhrətli orqan ifaçılarının ustad dərslərinin iştirakçısı olmuşdur. Artıq bir neçə ildir ki, xaricdə yaşayan ifaçının Bakıdakı konserti musiqi ictimaiyyəti tərəfindən böyük maraqla qarşılandı.
Konsert proqramı bu dəfə də Natavan xanımın fərdi musiqi zövqünü əks etdirən özünəməxsusluğu ilə seçilirdi. Proqramda, İntibah dövrünün sonu, Barokko musiqisinin əvvəlindən müasir dövrə qədər olan bəstəkarların – J.P.Svelink, N.Bruns, İ.S.Bax, F.List, Q.Qarayev və V.Adıgözəlovun əsərləri yer alırdı.

Gözəl nitqə və səlis danışıq qabiliyyətinə malik ifaçı, ənənəsinə sadiq qalaraq hər əsərin ifasından öncə dövr, müəllif və əsər haqqında məlumatları dinləyicilərlə bölüşdü. Etiraf etmək lazımdır ki, musiqi və nitqi bir araya gətirmək böyük diqqət və ustalıq tələb etsə də Natavan xanım bu vəzifənin öhdəsindən həmişə olduğu kimi məharətlə gəldi.

İfaya gəldikdə isə... Orqan üzərində ustalığı sayəsində alətin texniki imkanlarını peşəkar səviyyədə nümayiş etdirən musiqiçi, ən mürəkkəb əsərləri belə özünəməxsus ifaçılıq üslubu ilə təqdim edirdi. Alətə məxsus səs rəngarəngliyi, registrlərin dəqiq və düzgün quruluşu ifanı daha da təsirli və parlaq göstərirdi.

Konsert zamanı Natavan xanım Azərbaycan Dövlət Konservatoriyasında (indiki BMA) orqan sinfinin təsisçisi, ilk azərbaycanlı orqan ifaçısı Zəhra Cəfərovadan bəhs etdi. O, vurğuladı ki, Zəhra xanımla şəxsən görüşmək nəsib olmasa da, tələbələrinə aşıladığı sənətə bağlılıq və vətən sevgisi kimi dəyərlərdən onun necə bir insan olduğunu aydın görmək olar. Eyni zamanda, Azərbaycanda orqan sənətinin inkişafı üçün çalışan görkəmli musiqiçilər – Əməkdar İncəsənət xadimi, professor Tahirə Yaqubovaya, Əməkdar müəllim, professor Rasimə Babayeva və dosent Nelli Abutidzeyə daima göstərdikləri diqqət və dəstəyə görə təşəkkürünü bildirdi.

Konsert proqramı F.Listin “Weinen, Klagen, Sorgen, Zagen” əsəri ilə başa çatdı. Natavan xanım çıxışının sonunda proqramda yer alan əsərlərin əvvəlcə qədim üslubda, sonda isə daha müasir üslübda improvizasiya və işlənməyə əsaslanandığını qeyd etdi. Həmçinin o, həmkarı Nigar Məmmədovaya da konsert zamanı göstərdiyi dəstəyə görə xüsusi təşəkkürünü bildirdi.
Unudulmaz musiqi axşamı musiqisevərlərə dərin zövq yaşatdı. İnanırıq ki, o, bu cür yüksək səviyyəli konsert proqramları ilə bizi hələ çox sevindirərək musiqi həyatımıza rövnəq qatacaqdır.


Gülbacı Muradova

# 1825 dəfə oxunub

Oxşar xəbərlər

“İpək Yolları Gənclərin Gözü ilə”  beynəlxalq foto müsabiqəsinə başlanıldı

“İpək Yolları Gənclərin Gözü ilə” beynəlxalq foto müsabiqəsinə başlanıldı

17:00 27 may 2026
Xalq şairi Sabir Rüstəmxanlının 80 illik yubileyi qeyd olundu

Xalq şairi Sabir Rüstəmxanlının 80 illik yubileyi qeyd olundu

16:30 27 may 2026
"Qladitator"un ulduzundan pərəstişkarlarına sərt xəbərdarlıq: "Kim özünü axmaq kimi aparsa..."

"Qladitator"un ulduzundan pərəstişkarlarına sərt xəbərdarlıq: "Kim özünü axmaq kimi aparsa..."

16:00 27 may 2026
Metyu Perrinin ölüm işində şok detallar - Köməkçisi sübutları belə məhv edib

Metyu Perrinin ölüm işində şok detallar - Köməkçisi sübutları belə məhv edib

15:30 27 may 2026
Məşhur aktyora qarşı zorakılıq ittihamı

Məşhur aktyora qarşı zorakılıq ittihamı

13:40 27 may 2026
Əlimərdan bəy Topçubaşovun məzarı ziyarət edildi

Əlimərdan bəy Topçubaşovun məzarı ziyarət edildi

11:30 27 may 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər