Bu gün görkəmli alim, akademik Azad Mirzəcanzadənin doğum günüdür.
Kulis.az Qorxmaz Şıxalıoğlunun onun haqqında yazısını təqdim edir.
Bakının bürküsündə kölgəli bir çayxananın yerini heç nə verməz. Özü də ki, orada neçə illərin dostu Xeyrulla kimi ("Neft daşları" qəzetinin baş redaktoru) maraqlı həmsöhbətin ola və tünlükdən uzaq olasan. Hesab elə canlı ensiklopediyadır. Bu yaxınlarda çayxana söhbətimizin biri dolana-dolana gəlib çıxdı elm fədaisi Azad Mirzəcanzadəyə. Xeyrulla Ağayevin A.Mirzəcanzadə haqqındakı kitabı (neftçi alim Alçın Şirinzadənin həmmüəllifliyi ilə) indi də məndədir. Ara-sıra vərəqləyirəm. Söhbət zamanı Xeyrulla dedi ki, sentyabrın 29-u Azad müəllimin ad günüdür. Xəyalım yayın bürküsəndən adlayıb 26-27 il əvvələ apardı məni. Azad müəllimlə görüşümüz yadıma düşdü.
Payız günü idi. Nəsiminin heykəlinin yanından üzüyüxarı qalxırdım. Ali Attestasiya Komissiyasına, Azad müəllimin yanına gedirdim. O, bu komissiyanın sədri idi.
AzTV-də çalışdığım uzun illər ərzində işimlə bağlı çox alimlərlə ünsiyyətdə olmuşam.Və onlardan ikisi ilə elə ilk söhbətimdə: “bax, bu, alimdir” demişəm ürəyimdə. Çünki məni heyrətləndiriblər. Onlar hamı kimi danışmayıb, ona görə. Aydın Məmmədovu və Azad Mirzəcanzadəni nəzərdə tuturam. Aydın müəllimi lap cavanlığından tanıyırdım. Onun çətin günlərini də görmüşəm, yaxşı günlərini də. Azad müəllimi isə heç vaxt görməmişdim. Bilirdim ki, televiziyadan, radiodan, qəzetdən qaçan adamdır. Ancaq sorağı çoxdan gəlib çatmışdı mənə. Neft-Kimya İnstitutunda oxuyan (o vaxt hamı ”AZİ” deyirdi ona) xalam oğlu Abdulhəmid onun haqqında əfsanəyə bənzər əhvalatlar danışardı...
Əlbəttə, mən A.Mirzəcanzadəni qiyabi olaraq tanıyırdım. Bilirdim ki, o, akademikdir, dünyaşöhrətli alimdir, yüksək intelllekt və ensiklopedik bilik sahibidir, neft elminin yaradıcısıdır. Həm də eşitmişdim ki, çox ağır xasiyyəti var, həqiqətpərəstdir.
Azad müəllim əyləşən əzəmətli binanı tapdım (ötən əsrin sonlarından danışıram). Qəbul otağında cavan bir oğlan oturmuşdu. Məni görüb ayağa qalxdı, əyləşməyə yer göstərdi. AzTV-dən gəldiyimi və Azad müəllimlə görüşmək istədiyimi bildirdim. Oğlanın nəcib siması vardı... Üz-gözündən savadlı həkimə oxşayırdı. Elə adam var ki, ilk baxışdan adamın ona qanı qaynayır, o, sənə yüz ilin tanışı kimi doğma gəlir. “İçəridə adam var, yəqin tez çıxar, elə çıxan kimi də siz keçərsiniz” - oğlan mehribanlıqla dilləndi. Mənə elə gəldi ki,o,bu sözləri mən darıxmayım deyə dilə gətirdi.
Dostlarım bilir: mən çox duyğusalam. Bu yaşda da “Ögey ana” filminə baxanda üç-dörd yerdə özümdən xəbərsiz gözlərim yaşarır. Ürəyimdə deyirdim ki, ay Allah, içəridəki adam tez çıxaydı. Elə bilirdim ki, o, gec çıxsa, bu oğlan pis olacaq. AzTV-də işlədiyim illər çox yüksək vəzifə sahiblərindən müsahibələr almışam. Təbii ki, o vəzifə sahiblərinin kabinetinə gedən yol qəbul otağından keçirdi. Və o qəbul otaqlarındakı köməkçilərin – qadın, ya kişi olsun, fərqi yoxdur – çoxunu qupquru, adama dilucu cavab verən görmüşəm. Ona görə, bu oğlan mənim gözümdə çox ali görünürdü. Və bu düşüncələrin içində vurnuxduğum əsnada qapı açıldı. Oğlanın nəcib siması bir az da işıqlandı. Bu qəbul otağında belə bir yüksək səviyyəli adamın olmasını tez də Azad müəllimin ayağına yazdım. Üz-gözündən zəka yağan böyük alim məni o qədər də isti qarşılamadı.
Dialoqumuz təxminən belə oldu:
- Hardan gəlmisiz?
- Azərbaycan Dövlət Televiziyasından.
- Müsahibə almaq istəyirsiz.
- Hələ yox. Müsahibənin vaxtını razılaşdırmağa gəlmişəm.
- Siz, AzTV-nin əməkdaşı məndən müsahibə alacaqsınız?
- Bəli.
“Bəli” sözünü hiss elədim ki, çox ötkəm dedim. Azad müəllimin üzündə qəribə bir ifadə əməl gəldi. Bu, müsbət çalarlı ifadə idi. O, belini dikəldib çox ciddi şəkildə dedi:
- Cavabınızdan xoşum gəldi. Müsahibəyə razıyam, ancaq bir şərtlə: gərək üç sualıma cavab verəsiniz.
Matım, qutum qurudu. Amma dala çəkilməyə yer yox idi. Düzü, qorxurdum. Axı necə qorxmayasan? Azad müəllim neft-kimya üzrə akademik, ensiklopedik bilik sahibi, mən isə universitetin “Tarix”ini ölüm-zülm başa vuran bir adam. Özü də axşam şöbəsini. “Gərək “bəli” sözünü bir az yumşaq deyəydim” – ürəyimdə özümü məzəmmət etməyə başladım.
- Bismark öz xatirələrində Sankt-Peterburqda şahidi olduğu bir əhvalatdan bəhs edir. O, hansı məşhur əhvalatdır?
Bu, Azad müəllimin birinci sualı idi. Dostlar, mən uzun illər mərkəzi mətbuat adına ən çox iki qəzeti oxumuşam – “Komsomolskaya pravda” və “Literaturnaya qazeta”.
Azad müəllimin dediyi o epizod haqqında “Litqazeta”da (o vaxtlar bu qəzetin adını belə deyərdik) tez-tez çıxış edən yazıçı-publisist Yuri Nagibinin (çox sevdiyim imzalardan idi.) bir yazısında oxumuşdum.Və dostlarıma da bu qəribə əhvalat barədə danışmışdım.
Demək, II Aleksandr imperator sarayı yaxınlığındakı “Yay bağı”nda Bismarkla gəzirmiş. Otto fon Bismark hələ kansler olmamışdan əvvəl müəyyən müddət Rusiyada səfir kimi çalışıb. Onlar bağı gəzərkən hərbi formada olan bir gözətçi ilə rastlaşırlar. İmperator ondan burda niyə dayandığını soruşanda gözətçi: - “Belə əmr olunub” deyir. Ancaq kimi, nəyi qoruduğunu bilmir. Bu, imperatora çox maraqlı gəlir. Qaraul rəisindən, sarayın qoca əyanlarından belə, heç kimdən bir cavab almaq olmur.
Nəhayət... Deməli, hardasa yüz il əvvəl öz əhlikefliyi ilə ad çıxaran imperatriça II Yekaterina yazın ilk günlərində bağda gəzəndə, balaca çəmənlikdə bir novruzgülü görür. Saraydakı qulluqçuların onu əzəcəyindən qorxub əmr edir ki, novruzgülünü nəzarətdə saxlamaq üçün həmin balaca çəmənliyə gözətçi təyin edilsin.
Yekaterina hər səhər tezdən durub bu gülə tamaşa edib, həzz almaq istəyibmiş. Və o vaxtdan yay-qış burada gözətçi dayanırmış. Dostlar, beləcə Nagibindən oxuduğum bu əhvalatla bağlı yaddaşımda ilişib qalanları danışdım. Azad müəllim danıdıqlarıma heç bir reaksiya vermədi. Mən bunu onun cavabımdan razı qaldığına yozdum. Onun dərhal ikinci suala keçməyi də yəqin elə bununla bağlı idi.
Yazımın sonunda Bismarkla bağlı bu əhvalata bir də qayıdacam...
- İntibah dövrü rəssamlarının yaradıcılığında məşhur qadın portretləri əhəmiyyətli yer tutur. Bu sırada Rembrandt da var. Onun çəkdiyi qadınların dərisi daha parlaq və daha bəyazdır. Niyə?
Bəlkə də, atamın da, ata babamın da adı Şıxalı olduğu üçün o gün böyük Allahın rəhmi gəlmişdi mənə. Tələsməyin.
“Komsomolskaya pravda” qəzetində (ona da qısaca “Komsomolka” deyərdik) çalışan jurnalistlərdən ən çox sevdiyim Vasili Peskov idi. Aleksandr Qamov, gəncəli Yuri Şekoçixin, Qalina Sapojnikova, Olqa Bakuşinskaya, bakılı Rüstəm Arifcanov da yaxşı yazırdılar. Bu qəzetdə Əkrəm Murtuzayev adlı maraqlı bir jurnalist də vardı. Onun əsas işi daha çox qəzetdə gedən böyük yazılara parlaq və maraqlı başlıqlar seçmək idi. Ümumiyyətlə, bu uzun illər ərzində “Komsomolka”da pis jurnalist görmədim. Peskovun məşhur rubrikasının adı belə idi: “Okno k prirodu” (Təbiətə pəncərə). Bu rubrikanı bəlkə də bütün dünya oxuyurdu. Azad müəllimin ruhu məni bağışlasın, yeri gəlib, qoy deyim: hələ SSRİ dağılıb gedəndən 10-15 il sonra da bu qəzet 26 milyon tirajla çıxırdı. Bax, bu çox sevdiyim Peskovun Hollandiyaya (yaxınlarda Niderland adına qayıtdı bu ölkə). bir uzun ezamiyyəti olmuşdu və o, bu ölkədən hazırladığı silsilə yazılar “Komsomolka”da çap olunurdu. Peskovun yazdığına görə, Niderlandda süd məhsulları çox olduğundan və çox yeyildiyindən ordakı qadınların dərisi daha bəyaz və parlaq olur. Sonralar - Qorbaçov dövründə SSRİ-yə qısa zaman kəsiyində rəhbərlik edən xəstə Çernenkonun harınlaşmış qoca arvadının, demək olar, hər gün təzə süd vannası qəbul etdiyi haqqında ”İzvestiya”qəzetində böyük yazı çap olunmuşdur. O, bunu dərisinin təzətər və parlaq olması üçün edirdi...
Azad müəllimin üçüncü sualı:
- Napoleonun məğlub olmasının əsas səbəbi nə idi?
Mən bu suala cavab verə bilmədim. Hansı ki, ixtisasca tarixçiyəm. Məntiqlə bu suala gərək cavab verəydim. Çifayda.
Azad müəllim balaca bir kağıza nəsə yazıb, onu mənə verdi:
- Bu, ev telefonumun nömrəsidir, -dedi, - üç gündən sonra zəng edərsiniz, müsahibənin vaxtını deyərəm.
Çox sevindim. Ən çox da Azad müəllimin ev telefonunun nömrəsini mənə verdiyi üçün. Axı bu ranqda olan insanlar adətən ev yox, iş telefonlarının nömrəsini verirlər.Gərək yaxın adam olasan ki,sənə belə bir lütf göstərsinlər.
O, sonra qəbul otağındakı oğlanı çağırdı:
- O kitabın birini gətirin verin bu jurnalistə, - dedi və mənimlə sağollaşdı.
Üç gündən sonra Azad müəllimə zəng elədim.Telefonu bir qadın götürdü. O, rusdilli idi. 10-15 saniyədən sonra telefonda Azad müəllimin xırıltılı səsi gəldi:
- Üzrlü bilin, möhkəm soyuqlamışam, 4-5 gündən sonra zəng edərsiniz, - dedi və bir daha üzrhaxlıq elədi.
Elə bu başdan deyim: mən Azad müəllimdən müsahibə almadım. Niyə?
Onda AzTV-nin “İctimai-siyasi proqramlar” redaksiyasında çalışırdım. Veriliş yükü ağır və gərgin olan bu redaksiyada işlədiyim illər çox vaxt məzuniyyətə çıxdığım üçüncü, ya da dordüncü günü məni işə çağırıblar. Üstəlik də, 6-7 il, ümumiyyətlə, məzuniyyətə çıxmaq imkanım olmayıb.
Bütün bunlar Azad müəllimdən müsahibə almamağımın əsas səbəbi deyil. Əsas səbəb səhlənkarlığım olub.
Böyük alimin mənə bağışladığı o kitab isə məndədir - “Etyudı o qumanitarizatsii obrazovaniya” (“Təhsilin humanistləşdirilməsi barədə etüdlər”). Bu, həmin kitabın adıdır. Bu kitabda Azad müəllim 315 müəllifin əsərinə, müftəlif ensiklopediyalara, çoxsaylı qəzet və jurnallara istinad edir. Kitabı oxuduqca bu böyük elm adamının sonsuz zəhmətsevərliyinə və mütaliəsinə heyrətlənməyə bilmirsən. İndi qayıdıram Bismarkla bağlı suala.
Azad müəllimin bu kitabını oxuyanda, burda Bismarkla bağlı həmin epizodla rastlaşdım. Alman kansler bu gülməli əhvalatı analiz edərək belə məntiqi nəticəyə gəlir: “Bu bəsit gücün, sarsılmazlığın, daimiliyin ifadəsində Rusiyanın mahiyəti öz əksini tapır”.
Azad müəllim isə bu əhvalata öz kitabında belə yekun vurur: Bismark öyrədir ki, hər cür nizam-intizam özündən yuxarı rəhbərliyə tabeçilik şuurundan başlayır...
Bu stolüstü kitabı hər vərəqləyəndə Azad müəllimə ürəyimdə rəhmət oxuyuram.
2024