Unutma, gözəllik aldadıcıdır - Edmund Spenserdən sonetlər

Unutma, gözəllik aldadıcıdır - Edmund Spenserdən sonetlər
13 yanvar 2026
# 13:30

Bu gün məşhur ingilis şair Edmund Spenserin anım günüdür.

Kulis.az bu münasibətlə onun sonetlərini təqdim edir.

1

Sevgilim, nə üçün zalımsan belə,

Sənin baxışında ölüm gücü var.

Tanrı rəhm edəndir, sən də rəhm elə,

Bil, qurmaq pozmaqdan çox güclü olar.

Eşqimə həmdəm ol, çataq vüsala,

Göstər qüdrətini, çat fəryadıma.

Lakin dosta deyil, göstər gücünü

Sənin sevmədiyin öz düşmanına.

Qoy duysun zülmünün qüdrətini o,

Sənin baxışların öldürər onu.

Yalnız dərk etdikdə həsrətini o

Sənin xoş baxışın güldürər onu.

Bu dünya cənnətə dönər rəhminlə,

Biz xoşbəxt yaşarıq onda səninlə.

2

De nə vaxt bitəcək bu dərd, bu kədər,

Yoxsa, taleyimə yazılıb zülüm.

Gülüm, həsrətinə dözüm nə qədər? -

İnan, bu həsrətdən yaxşıdır ölüm.

Mənim bəxt evimi qəm-qüssə alıb,

Yoxsa, taleyimlə barışmalıyam?

Onun qəddarlığı durmadan artıb,

Bəlkə bu kədərə alışmalıyam?

Nə qədər etsən də zülüm, bir düşün,

Qazancın çox deyil sənin zülmündən.

Mənə nifrət etdin, baxma ki, bir gün

Sənin şan-şöhrətin getməz könlümdən.

Göz yaşı içində salaraq yada,

İtirib-taparsan məni dünyada.

3

Saxta gülüşlərə gəl, sən inanma,

Əvvəlcə sına sən, sonra da inan.

Onlar bir tilovdur çatmaz dadına,

Tora düşənləri aldadılmış san.

Saxtalıq, vədlərlə zəif qəlbləri

Daima çaşdırıb üzər, aldadar.

Yalandan yoğrulub çox əməlləri,

Onda rişxənd edib, gülmək gücü var.

Qanlı əlləriylə öldürür, ancaq

Gözəl gözləriylə gülüş bəxş edir.

Bu zalım oyundan sevdalanaraq,

Beləcə əzabdan qurtulub gedir.

Unutma, gözəllik aldadıcıdır,

Saxta məhəbbətin sonu acıdır.

İngilis dilindən tərcümə etdi: Xanəhməd Novruzov

# 1694 dəfə oxunub

Oxşar xəbərlər

"Şeytanın sarayında bayramıdır cinlərin..." - Mixail Lermontovun şeirləri

"Şeytanın sarayında bayramıdır cinlərin..." - Mixail Lermontovun şeirləri

15:30 15 oktyabr 2026
"Kədərim nə vaxtsa arzularınıza mane olub ki?" - Nobel mükafatçısının  şeirləri

"Kədərim nə vaxtsa arzularınıza mane olub ki?" - Nobel mükafatçısının şeirləri

15:00 13 oktyabr 2026
“Gəl, bu gecə taleyin inadını sındıraq” - Günay Mirinin şeirləri

“Gəl, bu gecə taleyin inadını sındıraq” - Günay Mirinin şeirləri

13:00 13 oktyabr 2026
"Alnımın qırış yerindən taleyin çaparı keçir..."  - Əlisəmid Kürün şeirləri

"Alnımın qırış yerindən taleyin çaparı keçir..." - Əlisəmid Kürün şeirləri

11:50 13 oktyabr 2026
"Dər qığılcımlarımı, sıx buludlarımı..." - "Yeni Güney Azərbaycan" layihəsində Elşən Böyükvəndin şeirləri

"Dər qığılcımlarımı, sıx buludlarımı..." - "Yeni Güney Azərbaycan" layihəsində Elşən Böyükvəndin şeirləri

15:00 9 oktyabr 2026
Bizə "ölümün adamları" deyirlər...  - Məşhur seneqallı şairdən şeir

Bizə "ölümün adamları" deyirlər... - Məşhur seneqallı şairdən şeir

14:00 9 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər