Operator qızın soyuq səsi - Orxan Cuvarlı yazır

Operator qızın soyuq səsi - Orxan Cuvarlı yazır
13 aprel 2021
# 13:18

Kulis.az Orxan Cuvarlının "Səndən sonra gəlməyən bahar" adlı essesini təqdim edir.

Dərd də gələndə batmanla gəlir. Səndən sonra ən çox xatırladığım məsəl budur.

Amma bizə batmanla filan gəlmədi. Bir misqalı da bəs elədi.

Yadımdadır, sənin bir daha olmayacağını öyrəndiyim həmin an bir neçə dəqiqə uyuşdum, heç nəyi qavraya bilmədim. Keyim açılmağa başlasa da, aldığım xəbər mənə inandırıcı görünmürdü, ya da inanmaq istəmirdim. Axı adamlar ən yaxşı özlərini aldatmağı bacarırlar.

Mən həmin xatırlamaq istəmədiyim bir payız səhərində - oktyabrın 5-də Dənizkənarı Parkda idim. Xəzər ilk dəfəydi gözlərimə bu qədər nəhayətsiz, hüdudsuz görünmüşdü. Dalğaların vahiməli ləngərini hələ də xatırlayıram, küləyin səsi hələ də beynimdə hərlənir. Telefon xəttinin 1800 kilometr məsafəlik o biri ucunda anamın fəryadı məni hissə-hissə reallığa qaytarırdı, gilə-gilə yoxluğuna alışdırırdı.

İlk dəfə ciyər dolusu nəfəs ala bilməməyin nə olduğunu onda dərk etdim.

O xəbərdən sonra hava da bir anda dəyişdi, göyün üzü qaraldı, tutqunlaşdı. Mənə elə gəlirdi ki, göy də mənimtək doluxsunub, çırtma vursan qanı tökülər.

Sonrası film lenti kimidir.

Heç kimin yolunu sənin cənazənin yolunu gözlədiyim qədər gözləmədim.

Səhərləri diri açmağın, gecələr yuxuya getməməyin nə olduğunu onda anladım.

Hələ də özümü son dəfə kəfəni açıb üzünə baxa bilmədiyim üçün bağışlaya bilmirəm. Düzü, qoymadılar. Amma elə bil mən də nədənsə çəkindim, ürək eləmədim, şərtsiz razılaşdım. İlk dəfə özümdən bu qədər qaçdığımı, hesablaşmadığımı hiss edirdim. Bəlkə də səni son danışığımızdakı təbəssümünlə xatırlamaq istədim.

Sənin üçün hər dəqiqə darıxıram. Arabir bu darıxmaq dözülməz həddə çatır, ürəyim ağzıma gəlir. İllah da gecələr... Bir də səni görə bilməyəcəyim gerçəkliyi dəhşətlidir. Bəzən bu "gecə tövşümələrini" pritçalar halında yazıb saxlamaq istəyirəm. Qorxuram ki, illər keçsə göynəyim bu qədər təzə olmayacaq, qaysaqlanacaq. Ehtiyat edirəm ki, içimdə gündən-günə ağzı açılan lağım qapanacaq, hər gün içimə yıxıldığım o uçurum əvvəlkitək təhlükəli, dərin görünməyəcək.

Tez-tez ürəyimdən sənlə dərdləşmək keçir. Sən indi keçmiş zamandan, soyuq daşdan baxan bir cüt gözdən, tozlu albomlarda nə vaxtsa çəkdirdiyin fərqli şəkillərdən, dost təsəllilərindən ibarətsən.

Sən indi bir zəng qədər uzaq deyilsən. Amma mən ürəyimlə bacarmıram. Hərdən özümü saxlaya bilmirəm, əlim telefona uzanır. Nömrənin əzbər bildiyim bütün rəqəmlərini qorxuyla, önünə keçə bilmədiyim bir tələskənliklə yığıram;

8

Nəbzim sürətlənir.

9

Ürəyimin döyüntülərini aydın eşidirəm.

0

Sinəm ürəyimə dar gəlir.

3

Məni soyuq tər basır.

3

Boğazım qurumağa başlayır.

4

Dodaqlarım səyirir.

1

Dizlərimin bağı çözülür.

4

Əllərim titrəyir.

1

Ürəyim sanki boğazımda döyünür.

4

Və artıq heç nə hiss edə bilmirəm.

8

Sonda “YES” düyməsi. Barmaqlarım müəmmalı bir titrəməyə məruz qalır və qərarsız oluram. Fəqət hər dəfə eyni ürkəkliklə, eyni ehtiyatla sıxıram o düyməni... Uzun pauza. Bu qulaqbatıran sükutun sonrasında səsini eşidəcəyimi ümid edirəm. Hər dəfə üzünü görmədiyim bir rus qadının öyrəşə bilmədiyim quru səsinə qulaq verirəm:

"Vas privetstvuet avto-otvetçik, ostavte soobşenie posle zvukovovo siqnala".

Bu səkkiz sözlük cümlə sənin yoxluğunu hər səfər üzümə vurur. Mən ora hansısa mesaj qoymaqdan da acizəm. Qorxuram ki, həmin sözlər sənə çatmaz, eşitməzsən.

Və məhz onda başqa dildə darıxmağın nə olduğunu anlayıram və başa düşürəm ki, kədərin dili olmur.

Fərqinə varıram ki, Yer üzündəki bütün kədərli insanlar heç bir təsəlli sözünə sığınmadan bir-birini başa düşə, anlaya, anidən qucaqlaşıb hönkürtü ilə ağlamağa başlaya bilər.

Ölüm qaşla göz arasındadır. Bunu mən sənin ölümündən sonra daha da yəqin etdim. Hamımızdan uzaq, gözdən iraq bir yerdə sükan arxasında keçindin. Heç maşını saxlamağa möhlətin olmamışdı. Hələ də ayağının əyləcdə necə qaldığını təsəvvür eləməyə çalışıram. Canını tapşırdığın o yerdən hər ötəndə içimdən bir gizilti keçir. Şam ağaclarının ortası ilə uzanıb gedən, mənə mənzilsiz, ünvansız görünən o yolda hər dəfə mən də ölürəm. Həmin yolda məsafə gözümdə daha da uzanır, sonsuzlaşır...

"М.В.Трофимова".

Ölüm kağızının ən aşağısında bu ad yazılıb. Daha bir tanımadığım rus qadın. Kim bilir, gündə neçə belə sənəd hazırlayır?!

Bəlkə də o, ölüm kağızında yazılanları çoxdan unudub. Amma mən ölənə kimi bu ad-soyadı, orda yazılanları əsla unutmayacağam.

"Priçina smerti: Levojeludoçkovaya nedostatoçnost. Dilataçionnaya kardiomiopatiya. İnfekçionnıe zabolevaniya ne vıyavlenı".

İllərlə başlarını qalın-qalın kitablardan qaldırmayan, həkimlik ixtisasına yiyələnən adamlar 54 illik ömrü on sözdən ibarət üç cümləyə sığışdırmışdılar. Onlar fərqində deyildi ki, bu on söz təkcə sənin ölüm səbəbini müəyyənləşdirməyəcək, həm də başqalarının həyatına, bundan sonrakı taleyinə təsir göstərəcək. Məsələn, ilk oxuduğum saniyədən ölən anıma qədər mənim qəlbimdə özünə yer eləyəcək, hisslərimə, davranışlarıma yerikləyəcək...

Mən indi sən yaşayan ömrün tən yarısındayam.

Səndən sonra yaşımın üstünə bir yaş gəlsə də, 26 yaşım xatirimdə əbədi qalacaq. Səni 26 ilimə sığışdıra bildim. Həmişə ad günümü təbrik edəndə mütləq doğulduğum günün o məşhur əhvalatını bir də danışırdın. Yeni doğulmuş məni Şamaxıdan Bakıya gətirəndə komendant saatına düşməyinizi, əsgərlərə məni göstərəndən sonra postdan buraxıldığınızı gülə-gülə nəql edirdin.

Səndən sonra ilk ad günüm idi ki, bir yaş da böyümədim.

Həmişə uşaqlıq şəkillərimdə yıxılmayım deyə yanımda olmusan. İndi haradasa yenə mənə dayaq olduğunu, çiyin verdiyini bilirəm.

Bir hindu atalar sözündə deyilir ki, adını xatırlayan son şəxs öləndə heç doğulmamış kimi olacaqsan. Sən son nəfəsimə qədər daima mənimlə olacaqsan. Bilmirəm, sənin qədər yaşamaq mənə nəsib olacaq ya yox? Ömür vəfa eləsə, günlərin birində ağarmış saç-saqqalım bir-birinə qarışacaq, ucuz, köhnə, miyanə kafelərin birinin küncdə, pəncərə kənarındakı masalarının birində, küçədəki izdihama, pəncərənin o üzündəki həyat deyilən hərəkətli, daim yenilənən tabloya baxa-baxa, qabağımdakı bir parç pivədən qurtumlayıb sənin səsini, çöhrəni dəqiq xatırlamağa çalışacağam.

Sən payızda ağaclardan düşən sarı, solğun yarpaqlar təki düşdün ömür ağacından. Tale külək ədasıyla səni də xəzəllər sayaq qabağına qatdı.

Mən indi bütün fəsilləri iki nəfərlik yaşayıram. Yağışda sənin yerinə də islanıram, şaxtada sən əvəzdən də üşüyürəm.

Amma hərdən mənə elə gəlir ki, səndən sonra fəsillər dəyişmədi.

Səndən sonra payızda qaldım.

Səndən sonra qar yağmadı.

Səndən sonra bahar gəlmədi, ata.

# 5552 dəfə oxunub

Oxşar xəbərlər

Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı İordaniyada nəşr olundu

Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı İordaniyada nəşr olundu

16:13 25 noyabr 2024
Bəstəkar və xalq mahnılarının yeni caz üslubunda təqdimatı olub

Bəstəkar və xalq mahnılarının yeni caz üslubunda təqdimatı olub

15:55 25 noyabr 2024
İndi yaxşı adam olmaq axmaqlıqdır... - Samir Mirzə

İndi yaxşı adam olmaq axmaqlıqdır... - Samir Mirzə

15:22 25 noyabr 2024
Boşanmaların səbəbi evlilikdir! - Övladlarını bədbəxt edən valideynlər

Boşanmaların səbəbi evlilikdir! - Övladlarını bədbəxt edən valideynlər

15:00 25 noyabr 2024
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

14:38 25 noyabr 2024
Lermontova həsr edilmiş tədbir olacaq

Lermontova həsr edilmiş tədbir olacaq

13:23 25 noyabr 2024
# # #