O yay yadındamı, mənim mələyim? – Bodler

O yay yadındamı, mənim mələyim? – Bodler
7 iyun 2024
# 17:04

Kulis.az görkəmli fransız şair Şarl Bodlerin “Leş” şeirini təqdim edir.

O yay yadındamı, mənim mələyim,
O at yadındamı, mənim balacam?
Gördük ki, ölüsü uzanıb qalıb
Saralmış otların arasındaca.

Elə çürüyürdü yol qırağında,
İyi götürmüşdü uzaqları da.
Qaranlıq küçənin fahişəsitək
Aralı qalmışdı ayaqları da.

Günəş od tökürdü leşin üstünə,
Ki, külə döndərib yanına çəksin.
Bütöv yaratdığı şeyi təbiət
İndi hissə-hissə canına çəksin.

Onun skeleti çiçəklər kimi
Elə ağardırdı dişini göyə...
Az qaldı özünü pis hiss edəsən
Sən dözə bilmədin bu murdar iyə.

Yadındamı necə sürünürdülər
O atın qarnının üstündə qurdlar?
Milçəklər də gəlib bu ziyafətə
Murdar sinə üstdə uçuşurdular.

Şişirdi, köpürdü onun cəsədi,
Sanki hələ də boy atmaqda idi.
Elə bil təzədən gəlmişdi cana,
Bədən böyüməkdə, artmaqda idi.

Dünyaya sehrli səs yayılırdı,
Sanki hər tərəfə əsirdi külək.
Əlinin havada yellənişiylə
Torpağa dən səpən taxılsəpəntək.

Bir qancıq qəzəblə baxırdı bizə
Kollar arasından elə həmin gün.
Fürsət gözləyirdi, biz uzaqlaşaq,
Bu leşdən ona da bir tikə düşsün.

İndi səninləyəm, gözüm işığı,
Sən də elə bilmə əbədi dağsan...
Şux durub baxdığın bu otun üstə
Bir gün meyit kimi uzanacaqsan.

Sən də, ey gözəlim, çürüyəcəksən,
Toza çevriləcək sümüklərin də.
O qara gününə həmrəng geyinən
Adamlar olacaq hüzür yerində.

O zaman o qara torpaqda səni
Öpə-öpə yeyən qurdlara de ki:
Gözəl cizgilərin, gözəl qamətin
Əbədi qalacaq mənnən, əbədi.

Tərcümə: Salam Sarvan

# 1170 dəfə oxunub

Oxşar xəbərlər

Tanınmış valslardan ibarət konsert keçiriləcək

Tanınmış valslardan ibarət konsert keçiriləcək

11:50 7 yanvar 2026
Saf biliyi Şərqdə axtaran fransız filosof - O, niyə İslamı qəbul etmişdi?

Saf biliyi Şərqdə axtaran fransız filosof - O, niyə İslamı qəbul etmişdi?

11:30 7 yanvar 2026
Dil Komissiyasının genişləndirilmiş iclası keçiriləcək

Dil Komissiyasının genişləndirilmiş iclası keçiriləcək

11:06 7 yanvar 2026
Məşhur amerikalı rejissor pravoslavlığı qəbul etdi

Məşhur amerikalı rejissor pravoslavlığı qəbul etdi

11:00 7 yanvar 2026
Azərbaycan cazının əfsanəsi erməni əli ilə necə öldürüldü?

Azərbaycan cazının əfsanəsi erməni əli ilə necə öldürüldü?

10:30 7 yanvar 2026
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

10:12 7 yanvar 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər