Kitab sərgisi

Onun məqsədi insanı xilas etmək idi... - Asif Ata-90

Onun məqsədi  insanı xilas etmək idi... - Asif Ata-90
25 sentyabr 2025
# 10:00

25 sentyabr görkəmli Azərbaycan filosofu Asif Atanın 90 illik yubileyi tamam olur.

Kulis.az bu münasibətlə Düzgün Atalının filosofun 90 illik yubileyinə ithaf etdiyi "Asif Ata – İnsanlığa yetən və yetirən" yazısını təqdim edir.

Ocaq günsırası ilə 25 Ata ayı, 47-ci il (25 sentyabr 2025-ci il) Mütləqə İnam Fəlsəfəsinin Yaradıcısı, Ruhsal Ocaq Atası, dahi Azərbaycan filosofu Asif Atanın ( İnam Ata) 90 – cı ildönümüdür.

Ürəyinizdə Ata Günəşi olsun!

O, sadəcə yaşamaq üçün doğulmamışdı. Onun ömrünün mənası Ulusunun vicdanı, bəşərin ruhsal səsi olmaq idi.

Qutsal Bitiqlərinin, Övladlarının – Ocağının Atası oldu. Sonralar Ulus da, bəşəriyyət də ona "Ata" deyəcəkdi.

O, Asif Atadır ( İnam Ata) – Gerçəkdən Peyğəmbərlik olayıdır; Aqibətini özü yaradıb, var olub. Var edib: ömürlər, talelər yaradıb…


***

Uşaqlıq illəri çağının faciəvi olaylarını yaşına uyuşmayan fitri müşahidəçiliklə keçdi. Gördüyü dəhşətləri “Ömrüm-günüm” əsərində bənzərsiz ifadə edib: 30-cu illər repressiyasının insanların taleyində yaratdığı bitməyən acılar, məhv olan ömürlər, müharibənin gətirdiyi faciələr - yoxsulluq, adam fürsətcilliyi, ölümün adiləşməsi, xəyanətlər…

Həmin faciəvi mənzərədən üstün, ancaq onun görə, ifadə edə bildiyi Çaykəndin ilahi təbiəti – günəşi, çayı, göyü, yolları, Səməd qayası, meşəsi, bulaqları deyirdi ki, dünya, həyat, insan təkcə görünən dəhşətlərdən ibarət deyil.

Kitab onun ilk dostu, qələm isə silahı oldu. Sovet qəlibləri ruhunu sıxmaq istəsə də, o, həmin qəlibləri sındırmaq üçün doğulmuşdu.


***

Gənc Asif soruşurdu:

- Niyə insan həm ucalır, həm də alçalır? Niyə Ulus (xalq) özünü itirir? Niyə bəşər yolunu azır? Niyə insan var ola bilmir?

Bu suallar onun ruhunu daim oyadıb, ömrü boyu axtarışda saxladı. Cavab tapmaq ümidilə o, təhsilini davam etdirmək üçün Moskvaya — Ədəbiyyat İnstitutuna üz tutdu. Ancaq orada da ürəyindəki sualların cavabını tapa bilmədi.

İnstitutun müəllimləri ona istədiyini verə bilmirdilər.

Beləcə, gənc Asif özünü kitabxanada tapdı. Buranı evi sayırdı. Hər söz, hər sətir onu düşündürürdü.

Tezliklə başa düşdü ki, həqiqi yol göstəricisi yalnız içinin səsidir. Burada da o, oxuduqlarının təsirinə düşmədi, onlardan üstün düşüncə yönü yaratdı.

Ata Vətənə qayıtdı, BDU-da, Slavyan Universitetində, Milli Konservatoriyada müəllimliyə başladı. Onun müəllimliyi insanları ümidləndirirdi, heç kəsin müəllimliyinə oxşamırdı.

Tələbələri onun dərslərində yalnız bilik tapmır, həm də ruhani enerjiyə qovuşur, müəllimlərini həm də sevimli insan, dost olaraq qəbul edirdilər.

1975–77-ci illərdə BDU-da yaratdığı “Etik və estetik tərbiyə klubu” minlərlə insanın ruhunu oyatdı.

Ata yazır: “Mühazirəmə gəlirdilər: dalğa-dalğa, sel-sel! Görüşümə gəlirdilər: dalğa-dalğa, sel-sel! Yataqxanaya gəlirdilər: dalğa-dalğa, sel-sel! Kitabxanaya gəlirdilər: dalğa-dalğa, sel-sel!”

1979-cu ildə isə Ocağını qaladı. Təqiblər, qapanmalar, təhlükələr qarşısında geri çəkilmədi. Əsərlərinin çoxunu o dönəmdə yazdı: “Mütləqə İnam”, “Mütləqləşmək var olmaq”, “Mütləqilik”, Bədiyyat”, “Sədaqət”...

Ata düşüncələrin, mənəviyyatın, insan ruhunun yolgöstərən işığı idi.


***

Asif Ata ömrünü Amalına həsr etdi. Məqsədi – insanı xilas etmək idi.

İstədi ki, insanlar yaşasınlar, var olsunlar.

İNSАNLАŞMАQ

Zəmаnə İnаmını – İnаmsızlıq sаydım. İnаm yаrаtdım.

Zəmаnə İdrаkını – İdrаksızlıq sаydım. İdrаk yаrаtdım.

Zəmаnə Mənəviyyаtını – Mənəviyyаtsızlıq sаydım. Mənəviyyаt yаrаtdım. Zəmаnə İrаdəsini – İrаdəsizlik sаydım. İrаdə yаrаtdım.

Zəmаnə Аmаlını – Аmаlsızlıq sаydım. Аmаl yаrаtdım.

Zəmаnə Əməlini – Əməlsizlik sаydım. Оcаq qаlаdım.

Təqiblərə yüksəldim. "Аtа" çаğırıldım. Bəşərin nicаtı – İnsаnlаşmаqdаdır. İnsаnlаşın – İnsаnlаşdırın…

(Şölə Аyı, 7-ci il. Bаkı (İyun, 1985-ci il))


***

Ata ideyaları haqqında

Mütləqə İnam – Əzəli, əbədi, sonsuz, kamil mənaya inam. Mütləq, dünyanın, həyatın, insanın daxilindəki özümlükdür.

Kamil İnsan – İnam, İdrak, Mənəviyyat və İradə müstəqilliyinə yetən.

İnsan özündə mütləqilik, yəni əzəli, əbədi, sonsuz, kamil məna gəzdirir, bu səbəbdən mahiyyətcə şəraitdən, mühitdən, cəmiyyətdən üstündür.

İnsan - Mütləqiliyə meyl edən və mütləqləşməyə qadir ruhani varlıqdır.

***


Müstəqil Vətən

Asif Ata müstəqilliyi belə görür:

“Dünyadan asılı olmadığın dərəcədə müstəqilsən.

Dünyaya gərək olduğun dərəcədə müstəqilsən.

Özgədən asılı olmadığın dərəcədə müstəqilsən.

Təcridə qabil olduğun dərəcədə müstəqilsən.

Qəyyumlardan və hakimlərdən azad olduğun dərəcədə müstəqilsən.

Təqliddən azad olduğun dərəcədə müstəqilsən.

Bəhrələnməyin bəhrələndirməyinə bərabər olduğu dərəcədə müstəqilsən.

Öyrənməyin öyrətməyinə bərabər olduğu dərəcədə müstəqilsən.

Özümləşdiyin dərəcədə müstəqilsən.

İnsanlaşdığın dərəcədə müstəqilsən”.

***

Ruhani Birlik (Cəmiyyət) – insanın insanı ucaltdığı məkan. Atanın fikrincə, Bəşər aşağıdakı dairələrdə ilişib qalıb:

Siyasi dairə – demokratiya və totalitarizm dairəsi

İctimai dairə – kapitalizm və sosializm dairəsi

Din-Ateizm dairəsi.

Asif Atanın Ruhani (İnsani) cəmiyyət idealında fərd ömrünün, taleyinin, iradəsinin yiyəsidir.

Özümlü Şərq ideyası Şərqi özünə - əzəli müəllimliyinə qaytarmağı hədəfləyir.

Ləyaqətli Bəşər – bəşərin ruhsuzluq, zorakılıq, əxlaqsızlıq və maddiyyat hərisliyindən azad olması deməkdir.

***

Ata üçün Türkçülük sadəcə milli ideya deyildi, bəşəri mənəviyyatın dirçəldici gücü idi. O, Türk ruhunu dünyanın itirdiyi ləyaqətin bərpası, insanlığı ucaldacaq mənəvi dayaqların özülü kimi görürdü.

Asif Ata hesab edir ki, Güney Azərbaycan məsələsi Azərbaycanın ən əsas siyasi məsələsidir.

Onun fikrincə, Quzey və Güney Azərbaycanın birləşməsi yalnız coğrafi və siyasi inteqrasiya deyil, həm də milli güc, ruhanilik və döyüşkənlik ənənələrinin birləşməsidir.

Vahid Azərbaycan ideyası milli iradəni gücləndirir və beynəlxalq səviyyədə Azərbaycanın siyasi mövqeyini yüksəldir.

Atanın fikrincə, Ruhun dörd cəhəti var: İnamın özülü – Mütləqilikdir. İdrak – həqiqəti görmək gücüdür. Mənəviyyat – vicdançılıq, təmənnasızlıq, fədakarlıq deməkdir. İradənin özülü – Mənlikdir.

***

Asif Ata deyir:

“İnsanlaşın, insanlaşdırın – bəşərin qurtuluşu insanlaşmaqdadır!”

Ata İrsi və Əbədiyyət

Ata İnsanlaşmağa, İnsanlaşdırmağa çağırır. İnsani birlik öncə insanın içində qurulur.

İnam Atanın (Asif Atanın) ideyaları yaşayır, çünki bu ideyalar əbədiyyətin soraqçısıdır.

Atamız var olsun!

# 89 dəfə oxunub

Oxşar xəbərlər

“Tanrının otağı” adlı yeni filmin posteri yayımlanıb

“Tanrının otağı” adlı yeni filmin posteri yayımlanıb

11:20 25 sentyabr 2025
Əlisəmid Kürlə bağlı Mehriban Əliyevaya müraciət edildi

Əlisəmid Kürlə bağlı Mehriban Əliyevaya müraciət edildi

10:50 25 sentyabr 2025
“Nəsimi dastanı”  baletinin təqdimatı oldu

“Nəsimi dastanı” baletinin təqdimatı oldu

10:40 25 sentyabr 2025
Uilyam Folkner: “Amerikada yazıçı it kimidir”

Uilyam Folkner: “Amerikada yazıçı it kimidir”

10:21 25 sentyabr 2025
Azərbaycanlı aktyor   "Ən yaxşı kişi rolu"  mükafatını qazanıb

Azərbaycanlı aktyor "Ən yaxşı kişi rolu" mükafatını qazanıb

09:07 25 sentyabr 2025
"Yazıçı və tərcüməçi" - Tim Parksın essesi

"Yazıçı və tərcüməçi" - Tim Parksın essesi

09:00 25 sentyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər