O biri dünyada da özünə qəsd edən dostum - Kəramət Böyükçöl yazır...

Kəramət Böyükçöl, yazar

Kəramət Böyükçöl, yazar

1 dekabr 2022
# 15:00

Kulis.az Kəramət Böyükçölün yeni yazısını təqdim edir.

Mövlud dostlarımız arasında, bəlkə də, yeganə adam idi ki, oynaya bilmirdi. Oynaya bilsəydi, bəlkə də, taleyi belə faciəli olmayacaqdı. Ən böyük səhvi elə oynaya bilməməsi idi. Hər şeyə ürəyi ilə baxırdı. Sevirdi. Sevgilisinə o qədər təbii hisslərlə yanaşırdı ki, qız axırda bezirdi. Axı o qızın istədiyi başqa şeylər idi. Mövlud bunu anlamaq istəmirdi. Sevdiyi qızla dalaşırdı ki, sən niyə “Səfillər”i oxumamısan? Özü də tez-tez dostlara deyirdi ki, mənim iki il sevirəm sözünü deməyə cəsarət etmədiyim qızla başqa bir oğlan iki günün içində tanış oldu da, sevdi də, yatdı da, ayrıldı da.

İndi öz-özümə fikirləşirəm ki, biz bütün bu illər ərzində hələ bir dəfə ürək-dilək söhbəti etməmişik, dərdləşməmişik. Danışdıqlarımız ancaq zarafat, bir-birimizlə lağ-lağı olub. Mənə Musa Musayevin yerlisi deyirdi, mən də ona xalası Xumar! Müğənni Xumar Qədimova Mövludun xalası idi. Çox vaxt ona söz çatdıra bilmirdim. Məni “Qəşəmin yetimçəsi” deyə çağırırdı. Mən də onu “ay istedadsız” deyə səsləyirdim. Mənə deyirdi ki, Niyaməddin Musayevin ansamblında ionika çalan kişiyə oxşayırsan.

Tez-tez incikliyimiz olurdu və bu incikliklər də, etiraf edirəm ki, mənim cığallığım üzündən baş verirdi. Dostumuz Cavid Zeynallının toyunda Mövludla bərk davamız düşmüşdü. Bu dava uzun müddət dillərdə nağıl kimi dolaşdı. Aysel Əlizadə bizim davamıza yazı həsr etmişdi. Yenə günah məndə idi. Mövlud Qazaxda qalır, müalicə olunurdu. Toya ordan gəlmişdi. Hamı ilə görüşdü, mənə salam vermədi. Salam verməməyinin də səbəbi vardı. Bir yazımda ona sataşmışdım, çox nadinc vaxtlarım idi.

Mövludun mənə salam verməməsindən cırnayıb ona sərt reaksiya verdim. O da mənə bir sillə vurdu. Mənsə silləni cavabsız qoymadım. Dava böyüdü. Söhbəti daha böyük arenada – restoranın həyətində həll eləməli olduq. Aləm bir-birinə qarışmışdı. O boyda hay-küyün içində təkcə Şərif Ağayarın sözü yadımda qalıb: “Onlarla işiniz olmasın, axırda qucaqlaşıb ağlayacaqlar”.

Bir də gördüm Mövlud uzaqdan üstümə gəlir. Elə bildim məni vurmaq istəyir. Yaxınlaşan kimi boynumu qucaqladı, onda göz yaşlarımı saxlaya bilmədim.

Mövlud özünə yer tapa bilmirdi. Mən onu “Əlifbam”, “Azərbaycan” şeiri kimi əzəbərləmişdim. Əlini alnına qoyanda bilirdim ki, nə fikirləşir. Qəfildən durub məclisdən gedəndə səbəbin hamı müzakirə edirdi, amma mən niyə getdiyini yaxşı anlayırdım. Ardınca zəng edirdim, telefonu açmırdı. Niyə açmır, onu da bilirdim.

O qədər, o qədər...

Görəsən, kimisə təzədən bu qədər əzbərləməyim üçün nə qədər vaxt lazımdır? Ümumiyyətlə, Mövlud kimi bir şeir varmı onu yenidən əzbərləyim?

Mövlud kəndə getmək istəyirdi. Bunu mənə böyük həvəslə danışırdı. Guya kənd məktəbində müəllim işləyib hamıdan və hər şeydən uzaq, rahat, baş-beyni dinc bir həyat yaşayacaqdı. Gülə-gülə deyirdim ki, orda da darıxacaqsan. Tiflisə getmişdi, orada yaşamaq istədi. Bacarmadı, qayıdıb gəldi. Bütün çırpıntıları özünü xilas etmək üçün idi. Bəlkə də, illər keçəcək, başımıza o qədər işlər gələcək, biz şəxsiyyət olaraq elə günlərə qalacağıq, məlum olacaq ki, sən demə, Mövlud o vaxt özünü öldürməyibmiş. O, özünü xilas edibmiş.

Mövlud uşaq yaşlarında Səfər Alışarlı, Murad Köhnəqala, Həmid Herisçi, Fəxri Uğurlu və başqa-başqa ciddi ədəbiyyat adamlarının sevgisini qazanmışdı. Ondakı yaradıcı həssaslıq, iti müşahidə biz yazarların heç birində yox idi. Gözəl hekayələr yazırdı. Ancaq təəssüf ki, o cür bir istedad, o cür bir ədəbiyyat bilicisi ondan gözlədiyimiz bədii mətnləri yaza bilmədi və özü də bunu bilirdi. Buna görə dəhşətli dərəcədə əzab çəkirdi.

Mövlud şəhərdə yol getdiyimiz yerdə qəfil istiqamətini dəyişib deyirdi ki, ora getmə. Soruşurdum, niyə? Deyirdi, xatirəsi var. İndi fikirləşirəm ki, Mövludla bu şəhərin hər yerində xatirəmiz var. Bəs mən yolumu hara dəyişim?

Bilmirəm o, indi hardadır. Ancaq, doğrudan da, başqa bir dünya varsa, mənə elə gəlir ki, Mövlud orda da narahatdır, orda da yaşaya bilmir. Nə bilmək olar, bəlkə, orda da intihar edib.

Bizim yanından başıaşağı keçdiyimiz, heç fikir vermədiyimiz şeylər ona təsir edərdi. Son görüşlərimizdə daha çox kövrəlirdi. 8 Mart günü idi. Hansı ki, həmin ayın 15-indən 16-sına keçə gecə intihar edəcəkdi. 20 Yanvar metrosunun yanında “Məhsul” kafesi var. Şərif Ağayarla orada oturmuşduq. Mövlud mənə zəng elədi. Səsi çox pis gəlirdi. Yerimi soruşdu. Dedi, heç hara getməyin, gəlirəm. Gələn kimi zarafatlaşmağa başladı. Sonra Nüsrət Kəsəmənlinin məşhur şeirindən bir misranı dedi:

– Kərəm, mənim göz yaşımı görməyəcəksən.

Bu şeiri Nazpəri Dostəliyeva oxuyur, klip də çəkdirib. O klipi parodiya eləyirdi. Mən də qayıdıb şeirin o biri misrasını deyirdim:

“Mövlud, tale oyunlara atacaq səni”.

Şərif bizə gülürdü.

Necə oldusa söhbət Qulu Məhərrəmlidən düşdü. Qulu müəllimə zəng elədim. Sən demə, o da yaxınlıqdan keçirmiş. Gəldi. Mövlud isə həmin narahatlıqla başını çiynimə qoyur, tez-tez eyni sözü təkrar edirdi:

“Kərəm, mənim göz yaşımı görməyəcəksən...”

Elə bu sözü deyə-deyə qəfildən hönkürdü. Durub üzünü yumağa gedəndə birdən kafenin ortasında dayandı. Yanına gəlib nə olduğunu soruşdum. Üzümə baxa-baxa ürəyini ovcuna aldı, möhkəm sıxdı, sinəsini silkələdi.

– Ürəyim partlayır, başa düşürsən? Ürəyim partlayır.

Sonra sinəsini yumruqladı.

Mövluddan sonra özümü başa sala bilmirdim. Harada hündür bina görür, mərtəbələrini sayırdım. Bir müddət onunla birlikdə oturduğumuz kafedə gecələdim. Gecə 2-yə 15 dəqiqə işləmiş intihar etmişdi. Gecənin həmin saatında, həmin dəqiqəsində özünü atdığı binanın yanına gedib liftlə düz 17-ci mərtəbəyə qalxdım. Yox, intihar etmək fikrində deyildim. Sadəcə, o ucalıqdan aşağı baxmaq istəyirdim. Liftdən çıxan kimi sağ tərəfdə ağ plastmas qapı vardı. Qapını açıb balkona çıxdım. Hava bərk külək idi. Ora elə bir yer idi ki, adam təsadüfən də yıxıla bilərdi. Çünki balkonun divarı çox alçaqdadır. Balkona keçəndən haradasa 15-20 saniyə sonra atamın telefon nömrəsindən mənə zəng gəldi. Onda valideynlərim İmişliyə getmişdilər. Zəngə cavab verdim. Sən demə, anam imiş. Yuxulu-yuxulu soruşdu ki, Kəramət, qurban olum, hardasan? Onda anamla dalaşmışdıq deyə telefonunu açmayacağımı bilib atamın nömrəsi ilə zəng etmişdi. Təmkinli səslə cavab verdim ki, yoldayam, evə gəlirəm. Anamla sağollaşan kimi arxadan kimsə qolumdan yapışdı. Binanın mühafizəçisi idi.

Həmin vaxtlar dəhşətli depressiya keçirirdim. Bütün bu şeylər, gecə vaxtı binanın başına çıxmaq, ordan aşağı baxmaq istəyim axmaqlıqdan başqa bir şey deyildi, bunu indi anlayıram.

Mövlud mənə çox şeyi aydınlaşdırdı. Məsələn, başa düşdüm ki, insan öləndən sonra həyat necə davam edir. Bunu anlayandan sonra gördüm ki, ölməyin də bir mənası yoxdur. Bütün çətinliklərə baxmayaraq yaşamaq lazımdır. Çünki biz bu həyatı təkcə özümüz üçün yaşamırıq. Övladlarımız var. Belə bir cəmiyyətə övlad etibar eləyib getmək dünya səviyyəli əclaflıqdır.

Mövlud məndə ölüm xəbərlərinə immunitet yaratdı. Ondan sonra heç kimin ölümünə içimi çəkə bilmədim.

Son vaxtlar Mövluda diqqətim çoxalmışdı. Bunu özünə də deyirdim. Xəstəxanada yatanda gündə beş dəfə zəng edirdim.

– Ayə, istedadsız, nəsə lazımdı?

– Yox, Kərəm, qadan alım, heç nə istəmirəm, bir azdan yatacam.

– Konturun var?

– Varımdı, varımdı.

Yadıma gəlir, gülə-gülə demişdim ki, sənin hər şeyin var, bircə istedadın yoxdur.

Kaş o balkonda beşcə saniyə səbir edəydi, bəlkə, anası zəng edəcəkdi.

Həmişə metro bağlananda, saat 12-yə yaxınlaşanda mənə deyirdi ki, Kərəm, sən canın getmə. Məzarının başından ayrılanda elə bil həmin səsi eşitdim. Kərəm, sən canın, getmə. Mövludun balaca bir başdaşı vardı. Taxtadan müvəqqəti qoyulmuşdu. Qırmızı qələmlə üstünə yazdım ki, darıxanda zəng elə.

Yadıma gəlir, Kamal Abdulla yazar dostlarını məclis ətrafında toplamışdı. Kamal müəllim məndən soruşdu ki, ürəyin nə istəyir? O, nə yemək, nə içmək istədiyimi nəzərdə tuturdu.

Mənsə demişdim:

– Ürəyim Mövludu istəyir.

Zəng elədim, Mövlud 15 dəqiqəyə gəldi.

Həmişə onu görəndə sevindiyimdən ürəyim şıllaq atırdı.

Təkcə öləndən sonra yox, yanımda olanda da Mövluddan ötrü darıxırdım.

Bir dəfə özümə təzə pal-paltar almışdım. Üzümü-başımı qırxdırıb, yaxşıca yuyundum, kefimin də yaxşı vaxtında Nərimanova Mövludla görüşə getdim.

Məni görən kimi gülümsəməyə başladı:

– Kərəm, sən canın, səni bu qədər xoşbəxt eləyən o kədərli şeyin adı nədir?

Bir kəlmə ilə hədəfi necə dəqiq vurdusa bütün təbəssüm üzümdən çəkilib getdi. Elə bil təzə aldığım paltarlar bir anın içində əynimdə köhnəldi, üzüm təzədən tükləndi, canımı kir basdı.

Tez-tez deyirdi ki, onun dəyərin bil, bunun qiymətin bil. Son vaxtlar ona zəng edəndə deyirdim ki, onun-bunun qədrini bilən, hardasan?

Bu sözüm Mövluda ləzzət eləyirdi, orda-burda danışıb gülürdü.

Deyirdi, təzə hekayə yazmışam. Soruşurdum ki, neçə min işarədir? Məsələn, 10 min işarə deyirdi. Təzədən soruşurdum, kişi kimi düzünü de, onun neçə mini üç nöqtədir? Uğunub gedirdi. Bütün cümlələrinin sonunda üç nöqtə olurdu. Həyatına bir nöqtə qoydu.

Nə o mənim toyuma pul atdı, nə də mən onun. Nişanında sərxoş olub cibinə 50 manat qoymuşdum. Səhər zəng elədim ki, pulumu qaytar.

Mövlud və onun ölümü gündəm hadisəsi deyil, bir ömür hadisəsidir. Onun ölüm xəbəri ömür boyu oxunacaq.

İntihar etdiyi gün yazmışdım ki, ölüm xəbərini eşidib hönkürmək hələ səndən ötrü ağlamaq deyil. Bu, emosiyadır, ilkin reaksiyadır. Aradan illər keçəcək, sənin o dünyada, mənim bu dünyadakı yerim köhnələcək, sənin qəbrin qocalacaq, mənim başım ağaracaq. Bir gün haradansa qayıdanda, ya işdən çıxanda oturub bir kafe küncündə qəfil səni xatırlayacağam, həmin an başımı soyuq kafe divarına söykəyib kövrələcəm, gözlərim yaşaracaq.

Bax, səndən ötrü əsl ağlamaq o bir-iki damcı göz yaşı olacaq, Mövludum!

# 5496 dəfə oxunub

Oxşar xəbərlər

"Bəx­tim on­da gə­ti­rib ki..." - Rasim Ocaqov niyə eyni aktyorlarla işləyirdi?

"Bəx­tim on­da gə­ti­rib ki..." - Rasim Ocaqov niyə eyni aktyorlarla işləyirdi?

18:40 22 noyabr 2024
Orxan Həsəninin yeni romanı çap olundu

Orxan Həsəninin yeni romanı çap olundu

17:25 22 noyabr 2024
Xalq yazıçısı Anar Prezidentə açıq məktub ünvanladı

Xalq yazıçısı Anar Prezidentə açıq məktub ünvanladı

16:40 22 noyabr 2024
Rasim Balayev:  "Kabinetdə oturanda belə yırtıq yaranır”

Rasim Balayev: "Kabinetdə oturanda belə yırtıq yaranır”

16:30 22 noyabr 2024
"Dünyadan gör necə insanlar gedib..." - Qələbədən arzulara doğru

"Dünyadan gör necə insanlar gedib..." - Qələbədən arzulara doğru

16:00 22 noyabr 2024
Azərbaycanlı şair fəxri titula layiq görülüb

Azərbaycanlı şair fəxri titula layiq görülüb

15:25 22 noyabr 2024
#
#
# # #