Onları yalnız Allah tərki-silah edə bilər – Fərid Hüseyn yazır...

Fərid Hüseyn, şair

Fərid Hüseyn, şair

1 mart 2022
# 10:30

Kulis.az Fərid Hüseynin “Həqiqətin himayəçiləri - Məhəmməd Füzulinin "Rindü-Zahid" əsəri haqqında” essesini təqdim edir.

Oğlum Onura ithaf edirəm...

İnsan bir ömür boyu bir neçə dildə danışır; körpə ikən bədən ehtiyaclarının dilində, uşaqkən arzuların dilində, gənc ikən ehtirasların dilində, orta yaşda həyat həvəsinin dilində, qocalarkən təcrübələrin dilində, müdrik ikənsə qismən "Allahın dili"ndə. Olur ki, neçə-neçə, nəsil-nəsil insanlar bəzən bir dildən başqa dilə keçid etmədən həyatdan köçürlər. Atalar-oğullar problemi, nəsillərin bir-birini anlamaqda çətinlik çəkməsi məhz kimin (atanın, yaxud oğulun!) hansı dildə danışması məsələsindən qaynaqlanır. Yaşamaq, həm də həyatın özü isə danışmaq deməkdir. Yaşayırsansa, hansısa dildə danışmalısan. Məhəmməd Füzuli "Rindü-Zahid" əsərində, məncə, məhz bu amili - kimin hansı dildə danışması məsələsini önə çəkir. Ona görə də əsər söhbət, sual-cavab, dialoq üzərində qurulub. Rindin və Zahidin keçdiyi həyat yolları onların danışdıqları dillərlə görünür.

İnsan əməlləriylə də danışır. Qədim yunan-roma mədəniyyətində dialoq aparıcı janrlardan idi. Çünki Allahın sirri olan insanı qismən də olsa çözməyin yolu onu danışdırmaqda - dilinin altından çıxarmaqda idi.

Zahidanə dünya

Zahid dünya təcrübəsini təmsil edir. O, dünyanın dili ilə danışır. Valideynlərimiz bizimlə dünyanın dili ilə söhbətləşir. Dünyanın dili valideynlərin keçmişidir, onların təcrübəsidir. Biz isə valideynlərimizlə gələcəyimizin dili ilə danışırıq. Nəticədə onlar təcrübələrinə əsaslanaraq, gələcəyin, yəni hələ olmayan zamanın xəyalından bizi qorumağa çalışırlar. Çünki rindlər də vaxtı ilə gələcəklərinin qurbanı olublar. İnsan qurban verib əvəzində təcrübə qazanır. Zahidlərin qurban olduqları gələcəklər rindlər üçün keçmişdir. Rind yaşamadığı keçmişə qurban getmək istəmir, Zahid inanmadığı gələcəyə. Bu gün isə onlar üçün keçmişlə gələcəyin arasındakı döyüş meydanıdır. Qocalar keçmişlə, cavanlar gələcəklə silahlanırlar. Nəsillər təzələndikcə nə keçmiş bitir, nə gələcək sona çatır. Ona görə də nəsillər arasındakı problem qiyamət gününə qədər davam edəcək. Onlar yalnız Allahın iradəsi qarşısında tərki-silah ola bilərlər.

Hər kəsin öz məntiqi

Dünyanı onun öz məntiqi ilə anlamayanda həyatın rəngləri bir-birinə qarışır, yaşamın ilmələri bir-birinə dolaşır. Mövlana Cəmaləddin Ruminin "Məsnəvi"sində belə bir hekayət var ki, bir gün dalğa minlərlə dəniz ilbizini eyni anda sahilə atır. Sahildə dayanmış bir adam da onlardan bir neçəsini götürüb dənizə atanda biri soruşur ki, dalğa onların minlərləsini bircə dalğa ilə sahilə tullayır. Sən onlardan birini yenidən dənizə atmaqla nə dəyişəcək? Sahildəki adam cavab verir ki, sənin üçün heç nə dəyişməyəcək, mənim üçün də heç nə dəyişməyəcək, ancaq bunun üçün - əlindəki ilbizi göstərərək deyir, - çox şey dəyişəcək. Yəni həyata nəyisə, yaxud kimisə xilas etmək nəzəri ilə baxanda ömür fərqli anlam qazanır, yaşayırsan ki, başqasını yaşadasan, yaxşı yaşayırsan ki, kimisə də daha yaxşı yaşadasan. Yəni dünya nihilistlərin "dünya mənə görə var, mən olmayacağamsa cəhənnəmə dağılsın" diktəsi ilə yox, "mən varam ki, sən də olasan" qayğısına görə bərqərardır. Əks halda, dünya öz mehvərindən qopardı və burada məntiq yox, qəlbin diktəsi, tələbi hökm edir. Kim ki haçansa öz missiyasının başa çatacağına inanır, o kəs çox zaman əbədiyyət heç nə verə bilmir. Dahi Nizami yazır ki:

Nə atəş bilir ki, yandırıcıdır,
Nə də su bilir ki, dirilik saçır.

Yəni onlar - atəş də, su da öz missiyalarını anlamırlar, yəni su qarşısına məqsəd qoysaydı tükənərdi, haçansa gücü azalardı. Su, daim var olaraq İlahinin dünyanı qorumaq missiyasını yerinə yetirir. Sanki su Tanrının dünyanı qoruyan əsgərlərindən biridir. İnsan həyatı öz missiyası kontekstində anlayanda isə o çox şeyi puç sayır və əksər peşələrin qüsurlu tərəflərini görür. Zahid o, öz peşəsinə sadəcə öz missiyasını reallaşdırmaq kimi baxır. Rind də məhz bu amilə görə ona təklif olunan səlahiyyətləri ilə dünyaya xeyir verə bilməyəcəyini düşünür:

- Zahid oğluna tapşırır ki, ticarətlə məşğul ol. Rind deyir ki, al-ver edəndə gərək xalqın satacağına ehtiyacının artmasını diləyəsən və daim aldığının qiymətini artırasan. Yəni malı həqiqi dəyərindən artığına satasan və özün də o artıqla dolanasan. Alverçinin məqsədi xalqı aldatmaq olduğu üçün daim çox əziyyət çəkir, az rahatlıq görür.

- Zahid oğluna tövsiyə edir ki, sənətkarlıq öyrən, Rind atasının məsləhətinə cavab olaraq deyir ki, sənətkar bir iş üçün səhərdən axşamacan çalışır. Gecə də gündüzün yorğunluğu ilə yatır. Belə adam dünyadan nə kam ala bilər ki?

Zahid oğlu Rində deyir ki, elm öyrən. Rind isə yenə yayınır, Onun fikrincə, elm elə bir şeydir ki, onun sonu yoxdur. İnsan axırı olmayan işlə məşğul olanda Allaha yox, özünə inanır. Ona görə alimlər özündən müştəbehdirlər. Ancaq bəzən heç bir savadı olmayan insanların Allaha təvəkkül edərək necə arxayın olduqlarını görürəm.

Rindin dediklərində həqiqət payı çoxdur. Ancaq o həqiqət fərdlərin həqiqətidir, cəmiyyətin və dünyanın yox. Dünya insan taleləri tamamilə fərqli olsaydı, onda hər kəs müstəsna peşə sahibi kimi özünə yer tutar, bir-birinin yolunu davam etdirməzdi. Amma reallıqda dünya tarixi elə təkrarların tarixidir. Və taleyin təkrarlanması Zahidə aydındır. Və o da aydındır ki, əgər talelər təkrarlanırsa, deməli, dünyada sən nə birincisən, nə də axırıncı. Sən sadəcə sonsuz təkrarların içərisində özünə yer etməlisən. Əks təqdirdə, yaşamaq üçün olan həvəsin şam kimi sönəcək. İnsan öz aləmində özünü müstəsna hüquqlar tanıdıqca o, bəşəri missiyasını itirir. Dünya bizə görə var, biz də dünyaya görə mövcuduq. Bizsiz bütün canlılar anlamsız olar, bütün varlıqlar olmasa isə bizim həyatımız öz mənasından xeyli şey itirər. Dünya bizim var olmağımız üçün, biz dünyanın yaşaması üçün səy etməliyik. Ölməz Füzuli yazır ki: "İstənlənləri əldə etmək qüdrəti və bəxtin qapılarını açmaq ixtiyarı hamıya bərabər verilmiş və "bilənlər ilə bilməyənlər bərabər ola bilərmi" təşfiqini eşitdirməklə və "insan üçün səylərdən başqa bir şey yoxdur" xəbərdarlığı mövcidincə onların huş qılağı açılıbdır. Ta heç kəs özünü zillət töhmətini yaranışa istinad etməsin, istək yolunda bir bəhanə tapıb səy etməkdən əlini çəkməsin". Rind həyatın sonsuz təkrarlardan ibarət olduğunu anlayır deyə oğlunu həyatı boyunca hansısa bir işin qulpundan yapışmağa çağırır. Oğlu isə həyatdan aralıda dayanmağı üstün sayır. Ona görə də onların inandıqları həqiqətlər bir neçə yerə parçalanır.

Odu sudan qoruyan

Devid Cerom Selincerin "Çovdarlıqda uçurumdan qoruyan" əsərinin ideyası müəyyən məqamlarda Füzulinin "Rindü-Zahid" əsərinin qayəsi ilə oxşardır. Əlbəttə, Selincer dahi Füzulinin yazdıqlarını oxumamışdı. Selincerin qəhrəmanı Holden Kolfild cəmiyyətdə özünə yer tapa, məşğul olacağı sənət seçə bilmir. Bir-bir bütün sənətlərin, peşələrin mənfi tərəflərini aşkarlayır və sonda qərara gəlir ki, dünyada ən təmiz iş, təmənnasız məşğuliyyət, peşə çovdarlıqda yıxılmaq üzrə olan uşaqları ölüm təhlükəsindən qorumaqdır. Çünki uşaqlar hansısa məqsədin yox, öz istəkləri üçün qaçışırlar. Deməli, uşaqların timsalında arzularının dalınca gedən pak insanları qorumaq, bəlalardan hifz eləmək lazımdır.

Zahid də Rində bir neçə peşəyə yiyələnməyi məsləhət verir, Rind həmin sənətlərin naqis cəhətlərini bir-bir vurğulayır. Hər iki əsərdə əsas ideyalardan biri budur ki, məşğul olduğumuz sənətlər, peşələr bizi günaha batmağa sövq edir. Biz hansısa işlər naminə çalışdıqca, istədik-istəmədik günah peşəkarlarına çevrilirik. Qazandığımız təcrübələr bizə günaha batmaq üçün əlavə imkanlar açır. Selincerin fikrincə, təmiz olan ancaq uşaqlardır, uçurum isə onların böyüyüb sahib olacaqları sənətlər, yiyələnəcəkləri peşələrdir. Rind də düşünür ki, həyatın verdiyi şansları, imkanları peşələrimizlə əldə edirik. Peşələr günaha açılan qapılardır. Hər kəs həmin qapılardan birindən keçib hansısa sənətin yiyəsi olur. Yaşamaq istəyimiz, sonra isə daha yaxşı yaşamaq arzumuz sanki hər birimizin kürəyindən itələyə-itələyə hansısa bir günah qapısından içəri salır. Və beləcə hər dəfə bir uşaq yıxılır...

Məğrurluq pilləsi

Əsərin girişində Füzulinin belə bir rübaisi var:

İlahi, sən məni məğrur zahid etmə,
Səndən uzaq olan bir rind də etmə.

Bununla da dini anlayan insanın bəzən Allahı anlamadığına işarə edir. İnsanlar bəzən din yolunda getdiklərinə görə özlərini cənnətlik sayırlar və bu müştəbehlikdən doğan aldanışa inanırlar. Lev Tolstoy "İvan İliçin ölümü" əsərində qəhrəmanı çara xidmətdən uzaqlaşıb kilsəyə ona görə çəkilir ki, bununla çardan daha böyük olan Allaha xidmət etdiyini nəzərə çatdırsın. Və sonra küçədə kimsəsiz uşaqlara yardım edən bir qadını görəndə anlayır ki, həmin qadın Xudaya daha artıq bağlıdır, nəinki o - keşiş. Allaha eqo naminə yox, sidqi-qəlblə bağlı olmalısan. Bu qızıl ortanı tapanlar ən səadətli insanlar olur, yerdə qalanlar isə öz mənəviyyatlarını həyat yarışlarındakı cıdır atları kimi durmadan çapır, yolları yoran atlar sayaq mənəvən həkdən salırlar. Əmir Teymurun qoşunu keçən yerlərdə həmişə yorulub ölmüş at leşləri qalarmış, uzaq ərazilərdəki fəthlərə tablamayan at cəmdəkləri Teymurun dörd nala çapan ordusunun qəsdən qoyulmuş izlərindən sayılırmış. İnsan gərək öz arzusu naminə durmadan çapıb öz aqibətini yollarda çürümüş at cəmdəklərinə tən etməyə, arada dayana, dünyaya, öz qəlbinə boylana. Rind ilə Zahid arasındakı Qızıl ortanı özü üçün mənəvi dayanacaq seçə bilə... Hüzur da, ürək rahatlığı da o nöqtədədir...

Rindin yolu

Əsər irəlilədikcə Rindin həqiqətləri güclənir: Zahid deyir ki, sənə bu qədər əziyyət çəkdim, ancaq mənə oxşamadın. Rind söyləyir ki, insanlar arasındakı fərq Allahın hökmüdür. Əgər oğul alim atadan savadlı olsa, deyəcəklər ki, atasından çox bilir. Belədə oğulun savadı atasının cahilliyini sübut etməkdən başqa nə işə yarayır ki?

Zahid deyir ki, bu dünya əzablar dünyasıdır. Bu dünyada əzab çək ki, axirətdə rahatlıq görəsən. Rind cavab verir ki, hər kim ki, deyir dünya yaradılışdan pisdir, o demək istəyir ki, bundan yaxşısını yaratmaq lazımdır. Bu isə Allahın ziddinə getməkdir.

Zahid deyir ki, şahları mədh et, Rind deyir ki, dünyanı Allah yaradıbsa, məxluqun başqa bir məxluqa ibadəti məqbul deyil. Zahidin imtinaları yalnız gəncliklə bağlı deyil, irfan yolunu tutması ilə əlaqəlidir.

Oğul bəzən atanın susduqlarından doğulur. Ona görə övladı susdurmaq, sözünü kəsmək, arzularının qarşısına keçmək olmur. Hər kəs övladı ilə öz varlığında gerçəkləşdirə bilmədiyi arzularına qovuşmaq istəyir. Sanki övladın həyatı atanın uzanan ömrün vasitəçisidir. Övlad isə vasitəçi yox, məqsəd olmaq istəyir. Valideyn övladı ilə bəzən yolu kəsişəndə deyil, yolu ayrılanda qovuşur. Rind məscidə, Zahid meyxanəyə getmək istəyir. Əgər onların hər ikisi meyxanəyə, yaxud məscidə getsələr, deməli, ruhən ayrılığa düçar olacaqlar, deməli, ortalıqda qeyri-səmimi münasibət yaranacaq. Ata oğulun gedib qayıtdığı qürbətdir, oğul atanın üz tutduğu qürbət. Ata içəri, oğul çölə baxır. Rind ilə Zahidi sevgisi ayırır. Ayrılıq isə qovuşdurur.

Anlayış adamlar...

Rind və Zahid əgər insandırsa, Rindlik və Zahidlik isə anlayışlardır. Yəni hər insan hansısa anlayışın ifadəsidir. Elə insan var ki, şərin, yaxud xeyirin insan cildindəki ifadəsidir. Yəni əməlimiz bizi anlayışa, mahiyyətə çevirir, əsl adımızı əməlimiz şərtiləşdirir.

Rind dini ismarış kimi qəbul edir. Yəni Allahın kəlamları onun tapşırıqlarıdır. Zahid isə Tanrının tapşırıqlarını insana təqdim edilən şanslar kimi qavrayır. Yəni cənnət və cəhənnəm insana təqdim edilən şanslardır və insan onlardan Allah naminə istifadə etməlidir. Ona görə də Zahid tələbkardır. Çünki insan şansını dəyərləndirmək imkanına sahib olarkən tələbkar olur. Tələb əməllərə və nəticələrə verilən hökmdür.

Məscid və meyxanə ziddiyyəti

Məsciddəkilər də bəzən Allaha xidmətləri ilə öyünürlər, Füzuli onları "qürur sərxoşu" adlandırır, meyxanədə isə insan səhvlərini dilə gətirirlər. Məhz bu məqamda meyxanə məsciddən Tanrıya daha yaxın məqamdır. Çünki səhvlərin etirafı insanın hesab günündən əvvəl özünü ittiham etməsidir. Əgər insan öz günahını etiraf edə bilmirsə, məscid onun üçün riya təkkəsidir, ikiüzlülük sığınacağıdır. Məscid insanların gizləndiyi yer yox, Allahın hüzuruna çıxdıqları məkan olmalıdır. Riyakar insanlar məscidə gizlənməyə gedirlər, əslində onlar Allahın evində Allahdan qaçmağa, ondan uzaq olmağa çalışırlar. Səmimi insanlar isə meyxanədə belə özlərini Allahın hüzurunda hiss edirlər. Rind ilə Zahidin mübarizəsi həm də məkanın şərtiliyini göstərir.

Qovuşan yollar...

Zahid zahirin, Rind isə batinin dilidir. Ona görə Rindin səsi torpağın dərinliyindən, zahidin səsi yerin üstündən gəlir. Rind qəlbin, Zahid ağlın həqiqətlərini müdafiə edir. Onlar hər ikisi haqlıdırlar. Rindlik və zahidlik ortaq nöqtədə gözəldir.

Rind meyvədir, Zahid isə o meyvəni əmələ gətirən ağac. Meyvə ağacdan ayrılsa da onun yaxınına düşür. Ona görə Rind də Zahiddən çox uzaqlaşa bilməz. İnsanın Allaha qovuşması üçün ömrü, daha sonra isə axirət həyatı var. Həm Rind, həm də Zahid hazırcavabdırlar. Çünki onlar hər iki dünyanın haqq-hesabını çək-çevir edirlər, araşdırırlar. Müəmmaları özləri gün işığına çıxarırlar. Onlar dünyanı araşdıraraq, əslində, özlərini kəşf edirlər. Rindin sualı Zahidi, Zahidin sualı Rindi düşündürür. Hər övlad valideynə Tanrının və dünyanın sualıdır. Rind ilə Zahid iki fərqli ruhi vəziyyətdir.

Sonuncu birgəlik

Əslində, ata da, oğul da eyni adamdır. Cavanlıq da, qocalıq da bir ömrün dövrləridir. Rind də, Zahid də bir insandır. Valideynlər cahilliyini öz ömründə, müdrikliyini övladının həyatında yaşayır. İnsan fiziki olaraq heç zaman özündən kənarda mövcud ola bilmir. İnsan öz canını daim öz bədəninin içərisində görür. Övlad vasitəsilə insan varlığını ilk dəfə kənardan müşahidə edir. Ölüb öz ömrünü axirətə bağışlayırsan, övladın sağ qalmaqla bu dünyada da mövcudluğun davam edir. Yəni övlad vasitəsilə hər iki dünyada mövcud olursan. İnsan ona üfürülən nəfəslə özü var olur, övlada üfürdüyü nəfəslə dünyanı var edir. İnsan dünyanı var etdikcə məsuliyyəti artır. Füzuli "Rindü-Zahid"i - atalar və oğullar əsəri göstərir ki, Rind ilə Zahid səyahətə çıxır. Onların əqidələri başqa olsa da yolları birdir. Çünki Allaha gedən yol eynidir. Ölümün hamını bərabərləşdirməsi də bu amillə bağlıdır.

Dünyanı başa vurub axirətə, axirətə çatıb aqibətə qovuşmaq haqqında yox, yol haqqında düşünməlisən. Rind dünya, Zahid axirət haqqında düşünür, arifin dərdi isə yoldur. Çünki Allahla görüş yolun sonunda - səfərin nəticəsində baş tutur. Dünyanı başa vurmaq Rindin, axirətə çatmaq Zahidin arzusudur. Arifin arzusu isə yoldur, o yol dünyadan da, axirətdən də keçir və Allah o yolun hər qarışındadır.

/edebiyyatqazeti.az/

# 2448 dəfə oxunub

Oxşar xəbərlər

"Bəx­tim on­da gə­ti­rib ki..." - Rasim Ocaqov niyə eyni aktyorlarla işləyirdi?

"Bəx­tim on­da gə­ti­rib ki..." - Rasim Ocaqov niyə eyni aktyorlarla işləyirdi?

18:40 22 noyabr 2024
Orxan Həsəninin yeni romanı çap olundu

Orxan Həsəninin yeni romanı çap olundu

17:25 22 noyabr 2024
Xalq yazıçısı Anar Prezidentə açıq məktub ünvanladı

Xalq yazıçısı Anar Prezidentə açıq məktub ünvanladı

16:40 22 noyabr 2024
Rasim Balayev:  "Kabinetdə oturanda belə yırtıq yaranır”

Rasim Balayev: "Kabinetdə oturanda belə yırtıq yaranır”

16:30 22 noyabr 2024
"Dünyadan gör necə insanlar gedib..." - Qələbədən arzulara doğru

"Dünyadan gör necə insanlar gedib..." - Qələbədən arzulara doğru

16:00 22 noyabr 2024
Azərbaycanlı şair fəxri titula layiq görülüb

Azərbaycanlı şair fəxri titula layiq görülüb

15:25 22 noyabr 2024
# # #